Vəsiyyət
İlahi! Göyçək kimi öldür məni,
İlahi! Çiçək kimi öldür məni.
Mələk donunda öldür,
Zamanımın bir anında öldür.
Əzizimin yanında öldür.
Qıyma
can çəkə-çəkə can verim,
Əzabdan, ağrıdan,
Qovrulsun
yatağım, yerim...
Doğmaları,
doğram-doğram eyləsin.
İlacsızca,
gah Yer desin,
gah göy desin,
Qoyma gizli-gizli
göynəsin.
Ölən öldüyünü bilməsin deyə,
O əlilə, bu əlini,
bərk-bərk saxlasın
ki,
Əlləri başını döyməsin...
Çöhrəsi qəm libası geyməsin.
Təki ölən öldüyünü
bilməsin.
Allahım!
Mən ki, könüllü can verəcəm.
Qıyma
ağrıyan canımın
hayına qalam.
Doğmaların yanında,
belə aciz, gücsüz olam.
Aparanda məni,
Özüm kimi apar.
güclü kimi apar,
dözüm kimi apar.
Alnıma yazılan yazım kimi apar.
Haqqdan gələn
sazım kimi apar.
Köksümdən qopsun ahım.
Bircə
anda,
azad olsun ruhum.
Ruhumun bayramı kimi,
İtirərəm bədənimi, çəkimi.
Göy üzündə
ünə dönnəm.
Zaman gələr
yenə dönnəm.
Allahımın əmri ilə,
Bəşər üçün,
Vahid olan dinə dönnəm.
İlahi!
Göyçək kimi
öldür məni,
İlahi!
Çiçək kimi öldür
məni.
Gerçək kimi öldür
məni...
Ölümə
Ölümə həsr olunur
Ölümə
zülüm deməyin
küsər, inciyər...
Ölümə zalım deməyin,
Xətrinə dəyər,
Özünü döyər...
Göz yaşından paltar geyər...
Ölümə salam verin,
Xoş gəldin deyin
Gəlişini öyün...
Ölümə yolum deyin,
Sevgilim,
gülüm deyin.
Bu dünyanın əzabından,
Taleyinin
qəzəbindən,
xilas edən xilaskardı.
Əbədiyyət adlı yardı.
ölüm elə ölü deyil,
nə də elə dəli deyil...
Hamını yığıb aparsın,
Yağış tək yağıb aparsın.
Onunda öz seçimi var,
kimlərdənsə qaçımı
var.
Onundu bu missiya,
o yazığın suçumu
var?
Gah adını dəyişər,
gah özüylə
döyüşər.
Əzrayıl deyir özünə
Məsumluq yapır üzünə.
Gedək...
- deyir gedək,
Gedək
Ay ömrü gödək!
At nisgili, qübarı,
Gedək..
Ölümə yox,
Oluma gedək...
Bu oyanışa,
Salama gedək...
Göy atam,
qoy qızın olum!..
Məni
anlamadı nə dağ, nə dərə,
Nəyi gözləmişəm mən
əbəs yerə.
Üzümü tutaraq deyim göylərə,
Göy atam, qoy sənin
göy qızın olum!
Hə köç karvanına qoşula bildim,
Nə də yağış olub göydən töküldüm.
Elə əzəl gündən qəmdən tikildim,
Göy atam, qoy sənin
göy qızın olum!
Göy atam, göyərə bilmədim, neynim,
Göy atam, açılıb, gülmədi
eynim.
Hey çalır ayrılıq
nəğməsi, neynim,
Göy atam, qoy sənin
göy qızın olum!
Hicran qılıncıyla yaman budandım,
Düşdü çilik-çilik yerə
son andım.
Mən belə doğrandım, belə sınandım,
Göy atam, qoy sənin
göy qızın olum!
Təklik
diş qıcardır
başımın üstə,
Ah, necə inləyir "Kəsmə şikəstə".
Qıratım kişnəyir, Koroğlum
xəstə,
Göy atam, qoy sənin
göy qızın olum!
Kəsib
yolumuzu kinli yoxuşlar,
Hava çox
dumanlı, yağır
yağışlar.
Qorxuram tökülə başıma
daşlar,
Göy atam, qoy sənin
göy qızın olum!
O yoldan gələn yoxdur
Yol çəkən gözlərim,
hara baxırsan?
O yoldan gələn yoxdur.
Dərdimi bilən yoxdur
məndən qaçanım,
Kim bilir harada gəzir
o pünhan.
Nə bilir qəlbimi üzür o pünhan?
Taleyə intizar yazır o pünhan?
Yol çəkən
gözlərim hara baxırsan?
Hələ ki, bu dünya gizlədir onu,
Hələ ki, bu dünya
gözlədir məni.
Səslədim hələ ki, sorağı yoxdur,
Səslədim, ümiddən asılı
qaldım.
Ümidin
nə sonu, çırağı yoxdur
Yol çəkən gözlərim
yolu axtarma,
Sağına boylanıb, solu
axtarma,
O yoldan gələn yoxdur.
Kol basıb o yolları,
Bağlanıbdı qolları,
Qırammıram kolları
məndən qaçanım,
O kollar artdıqca oraq oluram.
Orağı çəkdikcə yaraq
oluram,
Dönüb bayatıya, dönüb
qoşmaya,
Sözə təşnə olan varaq oluram.
Bəlkə də dünyanın
qəlbi yumşala,
Bir zaman o yolda çıraq yandıra.
