Akademik Zərifə

Əliyevanın xatirəsinə

 

Zərifə Əliyeva-100

 

İnsan var, onunla bir  görüş kifayət edir ki,  ömrü boyu hafizənə hopub ürəyində əbədi məskən salsın. Qəlbində yandırdığı işığın şöləsi onunla bağlı xatirələri zaman-zaman oyatsın, içinə bir istilik, hüzur, məhəbbət gətirsin. Özü də bu məhəbbəti təkcə özünün yox,  ətrafındakıların da hafizəsinə ötürə bilsin. Belə insanlardan idi Zərifə xanım. Anamın ürəyində yandırdığı  xatirə işığı bizim hamımızın qəlbinə hopdu, orada əbədi izini qoydu.

Mən o günləri dünən olmuş kimi çox gözəl xatırlayıram. Zərifə xanımla hər görüşdən daha  böyük təəssüratla qayıdırdı anam. Atamla, bizimlə eşitdikləri,  öyrəndikləri, örnək bildikləri ilə bölüşürdü. Zərifə xanımın sadəliyi, təvazökarlığı və qayğıkeşliyi barədə ağızdolusu danışırdı.

O dövrdə akademik Zərifə Əliyeva  haqqında yazmaq bir çox jurnalistlərin arzusu idi. Bu missiyanı həyata keçirmək isə anama - əməkdar jurnalist Svetlana Nəcəfovaya qismət oldu. Professionallığı, gözəl qələm sahibi, jurnalist duyumu idimi buna səbəb, ya taleyin hökmümü? Bunu demək çətindir.  Axı anam da Zərifə xanım kimi Qərbi Azərbaycanın İrəvan şəhərindən idi. Erməni xislətini, deportasiya ağrısını, vətən torpağının həsrətini hamıdan yaxşı bilirdi, taleyindən, qismətindən keçirmişdi.

Zərifə xanımla anamın söhbətləri həyatın hər sahəsini əhatə edirdi. Ailə qurduğu ilk illərdə çəkdiyi çətinliklərdən, qürur yeri olan övladlarından, sevimli işindən ona daim dəstək olan vəfalı həyat yoldaşından. Ancaq məqalədə bir çox məqamların əks olunmasını istəmirdi Zərifə xanım. Təvazökarlıq H.Əliyev kimi böyük bir şəxsiyyətin həyat yoldaşı olması kimi məsuliyyəti var idi çiyinlərində.

Anam isə Zərifə xanımı təkcə elm adamı kimi deyil, hərtərəfli - səmimi, mehriban, bütün varlığı ilə sevə bilən sevilən, dəyərli sözü ilə ürəklərdə əbədi yaşamaq haqqı qazanan böyük şəxsiyyət kimi göstərmək istəyirdi. Odur ki, çox sonralar, Zərifə xanım həyatda olmayanda yenidən o gözəl xatirələrə qayıtdı bir neçə görüşdən aldığı təəssüratlarını kağıza köçürtdü.

İndi anam həyatda yoxdur mən akademik Zərifə Əliyevanın 100 illik yubileyinin respublikamızda onun hüdudlarından kənarda keçirildiyi bir vaxtda anamın bu səmimi, böyük məhəbbət ehtiramla yazdığı xatirələrini oxuculara təqdim etmək istəyirəm.

 

Fəridə Səfiyeva

Professor

 

Ədəbiyyat qəzeti.- 2023.- 29 aprel.- S.2.