Leyli və Məcnun

 

Roman

 

Hər şey çox gözəldi. Ta ki Vəzir Valid ibn Tarifinin Şəmsi saraya gətirdiyi günə kimi...

Bərdənin ən gözəl vaxtları, yaz çağıydı. Hökmdar bihuşedici ətirləri ətrafa yayılan rəngarəng qızılgülləri, tərtəmiz mavi səmanı pəncərədən seyr edir, bülbüllərin cəh-cəhini dinləyirdi. Cənnəti bu dünyada qazandığından əmin olan İbn Məhan: "Mən güclüyəm... Mən hakimi-mütləqəm... Bu cənnət bağındakı güllərdən daha gözəl olan hurilər hər gün Allahın mənə yeni bir mükafatıdır..." - deyə Tanrının seçilmiş bəndəsi olduğu üçün kim bilir neçənci dəfə qürrələndi. Gəncliyini eyş-işrətdən başqa bir şeyə sərf etməyi fürsəti fövtə vermək ağılsızlığı hesab edirdi. Tək istəyi bu cənnət bağında elə bu minvalla da ömür sürməkdi. "Onsuz da Arrandan Şirvana kimi təbəələrim quzu kimi sakit, itaətkardırlar. Hər şey necə də gözəl vaqe olur, ilahi!.. Valid ibn Tarifi kimi bir vəzirimin olması da taleyin lütfüdür, xalqı ovcunun içində sıxıb saxlayıb. Vəzirim güclüdür, öz hökmdarını düşünür, taxtı-tacımı qoruyur..." - İbn Məhan arabir qurtumladığı şərabdan daha çox öz düşüncələrindən məst olurdu.

Üzünü çevirəndə qarşısında at belində bir huri-mələk canlandı, gözlərinə inanmadı. İndiyə kimi önündən yüzlərlə kəniz keçmiş ibn Məhan gördüyü gözəlliyi xəyal belə edə bilməzdi. Beyni dumanlı olduğundan gözlərini yumdu, möhkəm sıxıb açdı. Yox, bu, xəyal deyildi. At aramla addımladıqca üstündəki məxluqun hər bir əzası ayrılıqda hərəkət edir, qızın bədəninin hər tərəfi ona ayrı-ayrı cənnət meyvələrini xatırladırdı. İbn Məhan şəhvətindən az qalırdı, elə indicə irəli atılıb qızı atın belindən güllərin üstünə endirsin...

Özünü ələ ala bilməyəcəyini görüb qulluğundakı Xacə Məluma bağırdı. Yavəri bir göz qırpımında qarşısına keçib təzim etdi:

- Buyurun, hökmdar.

İbn Məhan ötüb keçən atlıya başı ilə işarə edib soruşdu:

- Mən xəyalmı görürdüm?

Xacə Məlum gözünü hökmdarın ayaqları altındakı Şirvan xalısından çəkmədən dilləndi:

- Xeyr, hökmdar, xəyal görmürdünüz. At belindəki Valid ibn Tarifinin yeni kənizidir, - deyə çətinliklə udqundu. Vəzirin yeni kənizinin gözəlliyi Xacə Məluma xədimliyini unutdurmuşdu.

- Vəziri çağırın! - Hökmdar qəzəblə əmr etdi.

Ömrü boyu həyəcanlanmamışdı. Yeniyetməliyində dağların arasındakı kəndlərindən at belində enib, çay boyunca qarşısına çıxan qoyun-quzunu qabağına qatıb yenidən dağlara çəkilərdi. Bir tükü də tərpənməz, üz ifadəsi hər zaman sabit olardı. Kimsə onun nə düşündüyünü müəyyən edə bilməzdi. Bu, Tarifinin ən böyük silahı idi, vəzirliyə də bunun sayəsində gəlib çıxmışdı.

İbn Məhanın sarayına tərəf gedəndə sifəti heç bir şey ifadə etməsə də, içində bic-bic güldü: "Şəms sənindir, hökmdar!" Sonra bir ah çəkdi. Bu ahı da kimsə duya bilməzdi. "Məni ağılsızmı sanırsan, hökmdar? Al, bu huri sənin olsun, bir neçə ay ağlını başından alsın. Mən də öz hurim Müsəffa ilə kef edəcəm. Onu görsən, boynumu həmin an vurdurarsan. Şəms səni belə dəli edibsə, Müsəffanı görsən neylərsən? Vermərəm!.." Saraya girənə qədər yol boyu öz-özü ilə danışdı. Hökmdara təzim edib, əbasının ətəyindən dönə-dönə öpdü.

- Hökmdar, bizimkilər bu gün bir kəniz göndəriblər. Uzaq qohumumdur. Hərəmə, Xacə Məluma tapşırdım ki, axşama hazırlasınlar. Uyğun görərsinizsə, özümü məmnun hiss edərəm. Şəms sizə layiqdir...

İbn Məhan qımışdı: "Sizinkilərin cinsi bir başqadır. Sanki onları doğmurlar, yaradırlar..."

O gecə İbn Məhan cənnətin ən son qatına çatdığına inandı. Uzun illərdən sonra ilk dəfə idi özünü bu qədər arzuolunan hiss edirdi. Gündəlik vərdişə çevrilən xəlvətlərdən usanmış ibn Məhan üçün Şəms onu birdən-birə on səkkiz yaşına qaytaran dirilik suyu idi...

Hökmdar nə müddətdir, gecə demədən, gündüz demədən, işi-gücü boşlayıb günlərini Şəmsin qoynunda keçirirdi. Onun yanında zaman anlayışını itirirdi, taxt da, tac da əhəmiyyətsizləşirdi, dünya bircə bu yataq otağına dolurdu. Kənizinin eyni zamanda həm titrək - məsum, həm əmin - ehtiraslı davranışları hər gün yenidən ağlını başından alırdı. Əsl Şəms hansıdır, anlaya bilmirdi, anlamağa da çalışmırdı. Qarşısında quzu kimi əsən, həmişə əmrinə müntəzir dayanan cariyələrdən usanmış hökmdar özünü məmnuniyyətlə Şəmsin ixtiyarına verirdi.

