Pərinin Qonur Qoca
Sarı çobana
dedikləri
“Dədə Qorqud” dastanına
düşməyən şeirlər silsiləsindən
Oğuz
elinə bəla gətirdin, çoban,
yaylağa
çıxdığın yerdə
Oğuz
elinə bəla gətirdin, çoban.
Yolunu
Uzun bulaqdan saldığın yerdə
Oğuz
elinə bəla gətirdin, çoban.
Biz pəriləri
gördüyün yerdə
Oğuz
elinə bəla gətirdin, çoban.
Yapıncını
atıb məni tutduğun yerdə
Oğuz
elinə bəla gətirdin, çoban.
Mənə
sahib olduğun yerdə
Oğuz
elinə bəla gətirdin,
Qonur
Qoca Sarı çoban.
Adəm
pəriyə yaxınlaşmaz bilməzmisən
pəri
adəmə yar olmaz bilməzmisən
adəmlə
pərinin izdivacından
bədheybət doğar bilməzmisən
nəfsini
tuta bilmədin çoban
bətnimdə
əmanət qoydun çoban
amma əmanətinə
də sahib çıxmadın çoban
Aruz
qoca götürdü ərliyinin bəhrəsini
Qam
Ğan oğlu Bayındır xanın rizasıyla
alaçığına
apardı tək gözlü balamı
qaçaq
vaxtı itgin düşən
şir
anadan süd əmən
illər
sonrası tapılan
Dədən Qorquddan ad alan
sonbeşiyi Basatla böyütdü.
Təpəgözün səndən olduğunu
bilməzmiydin, çoban?
bu nə bədheybətdir deyə
sormazmıydın, çoban?
Oğuz
elinə nə cür bəla üz verdiyini
duymazmıydın, çoban?
Üç gündə üç
süd anası öldürdü Təpəgöz
canını döşündən
sovurdu
gündə bir qazan süd içdi Təpəgöz
yenə istədi
uşaqlarla oynamadı
Təpəgöz
onları dişlədi
birinin qulağını
yedi
birinin burnunu
birinin əlini gəmirdi
birinin ayağını
danladılar Təpəgözü
söz kar etmədi
döydülər Təpəgözü
döyüldükcə böyüdü
vurulduqca boy atdı
günlər ötdü
aya döndü
aylar keçdi il dolandı
sürülərə daraşdı
Təpəgöz
quzular qoyun ola bilmədi
Təpəgöz yedi onları
təkələr keçi
ola bilmədi
Təpəgöz yedi onları
qulanlar at ola bilmədi
Təpəgöz yedi onları
köşəklər dəvə
ola bilmədi
Təpəgöz yedi onları
Dədən Qorqudu çağırdılar
boy boyladı
soy soyladı
öyüd verdi Təpəgözə
kar aşmadı
nəsihət etdi Təpəgözə
kar aşmadı
Oğuz
igidlərini nümunə
göstərdi Təpəgözə
kar aşmadı
söz Təpəgözün
qulağına girməz
çoban
pəri oğlundan adəm olmaz çoban
Təpəgözdən xeyir gəlməz çoban
Oğuz
eli Aruza
şikayətə gəldi
Oğuzdan qovdular Təpəgözü
malımızı qoyunumuzu
yedi dedilər
Oğuzdan qovdular Təpəgözü
oğul uşağımızı
dişlədi dedilər
Oğuzdan qovdular Təpəgözü
bir xeyrini görmədik dedilər
Oğuzdan qovdular Təpəgözü
heç olmasa şəri bizdən uzaq olsun dedilər
Oğuzdan qovdular Təpəgözü
Oğuzdan getdi Təpəgöz
çölə üz tutdu Təpəgöz
dağlara sığındı
Təpəgöz
Salaxana qayasında məskən saldı Təpəgöz
yol kəsdi Təpəgöz
yolçuları yedi Təpəgöz
sürüləri qamarladı
Təpəgöz
Bayındır xanın yanına
məsləhətə gəldi
Oğuz eli
belə olmaz dedilər
Təpəgöz bizdə gün-dirlik
qoymadı dedilər
bir Təpəgözün
əlində əsir-yesir
olduq dedilər
bu işə bir əncam gərək dedilər.
Sən də ordaydın, çoban,
qara qoçun ağ ətindən yedin, çoban,
dolça-dolça ayran içdin, çoban.
