"Eşqin  cib dəftəri" kitabından seçmələr

 

Murathan MUNQAN (1955) tanınmış türk şairi, nasiri və dramaturqudur. O, xeyli radiopyesin, kinossenarinin və mahnı mətninin müəllifi kimi də tanınmaqdadır.

 

Bütün eşqlər eyni yaşdadır.

Orijinal sayılacaq heç bir eşq yoxdur. Eşqin bütün növləri sizə qədər yaşanıbdır.

Hansı dini təmsil edirsinizsə, edin, eşq - öz-özlüyündə ayrıca bir məzhəbdir.

Eşqdən danışan birisinin gec-tez məntiqsizliyə düçar olması qaçılmazdır.

İlk eşqlərin tərcümeyi-halı olmur. Buna görə də onlar bir-birlərinə əsla bənzəməzlər.

Sırf bəlağət xatirinə söyləmirəm, həqiqətən də eşq - insan üçün bir məhək daşıdır.

Bernard Şou yazırdı: "Tristanın mahiyyətini qavramaqdan ötrü bircə dəfə, həm də həqiqi mənada aşiq olmaq yetərlidir". Bu fikrin müəllifi kimi sinik, rişxəndcil, şübhəçi birisindən "həqiqi mənada aşiq olmağın vacibliyi" ifadəsini eşitməyin özü adama əcəb xoş gəlir. Odur ki, mən yumor hissinə malik insanların eşqinin dərin bir reallıq hissindən yoğrulduğuna inanıram.

Qeyd: Tristan - Fransada XII əsrdə meydana çıxan bir cəngavərlik romanındakı aşiq kişi surətidir. Onun sevgilisinin adı isə İzolda imiş.

Eşqin heç davam gətirmədiyi şey - darıxmaqdır. Eşq məhz onun qarşısında dözümsüzdür.

Eşq də bir nüfuz sahibidir, amma sözü... öz hüzurunda keçərlidir. 

Qoy bu yol heç yana çıxmasın. Bütün hallarda bu yola çıxmağa dəyməzdimi? Bəzən yolda keçən zamanımız mənzil başında keçirəcəyimiz o zamanla müqayisədə daha qiymətli olur axı.

Bəzi eşqlərdə bütpərəstliyin nişanələrinə də rast gəlmək mümkündür. Bəzi eşqlərdə isə...  dostpərəstliyin.    

Eşqin nə bağışlanmağa bir ehtiyacı var, nə də başa düşülməyə. Kaş onun barəsində yerli-dibli heç nə danışılmayaydı...

Bu eşqin bir illüziya olma ehtimalı var, bəs bu baş tutmasa, onda necə olsun?

"İstədiyim yeganə şey - hər şeyin məhz keçmişdəki kimi olmasıdır". Əgər bu cümlə dilinizin ucuna qədər gəlibsə, artıq heç nə əvvəlki kimi olan deyil.

Cavabsız, qarşılıq görməyən eşq - sadəcə öz sahibinə əmanətdir.

Bəzi insanlar üçün müəyyən şəhərlər sırf bir eşqin xatirəsini yaşatdıqları üçün var olurlar.

Bəzilərinin içindəki eşq bilərəkdən uzadılmış uşaqlıq dövründən başqa bir şey deyildir.

Eşqə tutuldunsa, amma eşqin əxlaqdan yoxsuldursa, o eşqin müşkülləri heç bitərmi?!

Eşq - sadəcə bir başlanğıcdır. Nəyə yönəldiyini bilmədiyin bir başlanğıc.

Eşq hər məkanı öz rənginə boyayar. Biz isə belədə dünyanın dəyişdiyini düşünərik.

Eşq də bir qismət işidir. Hər kəsin qismətinə yazılmaz.