Qüdrət sahibi hökmdar uzun dəqiqələr, saatlar boyunca özünü könüllü əsirlikdə hiss edir, bu əsarətdən qurtulmaq istəmir, yanlış olduğunu bildiyi halda, işi-gücü vəzir-vəkilin ixtiyarına buraxıb günlərini Validin bəxşişi olan kənizi ilə keçirməyə davam edirdi. Hər səhər müəzzinin səsi sübhün alaqaranlığında Tanrı hüzuruna çağırış edəndə günah hissi Şəmsin incə barmaqları kürəyini cızdığı kimi ürəyini cızsa da, bu təlaş cəmi bir neçə dəqiqə sürür, dəvəti duymazdan gəlib qızın qollarında özünü ölməzlik iksiri içmiş kimi qüdrətli hiss edirdi. Şəms sanki qadın yox, bu günə kimi görmədiyi, qadın cinsindən olan başqa bir məxluqat idi. İbn Məhan qızın cənnətdən məxsusi onun üçün göndərilmiş huri olduğuna əmindi...

Bu il dəvələr qısırdı. Payızda baş vermiş zəlzələ təkcə adamları qorxuya bürüməmişdi. Bərdədən Şamaxıya qədər düzlərdə hər yay analarının yanında min bir oyun çıxaran, ora-bura qaçışıb körpə uşaqlar kimi oynaşan dəvə balaları gözə dəymirdi. Aclıq bütün Arranı, Şirvanı sarmışdı. Xəzinə boşaldığından İbn Məhan baş vəzirini xalqdan vergi toplamağa göndərdi. Yol boyu son dəvəsini verməkdən imtina edənlərin boynunu vurdurur, xalqı talan edirdilər. Valid ibn Tarifi ən böyük vergini Şamaxı dağlarındakı tərəkəmələrdən toplayacağını düşünürdü.

Köçərilər Şamaxı dağlarından Dərbəndə kimi Qafqaz dağlarının ən yüksək zirvəsində, göy çəmənliklərin qoynunda alaçıqda, qazmalarda yaşayır, saysız-hesabsız qoyun-quzu bəsləyirdilər. Sürü köçərinin hər şeyi idi. Yedikləri, qoyunun əvəzinə alınmış undan bişirdikləri lavaş, qatıq və pendir idi.

Tərəkəmələrin itlərindən, bir də toppuzbaşlı çoban çomağından başqa silahları olmazdı. Ta Dəşti-Qıpçaqdan buralara qədər köç edə-edə bütün dağlıq əraziləri tutmuşdular. Yaylaqları da qışlaq ərazilərə yaxın, dağlarda idi. Arrana enməzdilər.

Vergi söhbəti tərəkəmələrə də gəlib çatmışdı. Valid ibn Tarifinin bir neçə atlısı arxayınlıqla elat sürüsünü aparmaq istəyəndə Ayna xatun adlı çoban arvadı ərinin çomağını götürüb atların ombasından necə vurmuşdusa, atlar əsgərləri bellərindən atıb qaçmışdılar. Yaşlı qadına əl qaldırmayan əsgərlər əlacsız qalıb geri dönmüşdülər.

Ayna xatunun əri çoban Həmid elat camaatına yalnız buranın çobanlarının bildiyi gizli mağaraya toplaşmağı tapşırdı. Sürüləri də çəkib apardılar. Mağara sıldırım qayalarda, gözlə görünməz, ağlagəlməz yerdə idi, içinə bir dağ sığardı.

Valid ibn Tarifi axsaya-axsaya geri dönən əsgərlərini görüb, qəzəbindən onları qamçılatdı. Qoşunu götürüb dağlara, tərəkəmə obalarına hücum etdi. Yaylalara çatanda qoşun da, atlar da əldən düşmüşdülər. Çadırlarını qurub bir az dincələndən sonra Valid hər istiqamətdə yüz əsgər göndərib əmr etdi: "Tərəkəmələrin ya ölüsünü, ya dirisini, sürüləri ilə birlikdə tapıb gətirin!"

Arran qoşunu yeddi gün, yeddi gecə bütün dağları ələk-vələk etsələr də, "onları gördüm" deyən olmadı. Hərəsində yüz əsgər olmaqla on istiqamətdə axtarış aparan dəstələrdən bəziləri heç geri dönmədilər, qayıdanlar isə hər dəstədən üç-dörd adam idi ki, qaçıb canlarını güclə qurtarmışdılar.

Çoban Həmid tərəkəmə tayfalarının hərəsindən bir igid seçib gecələr mağaradan çıxır, yorulub yatmış əsgərləri iri ağır toppuzbaşlı çomaqları ilə məhv edir, atlarını sürüb aparırdılar. Canlarını qurtarmağa çalışan şil-küt olmuş əsgərlərin çoxu düşərgəyə də gəlib çıxmır, yolda qurd-quşa yem olurdular.

Bu gecə çoban Həmidin hədəfi Valid ibn Tarifi idi. Gecənin qaranlığında iyirmi igidlə dağlardan yumalanıb kövşənlərin arasında, qoşun düşərgəsinin arxasında gizləndilər. Atlar çadırların yan tərəfində çökmüşdülər. Atlara lap yaxınlaşdılar, onları səssizcə qaldırıb, sürərək düşərgədən uzaqlaşdırdılar. Çoban Həmid on nəfərlik dəstə ilə geri qayıtdı. Digərləri atları mağaraya doğru qovdular.

Həmidin dəstəsi səssiz-səmirsiz çadırlara yaxınlaşır, yatmış əsgərlərə fürsət vermədən bir-birinin ardınca saysız zərbələr endirirdilər, canını qurtaran çox az adam qalmışdı. Valid ibn Tarifini öldürmədilər, o ki var kötəkləyib, cəmi üç nəfərlə saraya yola salıb, mağaraya çəkildilər...

