Mişima möcüzəsi
Məndən
soruşsalar "Nəyə görə
peşmansınız?" - söylərəm Yukio
Mişimanı gec oxuduğuma görə.
Çox
da şişirtmədən deyim ki, burada ədəbiyyat
baxımından "peşmanlıq"dan söhbət gedir.
Həqiqətən bir neçə ay bundan qabaq
Mişimanı oxuyandan sonra bu vaxtacan onun kitablarına müraciət etmədiyim
üçün dərin təəssüf hissi keçirdim.
Yapon
yazıçısı Yukio Mişimanı dünya ədəbiyyatının
ən xarizmatik yazıçılarından hesab etmək olar.
O, öz ömrünə təbii ki, bir-birindən möhtəşəm
əsərləri ilə birlikdə həm aktyorluğu, həm
karate ustalığını, həm bodibildinqçi kimi
seçilməyi, həm də bir siyasətçi kimi
tanınmağı, özünün siyasi-ideoloji
düşüncələrini təbliğ etməyi,
müridlər ordusu yaratmağı bacarıb. Bütün
bunlarla yanaşı son dərəcə qibtə olunacaq bir
iradə də nümayiş elətdirib. Məsələn,
arıq, sısqa bir oğlan ikən mükəmməl bədənə
sahib bodibildinqçiyə çevrilib. Ən asası da
bütün bunları cəmi 45 illik bir ömrə
sığdıra bilib.
Mişimanın
bioqrafiyasına baxsaq, ilk əsərlərini hələ gənclik
illərində qələmə aldığını görərik
və elə həmən ilk əsərlərdən onun necə
insan psixologiyasının dərinliklərinə enməsinə,
necə insan münasibətlərinin ən incə
qatlarını, insan davranışlarının hələm-hələm
seçilməyən, hələm-hələm fərqinə
varılmayan nüanslarını tapıb aşkara
çıxarmasını görüb heyrətlənərik.
Axı bir insan gənc yaşda necə bu qədər kamil ola
bilər. Mişima 20 yaşına qədər necə bir həyat
yaşayıb, necə bir ömür sürüb ki, hansı
çətinliklərdən, keşməkeşlərdən
keçib ki, ilk qələm təcrübələrindən
bu qədər mükəmməl əsərlər yarada bilib?
O, okean dərinliklərində
yaşayan balıq kimidir. Gözləri heç də
hamımızın seçə bilməyəcəyi məqamları,
nüansları insan təbiətində axtarıb tapmaq
qabiliyyətinə malikdir. Dediyim kimi biz onun bu mahir qabiliyyətini
ilk hekayələrindən belə görə bilərik.
Ötən
əsrin qırxıncı illərində qələmə
aldığı bir sıra hekayələrində Yukio
Mişima bu ustalığa nail olub. İnsan həqiqətən
heyrət edir, necə ola bilər ki, belə qısa bir
ömür yaşayasan və üstəlik gənc
yaşlardan bu qədər dərin müşahidə qabiliyyətinə,
bu qədər dərin zəka və hisslərə malik ola
biləsən, ətrafında yaşayan insanları bu qədər
ustaca, məharətlə müşahidə etmək qabiliyyətin
olsun. Üstəlik təkcə ədəbiyyat sahəsində
deyil, başqa sahələrdə də eyni məharətlə
çalışıb uğur qazanasan. Elə bil bədəninə
qeyd cihazı qoyub, bədəni ilə ətraf mühitin təmasından
nə baş veribsə, onları bu cihaz qeyd edib. Yoxsa qısa
bir ömrə bunları sığışdırmaq vallahi də,
billahi də mümkün olmaz.
"Siqaret"
hekayəsini Mişima 1946-cı ildə yəni 21
yaşında yazıb. "Siqaret"də cılız
canı ilə sinif yoldaşlarından seçilən
oğlanın bir qədər də özünü göstərmək
məqsədilə siqaret çəkməsindən, sonra onun
gətirdiyi günahkarlıq duyğusundan bəhs edilir.
Mişima
əhvalatçılığa qaçmır,
özlüyündə elə də böyük hadisəsi
olmayan hekayədə yeniyetmənin hisslərini aramla hər
bir detalın üstündə xüsusi dayanaraq verir. Bu tələsməzlik,
hər bir detalın üstündə dayanaraq, hər şeyi
aramla tətbiq etmək xüsusiyyəti onun bütün hekayələrində
özünü büruzə verir. Şəxsi müşahidələrimə
əsasən adətən gənc yaşda qələm
adamları tələskən olurlar, heç hara tələsmədən
hər şeyi yerli-yataqlı yazmaq vərdişi zamanla
yaranır. Lakin biz bu bacarığı Mişimada ilk
başdan görürük.
Yeri gəlmişkən,
Mişima ilk hekayələrindən olan "Siqaret"i
1946-cı ildə yapon ədəbiyyatının klassiki
sayılan Yasunari Kavabataya göstərir, o da öz növbəsində
hekayənin çapını təşkil edir.
