Yurdun iztirablarından doğulan Zəfər

 

Ramiz Qusarçaylının “Vətən” poeması üzərinə

 

Tanınmış şair Ramiz Qusarçaylı sənətkarlıqla qələmə aldığı dərin məzmunlu əsərləri ilə çağdaş poeziyamızda öncül yerlərdən birini tutur. Ədəbiyyatımızda həm də sərbəst şeirin gözəl nümunələrini yaradan şair geniş diapazona malik yaradıcılığı ilə həmişə diqqəti cəlb edib. Acılı-şirinli gerçəyə fərqli yanaşması, bədii idrakı həyatın qatlarına enməklə əks etdirməsi R.Qusarçaylı yaradıcılığının əsas məziyyətlərindəndir. O, ictimai-siyasi səciyyəli, mübariz ruhlu şeirləri və poemaları ilə həm bədii cəhətdən, həm də məna tutumuna görə dəyərli mənzum əsərlər yazmaq nümunəsi ortaya qoyub. Şövqlə, ilhamla hasilə gətirdiyi Vətən şeirləri Ramiz Qusarçaylı poeziyasının təməl daşlarıdır. Söz sərrafının çağlayan təbi ilə qələmə aldığı, dillər əzbəri olan "Azərbaycan bayrağı" şeiri, Vətən sevgisindən barınan, doğma yurda dərin məhəbbətlə misra-misra hörülmüş digər nəzm örnəkləri onun rəngarəng yaradıcılığının bəzəyidir.

Bu gün, necə deyərlər, çıraqla axtarılan və əldən-ələ gəzən "Vətən" poeması da şairin elə-obaya divanətək vurğunluğundan, qırılmaz tellərlə bağlılığından ərsəyə gəlib. Ramiz müəllimin sözləri ilə desək: "Vətən haqqında o qədər yazıblar ki! O qədər yazırlar ki! O qədər yazacaqlar ki!.." Əlbəttə, nə qədər yazılsa, yenə azdır. Amma yazılanlar arasında bu poemanın yeri bir başqadır, özəldir. Çünki bu əsər Azərbaycan adlı bir məmləkətin keçdiyi tarixi dönəmlərin, baş verən qanlı-qadalı hadisələrin, yurdcanlı oğul və qızlarımızın işğalçılara qarşı mücadiləsinin, döyüşkən ruhunun inikasıdır. Belə bir poemanı isə vətəndaş şair yarada bilərdi. Əsərə ön söz yazmış qəzəlxan şair, araşdırmaçı alim, tarix elmləri doktoru, professor, klassik poeziyamızın bilicilərindən olan Şahin Fazilin fikrincə, "Ramiz Qusarçaylı Vətən aşiqi, Vətən vurğunu, Vətən munisi, Vətən şairidir... Torpağı üçün əsən, bayrağı üçün əsən vəfalı söz adamı, xalqımızın möhtəşəm şairlərindən olan R.Qusarçaylı "Vətən" poemasını dörd ilə yazdı. Bu mövzuda birincilik qazanmaq məhz bu şairə qismət oldu."

Akademik Nizami Cəfərova görə, "Ramizin şeirlərinin kokü dərindir. Onu böyük  şair edən bu söz adamının vətəndaşlığıdır, yəni onun hər misrasında Vətən var, vətənpərvərlik var, vətəndaşlıq var. Ramiz Qusarçaylı təpədən dırnağa şairdir, bizim milli poeziyamızın, müasir poeziyamızın klassiklərindəndir və bu adı halallıqla özünə haqq edib".