Pay-piyada, əli ətəyindən uzun, düzən ərazilərə qayıdan Tarifini görən xalq tərəkəmələrin hərəkətlərindən ürəklənir, artıq qorxmurdular. Hər yerdə onları daş-qalaq edib, itaətdən boyun qaçırırdılar. Xalq üsyana qalxmışdı. Artıq Bərdədə də xalq ayağa qalxıb hökmdardan Valid ibn Tarifinin boynunun vurulmasını tələb edirdi. İbn Məhanın başqa yolu qalmamışdı. Xalqı sakitləşdirmək üçün şəhər meydanında hamının gözü qarşısında yüz seçmə əsgərinə göstəriş verdi: "İbn Tarifini tapıb gətirin, boynu vurulsun!"

Əmrdən xəbər tutan Valid ibn Tarifi ətrafındakı üç-beş adamla Ərməniyyəyə qaçdı. Xəzinədən oğurladıqlarını da özü ilə aparmağın yolunu tapmışdı. Bu, xalqı daha da qəzəbləndirirdi. İbn Məhandan tələb edirdilər ki, bizə silah ver, gedib Validi tapıb gətirək.

İbn Məhan çox sevdiyi taxtını da bir dəvəyə yükləyib, vəzirinin arxasınca özü qoşunun başında gedib onu tapıb gətirəcəyinə söz verdi. Niyyəti Bərdədən uzaqlaşmaq, vaxt udub, ağsaqqalları min vədlə ələ alıb yenidən öz cənnət bağına qayıtmaq idi. İndi Araz sahilinə qoşunla yol alarkən İbn Məhan artıq özünü söyüb-kötəkləməkdən yorulmuşdu. Öz səhvləri ucbatından taxt-tacını itirdiyi ilə hələ də barışmaq istəmirdi. Çıxış yolunu Arazı keçib Harun Ər-Rəşidə səsini çatdırmaq, hər şeyi İbn Tarifinin üstünə atmaqla əfv diləyib xəlifənin mərhəmətinə sığınmaqda görürdü. Arazın sahilində çadırlar qurub bir az dincəlmək, çayı səhər sübhdən keçmək qərarına gəldilər.

- Bəxş etdiyin bu cənnətdən məni məhrum etmə, ilahi! - səsini daha çox duyurmaq üçün özü də səmaya qaldırdığı əllərinin arxasınca dartınaraq yalvarırdı. - Hökmdar olmağım sənin lütfündür. Bu bir möcüzədir, ilahi, hər gecə bir huri-mələk, hər gecə bir başqa həzz... - Sonuncu sözdə səsi qırıldı, ildırım sürətilə gözünün önündən keçən mənzərənin peşmanlığından özünü şillələyib ağlamsındı, - indi bunları itirməyimə niyə izn verirsən, ey böyük Allahım?!. Ölsəm də, bu taxt-tacdan getmərəm... - yalvarışdan daha çox umu-küsü edirmiş kimi üsyankarca sızlandı.

Əli ibn İsa ibn Məhan bu gün özünü bəlkə də yüz dəfə söymüş, tək qalanda yüz dəfə üzünə, başına döyəcləmişdi...

İbn Məhan bu vəziyyətə düşməsində əlbir olub taxtını başına yıxan vəziri Validi və Şəmsi günahkar bilirdi. Ölçüyə gəlməyən bu itkinin qisası yalnız ölüm ola bilərdi. Xacə Məluma kənizi Şəmsi yatağına gətirməyi əmr etdi. Qız dünyadan xəbərsiz kimi, həmişəki cəldliklə tül libasının ipini açıb ayaqları altına atdı, sevgi və ehtirasla hökmdarına sarıldı. İbn Məhanın bir an bədəni uçunsa da, bütün qəzəbini qan çanağına dönmüş gözlərinə yığıb Şəmsə nifrətlə baxdı. Kənizinin uzun saçlarını sağ qoluna dolayıb dodaqlarını şəhvətlə, yerindən qoparacaqmışcasına iri, kobud dodaqları arasına aldı. Hökmdar qəzəb qarışıq şəhvətlə ona təcavüz edir, Şəmsin, az qala, nəfəsinin kəsildiyini sövq-təbii ilə hiss etsə də, əzilmiş qürurundan doğan nifrəti ona güc gəlirdi. Qız hər tərəfinin ağrısından inildəyir, qışqırırdı. Qurtulmaq üçün çabalayarkən barmaqları İbn Məhanın boynuna toxundu. Ağlı başından çıxmış hökmdar bir an başını cəllad kötüyünün üstündə hiss etdi. Harun ər-Rəşidin onun boynunu vurduracağı gözü önündə canlanır, hər dəfə cəllad baltanı qaldırıb boynunda böyük kəsik yaratsa da, başı bədənindən ayrılmırdı.

- Sən etdin, sən məni bu hala saldın, - deyə qəzəblə Şəmsin boynunu sıxmağa başladı. Aylardır cənnətdən gəlmiş huri hesab etdiyi qız bu an onun gözündə bütün həyatını alt-üst edən şeytan idi.

Cəllad baltasının ağrılarını hiss etdikcə bütün qorxu və qəzəbini əllərinə verirdi:

- Sən ifritəsən, itirdim taxt-tacı, - deyib hönkürdü. Gözlərindən sellənən yaş onu süstləşdirib əldən saldı. Yalnız bundan sonra Şəmsin cansız bədənini buraxdı.

Gözlərinə inana bilmirdi. Ani qəzəblə verdiyi qərarın ağrısı intəhasız peşmanlıq, ağırlıq olub varlığına çökdü. Başını əlləri arasına alıb, "mən nə etdim!" deyə səssiz fəryad qopardı. Aylar boyu ona cənnətin yeddi qapısını açan kənizinin cəsədi yanında oturub göz yaşı axıtdı. Tez də özünü ələ aldı. İndi yas tutmaq zamanı deyildi, taxt-tacı əldən getmiş, qüruru tapdanmışdı. Vəziri onu barmağına dolamış, ələ salmışdı. Xatırlayanda ki, Şəms başını qatmaq üçün Validin ona bəxşişi idi, bədəninə sarılmış zəhərli ilanı qoparıb atıbmış kimi dərindən nəfəs aldı. Özünə gələndə Şəmsin artıq soyumuş bədənini qorxu ilə kənara itələyib bağırdı:

- Gəlin, rədd eləyin bu murdar cəmdəyi burdan!