"Haruko"
hekayəsində isə qəhrəmanın xalası və
onun ərindən olan qızı ilə mürəkkəb
münasibətindən bəhs edilir. Maraqlıdır ki, Misima
bu münasibətləri yazarkan (adətən gənc yaşa
xas olan) zərrə qədər də erotizmə
qaçmır, bu sevgi münasibətini ülvi hisslərlə
tərənnüm edir.
"Bulmaca"
hekayəsində isə Mişima kişi-qadın arasındakı münasibəti bir
qədər fərqli aspektdən təqdim edir.
Yazıçı bu hekayədə "Min bir gecə"
hekayələrinin ovqatına bürünür, qəhrəmanını
sirli-sehirli bir aləmə salır.
Mişima
təkcə kişilərə xas hissləri göstərməyin
ustası deyil, eyni dərəcədə qadınların da
dünyasına hakim olmağı bacarır, onların hisslərini
ən tünd boyalarla təqdim etməyə nail olur. Yəqin
ki, onun bu bacarığını uzun müddət nənəsinin
himayəsində yaşaması ilə əlaqələndirmək
mümkündür. Hər bir halda nəticə olaraq
Mişima əsərlərində qadınların iç
dünyasına ustaca nüfuz edir.
Bu
baxımdan kitabın ən diqqət çəkən hekayələrindən
biri "Yay ortasında ölüm" adlanır. Mişima bu
hekayəni yazarkən 27 yaşında olub. Mən bilmirəm
o, həmin vaxt evli olubmu, olmayıbmı, ancaq hekayəni
oxuyanda onun bir qadının, xüsusən də
övladlarını itirmiş bir qadının hisslərini
necə dərindən təqdim etməyinə, onun
övladlarının itkisindən doğan
ağrılıarını necə məharətlə təqdim
etməyinə heyran qalırsan. O hisslər təkcə
ağrıdan ibarət deyil, peşmanlıq, tərəddüdlər,
faciənin təsirindən havalanmaq kimi sarsıntılar da
bura daxildir. Hekayədə bir məqam var, uşaqları dənizdə
boğulan qadın bir gün küçədə gedərkən
mağaza vitrinlərinin birində, manekenin əynində dəniz
geyimi görür və ona baxmamaq üçün
gözünü qaçırır. Bilmirəm əlavə
şərh verməyə ehtiyac varmı?
Düzü
xüsusi statistika aparmamışam, lakin mənə elə gəlir
ki, dünya ədəbiyyatında bu yaşda belə mükəmməl
hekayə yazmaq bacarığına nail olan müəllif tapmaq
çox çətindir. Möcüzə axtarmaq
üçün hansısa övliyaların,
falçıların yanına qaçmaq lazım deyil. Məndən
ötəri "Yay ortasında ölüm" əsl
möcüzədir. Yenə təkrar edirəm, gənc
yaşlarında insan qəlbinin sirlərinə bu qədər
dərindən vaqif olmaq və onu kağıza
köçürmək bacarığı hər kəsə
nəsib olmur.
"Yay
ortasında ölüm" hekayəsi bir tətil qəsəbəsinin
dəniz sahilinin təsviri ilə başlayır. İlk
cümlələrdən bu təsvirlərin hekayə ilə
birbaşa əlaqəsi olmadığını sanmaq olar,
misal üçün hekayəyə Tomoko İkutanın
pansionda yatdığı yerdən də başlamaq olardı.
Lakin hekayəni oxuduqca görürsən ki, bu hissələr əslində
uşaqların suda boğulduğu yerin necə bir məkan
olduğunu göstərmək üçün gərəkli
idi. Yəni deməyim odur ki, Mişima hekayəni qurmaq tərəfindən
də ustalıq nümayiş etdirir. Tətil qəsəbəsində
pansionda dincələn qadının iki uşağı ilə
baldızı dənizdə boğulur... Mişima bu
qadının sonrakı taleyini yaşantılarını,
uşaqlarının ili çıxmamış yeni
uşağa hamilə qalmasını sonra həyat
yoldaşı ilə uşaqların boğulduğu yerə gəlməsini,
bütün bunları o qədər məharətlə və
heç bir cümlədə sentimentallığa qaçmadan
təsvir edir ki, yuxarıda bir neçə dəfə dilə
gətirdiyim kimi sadəcə heyrət edib qalırsan. Bilmirəm
hekayənin süjetindəndir yoxsa nədəndir, hekayə boyu
sanki kimsə sənin başından tutub suda saxlayır,
saxlayır, son cümlədə əlini qəfil
başından çəkir və sən başını
sudan çıxarıb ciyərdolusu nəfəs alırsan.
Mişima
hərçənd hansısa xəstəlik, yaxud bədbəxt
hadisə nəticəsində deyil, xarakari edərək
ölüb, bununla belə mən onun həyatının belə
tez sonlanmasını təbii hesab edirəm. Bunca həssas qəlbə,
dərin düşüncəyə, insanları duymaq
bacarığına sahib olan kəs heç vəchlə rahat
həyat yaşaya bilməzdi, pərvanə
çırpınıb-çırpınıb
özünü oda atan kimi o da bir yol tapıb özünü
axır ki, ölüm mələyinin ağuşuna atmalı
idi.
Mirmehdi Ağaoğlu
Ədəbiyyat qəzeti.-2023.- 29
aprel.- S.7.