Əsilzadələr ailəsinin yetirməsi
Zərifə Əliyeva-100
Qəribədir
insan ömrü! Əvvəl bitib-tükənməz
bir yola bənzəyir. Sanırsan,
uzandıqca uzanacaq, heç axırı, sonu olmayacaq. Hər şey irəlidədir. Sevgi də, məhəbbət
də, səadət də... Elə ki yolun sonuna gəlirsən,
elə bir sürət birə beş
artır. Günlər, aylar, illər qum dənələri
kimi barmaqlar arasından axıb gedir, yol sona
yaxınlaşır. Həyata keçən və keçməyən
arzular, çin olan və olmayan istəklər, sevincli və kədərli
anlar geridə qalıb! İrəlidə səni nə
gözləyir?.. Bu barədə
düşünməməyə çalışırsan.
Ancaq nə yaxşı ki,
ömrümüzü-günümüzü bəzəyən
xatirələr var... Bizi keçmişə
qaytaran, keçirdiyimiz ən gözəl günləri, ən
gözəl hissləri bir də yaşamağa vadar edən
xatirələr. Onlar bu günümüzdən
dünənimizə körpü salır, duyğularımızı
təzələyir, qəlbimizi kövrək nostalji hisslərlə
ovundurur.
Görkəmli alim, mehriban insan Zərifə xanım Əliyeva
ilə görüşlərim mənim üçün
unudulmaz, həzin bir xatirəyə çevrilmişdir. Yaxşı
insan belədir. Özü dünyada olmasa
da, sözü-söhbəti, xatirəsi insanların qəlbini
isidir, xeyirxah işləri, əməlləri unudulmur, yaddan
çıxmır.
Üç görüş, bir
müsahibə
Təbii ki, belə gözəl alimə qarşı
respublikada böyük maraq və səmimi məhəbbət
vardı. O
vaxtlar respublikaya rəhbərlik edən Heydər Əliyevin həyat
yoldaşı olmağı bu maraq və məhəbbəti
daha da artırırdı. Respublikanın
tanınmış jurnalistləri Zərifə xanımdan
müsahibə almaq, haqqında nəsə yazmaq istəsələr
də, onun razılığını ala bilmirdilər.
Azərbaycanın demək olar ki, bütün görkəmli
qadınlarına öz səhifələrində yer verən
"Azərbaycan qadını" jurnalı da Zərifə
xanım Əliyevaya dəfələrlə müraciət etsə
də, müsahibə üçün razılıq ala bilməmişdi.
1981-ci ildə Azərbaycanın bir qrup görkəmli
aliminə "Əməkdar elm xadimi" adı verilmişdi. Yüksək
ad alanların siyahısında Zərifə xanımın da
adı vardı. "Azərbaycan
qadını" jurnalının baş redaktoru
yazıçı Xalidə Hasilova bu münasibətlə Z.Əliyevaya
zəng edib, nəhayət, intervü üçün
razılıq aldı. O vaxt mən "Azərbaycan
qadını" jurnalında baş redaktorun müavini vəzifəsində
işləyirdim. Zərifə Əliyeva
haqqında mənim yazacağıma qərar verildi.
Zərifə xanımla üç dəfə
görüşdük. İlk görüşümüz Zərifə
xanımın çalışdığı "4 nömrəli
xəstəxana"nın göz xəstəlikləri
şöbəsində oldu. Sadə
davranışlı, mülayim görkəmli bu qadın ətrafında
çox səmimi ab-hava yaratsa da, təkbətək qalanda
özümü çox gərgin hiss etdim. Dərhal bunu
duyub ilk sualı özü verdi. Jurnalda nə vaxtdan işlədiyimi, ailə vəziyyətimi
soruşdu. Aramızda səmimi bir
ünsiyyət yarandı. İşgüzar
sualların arasında adi söhbətlər edir, qadın
qayğılarından danışırdıq. Təəssüf ki, bu barədə qeydlər
götürməyimə icazə vermirdi.