Keşikçilər Şəmsin meyitini çadırdan sürüyüb Arazın sularına tolazladılar.

İbn Məhan onun arxasınca boşluğa zillənmiş, ayaq üstə donub qalmışdı. Ürəyində kənizinin gözlərindəki oynaq təbəssüm qədər böyük bir boşluq hiss edirdi. Anladı ki, bir də heç vaxt heç kim çətir kirpiklərini astaca qaldırıb bunca məsum, bunca sevgi və itaət dolu gülümsəməyəcək üzünə. Yalnız bu an hiss etdi ki, Şəms onun üçün yalnız bir şəhvət kənizi deyildi və o, aylardır sevişdiyi kənizini yox, ürəyini qoparıb atmışdı Araza...

Keşikçilər çayın qarşı sahilində böyük bir qoşun gördülər. Qaçaraq ibn Məhanın çadırına yaxınlaşdılar:

- Hökmdar, müjdə, qurtulduq! Qarşı sahildə böyük bir qoşun var. Qurban olduğumuz xəlifə bizə yardım göndərib.

İbn Məhanın üzü qorxudan bumbuz ifadə aldı. Bilmədi sevinsin, ya kədərlənsin. "Axı mən Allahın seçilmiş bəndəsiyəm, yəqin ki, xəbər Xəlifəyə çatıb, mənə köməyə qoşun göndərib." Çadırdan çıxıb bir an öncə sahilə qaçmaq istəsə də, birdən pis xəbər alacağından qorxub yerindən tərpənmədi. Onu bu gahgir vəziyyətdən qarşı sahildən gələn əsgərlər qurtardı: - bizimlə gedək - dedilər.

İbn Məhanın ayaqlarından elə bil daş asılmışdı, addım ata bilmirdi. Nə qədər sorğu-sual etsə də, qarşı sahildən gələn əsgərlər lal-dinməz hərəkət edir, onun çaydan keçməsini tezləşdirirdilər. Onu ortadakı böyük çadırın önünə gətirib "keç içəri!" dedilər. Yerində donub qaldığını görən əsgərlər qollarından tutub içəri atdılar. İbn Məhan parıltılı dəri çəkmələrin önündə üzü üstə yıxılıb qaldı. Başını qaldırmağa qorxurdu. Çəkmələrin sahibinin hökmlü səsi gəldi:

- Vəzirin hardadır?

- Ərməniyyəyə qaçıb.

- O, vətən xainidir... Sən də! Aparın bunu, gözüm görməsin! Onun taleyini ulu hökmdar, xəlifəmiz özü həll edəcək.

Keşikçilər ibn Məhanı elə götürüb apardılar ki, onunla söhbət edənin Azərbaycanın yeni hökmdarı Yəzid ibn Məzyəd olduğunu da anlamadı.

Qeys evlərinin arxasındakı iki qabarıq qum təpəciyindən gözlərini çəkə bilmirdi. Təpəciklərdən bir az sağda qumlar dalğalanıb sıralanmışdılar. Qeys diksindi. Qarşısındakı dolğun qabarıqlıqlar, enişlər, məsafə, xətt, mütənasib əyriliklər, bihuşedici incəlmələr ona nəyisə xatırladırdı. Aman Allah, qumluqda uzanıb ona baxan, sinəsi, saçları, dümdüz incə beli, cazibədar ayaqları qumdan olan bu vücud ki, Leylidir. Xəyala daldı. Nə vaxtsa o gözəlliyə toxunacaq, onun adi insan deyil, bu qum dənəcikləri kimi bir-birinə söykənən huri-mələk toxumalarından yarandığını özü hiss edəcək. Bu, Leylinin özüdür. Ona baxır, onu gözləyir...

Səhər açılar-açılmaz yerindən dik atılıb evlərinin arxasındakı qumluğa qaçdı. Gözləri qum üstündəki Leylisini axtardı. Gecəki küləkdən sonra qum heykəl yoxa çıxmışdı. Bir az irəli qaçıb dünən heykəlin olduğu yerdə dayandı. Məyus-məyus ətrafa boylandı. Uzaqdakı təpənin kənarında kimsə oturmuşdu. Beli o qədər incə idi ki, qum saatını andırırdı. Qeys ayaqlarını qucaqlayıb başını dizinə qoyan qızın Leyli olduğunu indi anladı. O incəlikdə belin bədəni necə saxladığı bir möcüzə idi. Həm də ki qumdan ola?!

Çox yaxına getmədi. Elə olduğu yerdən xəyalən qızın yanında oturdu. Əlini belinə dolayıb özünə tərəf çəkdi. Leyli başını onun çiyninə qoydu:

- Məni çox sevirsən?

- Dünya günəşi sevdiyi qədər.

- Yox, sən mənim günəşimsən axı, - Leyli gülümsədi.

Qeys bir ovuc qum götürüb barmaqlarının arasından buraxdı:

- Mən qum zərrəsiyəm. Nə qədər ki sən məni qızdıracaqsan, mən sinənə qonub səninlə olacam. Bir gün külək məni sovurub aparsa, orda, - Qeys dənizin ortasını göstərib, - qaya kimi bitəcəm, - dedi.

Leyli dənizə tərəf boylandı. İri dalğaların arasında sanki Qeysin dediyi qayanı axtardı. Amma qaya əvəzinə, dalğaların qanadları üzərinə qaldırıb batmağa qoymadığı qayıq var idi. Qayıq da qumdan idi və dalğaların suları onu əritmirdi. İçində ayaq üstə durub sahilə baxan isə Qeys idi.

- Mənim yanıma gəlirsən?

- Mən sənin yanındayam.

Leyli iandla etiraz etdi:

- Yox, Qeys, sən qayıqdasan... Məni aparmağa gəlirsən... Səni gözləyirəm... Gəl məni apar...

- Qeys, Qeys, məktəbə gecikirik, tez gəl gedək, - Zeydin səsinə xəyaldan ayıldı.