Bığlarını sildin, çoban
amma dinmədin
Təpəgöz məndən törəyib
demədin
tamahımın bəhrəsidi
demədin
kaş belim sınaydı demədin
Oğuz
elinə bu bəlanı mən gətirdim demədin
dinmədin çoban
dillənmədin çoban
Bayındır xan əmr etdi
Təpəgöz ölməlidir
igidlər qılınc
qurşandı
Təpəgöz ölməlidir
ərənlər ox-yay götürdü
Təpəgöz ölməlidir
atlanıb yola düşdülər
Təpəgöz ölməlidir
balamın yanına
getdim
barmağına üzük
taxdım
xeyir-dua verdim
ox bədəninə batmasın
dedim
qılınc ətini
kəsməsin dedim
Salaxana qayasına vardı qoşun
ən qabaqda Salur Qazan
Təpəgözü əhatəyə
aldı qoşun
ən qabaqda Salur Qazan
hücuma keçdi
qoşun
ən qabaqda Salur Qazan
ox batmadı Təpəgözə
qılınclar çilik-çilik
oldu
əmudlar parçalandı
nizələr qırıldı
dünya başına
dar oldu Salur Qazanın
Təpəgözün zərbəsindən
Qazanın qardaşı Qaragünə
məğlub düşdü
Təpəgözün zərbəsindən
Uşun
qoca oğlu
Dəmir
donlu Mamaq
Bığı qanlı Bükdüz
Əmən
Aruz oğlu Qıyan Səlcük
can tapşırdı
Təpəgözün zərbəsindən
Oğuz
eli məğlub
oldu
qaçıb qurtuldu bacaran
Təpəgözün yemi oldu qaça bilməyən
Dədən Qorqud elçi düşüb
Təpəgözün yanına gəldi
Oğuz
yurdu əlində əsir oldu dedi
viran qaldı dedi
fələyimizi döndərdin
dedi
ocağımızı söndürdün
dedi
gündə iki adam beş yüz
qoyun istədi Təpəgöz
razılaşdı dədən
Qorqud
yemək bişirməyə
də iki nəfər istədi Təpəgöz
Bunlu qoca ilə Yapaqlı
qocanı
verdi Dədən Qorqud
vəd etdiyi gündəlik payı
göndərdi Dədən
Qorqud
çapqınçılıqdan qayıtdı
Basat
Oğuzun
əhvalından xəbəri
yoxdu
xeyli qənimət gətirdi Basat
Oğuzun
əhvalından xəbəri
yoxdu
alaçığını qurdurdu Basat
Oğuzun
əhvalından xəbəri
yoxdu
dincəlib yorğunluğunu
aldı Basat
Oğuzun
əhvalından xəbəri
yoxdu
ayağına düşdü
Oğuz ağbirçəkləri
ovuclarına sığmır
lələkli oxun dedilər
təkə buynuzundan
bərk yayın var dedilər
İç Oğuzda Daş
Oğuzda bəllidir adın dedilər
Təpəgöz qan uddurur bizə dedilər
qardaşın Qıyan
Səlcükü də
öldürdü dedilər
Aruz oğlu igid Basat dadımıza yetiş dedilər
ata ocağına gəldi Basat
qardaş üçün
göz yaşı tökdü Basat
atası Aruz qocadan
anası Qaba ağacdan
halallıq aldı
Basat
qoymadılar getsin
qulaq asmadı Basat
dayanmadı Basat
qardaşımın qanını
almalıyam dedi Basat
yaraqlanıb yasaqlanıb
yol aldı
Salaxana qayasına yetişdi
Təpəgöz günorta yuxusundaydı
bu vaxt
Basat ox atdı
Təpəgözün dərisini deşmədi
Basat qılınc çəkdi
Təpəgözün ətinə işləmədi
dəmir qızdırıb
tək gözünə
soxdu
kor oldu Təpəgöz
nəriltisi dağları
lərzəyə gətirdi
kimsən igid soruşdu Təpəgöz
məni məğlub edəni tanıyım dedi Təpəgöz
tək gözümü
aldın əlimdən
dedi Təpəgöz
hardan gəldin sən igid
yerin nə yerdir
döyüş günü
bayraq götürən
xanınız kimdir
soruşdu Təpəgöz
igid igiddən adını gizlətməz
dedi Təpəgöz
nişanını ver dedi Təpəgöz
elim Oğuz məskənim Günortacdır
dedi Basat
döyüş günü
bayraq götürənimiz
Bayındır xandır
adımı sorsan
Aruz qoca oğlu Basatdır dedi Basat
süd qardaşıyıq
dedi Təpəgöz
qıyma mənə
dedi Təpəgöz
atama qan qusduranda
qardaş demirdin dedi Basat
anamı yasa batıranda
qardaş demirdin dedi Basat
qardaşım Qıyan
Səlcükü öldürəndə
qardaş demirdin
ağca üzlü gəlinimizi dul qoyanda
qardaş demirdin
ala gözlü uşaqlarını
yetim qoyanda
qardaş demirdin
tökdüyün qanlar yerdə qalmaz dedi Basat
qisasım səndə
qalmaz dedi Basat
Təpəgözün öz qılıncıyla boynunu
vurdu Basat
Təpəgöz öldü çoban
Oğuzdan bəla sovuşdu
çoban
oba şənliyə
yığışdı çoban
sürülər kəsildi
bardaqlar açıldı
çoban
sən də şənliyə getdin
tək gözlü oğlunun ölümünə
badə qaldırdın
çoban
şadyanalıq etdin çoban
Dədən Qorqud soy soyladı
boy boyladı
Basata xeyir-dua verdi
sən də Basata dua et, çoban
amma bir də
yolunu Uzun bulaqdan salma, çoban.
Həmid Piriyev
Ədəbiyyat qəzeti.- 2023.- 29 aprel.- S.21.