Uğurlu hekayə yazmaq yaxşı

roman yazmaqdan çətindir

 

İngilis yazıçısı Çarlz Dikkens 1812-ci il fevral ayının 7-də anadan olub. Onun atası Con Dikkens limanda məmur işləyirdi. Borclarını ödəyə bilmədiyi üçün 1824-cü ilin fevral ayında Con Dikkens həbs edilir, bununla əlaqədar olaraq onun oğlu, 12 yaşlı Çarlz Dikkens məktəbi atıb fabrikdə işləməli olur. Həmin ilin may ayında atası həbsdən azad edildiyi üçün Çarlz Dikkens yenidən məktəbə qayıdır. 1827-ci ildə o, təhsilini yenidən yarımçıq qoyub bir kontorda yazı-pozu işləriylə məşğul olmaq məcburiyyətində qalır. Çarlz Dikkensin təhsili bununla da başa çatır; o, universitetdə oxuyub ali təhsil ala bilməyib, həyat özü onun universiteti oldu.

Çarlz Dikkensin ilk əsəri "Bozun oçerkləri" 1836-cı ildə işıq üzü görüb, 1837-ci ildə "Pikvik klubunun ölümündən sonrakı qeydləri", 1838-ci ildə "Oliver Tvistin macəraları", 1839-cu ildə "Nikolas Niklbinin həyatı və macəraları" romanını yazır. Yaradıcılıq baxımından Ç.Dikkens çox məhsuldar işləyirdi. 1848-ci ildə "Dombi və oğlu", 1849-cu ildə "Devid Kopperfild", 1853-cü ildə "Soyuq ev", 1854-cü ildə "Ağır illər", 1859-cu ildə "İki şəhərin hekayəti" romanlarını yazır... - bu siyahını uzatmaq da olar.

Ç.Dikkens yaradıcılığa başlayandan az sonra populyar bir yazıçıya çevrildi. Adamlar onun yazdığı qalın-qalın romanları oxumaqdan doymur, təkrar-təkrar oxuyurdular. Ç.Dikkens populyar deyildi, o, həddən artıq populyar idi. Bu cəhətdən onu yalnız Artur Konan Doylla müqayisə etmək olar. Amma Artur Konan Doylun yalnız bir personajı - Şerlok Holms xalq arasında məşhurdur, Ç.Dikkensin isə onlarla personajı xalqın sevimlisinə, dilinin əzbərinə çevrilib.

Ç.Dikkens öz dövründə fantastik dərəcədə populyar yazıçıya çevrilmişdi və bu, əlbəttə, səbəbsiz deyildi; onun yaradıcılığını tədqiq edənlərin yekdil fikri belədir: Ç.Dikkens xəyali dünya yaratdığı üçün populyar deyildi; o, bizim qəlbimizin yaşaya biləcəyi həqiqi, real bir dünya yarada bildiyi üçün populyar idi.

Ç.Dikkens elə bir yazıçıydı ki, onun zövqü xalqın zövqüylə üst-üstə düşürdü. Ç.Dikkens xalqın istədiyini yazmırdı; o, xalqın istədiyini istəyirdi, - zövqü və istəyi xalqın zövqü və istəyiylə eyniydi deyə, yazdıqları xalqın ürəyindən xəbər verir, zövqünü oxşayırdı, ona görə də sevilirdi.

Dikkens on beş romanın müəllifidir. Onun ən yaxşı romanı isə "İki şəhərin hekayəti"dir; bu roman böyük ingilis yazıçısı Çarlz Dikkensin şah əsəri hesab olunur. Yeri gəlmişkən onu da qeyd etməliyəm ki, bu gözəl əsəri Azərbaycan dilinə ilk dəfə mən çevirmişəm. "Qanun" nəşriyyatı isə 2017-ci ildə onu ayrıca kitab şəklində çap eləyib. Çox şadam ki, Azərbaycan oxucusu bu gün bu əsəri sevə-sevə oxuyur. Oxucular mənə yazır, minnətdarlıq ifadə edirlər; elə xoş sözlərdir, onları təkrar etmək, sitat kimi istifadə etmək əsla qəbahət olmasa belə, təvazökarlıqdan uzaq, özünüreklam kimi də görünə bilər, o səbəbdən heç lazım da deyil. Əsas odur ki, Dünya Ədəbiyyatının Qızıl Fonduna daxil olan gözəl bir əsər - "İki şəhərin hekayəti" artıq Azərbaycan dilinə tərcümə olunubdur.