Qumdan Leylini burda qoyub əsl Leylinin yanına getsinmi? Tərəddüd edirdi. Birdən çevrilib getdi. Yəqin Leyli bu gün məktəbə gələcəkdi. Qumdan olanı deyil, əsl Leylini görəcəkdi. Bəs birdən məktəbə gəlməsə?.. Arxadan Leylinin səsi gəldi:

- Gəl məni qurtar, Qeysss...

Çevrildi. Külək təpəcikdə oturan Leylini qum dənəciklərinə döndərib ətrafa səpələmişdi. İndi Leyli hər tərəfdə idi - havada, yerdə, ağaclarda, evlərin üstündə... Hamısı da bir səs olub onu köməyə çağırırdı. Məktəbə çatana kimi Qeysin ürəyi, beyni param-parça olmuşdu, bilmirdi hansı Leylinin, haradakı Leylinin dalınca qaçsın.

Bu dünyada hər şey xəyaldır. Bircə xəyallarda gördüklərin məhv olub, səni aldatmasın. Bəlkə, buna görədir ki, səhrada uzun müddət gəzənlər orada xəyal gücü ilə dəniz, palmalarla əhatə olunmuş göl görürlər. Dəniz xəyalların limanı, insanı sevgisinə qovuşduran qayıqların güman yeridir. Çünki dənizlərin dibi də, sahilləri də qumlardır. Qumlar isə yaranışın, gerçəkləşmək istəyən xəyalların təməl toxumalarıdır...

Bu düşüncələrin təsiri altında məktəb yolunu necə getdiyinin fərqinə vara blmədi. Yol boyu hər kəs ona baxıb yanındakı ilə xısınlaşır, şəhadət barmaqlarını gicgahlarında fırladıb bir-birinə Qeysin dəli olduğunu bildirirdilər.

Sevdiyi, illərlə arayışında, həsrətində olduğu bir qızı qucaqlamağın dəlilik olduğunu düşünən kişilər sanki səhərdən axşama kimi bütün iş-güclərini hansısa qadına sarılmaq üçün etmir, qadınlar da hər şeyi, bişirdikləri yeməyin dadından tutmuş evlərinin təmizliyinə qədər hər şeyi onlara sarılacaq bir kişi üçün etmirdilər. Bəlkə də çoxları Qeysə dəli deməklə onu üstüörtülü təqdir edir, hər kişi özünə bir Leyli, qadınlar da ona heç nədən, heç kimdən çəkinmədən sarılacaq bir Qeys arzusunda idilər. Bir sözlə, hər kəs xoşu gəldiyinə, sevdiyinə bircə dəfə də olsa, sarılmaq istəyirdi, içlərindəki qorxu isə onları durdurur, əslində, Qeysə deyil, özlərinə dəli deyirdilər. Qeysə tənə edənlər şüuraltı düşünürdülər ki, min ildə, nə yaxşı, bir Qeys çıxdı meydana! Gizli sevgilərini, xoşladıqlarını nəinki dilə gətirməyə, düşünməyə belə qorxanlar ürəklənmişdilər. İndi hər kəs cünunluğu bəhanə edib ondan daha çox söz açır, Qeysdən danışılanlarda xəyalən özlərini təsəvvür edib rahatlanırdılar.

Qeys məktəbin qarşısında görünər-görünməz ən ürəklilər dodaqlarını yanlarındakının qulaqlarına mümkün qədər yaxınlaşdırıb "Dəli gəldi..." pıçıldadılar. O əsnada neçə qız, neçə oğlan insanın ən həssas nöqtələrindən olan qulağında isti nəfəs, məhrəm toxunuş hiss etdi. Həmin anda bir-birlərinə ömürlük aşiq olanlar da, həyəcanlanıb sadəcə, xoşallananlar da oldu. Qeysin dillərə düşmüş dəliliyi hər kəsin özünə qoyduğu sərhədləri aşmaq üçün güc, həmin anda dəlilikdən alınan ləzzət idi...

Leyli bu gün də məktəbə gəlməmişdi. Qeys oturacağın üstünə çıxıb bərkdən soruşdu:

- Leyli niyə gəlməyib?

- Səndən qorxur, Qeys, - arxadan kimsə dilləndi. Gülüşdülər.

Qeys səs gələn tərəfə baxmadan dedi:

- Hamınız korsunuz!

- Sən də cünunsan, Qeys. Bizə niyə kor deyirsən? - hamı nə isə deyir, onun hərəkətlərini müzakirə edir və danışdıqca onun doğrudan dəli olduğuna özlərini əmin edirdilər.

- Görmürsüz qum dənələrini? - nələrisə göstərirmiş kimi əlini havada dolandırdı.

- Görürük, sən qum dənəsisən, Qeys, - hamı gülüşdü.

Qeys yerinə oturub öz-özünə danışırmış kimi sakitcə dilləndi: "Axır ki, gözünüz açıldı. Biz hamımız qum dənələriyik, Leyli isə günəşdir...

...Qeys hər gün dərsə yeni bir ümidlə gedir, daha böyük xəyal qırıqlığı ilə qayıdırdı. Artıq üç gün idi ki, Zeyd və Ayişənin vasitəçiliyi ilə göndərdiyi məktublarına da cavab gəlmirdi. Dərsdən sonra Zeyddən ayrılıb Leyligilə doğru istiqamət götürdü. Yanından keçən hər kəsi qara kölgə kimi görürdü. Qara kölgələr sağdan, soldan Qeysi sıxsalar da, başını əlləri arasına alıb, əsəb və həyəcandan titrəyə-titrəyə, hər şeyə rəğmən xilasına, işığa doğru gedirdi. Başını yuxarı qaldırdı, göydən birbaşa Leyligilin evinə süzülən işığı görəndə üzünə təbəssüm yayıldı. Öz üzərinə düşən işıq isə daha güclü idi. Getdikcə əlləri, qolları yenə də alışdı, alovlu qanadlar onu daha da güclü etdilər. Daha qara kölgələrdən qorxmurdu, varlığına onları dəf edəcək güc-qüvvət yağmışdı.