Qeyd olunmalıdır ki, bənzərsiz poetik fikirlər, ümumən poetik bütövlük, bədii mətnlərin dolğunluğu R.Qusarçaylı şeirinin əsas xüsusiyyətlərindəndir. O, baş verən olaylara bədii həll verərkən, çatdırmaq istədiyi mərama bədii çözüm taparkən irfani təfəkkürə söykənir. Fərdi üslubunun orijinallığı, başqa sözlə desək, rahat, anlaşıqlı üslubu, deyim tərzi, ifadə zənginliyi, obrazlı düşünüb-daşınmaq bacarığı ilə fərqlənən şairin əsərlərinin dili səlis və rəvandır. Müəllifin siyasi nəzm üslubunda apardığı təhlillər, sənətkarlıq məziyyətləri, fikirlərin dolğunluğu ilə dilin doğmalığı həm elmi, həm də poetik müstəvidə özünü qabarıq şəkildə büruzə verir.  Dəyərli şairimiz Ramiz Qusarçaylının oxucuya çox mətləbləri anladan, onunla dialoqa, polemikaya girən "Vətən" poeması Azərbaycan xalqının erməni işğalçılara qarşı 44 günlük müqəddəs müharibəsində qazanılmış böyük Zəfərə həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur. Yeri gəlmişkən nəzərə çatdırmaq istərdim ki, ədəbi-ictimai rezonans doğuran bu poema böyük rəğbətlə qarşılanıb, R.Qusarçaylı həmin əsərə görə Azərbaycan Yazıçılar Birliyinin "Əhməd Cavad" mükafatına layiq görülüb. 

Şairin uzun illərdən bəri baş vurduğu araşdırmalarının bəhrəsi olan, bugünümüzə və gələcək nəsillərə ünvanlanan poema xalqımızın milli kimliyini əks etdirmək baxımından da çox dəyərlidir. Cild-cild tarixi kitabları mütaliə etdikdən sonra yazılmış bu epik əsər Azərbaycan dünyasının əsrlər boyu keçdiyi keşməkeşli yola işıq tutur.

Poemada Cənubi Azərbaycanın midiyalılar tərəfindən işğalı, Manna çarlığının süqutu, eramızın əvvəlindəki Atropatena, irsi hakimiyyətlərin yaranması, Azərbaycan ərazisində meydana çıxmış dövlətlər, torpaqlarımızın ərəb xilafəti tərəfindən işğalı, şirvanşahların süqutu, monqol hakimiyyəti, rus yürüşləri, bədnam qonşularımız ermənilərin torpaq iddialarının qanlı Qarabağ müharibəsi ilə nəticələnməsi və xalqımızın düşmənə qarşı 30 illik mücadiləsindən bəhs olunur. "Hücumlar dalınca hücum gəlirdi, acılar dalınca acı gəlirdi" söyləyən şair riyakar erməni xislətini belə təsvir edir:

 

Qayanı öpsə də şəlalə səsi,

Dərənin dibində köpüklüyü var.

Bəşər bir qarışıq insan meşəsi

İçində erməni kötüklüyü var...

 

Birinci Qarabağ savaşında itirdiyimiz yurd-yerlərinin ağrı-acısını, həsrət və kədərimizi qələmə alan şairin ürək çırpıntıları, el-oba dərdi poemada misra-misra, sətir-sətir "göyərib". "Şəhərlər xaraba, küçələr viran, ev kimin evidi, tanımaq olmur. Üzünü gizləyir utandığından, ot basan yolları qınamaq olmur", - deyir Ramiz Qusarçaylı:

 

Hər yeri dağıdıb viran qoyublar,

Qırıb Zəngilanın meşələrini,

Söküb Ağdamın pir guşələrini.

Əbədi işğalda saxlamaq üçün

Hər giriş-çıxışda səngər qazıblar,

Adların üstünə adlar yazıblar.

Bu cılız məxluqlar, quduz cüssələr,

Tikiblər hər yerdə hərbi hissələr.

 

Doğma yurd-yerlərimizin itkisini illərdən bəri ürəyində gəzdirən şair işğal olunmuş torpaqlarımızı, mədəniyyət beşiyimiz Şuşanı mərd oğullarımızın yağılardan tezliklə azad edəcəyinə inanırdı, yazdığı  düşündürən misralardan sezilən, boy verən ümid işığı belə söyləməyə əsas verir:

 

İntiqam hissiylə alışan əsgər

Yatıb yuxuda da "Şuşam" deyirdi...

 

Şair Dağlıq Qarabağ probleminin həllinə laqeyd yanaşan, bu mühüm məsələyə biganə münasibət göstərən,  ikili standartlara söykənən, işğal olunmuş torpaqlarımızdan didərgin düşmüş qaçqın məcburi köçkünlərin məhrumiyyətlərini saya salmayan beynəlxalq təşkilatları tənqid atəşinə tutur. Müəllif bu qurumların əslində fəaliyyətsizliyini işğalçıya havadarlığını  satirik dil, kəskin sarkazmla diqqətə çatdırır:

 

Bir baxın sevimli haylarınıza,

Bir baxın hiyləgər taylarınıza.

günə qoyublar kəndlərimizi,

Söküb dağıdıblar bəndlərimizi...