Bir-birimizi hər nə qədər sevsək də, yan-yanaşı durduğumuz zaman ortaya bir bərabərlik-filan çıxmaz. Neçə-neçə münasibətdə şahidi olsam da, bu, əsla dilimə gətirmədiyim bir xüsusdur. Amma əsl həqiqət də elə budur. Hə, dəyişməz həqiqətdir bu, amma eşq davam etdiyi müddətcə bunu elə hey dəyişdirməyə can atarlar. Elə bu səbəbdən də eşq - mümkün olmayanı sınamaqdır.

Eşq və ya həyat barədə nələrsə yazmaq insana onları anlamaq imkanı tanımaz. Marqerit Duras demişkən, durmadan yazmaqla siz sadəcə yazmağı, yəni daha ustaca yazmağı öyrənə bilərsiniz.

Qeyd: Marqerit Duras (1914-1996) tanınmış fransız nasiri, dramaturqu və kinorejissorudur.

Əgər daha nəcib bir insanamsa, bunu yaşadığım o eşqə borcluyam.

Eşqdən hər kəs eyni dərəcədə xeyir görməz, çünki hər kəsin zatı, mayası fərqlidir.

Eşqdən dərs almaq cəhdləri adətən yaddaşın silinməsinə yol açar. Guya aldığımız o ibrət dərsləri hansısa fayda vermir deyə: "Gələn səfərki sevgi macəramda bunlara yol vermərəm" deyər və eyni halları biz nədənsə birəbir təkrarlayarıq. Deməli, eşq - hədəfi dəyişəcəyi təqdirdə məğzi də dəyişəcək bir şey deyilmiş.

Eşq naminə çıxdığımız səfərlərdən axı kim sappasağ və xəsarətsiz geri dönüb ki?!   

Bütün müqəddəs kitablar eşqdən yoğrulubdur. Özlərinə inam hissi aşılamaqdan ötrü onlar sadəcə yazı (mətn) şəklinə salınıblar.

Ədəbiyyat - eşqin ən güvənilən sığınacağıdır.

Eşqin daima bənzətmələr yoluyla izah olunması əsla bir təsadüf sayıla bilməz. Bəlkə də eşq - bir müqayisə, metafora sənətidir.

Təkrarlanmaqla eşq öz varlığını sübuta yetirər. Ən çox da onu gözündə-könlündə daşıyan aşiq üçün edər bunu.

Eşqin insana öyrədəcəyi özəlliklər həm hədsiz çoxdur, həm də xeyli az. Həyatdakı digər müəllimlər kimi, eşq də əsasən öz şagirdinə bağlılıq duyan bir müəllimdir.

Ən vecəyaramaz aşiqlər sırf özünə aşiq olanların arasından çıxar.

Ən konkret eşqin özü də artıq mücərrədləşmiş bir qavramdır.

Eşq - bəsit bir şeydir, onu mürəkkəbləşdirməyin.

Eşq - mürəkkəb bir şeydir, onu bəsitləşdirməyin.

Yerinə görə bu müddəaların ikisi də doğru sayılır.

Eşq barədə quruca sözlər və ya ümumi məzmunlu həqiqətlər tapmağa cəhd göstərmək mənasız bir məşğuliyyətdir. Çünki bu, qırx fərqli qəlbin kilidini eyni açarla açmaq cəhdini xatırladar.

Yaşadığımız zəmanədə eşq - oturuşmuş bir industriyadır (sənayedir) artıq. Hə, buyurun, bu da olsun kapitalizmə qarşı etiraz üçün daha bir səbəbimiz!

Hər bir eşq öz əlçatmaz adasını formalaşdırır. Həm də ta özü... suların altında qalana qədər.

Hər nə qədər platonik davransanız belə, eşqin bədəndəki o cövhəri sizdən öz tələbatına uyğun nələrsə umacaq.

Eşq - ruhu bürüyən cürətdir.

Eşq vadisinə varmaqdan ötrü kin aşırımını aşmaq gərəkdir, yoxsa kindar qəlblərdən ötrü elə bütün duyğular bir müşkül sayılar.

