İşıqla oxunan
misralar
1
...Şeir həmişə şamın nəfəsini içinə çəkib sönməsi, səhərin bir qanad səsiylə açılması kimidir. Poeziya nə qədər modernləşsə də, nəfəslə yaranan poetik ərazidən bütün qafiyə, bənzətmə və təşbehlərin süpürülüb getməsi bahasına tam fərqli dona girsə də, yenə də "gül-bülbül" çağına dönür. Canlı bir varlıq kimi uçub gəldiyi kökünü xatırlamaq onun üçün necə deyərlər, adi məişət məsələsidir. Xatırladıqca ona hər təsadüfdə bir nəfəs qədər yaxınlaşır, keçmişdə lələklə yazılan mətnlərin sətirləri arasından süzüb keçir, onlardan nələrisə götürür, çünki ən modern diskurs, nəsnə - içindəki boşluqların daha dərindən və dəhşətli sızıltıyla bilindiyi yerdir. Boşluq hiss edilirsə, o, mütləq dolmalıdır. Və bu dəfə onun "sönməsinə" səbəb olan "küləklərdən" yan keçmək inadıyla. Buna görə də hər bir gözəl şeirdə bu "savaşın", öz xatirələri ilə üzləşmə didişmənin iz və bəzən də şırımları bilinir. Sən çox dəyərli sandığın nələrisə yaddaşına həkk etməyə dirəndikcə onlar silinib getmək, uçub yox olmaq istər, xatirələr uzaqdan, xəfif yada salınmağı xoşlar. Vaqif Səmədoğlunun "Quşlar saatla yox, işıqla başlayır oxumağa" misrası yuxarıdakı fikrin əyani nümunəsidir: şeir gecənin qaranlığından işıq kimi çıxır, amma həm də dünya var olandan ruhunda gəzdirdiyi xatirələri bağrının başına sıxaraq. Çünki bunsuz şeir, bədii mətn dilsiz qalardı. Xatirə, şeirin, bədii mətnin keçmişdən damcı-damcı yığdığı nəsnə gün işığına çıxdıqda dünyada, onun reallığında nə varsa hamısını dəyişdirir, yəni, onlarla əlaqədar deməyə sözü olur, hətta adi sevgi şeiri də ictimai, sosial yüklü problemlərin də dibindəki dərdi, onu yaradan nisgili oxumağa qabildir.
Hədiyyə Şəfaqətin şeiri:
Şəhərin sükutunu pozur qanad səsləri
Hardasa işıq yanır,
Hardasa işıq sönür
Daha neçə yarpağın son nəğməsi səslənir
Neçə adam gecədən keçib evinə dönür...
Yaxşı şeir ən uzaqların, o əl çatmayan ərazilərdə adi yarpaq titrəyişinin duyulması kimidir, həm də bu duyğunun, o titrəyişin öz ritm və ladında, əşyalar, nəsnələr uzaqlaşdıqca onların ritm və hərəkət dinamikası daha dərindən duyulur: bunları hiss edir və bir daha xatırlaya bilmirsən, giliz canında qalır, qövr edir, hətta o mərmi parçası çıxarılsa da onun gizildəyən yeri həmişə, beşikdən məzara hiss edilir. Təsəvvür edin: uzaq-uzaqlarda yarpaq xışıltısını, aşıq poeziyasında, yaxud el ədəbiyyatında dəfələrlə ifadə edildiyi kimi, səhərin mehindən də inciyən, qırılan insan qəlbinin döyüntüsünü hiss edən nələrsə varsa, bu nəsnələri bir yerdə bağrına basacaq, onları poeziyaya döndürəcək güc və enerji də var. Şeirdə, bədii mətndə təsvir olunan nə varsa bir hadisənin, yaxud bəlkə də, yer üzündəki bütün olayların son halının göz önünə gəlib süzüb getməsi kimidir. Şeirin təsvir obyektivinə yaxalanan bu görüntü əslində reallıqda olmayan, baş verməyən bir hadisədir, belə bir görüntünü ən həssas qələmlər hiss edər və onu gerçəklik edə // gerçəkləşdirə bilərlər. Yəni "reallıq" deyilən hadisəni dərindən araşdırsaq onun sonsuz sayda irreal olaylardan qurulduğunun da şahidi ola bilərik. Ona görə poeziyada real olan, real kimi təsvir edilən nə varsa irrealdır, olmayanların oluşması, gecəylə gündüzün tən ortasında dünyaya gəlməsi və çıxıb getməsidir. Əsas olan bu hərəkətin çıxıb gedərkən qoyduğu izdir. Şeir həmin izi tanıyır, duyur, onu ən mürəkkəb nəsnələrin ölçü vahidinə çevirə bilir, ancaq bu izi qoyan əlin, barmaqların sahibini bilmərrə unudur. Unutqanlıq həmin bircə şeyin - izin dərinliklərində vurnuxmağa fürsət verir.