"Azərbaycan
qadını" jurnalının 1981-ci il
oktyabr nömrəsində dərc olunan yazım Zərifə Əliyevanı
bir həkim, bir alim kimi oxuculara tanıtsa da, bu qadının zərifliyi,
insanlara qarşı hədsiz həssaslığı barədə
yəqin ki, lazımi təsəvvür oyatmırdı. Bunun da obyektiv səbəbləri vardı. Əvvəla, o zamanlar rəhbər işçilərin
ailəsi barədə mətbuatda yazı dərc etdirmək
bir qədər etikadan kənar sayılırdı. Mən yazımda Zərifə xanımın gözəl
bir ailənin övladı olduğunu qeyd etsəm də, onun məhz
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin
ömür-gün yoldaşı olduğunu
yazmamışdım. Halbuki bunsuz Zərifə
xanımın həyatını bütövlükdə təsvir
etmək qeyri-mümkün idi. Axı hər bir
qadının həyatında onun qurduğu ailə, həyat
yoldaşı, övladları ilə münasibəti
çox mühüm yer tutur, onun mənəvi keyfiyyətlərini
açıqlamaq üçün əsas rol oynayır.
O
vaxtın tələblərindən başqa, Zərifə
xanım özü də yazıya müəyyən
"qadağalar" qoyurdu. Qeyri-rəsmi şəraitdə danışdığımız
təfərrüatlardan, ailə qurduqları ilk illərin
çətinlik və qayğılarından bir-iki qeyd
götürmək istəyəndə mülayim bir təkidlə
"bunlar lazım deyil, - deyirdi. - Cavanlıqda
hamı çətinlik çəkib".
Əsilzadələr ailəsinin
yetirməsi
...Gözəl bir
ailədə doğulub
boya-başa çatmışdı
Zərifə xanım. Atası Azərbaycan səhiyyəsinin
təşkilində böyük xidmətləri olmuş
professor Əziz Əliyev
bir müddət Azərbaycan Tibb İnstitutunun ilk
rektorlarından biri olmuş, ömrünün sonunda uzun illər
həkimləri Təkmilləşdirmə İnstitutunun
direktoru vəzifəsini daşımışdı. Ə.Əliyevin həyat yoldaşı Leyli
xanımın ailəsi İrəvanın ən əsilli-nəcabətli
xanlarından birinin qızıdır.
Xeyirxahlıq,
qayğıkeşlik, qarşılıqlı hörmət
hökm sürən belə bir ailədə böyüməsi
Zərifə xanımın bütün hərəkətlərində,
mülayim
baxışında,
insanlara qayğılı münasibətində
özünü büruzə verirdi. Xalqa xidmət,
kasıba əl tutmaq, yıxılana arxa olmaq bu ailənin
üzvləri üçün xüsusi bir xidmət
sayılmırdı. Bu, daxili bir tələbat,
həyat tərzi idi.
Ailə qurduqdan sonra da bu prinsiplərlə
yaşayırdı. Tale elə gətirmişdi ki, bu həyat
yolunda elə özü kimi fədakar, ömrünü
xalqına həsr etmiş bir adamla rastlaşmışdı.
Odur ki, həyatın ağır
sınaqlarından büdrəmədən keçdiyi kimi, ən
çətin imtahandan - şöhrət imtahanından da ləyaqətlə
çıxmışdı. Özündən
razılıq, xudbinlik ona da, övladlarına da tamam yad idi.
Üzərində əməliyyat
apardığı, gözlərinə işıq verdiyi xəstələr
mehriban doktorlarının şəfalı əllərindən
çox, onun məhəbbət dolu ürəyinə,
qayğı dolu gözlərinə inanır, talelərini tərəddüdsüz
ona həvalə edirdilər.
Zərifə xanım göz həkimliyini professor Umnisə
Musabəyovanın təkidi ilə seçmişdi.
"Dövlət imtahanı götürən
komissiyanın tərkibində idi, - deyə Zərifə
xanım mənə danışırdı. - Bilmirəm
cavablarım xoşuna gəldi, yoxsa əvvəldən
məni nəzərində tutmuşdu, göz həkimliyi
üzrə ixtisaslaşmağımı təklif etdi. Mən də razı oldum".