Tərtər Qarabağın Naqasakisi,

Ağdam Qarabağın Xirosiması.

Hər yolda, keçiddə bir vandal izi

Hər daşda, divarda hayın siması.

 

Dramatizmlə dolu, igidlik, şücaət təlqin edən poemanın "hər şeyi qalibiyyətli döyüş həll etməlidir" qayəsi elə müəllifin nəhayətsiz yurd sevgisindən, düşmənə dərin nifrətindən qaynaqlanır. Prinsipial mövqe sərgiləyən şairin fikrincə, ordumuz şimşəktək çaxarsa, ərzi titrədən döyüşlərimizlə Qarabağ iztirabımıza, üzüntülərimizə son qoyular. Səbri tükənən, vulkantək püskürən şairin yaşantılarının bənzərsiz obrazını müəllifin keçirdiyi hisslər, duyğular diktə edir. Göründüyü kimi, davakar şairin qovğası yağılarladır. Mənfur erməni quldurlara kin-küdurəti coşub-daşan, şərəfsiz qonşunun yaramaz hərəkətlərindən qeyzə gələn müəllif ona artıq "dur!" deməyin vaxtı olduğunu nəzərə çatdırır. Müdrik Sərkərdəmizin dilindən söylənmiş sətirlər fikrimizə sübutdur:

 

Erməni əsgəri yaxşı eşitsin,

Assın sırğa kimi qulaqlarından.

Ölmək istəmirsə, rədd olub getsin,

Çıxsın Azərbaycan torpaqlarından.

 

Nəhayət ki, haqq-hesab çəkilən vaxt gəlib çatdı. 44 günlük Vətən müharibəsinin başlanması zamanın gərdişini dəyişdi. Ümidlərimizə nur çiləndi. Düşmən üzərinə nər kimi şığıyan oğullarımızın hər gün cəbhədə qazandığı uğur qəlbimizi dağa döndərdi:

 

Pozub masalarda yazılanları

Döyüş meydanında yazırdı ordum.

Söküb quyu-quyu qazılanları

Üstə bayrağımı asırdı ordum.

Bayraq ən ucaya, Şuşaya qondu,

Dərddən yuxalandı, incəldi Vətən!

Bayrağın kölgəsi hara toxundu

Ay-ay, ulduz-ulduz dincəldi, Vətən!

 

Qazilərimizin şücaəti, şəhidlərimizin torpaqlarımıza səpələnmiş al qanıyla Qələbə saatı yaxınlaşırdı. Şair Vətən müharibəsi günlərində oğlu, qardaşı, nişanlısı, həyat yoldaşı şəhid olan anaların, qızların, gəlinlərin dözümünü, qətiyyətini, yurd sevgisini olduqca həyati, inandırıcı boyalarla təsvir edir:

 

Tabutu xonçayla qarşılayırdı,

Xonçaya qırmızı bağlayan ana.

Qucub tabutunu şəhid oğlunun

Oynaya-oynaya ağlayan ana.

Dinləyirdi hər gün telefonunda, -

Səsindən savaşı yaşayan qadın.

Həyat yoldaşının cənazəsini,

Qürurla çiynində daşıyan qadın.

 

Şair dünya hərb tarixinə yazılan Zəfər savaşımızdan qürur duyur, Ali Baş Komandanın əzmi, polad iradəsi, qəhrəman oğullarımızın hünəriylə bu möhtəşəm sevinci yaşadığımızı var gücü ilə hayqırır, gözəl günlərin, qalibiyyət çağının artıq bərqərar olduğunu dilə gətirir:

 

Hər qazi bir qaladı, -

Bir qələbə örnəyi,

Şəhid-şəhid ovundu

Bu torpağın göynəyi,

Göydə mələklər öpdü

Neçə qanlı köynəyi,

Bu müqəddəs nura bax,

Gözün aydın, Qarabağ!

Ali Baş Komandan birliyimizin

Dünyaya yayılan efir səsiydi.

Vətənin ərazi bütövlüyünün

Həm əsgəri idi, həm memarı,

Qələbə səsiydi, zəfər səsiydi.

 

Zemfira Məhərrəmli

 

Ədəbiyyat qəzeti.- 2023.- 29 aprel.- S.15.