Lampada yanan qaranlıq

 

Buzun üstünə basa-basa

Rezin dabanlı ayaqqabımı,

Evə girirəm...

Silkələyirəm başıma yağan xatirələri,

Qarderobdan asıram MƏN-i

Və neçə MƏN-lərin kənarından...

Otağın lampalarını yandırıram,

Yandırıram qaranlıqları...

 

Lampaları yandırardım

Gecələr gözlüyünü tapa bilməyəndə anam

"İşıqlığa çıxasan" deyərdi...

Anam illərcə gözlüyünü

İşıqlıqda tapmışdı,

Mən isə işıqlığı gələcəyin

Qaranlıq vadilərində axtarıram hələ də...

 

Baxın!

Dünyanı gözlüyü ilə işıqlandıranın oğlu

Otağını bir lampa ilə işıqlandıra bilmir...

 

Gözəllik ilahəsi

 

Anam sevsəydi yunanı,

Televiziyada Afina şəhərini

İzləsəydi ,

"Prezidentim" səsləyərdi məni.

Onu yaşatmaq üçün

Saraylarda, zənn edərdim.

 

Böyüdüm

Bələdiyyə sədri

Olmaq istəyirdim.

Şəhərin ən gözəl yerində

Sənin heykəlini

Usta heykəltəraşlar əlində

Yondurmaq istəyirdim.

Heykəlin altında

"Gözəllik ilahəsi"

Ən məşhur xəttatın

Qələmi ilə yazdırmaq,

Çevrildi dumana.

 

Kaş heykəltəraş olaydım,

Ya da heç olmasa xəttat!

Amma təəssüflə

Heç birisi olmadım.

Şair oldum

sənə

Anlada bilmədim sevgimi...

 

Sevgi quş kimidir

 

Sevgi quş kimidir, mənim əzizim,

Boş tutsan əlindən çıxıb qaçacaq.

Bərk tutsan əlində boğulacaqdır,

Neynəsən, sevgidir, bir gün uçacaq.

 

Uçacaq deyirəm, hara uçacaq?

Uçsa da əlini özləyəcəkdir.

Sən əgər vəfasız çıxmasan, gülüm,

Sənin yollarını gözləyəcəkdir.

 

Özgələr əlində sağlam qalmaqdan,

Sənin əllərində ölmək gözəldir.

Özgələr bağında qan ağlamaqdan

Sənin qəfəsində gülmək gözəldir.

 

Sevgilər quş olub, uçmaq istəsə,

Göy üzü tutular, kölgələr düşər.

Qarışar sevgilər, biri-birinə,

Göydən yerə min-min bəlgələr düşər.

 

Axtar ki, tapasan, sevgi quşunu,

Minlər quş içində itib-batarsan.

Baxarsan, göydən bir ölü quş düşür,

Əl açıb ovcunda onu tutarsan.

 

Görərsən, sevgindir, qanadı sınmış,

Ürəyin çırpınar, əllərin əsər.

Saxlaya bilməsən onu əlində,

Axırda quş kimi olar can bəsər...

 

Sevgi quş kimidir, mənim əzizim,

Boş tutsan əlindən çıxıb qaçacaq.

Bərk tutsan əlində boğulacaqdır,

Neynəsən, sevgidir, bir gün uçacaq!..

 

Əli Çağla

 

Ədəbiyyat qəzeti.- 2023.- 29 aprel.- S.30.