Uşağın ulduz xəyalı

 

Hekayə

 

Balaca bir oğlan var idi; o, çox gəzir, çox da fikirləşirdi. Oğlanın balaca bir bacısı var idi. Bacı da balacaydı, onlar həmişə bir yerdə olurdular; bütün günü gəzib-dolanır, hər şeylə maraqlanırdılar. Onlar çiçəklərin gözəlliyinə heyran olurdular, göylərin əlçatmaz yüksəkliyinə, füsunkar maviliyinə heyran olurdular, suların duruluğuna, dərinliyinə heyran olurdular, dünyanı xəlq eləyən Allahın mərhəmətinə və qüdrətinə heyran olurdular.

Onlar öz aralarında söhbət edəndə bir-birinə sual verib deyirdilər: "İşdi, birdən yer üzündəki uşaqların hamısı ölsə, onda çiçəklər, sular, mavi səma kədərlənərmi?" Uşaqlar inanırdılar ki, çiçəklər də, sular da, mavi səma da kədərlənərdi.

- Əlbəttə, kədərlənərdilər, - uşaqlar deyirdi, - ona görə ki, balaca qönçələr çiçəklərin uşaqlarıdı, şır-şır bulaqlar çayların uşaqlarıdı, lap balaca ulduzlar isə böyük və parlaq ulduzların uşaqlarıdı, onlar da öz balalarının dostları, yoldaşları olan insan balalarının ölümünə görə hökmən kədərlənirdilər.

Qəbristanlıq tərəfdə, kilsə qülləsinin üstündə ulduzların hamısından əvvəl səmada bir ulduz görünürdü, onun işığı saf və parlaq idi. Uşaqlar hesab edirdilər ki, həmin ulduz o biri ulduzların hamısından böyükdür, parlaqdır; hər axşam pəncərənin qarşısında əl-ələ tutub səmaya baxır, ulduzu görmək istəyirdilər. Ulduzu kim birinci görsəydi, qışqırıb deyirdi: "Mən ulduzu görürəm!" Çox vaxt hər ikisi eyni vaxtda qışqırırdı, çünki ulduzun nə vaxt və harada görünəcəyini əvvəlcədən bilirdilər. Beləcə onlar ulduzla dost olmuşdular, yatmazdan əvvəl pəncərədən boylanıb ulduza baxırdılar, ona "gecən xeyrə qalsın" deyir, yerlərinə girəndə isə "Allah bizim ulduza kömək olsun!" deyir, sonra gözlərini yumub yatırdılar.

Oğlanın bacısı gənc, lap çox gənc olsa da, xəstələnib, o qədər gücdən düşdü ki, axşamlar qardaşıyla birlikdə pəncərənin qarşısında dayana bilmirdi artıq, ona görə də oğlan tək dayanıb baxırdı, ulduzu görən kimi "Mən ulduzu görürəm" deyirdi, qızın xəstə üzündə təbəssüm görünürdü, zəif səslə "Allah mənim qardaşıma və ulduza kömək olsun" deyirdi.

Vaxt çox tez keçdi. İndi oğlan pəncərənin qarşısında tək dayanırdı, balışın üstündəki xəstə sifət öz yerində deyildi artıq, qəbristanlıqdakı qəbirlərin arasında isə təzə, lap balaca bir qəbir var idi; ulduzun işığı çox uzaqlardan gəlib oğlanın üzünə düşürdü, o da göz yaşları içində baxır və ulduzu görürdü.

Ulduz indi daha parlaq idi, sanki oğlanın ürəyindən başlayıb göylərə gedən işıqlı bir yol əmələ gətirirdi, hətta oğlan özünün tənha qalmış çarpayısına tərəf gedib yerinə uzananda da ulduz barədə fikirləşirdi, ona elə gəlirdi ki, mələklər çoxlu adamı - bütöv bir qatara sığışacaq qədər - həmin işıqlı yolla göylərə aparırlar. Sonra ulduz öz qapılarını taybatay açdı, möhtəşəm işıq dünyasını və müntəzir dayanıb adamları gözləyən o biri mələkləri göstərdi.

Dayanıb gözləyən mələklər öz nurlu gözləriylə təzə gələn adamlara baxırdılar, mələklərin bəziləri içində dayandıqları işıq axınından kənara çıxıb adamlara yaxınlaşır, onların boynunu qucaqlayıb hərarətlə üzlərindən öpür, götürüb harasa aparırdılar; o saat da bilinirdi ki, çox xoşbəxtdilər, - bunu görən oğlan sevincdən göz yaşlarını saxlaya bilməyib ağlayırdı.

Amma mələklərin elələri vardı gələn adamlara qoşulub getmirdi, onların birini oğlan tanıyırdı. Bir vaxtlar bu otaqdakı balışda xəstə yatan bacısının sifətini görürdü: qızın üzü nurluydu, şəfəq saçırdı, xeyir-dua almışdı, amma hələ də kölgələrin arasındaydı.

Onun bacısının mələyi ulduzun giriş qapısı tərəfdə ayaq saxlayıb adamları gətirən mələklərin başçısına dedi:

- Mənim qardaşım da gəlib?

- Yox, - mələklərin başçısı dedi.