Leyligilin evinə çatanda önünə Fəttah çıxdı. Bu adamın qızın atası olduğunu vecinə almadan sakit, özündən əmin halda "Çəkil!" dedi.

Fəttah hay-küy salıb onu itələmək istəyəndə Qeysin alovlu qanadları əllərini yandırdı, alov bircə anda ətrafı sardı, ev alışıb-yanmağa başladı.

Qonum-qonşu tökülüşüb gəldi, su daşıyıb evi söndürməyə çalışırdılar. Qeys aranın qarışmasını fürsət bilib evə girdi, yatağında aclıq və susuzluqdan zarıyan Leylini qucağına aldı, evin arxasında yanğından əmələ gəlmiş böyük dəlikdən çıxıb üzü Şirvan qoruğuna doğru qaçdı. Arada nəfəsini dərib, sürətlə hərəkət etməsinə yardım edən qanadlarını tərpədirdi.

Leyli baş verənlərin gerçəkliyinə inana bilmirdi, hələ də yuxuda olduğunu düşünürdü. Yol kənarına çəkilib bir az dincəlmək istədilər. Qeys qızı qucağından endirib əlindən tutdu, irəlidə pıqqıldayıb qaynayan vulkanın yaratdığı palçıq gölü sanki onlara qabarcıqların dili ilə nə isə demək istəyirdi. Qeys bu çağırışa cavab verdi, sevinclə özünü palçıq vulkanının ortasına atdı. Leyli də gülərək onu təkrarladı. Qızın heç düşünmədən dalınca gəlməsi Qeysi daha da xoşbəxt edirdi. Uzanıb bədənlərini tamamən palçığa qərq etdilər. Leyli əli ilə palçığı Qeysin üzünə sürtdü, o da eynilə cavab verdi. Palçıqdan bircə gözləri görünür, ləzzətlə əylənir, ucadan gülüşürdülər. İndi hər ikisi dəli idi. Dünyanın ən xoşbəxt dəliləri.

Günəş şəfəqləri palçığı qurutduqca üz-üzə dayanıb bir-birinə gülümsəyən iki torpaq adama çevrilirdilər. Həyat yenicə yaranmışdı. Yer üzündə ikisindən başqa kimsə yox idi - Qeys və onun sevgisindən yaranmış Leyli. Azad və xoşbəxt idilər. Kimsə onların sevgisinə mane ola bilməzdi. Sevib, sevilib artacaqdılar. Yalnız sevgidən törəyənlər gözəl, qüsursuz və əsl insan olurlar. Dünya sevgiyə qərq olacaqdı, insanlar yalnız sevgidən doğulacaqdı...

Bədəninə hopmuş palçıq quruyub torpaqlaşdıqca Qeys beynini tar-mar edən fikri qovmağa çalışdı. Torpaqdan ilk yarananlar - Adəmlə Həvva bir-birlərini sevməmişdilərmi? Sevmişdilərsə, bu qədər xəbis, naqis insanlar onlardan törəməmişdirmi? Hələ dünyanın lap başlanğıcında onlardan törəyənlər bir-birlərinə qənim kəsilmədilərmi? Yoxsa cənnətdən qovulmalarının səbəbi də bu idi? Görəsən, Rəbbimiz hansının sevgisinə inanmadı? Yasaq meyvəni biri kimin inadına yedi, o biri də sevgisinə, yoxsa nəfsinə xəyanət etdi?..

Onları pak, təmiz torpaqdan yaratdı. Cənnətin qədrini bilməyənlər yarandıqları bu sadə, məsum torpağın qədrini biləcəkdilərmi? Bəlkə, elə bilmədiklərinə görə Allah da sevgisini seçilmişlərə verdi, sevgidən yaradıb sevdirdi.

Amma Adəm və Həvvadan sonra bütün dünyanın sevəcəyi bir insan olmadığından, dünyadakı insanların da hamısını sevəcək insan doğulmadı. Yenə bircə Allahdan başqa. Hər qul yalnız öz Allahını sevdi. Allah da öz qullarını. Qeys Leylini, Leyli də Qeysi sevdiyi kimi...

Qeys ömür boyu aradığına qovuşmuşdu. İndi Leyli lap yaxınında, qarşısında dayanıb gülümsəyir. Gözləri xoşbəxtlikdən süzülən, quruyub torpağa çevrilən palçığa bürünmüş Leylini səhradakı qum heykələ oxşatsa da, bu o Leyli deyildi. Qeys həyatında bəlkə də bu qədər xəyal qırıqlığına uğramamışdı. Təpəciyin üstündəki qumdan Leyli daha cazibədar, daha möhtəşəm idi. İlahi, nə vaxtadək xəyallarımızdakından da yaxşısını vermək əvəzinə, bizi mütəəssir edəcəksən? Bu o Leyli deyil axı. Yoxsa üstünü torpaq örtüb? Mən bu qızı qaçırıb uzaqlara aparıram. Hər zaman da istərəm ki, yanımda olsun. Bir tək o qumluqdakı Leylini hər gün xatırlamaq üçün...

Yola davam etdilər. Leylinin yorulduğunu hiss edən kimi qüvvətli qollarının üstünə alırdı. Düşüncələr isə bir an belə onu tərk etmirdi.

İrəlidə bir ceyran gördülər. Bu, orta yaşlı, dişi ceyran idi. Sufilərin dediyinə görə, həmişəyaşar olan bu ceyran bütün sevgililərin dərd ortağı olan məşhur Ana ceyran idi. Qeysin baxışları ona ilişib qaldı. Ceyran da bir xeyli onlara baxıb, çevrilib yoluna davam etdi.