...Acılı-şirinli
illərdi o illər. Qazandığı hər
müvəffəqiyyət, başqasına bəxş etdiyi səadət
onun üçün tükənməz sevinc mənbəyinə
çevrilirdi. Başqasının
ağrısını, kədərini duymaq, bu ağrı ilə
yaşamaq, onu öz ürəyindən keçirmək
bacarığı xəstələrlə bu gənc həkim
arasında görünməz bir əlaqə yaradır,
müvəffəqiyyətini birə-beş
artırırdı.
Bütün bu illərdə Zərifə Əliyeva
yalnız praktiki müalicə həkimi olmaqla kifayətlənməyib. Öz üzərində
işləyib, axtarışlar aparıb, oftalmologiya elminin
inkişafında böyük xidmətlər göstərib.
Bütün bunlardan irəli və ən əsası isə
iki övlad anası idi. Ailəsinə, uşaqlarına
bütün qəlbi ilə bağlı olan mehriban,
qayğıkeş bir ana. Analıq
adını Zərifə xanım fəxri adların
hamısından yüksək, şərəfli bilirdi. Elə ona görə də, hər yerdə
başını uca edən, xalqına bağlı,
ömür-gün yoldaşı Heydər Əliyevə layiq
övladlar yetişdirmişdi.
Yeganə laboratoriyanın rəhbəri
70-ci illərin ortalarında professor Zərifə Əliyeva
artıq Ümumittifaq miqyasında tanınmış bir
mütəxəssis idi. O, enişli-yoxuşlu həyat yolunu şərəflə
keçərək elmin yüksək zirvəsinə
ucalmışdı. Lakin bununla da kifayətlənməmişdi.
Arxayınlaşmaq onun xarakterinə yad idi.
Yeni axtarışların nəticəsi kimi 1977-ci ildə
Bakı Məişət Kondisionerləri zavodunda Z.Əliyevanın
başçılığı ilə xüsusi elmi
laboratoriya yaradıldı.
Həmin laboratoriyanın işindən Zərifə
xanım həvəslə danışırdı. Hiss olunurdu ki, böyük zəhmət
sərf etdiyi bu laboratoriya onun iftixar yeridir. Mütləq
oranı görməli olduğumu bildirdi. İki gündən
sonra "4 nömrəli xəstəxana"nın
qarşısında görüşüb Kondisionerlər
zavoduna yola düşməyi qərara aldıq. Düz
deyilən vaxtda görüşdük. Şəkilləri
çəkəcək fotoqrafımız qabaqda -
sürücünün yanında, bizsə arxa oturacaqda yan-yana
əyləşdik. Bir-birimizdən hal-əhval tutduq...
Hər cür müasir avadanlığı olan səliqəli
laboratoriyada bizi elmi işçilər Tahir Mirzəyev, Nazim
Tağızadə qarşıladılar. Zərifə
xanım onlarla söhbət edib bəzi tapşırıqlar
verənə qədər kiçik elmi işçi Svetlana
Talışskaya laboratoriyanın işi barədə mənə
müəyyən məlumat verməyə
çalışdı. Görmə orqanı üzvlərində
nadir tədqiqatlar aparılan belə bir
laboratoriya təkcə Azərbaycanda
deyil, bütün İttifaqda yeganə idi. Laboratoriya
əməkdaşları zavod işçilərinə
müntəzəm olaraq tibbi yardım göstərirdilər.
İl ərzində 1200 nəfər tibbi
müayinədən keçirilirdi. Profilaktik
tədbirlərdən, müalicədən başqa, burada xəstələrə
laboratoriya şəraitində cərrahi yardım da göstərilirdi.
Üçüncü görüşümüz evlərində
oldu. Ardımca redaksiyaya maşın göndərdi.
Jurnal üçün seçdiyimiz şəkillərə
baxmaq istəyirdi. Təkidimə baxmayaraq,
jurnalın üz qabığında şəklini verməyimizə
qəti etiraz etdi. İçəridə dərc
etmək istədiyimiz şəkillərdən də bir
neçəsini kənara qoydu. Mənim pərt
olduğumu görüb yumşaq tərzdə "Siz mənim
sözümə baxın, belə yaxşıdır" -
dedi.