Ç.Dikkens xalqa yuxarıdan aşağı baxan yazıçılardan deyildi, o, xalqa inanır, ona xidmət etməyi özünün müqəddəs borcu hesab edirdi, onun üçün xalqa xidmət etmək Allaha xidmət etməyə bərabər idi. Xalqa müraciət edəndə də o, sanki Allaha müraciət edirmiş kimi davranırdı. Xalq isə nəinki ən yaxşı yazıçının əsərlərini oxuyurdu, xalq, əslində, yaxşı yazıçının yazdığı ən yaxşı əsərləri oxuyurdu, oxumaqdan doymur, yeni əsərlər tələb edirdi. Ç.Dikkens yorulmaq nə olduğunu bilmədən gecə-gündüz yazırdı, yaradırdı və sanki o, yazıçı deyildi, roman istehsal edən fabrik idi.

Dikkens həm də çoxsaylı hekayənin müəllifidir.

Nəsrin hekayə janrı. Bunun bir adı da var: kiçik hekayə. İngilis dilində "short story", rus dilində isə "korotkiy rasckaz" adlanır. İngilis və amerika ədəbiyyatında nəsrin faktiki olaraq iki janrı var: short story (kiçik hekayə) və novel (roman); onlarda povest anlayışı demək olar ki, yoxdur. C.Coysun uzun bir hekayəsi var - "Ölülər", onu Azərbaycan dilinə mən çevirmişəm. Bizim kriteriyalara əsasən, bu, povestdir. İngilis ədəbiyyatında isə onun ancaq bir adı var: short story.

"Hekayə" sözünün əvvəlindəki "kiçik" ifadəsi onu, sanki cılızlaşdırır, zəif göstərir. Ona görə də hər əlinə qələm alan fikirləşə bilər ki, hekayə yazmaq su içimi qədər asan bir işdir. Lakin bu, çox yanlış fikirdir. Hekayə, nəsrin ən çətin janrıdır. Dünya şöhrətli yazıçıların bir çoxu iri həcmli əsərlər yazaraq ustalıq və məharət nümayiş etdirsələr də, bir dənə də olsun uğurlu hekayə yaza bilməyiblər. Onlar uzun-uzadı nəsə yazıblar, amma əsl hekayə, gözəl sənət nümunəsi yarada bilməyiblər və bunun da səbəbi odur ki, onlar hekayə yazmağı asan bir iş sayıblar. Uğurlu hekayə yazmaq yaxşı roman yazmaqdan çətindir. Bunun niyə belə olduğunu izah etmək çox müşkül məsələdir. Görünən isə odur ki, hekayədə məkan darlığı, vaxt qıtlığı faktorları var. Elə də böyük olmayan bir yazını bədii əsərə çevirməlisən, belə demək mümkünsə, məhdud məkan və qısa zaman çərçivəsində cəlbedici performans(tamaşa) sərgiləməlisən. Bu isə heç də həmişə mümkün olmur.

Qalın-qalın romanlar yazaraq özünü bütün dünyaya tanıtmağı bacaran Çarlz Dikkens həm də gözəl hekayələr müəllifi kimi tanınıır. Nəsrin ən çətin janrında da o, məharətli olmağı bacarıbdır. Mən Dikkensin iki - "Uşağın ulduz xəyalı" və "Prins Öküz" - hekayəsini Azərbaycan dilinə tərcümə etmişəm. Hər iki hekayə gözəldir, onlardan biri - "Uşağın ulduz xəyalı" - isə Dikkensin ən yaxşı hekayələrindən biri kimi dəyərləndirilir.

 

Ramiz Abbaslı

 

Ədəbiyyat qəzeti.- 2023.- 29 aprel.-S.18.