Bir zaman yol üstə
yanan şam olam,
O şam yol gözləyə,
çıraq yan dura.
Mən onda şam kimi
əriyəm, gedəm,
Əriyəm dünyada nəyim
qalacaq,
O yolun nisgili ağlayan,
didən,
O şamın qalığı
qəbrim olacaq.
O yoldan gələn yoxdur.
Əfsanə olacaq qəbrim özü də,
Təmiz
məhəbbətin,
Dəniz sədaqətin.
Timsalı olacaq elin gözündə,
O qəbrin nisgili də,
O qəbrin yaş günü də,
Yaddaşa dönəcək bu
Yer
üzündə.
Yol çəkən gözlərim
hara
baxırsan?
O yoldan gələn yoxdur.
O dünyaya məktub
Səndən qorxa-qorxa,
Adın
gələndə,
Niyətini biləndə,
Ümüdümü yıxa-yıxa,
Qaçırdım.
Qorxudan qanad taxıb,
Sanki uçurdum.
Səndən qaçırdım, o dünya,
səndən qaçırdım.
Bu dünyanın sevgisinə
bələnib,
Bu dünyadan,
Ümid
adlı pay dilənib,
Sığınırdım ona.
Mən gücsüz bir uşaq,
Osa olurdu ana.
O, bu dünyaydı,
bu dünya.
Bu dünya atam idi,
anam idi, qardaş idi.
Onlar mənə,
ülfət idi, sirdaş idi.
Elə
ki, sən o dünya,
Qılıqlanıb,
Hər
an, hər dəqiqə
onları anıb,
Özünə çəkdin.
Məni yumaq eylədin.
Sinəmdə dərd, azar əkdin.
Doğmalarım bu dünyadan əl çəkib,
Sənə - o dünyaya
Köç eylədilər.
Ümüdümü puç eylədilər.
Eh, o dünya,
Sənə nifrət edə-edə,
Səninlə qohum oldum.
Kədərim, ahım oldun.
Məzarıstan adlı ölkəndə,
Başdaşı ağacı kölgəndə,
Atam evi, anam evi,
qardaş evi,
Üçbulaq oldu.
Üç bulaq çəkildi,
Göz yaşımdan.
Doqquz ildir gildir yaşlar
töküldü,
başdaşlarından.
O bulağın suyundan.
Səndə içirsən o dünya!
Təşnəsən, nəsən?
Doya bilmirsən,
İnsafa da gəlmirsən.
O göz yaşımdan,
Suladığın otun, çiçəyin
cücərir,
Sənə cənnət, cəhənnəm
becərir.
Gör nə günə qalmışam,
Necə yazıq olmuşam.
Doğmaları əlimdən alsan
da,
ağrı, əzab
olsan da,
indi qohum kimi
sənə məktub
yazıram.
Daha qorxmuram
səndən.
Nə vaxt məndən can istəsən,
hazıram.
Sənə məktub yazıram,
o dünya!
Neyniyim,
Səndə əmanətim var...
Məni sənə bağladı onlar.
Yalvarıram,
Onları
cənnətinə qonaq
elə,
O bulaq suyundan içsinlər.
Tanrı dərgahına köçsünlər.
Daha nə yazım? -
Hələlik, o dünya, hələlik.
Bilirəm ki, əvvəl,
axır
sənə köləyik.
Məndən onlara salam
söylə...
İşıq sevgilim
Üzündəki işığamı vuruldum?
Üzündəki işığamı yar oldum?
Bu nə işdir, ay Allah!
O Göy oldu, mən Yer oldum,
Buludundan
süzülərək
Duruldum.
Yağış oldum, qar oldum
Harda olsam , kim olsamda,
O işıqla var oldum.
Ey işıq sevgilim!
Yaraşıq sevgilim.
İşığına qol açıdım,
Bu dünyanın
İlk "ol"una
yol açdım.
Heç
bilmədim,
Haçan oldu, işığından
Xəzan
adlı gül açdım.
İlk
"ol"unun işığından,
Həvva
oldum, Həvva kimi
dil açdım.
İşığına güvəndim,
Elə
ilk "ol"undan
işıq sevəndim.
İndi
budu,
O işığı üzündə
gördüm,
O işığı gözündə
gördüm,
Sən getdin,
O işığı izində
gördüm.
Arxanca harayladım,
Səni
yox,
O işığını səslədim.
ürəyimdə,
o işığa "sevgi nəğməsi" bəslədim.
Ey işıq sevgilim!
İşığına yar olmaq,
İşığınla var olmaq
İlahi bir ətamı?
Mən işığa
butamı?
Bəlkə elə,
Sən Adəmin
ruhunu daşıyırsan?
İşıq kimi yaşıyırsan.
Ey işıq sevgilim!
İşığına bələnimmi?
Göydən Yerə
Nur seli tək ələnimmi!
İşıq dili ilə,
danışımmı, dillənimi?
Göy üzündə işıq
olub
Sellənimmi?
Eheyy...
işıq sevgilim,
Eheyy...
Sinəm
alışıb sevgilim
İnsanlar həddini aşıb
sevgilim,
Dünya
yaman qarışıb
sevgilim,
Dünya
o vaxt xilas olar ki,
Göy Yerlə barışıb
sevgilim
Eheyy...
işıq sevgilim!..
XƏZANGÜL
Ədəbiyyat qəzeti.- 2023.- 29 aprel.- S.26.