Şəxsi söhbətlərimizdən iki epizod
yaxşı yadımda qalıb. Zərifə xanım
danışırdı ki, atası Əziz Əliyev Heydər Əliyevlə
elə ilk görüşündən, ilk söhbətindən
bu gəncin fitri istedadını, iti zəkası və dəmir
məntiqini hiss edib qiymətləndirmişdi. "Bu oğlan əsl qızıl külçəsidir
- demişdi. - Onun çox parlaq gələcəyi
var". Zaman böyük həyat təcrübəsinə,
dərin biliyə malik olan professor Əziz Əliyevin necə
haqlı olduğunu sübuta yetirdi... Bundan başqa, Zərifə
xanım cavanlıqda Heydər Əliyevin İçərişəhərdə
yaşadığını, çətin və zəhmət
dolu bir həyat sürdüyünü də
danışmışdı...
O, yaddaşlarda yaşayır
Zərifə Əliyevanın həyat və
yaradıcılığına həsr olunmuş yazım
"Azərbaycan qadını" jurnalında dərc olundu. Jurnal
satışa çıxandan sonra Zərifə xanım zəng
edib təşəkkürünü bildirdi.
Yazını bəyəndiyini dedi. Doğrusu, mən
özüm bir müəllif kimi məqalədən elə də
razı qalmamışdım. Dəftərçəmdəki
maraqlı faktlara, ünsiyyətimizdəki səmimiliyə,
mehribanlığa rəğmən yazım mənə xeyli
quru, rəsmi gəlirdi. Üç
görüşdə tanıdığım mehriban,
müsahibinə qarşı açıq, isti, xoş
münasibətli qadın əvəzinə yazımdan xeyli
soyuq, ciddi bir alim obrazı boylanırdı. Ancaq nə etmək olardı? Həddən
artıq təvazökar olan Zərifə xanım hər
addımını, hər sözünü təkcə öz
yüksək ləyaqəti ilə deyil, həm də həyat
yoldaşının tutduğu ali mövqe
ilə ölçüb-biçirdi. Buna görə də
çox faktları çözələməyə, həyatının
onu oxucuya tanıda biləcək önəmli anlarına
toxunmağa icazə vermirdi...
Zərifə xanımla bir daha görüşmədik. Təbii ki,
hamı kimi mən də onun taleyindəki sonrakı dəyişikliklərdən
xəbərdar idim. Moskvada
yaşadığını, sonra ağır xəstə
olduğunu eşitmişdim. Ölüm xəbəri
respublikada çoxlarını ürəkdən kədərləndirdi.
"Sənsiz"in sədaları altında dəfn
edilən bu qadını çoxları yalnız Heydər Əliyevin
sevimli, etibarlı, ləyaqətli həyat yoldaşı kimi
tanıyırdı. Mənim üçün isə
dünyadan, həmçinin, gözəl, mülayim təbiətli
bir insan, rastlaşdığı, təmasda olduğu hər kəsin
qəlbində işıqlı iz buraxmış sadə bir
qadın köçürdü...
...Tale hərənin
alnına bir ömür payı yazır. Akademik
Zərifə Əliyevanın da alnına qısa bir
ömür payı yazılmışdı. Ancaq,
hamımızın müvəqqəti olduğumuz bu həyatda
bir qədər çox, bir qədər az
yaşamağın elə böyük fərqi yoxdur. Təki yaşadığın bu illər mənalı
olsun. Yaddaşlara hopsun. Səndən sonra gələnlər sənin bu
dünyada yaşadığına bir dəlil-sübut
tapsınlar. Əməllərinin izini, nəticəsini
görsünlər. Onda sən
ölümündən sonra da yaşayacaq, xatırlanacaqsan.
Akademik Zərifə Əliyeva kimi...
Svetlana NƏCƏFOVA
Əməkdar jurnalist
Təqdim etdi:
Fəridə Səfiyeva
Ədəbiyyat qəzeti.- 2023.- 29 aprel.- S.2-3.