Yer üzünün dərdindən

keçən göy üzünün şairi

 

Nazim Əhmədli - 70

 

Ədəbiyyatda müəyyən tendensiyalarla yanaşı elə bir üslubir meyil və meyil də var ki, öz sakit axarı ilə haysız-küysüz, ədəbi anomaliyalara uymadan namuslu ədəbi işçini görür. Azərbaycan ədəbiyyatında bu cür tendensiya axarında olan, "poetik reklam roliklərindən" uzaq gəzən, hətta tənqidin nəzərindəkən arda qalan, lakin zəhmət ilə ədəbiyyata, ədəbi prosesə xidmət edən, iddiasız ədəbi xətt mövcuddur ki, bunlardan biri, şair Nazim Əhmədlinin şeir yaradıcılığı haqqında fikirlərimi bölüşmək istərdim.

Nazim Əhmədli 80-ci illərdə ədəbiyyata gəlibdir. Laçın lacivərd yaylaqlı, zirvəli dağlar qoynunda, Laçının Əhmədli kəndində dünyaya göz açıb, ilk poetik dərsin  idurna gözlü bulaqlardan, moruqlu, əlikli meşələrdən, çəmənzar dağ yamaclarından alıbdır.

Sonra poeziyaya, şeirə, vurğunluq onu Moskvaya - M. Qorki adına ədəbiyyat İnstitutuna aparıbdır. İlk şeiri 1979-cu ildə "Azərbaycan" jurnalında, sonrakı əsərləri Moskvadastoki", Bakıda "Poeziya", "Bahar çiçəkləri", "Yaşıl budaqlar" almanaxlarında, dövrü mətbuatda dərc edilmişdir.

Şeir, hekayələri, respublika mətbuatında müntəzəm olaraq çap olunur və rus, çeçen ingilis, alman,özbək, yapon dillərinə tərcümə olunub, Türkiyə və özbək türkcəsinə çevrilib və çap olunub Nazim Əhmədli ədəbiyyat aləminə daxil olduğu vaxtdan həmişə ədəbiyyat adamı olmağa çalışmış, həm yaradıcılığı, həm də əmək fəaliyyəti ilə öz gücünü istedadı əhatəsində ədəbiyyata xidmətə yönəltmişdir. O,xeyli müddət Yazıçılar Birliyində məsləhətçi AYB Ədəbiyyatı Təbliğ  Bürosunun direktoru işləmiş,sonra 2015-2023-ci illərdə Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədlər Arxivinin direktor müavini vəzifəsində işləmiş və  hazırda isə yenidən ictimai əsaslarla AYB Ədəbiyyatı Təbliğ  Bürosunun direktoru vəzifəsində fəaliyyət göstərir.

Nazim Əhmədli ilk şeirlərindən diqqətimi cəlb etmişdir.

Sonra əlimə növbəti  kitablarından birinin əlyzması keçdi və onun yaradıcılığı haqqında özü demiş "Sözə bükülmüş şair ürəyinin" bəzi məqamları və xüsusiyyətləri barəsində yazmaq qənaətinə gəldim.

Nazim Əhmədli həm mənən, həm də ruhən aşıqlar diyarında doğulub, musiqiçilər ailəsində böyüyüb. Amma aşıqlar diyarında doğulanların hamısı heçşair olmur. Lakin Nazimin şeirləri elədir ki, onların mayasını xalq şeiri təşkil etdiyi aşkar görsənir.

Gəraylı janrı Nazimin qələmində  ilkin saflığını qorumaqla, öz yeni deyim tərzlərini, təzə, təravətli, müasir hissi-obrazlı çalarlarını da qazanmış olur. Nazim gəraylıda heç kimi yamsılamır, imitasiya etmir, sadəcə bu janrın ritmik ladına akkompanent tutur, ona həmahəng olan yeni havacat yarada bilir, oxucusunu söz yağışının altına çəkir.

 

qoy tutum əlinnən gedək,

saç ayır telinnən, gedək;

dərddərin əlinnən gedək,

dərddərə yasaq bir yerə;

 

qəlbim üzülür, sap gətir,

həsrətimə hesab gətir;

bir parça kağız tap gətir,

bu eşqi yazaq bir yerə.

 

Nazim Əhmədlinin gəraylılarını oxuyanda hiss etmirsən ki, gəraylı da obrazların yeniliyi, hissin, ovqatın müasirliyi o qədər orjinal təsir bağışlayır ki, elə bil qafiyəli sərbəst oxuyursan. Nazim Əhmədlinin qələmi, ilhamı, söz duyumu bu cəhətdən, doğrudan da sərbəstdir, hər şeydən azaddır, müstəqildir. Əvvəlki kitablarından birində dediyi kimi, "içimdə söz yağışı var". Sadə, təmiz, sakit, isti-ilıq, duru - yaz səhərinin yağışı. Cığallığı, kürlüyü, "veyilliyi" ilə ("veyil" burada elə sərbəst deməkdir, cığallıq da, kürlük sərbəstliyə işarədir.)