Çıxıb getdikdən sonra da qəlblərdə, ürəklərdə mərmi parçası kimi ilişib qalır, qövr edir, ən gözəl şeylər ən çox dərd verən, ağrıdan, ən dərin yaraları yada salan şeylərdir. Ən gözəl şey buna görə də gül deyil, onun solması da deyil, onun bizim bilmədiyimiz dildə hiss etdikləridir. Şeir bu hissiyatı verməyə çalışır, klassik poeziyadan ultra müasir şeirə qədər. Baxın:
Hər kün əğyarə nəsib oldu cəmalın ey mah,
Olmadı bir gecə kim, mən səni röyadə görüm.
Məqsədim, şəşəəyi-mahi cəmalındı sənin,
Xah məsciddə onu, xah kəlisadə görüm.
İki zülfün arasından görünə mehri-rüxün,
Genə ol əxtəri-rəxşəndəni Cövzadə görüm.
Seyidda, doğranı narinc kimi bu dili-zar,
Əgər ol Yusifi mən bəzmi-Züleyxadə
görüm...
Yaxud, yenə Hədiyyədən:
Uzaq çöllərdən gələn
bir xışıltı,
əsinti
Deyir hardasa Tanrı dizini yerə qoyub
Mənim
qəlbim həm orda, həm burda gizli-gizli
Sevişməyə soyunub - sözünü
yerə qoyub...
Sönüb məbədlərdəki son şamlar, son dualar
Səhər hər şey yenidən səslənəcək,
Sevgili
Hardasa göy sularda qağayı iddialar
Gün işığından qaçıb
gizlənəcək, Sevgili...
2
Şeirdə, yuxarıda da dediyimiz kimi anidən gözə (xəyala-!) görünüb
yox olan və bir daha
bilinməyən hansısa
nəsnənin, ya bir qırıq günəş parçasının,
bir fraqment ay işığının, ya
da ürəkdən boşaltmaq istədiyin nifrət çayının
kölgəsinə işarə
edilir. Və həm də,
bu şeir də o hissin lap qurtaracağında yazılıb,
günəşin batdığı
anın son nöqtəsində
tora düşən balıq kimi bu şeir dünyanın
sonunu xatırladır.
Hər bir şeir dünyanın
sonu və başlanğıcıdır. Hər bir şeirdə
"çərxi-fələk " obrazı var, əllə tutulmayan, izaha yatmayan, heç bir dilə tərcümə
olunmayan. Əlibalanın
aşağıdakı şeirində
olduğu kimi:
Keçmişdəki xülyalar haqqında
Dəniz
kənarındakı evlərində
ataları şəhər
mərkəzində qonaqkən
qürubçağı
iki bacı
şüşə çaydanın
içinə baxırdı
sarı mayeyə,
balıq kimi üzən xırda çay parçasına...
Və yumşaq paltarları çiyinlərinə sürtüləndə
hər ikisi əbədi olduğuna inanırdı...