Qız sevinc içində çevrilib gedəndə oğlan əlini uzadıb qışqırdı:

- Oh, bacı, mən burdayam! Gəl məni apar!

Qız şəfəq saçan nurlu gözləriylə ona baxdı. Artıq gecə idi, ulduzun işığı otağa düşürdü; göylərdən gələn uzun işıq şüası oğlanın üzünü işıqlandırırdı, o da göz yaşları içində işığa baxırdı.

O vaxtdan bəri oğlan həmin ulduza öz evi kimi baxırdı; hər şeyin vaxtı var, gün gələcək, o öz evinə gedəcək. Tək elə yerə məxsus deyil o, həm də ulduza məxsusdur, çünki bacısının mələyi daha önəmlidir.

Sonra bu oğlanın bir qardaşı da dünyaya gəldi. Balaca uşaq danışıb bir kəlmə söz deməyi öyrənməmiş bapbalaca əllərini uzadıb yatdığı yerdəcə öldü.

Oğlan yenə ulduz barədə, mələklər barədə və bir qatara sığışacaq qədər çox olan adamlar barədə düşünür, xəyala dalırdı. Mələklər öz nurlu və parlaq gözləriylə adamların üzünə baxırdılar.

Oğlanın bacısının mələyi adamları gətirən mələklərin başçısına dedi:

- Mənim qardaşım gəlib?

- Gəlib, amma sənin dediyin deyil, o biri qardaşındı, - mələklərin başçısı dedi.

Həmin o balaca uşaq bacısının mələyiylə əl-ələ tutub gedəndə oğlan öz otağında "Oh, bacı, mən burdayam! Gəl məni də apar!" deyib qışqırdı. Mələk çevrilib oğlana baxdı, gülümsədi. Ulduz göydə parlayırdı, onun şəfəqləri oğlanın üstünə düşürdü.

Oğlan böyüyüb gənc kişi oldu. Öz kitablarını stolun üstünə düzüb bərk məşğul olduğu vaxt qoca xidmətçi gəlib dedi:

- Sizin ananız vəfat edib. Mən gəldim deyəm ki, ölüm ayağındaykən o, sizə dua edib, gözlərini yumdu.

Axşam düşüb hava qaralanda cavan kişi yenə ulduzu və oradakı mələkləri gördü. Bacısının mələyi yenə də adamları aparan mələklərin başçısına yaxınlaşıb soruşdu:

- Mənim qardaşım gəlib?

- Yox, qardaşınız gəlməyib, ananız gəlib, - başçı dedi.

Ulduzda ağlaşma qopdu - onlar sevincdən ağlayırdılar, çünki ana, axır ki, öz iki övladına qovuşmuşdu. Cavan kişi əllərini uzadıb dedi: "Oh, ana, bacı, qardaş, mən burdayam! Məni də aparın!" Onlar cavab verib dedilər: "Hələ vaxtı deyil". Ulduz yenə parlayır, cavan kişinin üstünə nur saçırdı.

Kişi yaşa dolmuşdu, saçları ağarmağa başlamışdı. İndi o, qəm-qüssə içində sobanın yanında oturmuşdu, göz yaşları axıb yanaqlarını isladırdı. Ulduz yenə göründü.

Bacısının mələyi adamları aparan mələklərin başçısına dedi: "Mənim qardaşım da gəldimi?"

- Qardaşınız gəlməyib, amma onun qızı gəlib, - başçı cavab verdi.

Kişi yenicə itirdiyi qızını gördü, səmavi bir varlığa çevrilmiş uşaq o biri yaxınlarıın yanındaydı. Kişi öz-özünə dedi: "Mənim qızım öz başını bacımın sinəsinə qoyub, qollarını anamın boynuna dolayıb, onun ayaqları tərəfdə bir vaxtlar lap balaca uşaq olmuş qardaşım dayanıb. Mən indi onun ayrılığına tab gətirə bilərəm. Allah kömək olsun, səbr versin!"

Ulduz yenə göydə parlayırdı.

Bir vaxtlar balaca oğlan olan kişi indi qocalmışdı; üzü qırışmışdı, beli əyilmişdi, güclə yeriyirdi. Bir gün də axşam vaxtı o, öz çarpayısında uzanmışdı, uşaqları başına toplaşmışdı. Kişi lap əvvəllər olduğu kimi qışqırdı:

- Mən ulduzu görürəm!

Adamlar bir-birinin üzünə baxıb pıçıldaşırdılar:

- Kişi ölür.

Kişi dedi: "Bəli, mən ölürəm. Yaşadığım illər və qocalıq əynimə geydiyim pal-paltar kimi bir-bir düşür, mən də uşaq kimi ulduza tərəf gedirəm. Oh, mənim Atam, sizə minnətdaram, təşəkkür edirəm, ona görə ki, bu tezliklə ora açıldı və mən öz əzizlərimə qovuşa bildim!"

Ulduz göydə parlayır, kişinin təzə qəbrinin üstünə işıq düşürdü.

 

Çarlz DİKKENS

 

İngilis dilindən tərcümə:

Ramiz ABBBASLI

 

Ədəbiyyat qəzeti.- 2023.- 29 aprel.-S.18-19.