İbrət alınacaq heç bir eşq hekayəsi yoxdur. Sadəcə maraqlı, təsirli bir hekayət olub-olmadığına baxmaq yetərlidir.

Yasaq eşqlərin ortaya çıxması adətən aşiq(lər)in axmaqlığına yozulur: əgər sevgi təktərəflidirsə, bir şəxsin, yox, əgər qarşılıqlıdırsa, onda hər iki tərəfin axmaqlığı kimi qəbul edilir eşq. Halbuki bunun günahı çılğın ehtirasın öz təbiəti etibarilə illah görünmək tələbatından irəli gəlir. Çünki ehtiras gözə görünmək istəyər, dar daxmalara sığmaz, künc-bucaqda qərar tutmaz. Hətta onun bir müddət gizlənərmiş kimi davranması da nəzərə çarpmaqdan ötrü daha fərqli, gözlənilməz üsullar seçməsiylə bağlı olar. Ehtiras - bir tamaşadır deyə, yasaq eşq al qırmızı pərdələr qarşısına çıxmağı diləyər.     

Aşiq ikən insanoğlu bütün Kainatdan müjdələr almağa başlayar...

Aşiqin nəzərində saatlar nəsə ifadə eləməz. Zaman sabitlənə bilməz. Bu, eşqin maqnit gücünün nişanəsidir. Beləcə, zaman da bir müşkülə dönər. 

Bir qayda olaraq, eşqin illüziya olmasından söz edilir. Bəs onun bərraklaşdırıcı gücünü nəyə yozaq? Aşiq olduğumuz vaxt təmas qurduğumuz, qoxladığımız, görüb-duyduğumuz o dünyanı axı nəylə izah edək?

Eşqlər öz gələcəkləriylə bağlı qorxuların qurbanına çevrilirmiş... Baxın, mən ən çox onların halına acıyıram.

Eşq bizə həyatı yenidən kəşf etmək gücü verir. Bəlkə onun ən böyük faydası da elə bundadır.

Eşq dediyin şey qopmalarla müşayiət olunan fasiləsiz bir prosesdir... İnsanoğluna özünün ölümlü, fövqəlşüurunun isə ölümsüz olduğu, zatən, bəllidir. Bu səbəbdən də o, aşiq olur, inanır və aldanır. Əslində həm nəyisə anlayır, həm də nədəsə aldanır.

Yetkin yaşdakı bir insanın sevgi duyğularını bir uşaq çılğınlığı ilə yaşamasının özü də, məncə, eşqin ən ideal və ən müşkül şəklidir.        

Bəzilərinin qənaətinə görə, eşq insanın öz-özündən fərar etməsindən başlayır. Əgər bu sizə asan gəlirsə, bir sınayın, görün nə baş verəcək.

Artıq aşiq olmayacaq qədər böyüdün. Bəyəm sən bunu istəyirdin ki?!

Çox az insan məsələnin bu cəhətinə toxunur. Axı eşq həm də bir bilgi qaynağıdır. Özü də başqa yollarla yiyələnə bilməyəcəyimiz bilgilərin qaynağı.

Bəzi eşqlər insanı müsibət girdabına atılan müdrikə döndərir. Son anda Məcnuna çevrilməkdən güclə qurtulan kəslərin bir sonrakı halıdır bu.

Özünün yazılı hala gəlməsini bir eşq adətən özünün məhz bitməsinə, tükənməsinə borcludur.

Eşq - bir sirri açmağa göstərilən cəhddir. Hər kəsin ona can atmaması da elə bundan irəli gəlir.

Dindarlar ilə ateistlərin arasındakı fərqi ortadan qaldıran eşq onların elə bənzərliklərini də meydana çıxarar.

Bəzilərinin nəzərində yeni bir eşq - məlum kitabın redaktə olunan və genişləndirilən ikinci nəşri kimi bir şeydir: bunlardan hansının daha betər olduğuna qərar vermək xeyli çətinləşir.