Qeys qeyri-ixtiyari onun arxasınca düşdü. Yol boyu üzərlərinə yağan işıq selinin özləri fərqində olmasalar da, ayıq nəzərlərdən yayınmırdı. Ceyran arabir çevrilib baxır, sonra yoluna davam edirdi. Bəndovandan xeyli aralanmışdılar. Ana ceyran onları qoruğun dərinliyində sıx meşənin ortasındakı bulağın başına gətirdi. Bir az aralıda, iki nəhəng çinarın arasında sıx bitmiş ən gözəl güllərdən yaranmış yataq vardı. Qeys qızı yatağa uzatdı. Dodaqlarından öpüb sarıldı. Neçə gün idi ki, Leylinin varlığını sarmış o istilik qızı yenidən ağuşuna almışdı. Xoşbətlikdən qanadlanmışdılar...

Qeys Leylini gördüyü ilk gündən hər axşam onun xəyalı ilə bir şeir yazırdı. Kağıza köçürməzdi. Sevgilisini görə bilmədiyindən şeirlərini Leyliyə çatacağı ümidiylə, göylərə söyləyərdi. Bu gecə sevgililər muradlarına yetmişdilər. Leyli heç nə düşünmədən sadəcə çox xoşbəxt idi. Qeys həyatdakı ən böyük arzusuna çatsa da, şair ürəyi yerindən qopmaq istəyir, amma bunu sevgilisinə bildirmirdi. Nə idi bu pəjmürdəliyin səbəbi? Qumluqda gördüyü Leylini ağlından çıxara bilmirdi. Başını sinəsinə qoyub mışıl-mışıl yatan Leyli o deyildi. Anlaya bilmirdi, talemi onu sınağa çəkir, yoxsa Leyli. Ya bəlkə, mən doğrudan Məcnunam...

Meşədə gəzəndə ağacların birindən asılmış ud gördülər. Qeysin çox gözəl ud çaldığını qəbilədə hər kəs bilsə də, Leyli təəccübləndi, şıltaqlıqla onun üçün ifa etməsini istədi. Qeys sevgilisini məmnun edə biləcək daha bir səbəbi olduğuna sevinib "Rast"ı ifa etməyə başladı. Muğamın mayesi Leylinin ürəyinin səsiylə başladı, musiqinin məqamı Qeysin sevinc və həyəcanla atan ürək döyüntüləri idi. Ud ikisinin də yerinə onların ürək səsləri ilə danışırdı. Sevgi, sevinc, xoşbəxtlik, hətta bir-birlərindən gizlədikləri təlaş sayəsində ürək atışları mürəkkəb ritmdə, aritmiyada vurduqca ud bunu təkrarlayır, fanilərin eşidərkən ölə biləcəkləri cənnət musiqisini xatırladırdı. Qeysin nəbzi sevgi və çaşqınlıqla vurduqca Leylinin ürək ritmləri sevgidən doğan həzzin zirvəsində sinəsini qaldırıb-endirirdi. Xəlifə sarayına nəbati kölə kimi gətirilən Mənsur Zəlzəl əl-Daribidən bu yana kimsə udu belə gözəl dilləndirməmişdi. "Rast" bütün muğamların anası olsa da, onun necə yarandığını hələ də kimsə doğru-düzgün bilmirdi. Qeys bu sirri bu gün, elə indicə çözmüşdü. "Rast" iki sevən qəlbin döyüntüsündən yaranıbmış... Yəzid İbn Məzyədə xəbər çatdı ki, xəvariclər ölkədə üsyan hazırlayırlar. Onlar kənd-kənd, şəhər-şəhər gəzir, narazı olanları ayağa qalxmağa sövq edirdilər. Hökmdara o da məlum oldu ki, üsyançıların rəhbəri illər əvvəl xəzinənin yarıdan çoxunu ələ keçirib, aradan çıxan Valid ibn Tarifidir. O zamanlar Tarifini hər yerdə axtarsalar da sanki iynə olub yerin altına girmişdi.

Hökmdar Nofələ gizli göstəriş verdi ki, Valid ibn Tarifinin axtarışını təzələsin, onu harda gizlənməsindən asılı olmayaraq tapıb, üsyanı yatırsın.

Nofəl ata-ana əvəzi olan əl Müləvvəh və Ruqəyya ilə görüşüb, onların xeyir-duasını almaq üçün Bəndovana getdi.

Ona verilən tapşırıq gizli olduğundan hara, hansı istiqamətə yola düşəcəyini bildirmədən, döyüşə gedəcəyini deyib Əl Müləvvəhin xeyir-duasını istədi. Əl Müləvvəh Nofəlin həyatı üçün narahat olsa da, onu Allahın hifz etməsi üçün dualar etməkdən başqa yolu qalmadı.

Qeys də bu xəbəri eşidib məyus oldu. Nofələ nəsə olacağından qorxdu. Sanki Leyli də ona dedi ki, qardaşını tək buraxma.

Ayağa qalxıb:

- Mən də səninlə gedəcəm, - dedi.

Əl Müləvvəh öncə oğlunun sözlərini qulaq ardına vurub eşitməzlikdən gəlmək istəsə də bir anlıq düşündü ki, əcaba, Qeys Leylini burda qoyub, doğrudanmı döyüşə getmək istəyir? Gözünün ağı-qarası tək oğlunun bu döyüşdə həlak olmaq ehtimalı da yüksək idi. Axı Qeys heç bir vaxt döyüş təlimi keçməmiş, qan töküb, baş kəsməmişdi. Ata ürəyi oğlunun gözündən qırağa getməsini istəməsə də, düşündü: "Bəlkə, oralarda Leylini unudar, döyüşdə iştirakı Məcnun adını da üstündən götürər".

Nofəlin cavab vermədiyini görən Qeys səbirsizləndi:

- Siz istəsəniz də, istəməsəniz də mən də səninlə gedəcəm.

Əl Müləvvəh dumanlanmış beynində bir də Ruqəyyanı düşündü. Narahat ana ürəyi bunu qəbul edəcəkdimi? Bu xəbəri eşitməyə hazırdımı?

Qeysin qərarını Ruqəyyaya dedikdə, bu günə kimi bir dəfə də olsun Qeysə səsini qaldırmayan Ruqəyya vahimələnib, özündən çıxdı:

- Sən ömründə bir toyuğun da başını kəsməmisən, döyüşdə necə adam öldürüb, qan tökəcəksən? Birdə ki nə oldu? Leylini burda qoyub gedəcəksən?