Hədiyyənin şeirlərində (yuxarıdakı
mətndə) rastlaşdığımız
aləm, Əlibalanın
bu və aşağıda təqdim
edəcəyimiz mətnlərindəki
fraqmentlər dünyasından
fərqlidir. Birincidə metafora və
təşbehlərdən qaçıb
(onları unudub-!) şeiri yaradan, "real yaşam rejimində" gözə çarpmayan xəyali nəsnələri
yada salmaq səciyyəvidir. Bir quş
qanadının qaranlığa
çırpılmasıyla açılan səhər,
çəmənlikdə çiçəyin
gözündəki şehin
qarşısında qatlanmış
dizlər... insanların
həmişə unutduqları
şeylərin mətndən
axıb keçməsi
vizuallaşır. İkinci sıradakı
mətnlərdə sanki
hansısa romanı yaradan əhvalatlardan "kəsilmiş" fraqmentlərin
(şüşə çaydanın
içindəki xırda
çay parçası...)
fərqli dünyalarla
təması, bu toxunuş və təmaslardan doğan təəssüratlar reallığa
çevrilir. İrreal xətt
və dairələr,
fraqment və mətnlərin xəyalda kəsişən bucaqlarında
qurulan gerçəklik
şəffaflıq effekti
yaradır. Əlibalanın bütün mətnlərində
enerji məhz bu şəffaf, necə deyim, bəlkə şüşə
qırıqlarından yapılan
şəffaf divarların,
şəffaf üfüqlərin,
şəffaf duyğuların
vizuallaşmasına sərf
edilir. Bəzən
bu hissiyyat mətndən dərhal duyulur və sən onu gerçəklik
bilirsən, bəzən
hansısa metaforanın
içinə "əsir
düşür", bu
əsnada lallıqla pıçıltının sərhədindən
keçən sözlər
cücərir, məsələn:
Sarı
almanın çilləri
kimi
minnətdar idik Tanrıya,
var olmağımız
yerə səpilməyimiz
üçün...
Yaxud:
Bu ağappaq, çay qoxulu həyətdə
sənin səsin
seyrəlmiş bəmbəyaz
tüstü kimi...
Sanki uzaqda -
yaşıl çəmən
üstünə
şirin boyalar tökür
bir uşaq gülümsəyib...
Və ağ dondurmanı
fırçasıyla rəngləyir...
Ağ təyyarənin qanadında
qızılgül rəsmləri...
Meyvənin dərdləri bitir günəşin şüasında.
Sənin
səsin qanadlanıb
axtarsa indi məni
gəzsə dağları
islanmış çəmənləri
keçsə daşlardan,
yaşıllıqlar üstündən...
Keçsə...
Gözlərim qıyılır
parıltının
yoxluq
kölgəsiylə...
Elə şairlər
var, həm də gənc şairlər... içindəki
ağrı-acının, güc
və enerjisinin qədərini, özünün
nəyə qadir olduğunu bilir və bunu hər
gün unudur, unudur ki, həmin
tutumun sərhədlərinin
göstərdiyi enerjiyə
biri daha sahiblənsin. Bu şairlər
oxuduqlarının, həzz
aldıqları kitabların,
mətnlərin "qapılarını"
açıb ən dərindəki enerjiyə
çatmaq, onun hənirini, isti və soyuğunu bilmək istər. Bu qasırğalı və təlaşlı hərəkətlərdə özü
də bilməz, oxuduqlarından ayrılan çınqılar içinə
qoyulan ağzıbağlı
nəsnələrə birləşər,
bu məqam bir şairin ömründə ən önəmli, həm də maksimum hiss edilən bir məqamdır. Bu yolda
bircə şərt var: nəfəs halal olmalıdır, çünki şair şeiri nəfəslə
yazır... Hər bir şairin
içində bu sehrli sanduqədən ya var, ya
da yoxdur və bu, mətnlər
oxunan kimi bilinir.
Əlibala bu şairlərdəndir. Kasıblığı,
cavanlığı, qocalığı,
xəstəlik və sağlamlığı yox,
yazdığı mətnlər
görsənər, saçları
ağarmış şeirlər
yazır, bu mətnlərdə kömürün
qaralığını unudub
qızıl qırmızı
olduğunu görə
bilərsən, meyvələr,
hə, mətnlərdəki
portağal, limon, alça çiçəkləri...
hər şey meyvənin budağa sarıldığı anı
işarələyir, bu
məqamda, yəni meyvə budağa sarıldığında düşünür
ki, onlar bir daha ayrılmayacaqlar...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2023.-
29 aprel.- S.11.