Qəlbimizi sızıldadan ən ölümsüz eşq - cavanlığımızdır.

Eşq insandan cəsarətin o al qırmızı qanını... tələb edər.

Sonradan içimizdə bir eşqin cücərməsinə yarayacaq cəhətləri biz hələ uşaq ikən bir araya gətirir, amma onların məğzini heç vaxt tam mənada dərk eləmirik. 

Eşq - ölümün bizə qurduğu bir hiylədir. Bic-bic göz vurmaqla, bizi əsla gözdən qoymaz o. Yaşadığımız müddətcə yox, məhz ölüm ayağında onu daha öncə harada gördüyümüzü xatırlayarıq.

Mahiyyətcə eşq - nəcibdir. Nanəcibliyi siz aşiqlərdə arayıb-axtarın.

Eqonu hər barədə pis bir şey sanmayın. Çünki eşq - hər şeydən əvvəl, insandan sağlam bir eqo tələb eləyər.

Eşq - yaradıcılıqdır və ya ən azından aşiqdən yaradıcılıq tələb edər. Diqqət yetirmisinizsə, bəzilərinin eşqi məhz bu səbəbdən bizə əsl sənət əsəri qədər dərin təəssürat bağışlayar.

Yetkin insanları bir uşağa çevirən eşqin uşaqları da erkən böyütdüyü, görəsən, iddia oluna bilərmi?

"Həyatın yetərsizliyi" anlayışı ilə "eşqin yetərsizliyi" məfhumunu əsla qarışdırmaq olmaz. Çünki bihudə yaşanan həyatlardakı o boşluğu heç bir eşq doldura bilməz.

Ancaq ölümsüzlüyün çarəsi tapılanda insanlar eşqin də ölümlü bir nemət olduğu fikriylə barışacaqlar. 

Eşq - varlığın insana lütf etdiyi bir ərməğandır. Onu qəbul edib-etməmək isə artıq sizə qalıbdır.

Marsel Prustun eşqə məhz "yaxalanan zaman" deməsi heç də təsadüfi deyilmiş. Odur ki, dedi-qodulardan əl çəkib, eşqdən həzz alın.

Eşq - insan ruhunun sonsuzluğa açılan qapısıdır və ruh oradan Kainata boylanar. Eşq - insan ruhunun sonsuzluğu dərketmə cəhdlərindən sadəcə biridir. Ruh və kimya orada bir-biriylə qaynayıb-qarışar. Fikrimizi bu cür ifadə edərkən o sözünü etdiyimiz eşqin bu günümüzə yox, xeyli qədim əyyamlara aid bir dəyər olduğu nəticəsinə də gələ bilərik. Amma eşq onsuz da həmin əyyamlardan, Kainatı ruhumuzla dərk etməyə can atdığımız o zamanlardan bizlərə əmanət qalan dəyərdir.  

Bəzi sufilər rastlaşdıqları könüldaşlarını: "Eşq edirəm" deyə salamlayarmışlar. Gəlin, biz də bunu təklif və təlqin edək. 

Ən axırda yalqızlıqda qalan - eşqdir. Bir gün gələr, hər kəs onu tərk edər.

Bəzi yaşantılarımız bizə şəxsi həyatımızdakı insanlardan əvvəl qələm adamlarını xatırladar. Yerinə görə bu ya Vitold Qombroviç olar, ya da Konstantinos Kavafis. Eşqin ədəbi halıdır bu. Buna "həyata sızan ədəbiyyatın gücü" də deyə bilərsiniz, başqa bir şey də... Axı ədəbiyyat da eşqə, bir az da olsa, həyat qatar.

Eşq imandan gələr və... bəzilərini əsl kafirə çevirər.

 

Murathan Munqan

 

Dilimizə uyğunlaşdırdı: Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2023.- 29 aprel.- S.28-29.