- Ana, Leyli mənim yanımdadır, mən heç nədən qorxmuram.

Əl Müləvvah dözməyib otaqdan çıxdı. Bu müddət ərzində ilk dəfə eşidiləcək bir səslə, - Sən doğrudan da cünunsan, Qeys, - dedi...

Nofəl Bağdada ilk getdiyindən bu günə kimi yanında olan Musa əl İbrahimiyə tapşırdı ki, səfər boyunca Qeysi gözdən kənar qoymasın.

Kəşfiyyat xəbər vermişdi ki, Valid ibn Tarifi Topxana meşəsində gizlənib. Əsasən gecələr hərəkət edir, kimsəni duyuq salmamaq üçün meşənin içi ilə irəliləyirdilər.

Xeyli yol qət etmişdilər. Düşərgə qurub, dinlənmək qərarına gəldilər. Ağacların kölgəsindən yaranmış alatoranlığın yerinə gecənin qaranlığı çökmüşdü.

Uzaqdan gələn bəbir nəriltisi, çaqqalların ulaşması gecənin səssizliyini pozur, yaxınlıqda isə bayquş ulayırdı. Yerində qurcalanan Musa əl İbrahimi uzandığı yerindən qalxıb oturdu:

- Bayquşun səsi məni dəli edir, yatmağa qoymur. Bayquşlardan uzaq durmaq lazımdır, onlar bədbəxtliklər gətirirlər.

Musa əl İbrahimi çadırın girişində keşik çəkən əsgəri səsləyib, - o bayquşu susdurun, - əmrini verdi.

Əsgər getmək istədikdə, Qeys ona səsləndi:

- Dur, getmə. Sənə körpə olanda anan yatmazdan əvvəl laylay oxuyardımı?

Əsgər cavab verdi:

- Hə, məni də, qardaşımı da anamız laylasıyla yatırardı.

- Bax, indi ulayan bayquşun balaları var. Əslində o, ulamır, öz dilində körpələrinə laylay çalır. Get öz işinin başına. Bayquşla da işin olmasın.

Əsgər Musa əl İbrahimiyə baxdı. Musa başı ilə işarə etdi ki, gedə bilərsən, arxasınca, - bayquşu rahat buraxın, qoy ulasın, - istehza ilə dedi.

Əsgər çadırı tərk etdi. Bayaqdan bəri yata bilməyib, yerində qurcalanan Əl İbrahimi bayquşun ulamasına diqqət kəsilmişdi. Bayquşun səsi onu xumarlandırır, sanki bayquş öz balalarına deyil, ona da layla çalırdı...

Qeys sübh tezdən oyandı. Musa da gümrah və şən görünürdü. Dəstəmaz alıb namazlarını qılandan sonra Qeys Musa əl İbrahimidən soruşdu:

- Gecəni necə yatdın?

- Bayquşun laylasıyla. Mən çoxdandır ki, belə rahat yatmamışdım...

Xeyli yol qət etdikdən sonra atlardan enib dinlənmək qərarına gəldilər. Qeys iri gövdəli çinara söykənib gözlərini yumdu. Xəyalən Leylinin incə belinə sarılıb, alnını alnına qoydu. "Qeys öz meşəmizə nə zaman qayıdacayıq?" Ayaqlarına nəsə xəfif toxundu. Hər ikisi diksinib aşağı baxdı. Bir bala qurbağa atılıb, palıdın arxasında gözdən itdi. Leyli,- görəsən bu öz gölməçəsini qoyub burda nə axtarır?, - dedi.Qeys:

- Bala qurbağadır, azıb gəlib, bir azdan anası onu səsləyəcək, o da səsinə səs verib, bir-birlərini tapacaqlar.

- Qurbağaları heç sevmirəm. Gözəl deyillər.

- Elə düşünmə, Leyli. Bəlkə biz də qurbağalara çirkin görünürük. Allahın yaratdığı hər şeydə sevgi var. Sən belə gözəl olmasaydın da mən səni sevəcəkdim. Uca Rəbbimiz hər şeyi müxtəlif yaradıb. Bizim meşədə ağaclar, güllər bir başqa, burda bir başqadır. Yer üzündə gör nə qədər rənglər, bir-birindən seçilən insanlar, canlılar, mənzərələr var. Bax dünya fərqliliklə gözəldir.

Qeys gözlərini açdı. Buludlar çox yaxında, tərtəmiz və maviydi. Leyli ona bu buludların arasından baxırdı:

- Səni sevirəm, Qeys, hər zaman yanındayam. Mən sənin qoruyucu mələyinəm...

Bəbir nəriltisi Qeysi xəyalından ayırdı. Hərə bir tərəfə qaçışıb, silahlarına əl atdılar. İri cüssəli bəbir əsgərlərdən birinin qolundan gəmirib yerlə sürüməyə çalışırdı. Oxçular bəbiri nişan almağa, əsgərlər isə hər tərəfdən qılıncları ilə vurmağa çalışırdılar. Qeys irəli atılıb, - Durun, kənara çəkilin - dedi. Əsgərlər geri çəkildilər. Qeys bəbirə yaxınlaşıb onun alnını, boynunu sığalladı. Xoşallanan bəbir əsgərin qolunu buraxıb, pəncələrini Qeysin sinəsinə qoyub üz-gözünü yalayırdı.

Gördüklərindən hər kəsin nitqi qurumuşdu. Musa əl İbrahimi heyrətini gizlədə bilmədi. Nofələ, - Vallah, Qeys hamımızdan güclü və ağıllıdır, - dedi.

Bir qədər məsafə qət etdikdən sonra onları iki bələdçi gözləyirdi. Valid ibn Tarifinin yerini dəqiq öyrənmişdilər.

Gecə pusqu qurub Tarifini və yanındakı adamlarını tərkisilah edib ələ keçirdilər. Tutulanların qollarını kəndirləyib, atlarının arxasınca çəkərək Bərdəyə yol aldılar...

 

Vahid Məmmədli

 

Ədəbiyyat qəzeti.- 2023.- 29 aprel.- S.8-10.