 

cığalam, kürəm, veyiləm,            

bir şirin gülə düyüləm;             

təzədən Kərəm deyiləm,              

yaşımın, yellənən vaxtı,

 

yanıb-sönürsən, ay çiçək,

dərdə dönürsən, ay çiçək;

məni neynirsən, ay çiçək,

ruhumun çöllənən vaxtı.

 

Onun gəraylıları bütövdür, tamdır. Hissin, duyğunun, ruh aləminin, bitgin, lirik hekayətidir. Başlayır qurtarır. Şeiri bölmək, ayırmaq, bəndləmək olmur. Bu cəhətdən Nazimin şeirlərinin strukturu, qrafik düzümü, orfoqrafik qaydaları da üslubi məqamın axarına düşür. Onun şeirləri hissin, duyğunun bir cümləsinə bənzəyir.

Nazim bu şeiri sərbəstdə yazıb. onu deyim ki, Nazimdə güclü bəhrələnmə enerjisi var. O sevdiyi, seçdiyi, öyrəndiyi klassiklərin poetik koduna asanlıqla qoşulub öz fikrini, duyğusunu təkrarsız ifadə edə bilir, gəraylıda-hecada necə müvəffəq olursa, sərbəst şeirdə o cür keyfiyyət əldə edə bilir. Hecada necə fikri sərbəstlik göstərirsə, sərbəstin ritminə, ahənginə eyni dərəcədə hecanın havacatını gətirir, bir az da onun sərbəstində Dədəm Qorquddan gələn ahəngin, ovqatın, səs modelinin strukturu duyulur:

 

canım bulud,

gözüm bulud -

sən göylərə məndən daha yaxınsan,

mənim ağlamağım

ağlamaq deyil;

 

hər gün ölüm yağır,

ömürə, günə,

hər gün ölüm yağır

ömürdən, gündən.

 

Bu şeirin ideya-estetik qayəsini şərh etmədən bildirim ki, Nazim Əhmədli mövzuda çox rəngarəng spektrdə hərəkət edə bilir. O kitabını "Məni neynirsən, ay çiçək", "Göylərin içindən gəldim", "Bu kəndin yiyəsi hanı", "Canım bulud, gözüm bulud" bölmələrinə ayırsa da, bu ayırmalar şərtidir.

 

daha ağlamağa güc qalmayıb,

bir məzar eşməyə künc qalmayıb,

bütün göz yaşları ağlanıb daha,

kimlər ağlayacaq məni, bilim?

 

Bu "Ağrı" şeirinin son bəndidir. Nazim Əhmədli hardasa ağrı, dərd, qəm yazarıdır. O, eləcə bir şeirində bu məramına bu şəkildə bəyan edir: "Sən qəmi sultan eylədin, mən oldum qəmin yazarı"

Şeir intim dünyaya, sevgimizə müraciətlə başlayır iki bənddən sonra poetik fikirdə qəribə bir dönüş edilir, tamamilə ictimai-siyasi bir istiqamət alır, intim dünyanın yaşantısı ilə ictimai-siyasi duyumun yaşantısının ağrıları bir-birinin üstünə düşür:

 

könlünü döndər üstümə

dərdini əndər üstümə;

axtarıb göndər üstümə

qəlbində mən olan yeri;

 

ayrılıq daş ola bəlkə,

ürəyim boşala bəlkə;

gələsən, yumşala bəlkə

dərdimin daş olan yeri;

 

Nazim Əhmədli başqa bir şeirində "Göylərin içindən gəldim" deyir. bəlkə burada bir həqiqət var! Həqiqətən göyüzü mövzusu Nazim poeziyasında çox qabarıq şəkildə öz ifadəsini tapır.

 

ötən dərdin bir anıyam,

xatirələr dumanıyam,

göy üzünün adamıyam,

göy özünə çəkir məni...

 

Nazimin yaradıcılığının çox-çox cəhətləri haqqında söhbət açmaq olardı xeyli qeydlərimi həcm imkansızlığından açıqlaya bilmədim! Özü deyim ki, bu qeydlər qeydsiz-şərtsiz biri-birindən dəyərlidir mən burada seçim qoymadan bəzilərini ortaya gətirdim. Sağlıq olsun...

Nazim Əhmədli şeirlərinin birində yazır:

 

təpədən-dırnağa sözəm, yanıram,

ürəyim bükülüb söz arasına...

 

Bu deklarativ, poetik misra deyildir, bədii estetik xəttdir, həqiqətdir! Nazim Əhmədli təpədən-dırnağa sözdür, duyğulu, bədii, poetik söz! Onun ürəyi həqiqətən söz arasına bükülüb bizim oxucularımız  hələ ondan çox-çox poetik söz umacaq...

Bu il mayın 1-də Nazim Əhmədlinin 70 yaşı tamam olur. Şairə cansağlığı daha böyük uğurlar diləyirik!

 

 Qurban Bayramov

 

 Ədəbiyyat qəzeti.- 2023.- 29 aprel.- S.27.