İntiqamın iki missiyası

 İntiqam Qasımzadənin 80 illiyinə

 

 

 

İntiqam Qasımzadənin 80 yaşı tamam olur belə gətirib ki, həyatımızın - onunla mənim - bir çox illərimiz, əgər belə demək mümkünsə, eyni paralel içində keçib: eyni vaxtda orta məktəbi bitirib, BDU-nun (keçmiş S.M.Kirov adına (!) Azərbaycan Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olub, beş il eyni kursda oxumuşuq, eyni vaxtda Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində (ora sadəcə Məmməd Cəfər müəllimin şöbəsi deyirdilər) aspirant olmuşuq, sonralar xeyli müddət bir yerdə Yazıçılar İttifaqında işləmişik. Bura orasını da əlavə etsəm ki, mən 7 nömrəli məktəbdə 5-ci sinfi bitirib, başqa məktəbə keçmişdim, İntiqam isə başqa məktəbdən 7 nömrəli məktəbə, mənim elə həmin sinfimə gəlmişdi - bu "məktəb dəyişmə" əhvalatı da yəqin, dediyim o eyni paralelliyə maraqlı bir əlavədir.

Ancaq bizim tanışlığımız həmin o şagirdlik çağlarından başlayır.

İlyas Əfəndiyevlə Böyükağa Qasımzadə arasında isti, məhrəmanə münasibət var idi (ümumiyyətlə, mənə elə gəlir, Böyükağa Qasımzadə elə bir insan idi ki, yəqin elə hamı ilə xoş münasibəti olub, hər halda, mənim yeniyetməlik təəssüratım belədir), eyni zamanda onların ikisinin yaxın dostu var idi: çox orijinal koloritli Mir Mehdi Seyidzadə məni İntiqamla 1950-ci illərin ikinci yarısında Ağa əminin (M.M.Seyidzadəyə belə deyirdik) oğlu rəhmətlik Araz Seyidzadə tanış etmişdi.

O zamandan qədər keçib - 65 il - illərin sınağı üçün kifayət müddətdir.

1967-ci il. Elçin İntiqam Qasımzadə

Böyükağa Qasımzadə çox az yaşadı, ancaq 41 illik bir ömürdə o, artıq tanınmış hörmətli bir şair, tərcüməçi idi, onun Puşkindən, Nekrasovdan, İvan Frankodan tərcümələri ilk növbədə səmimiliyi təbiiliyi ilə seçilirdi bunu yəqin elə onun özünün daxili təbiiliyi, səmimiliyi qələminə diktə etmişdi.

Mirzə Fətəli Puşkinin ölümünə "Şərq poeması"nı fars dilində yazmışdı onu bizim bir sıra görkəmli şairlərimiz tərcümə edib, ancaq elə indiyə kimi ən yaxşı tərcümə Böyükağa Qasımzadənin tərcüməsi hesab olunur.

Mən İntiqamla bağlı bir cəhəti ayrıca qeyd etmək istəyirəm ki, onun səriştəli redaktorluq bacarığı (söhbət bilavasitə bədii mətni redaktə etməkdən gedir) mənim aləmimdə irsi bir xüsusiyyətdir, çünki Böyükağa Qasımzadə "Ədəbiyyat incəsənət"də ("Ədəbiyyat qəzeti"ndə), "Azərbaycan" jurnalında, "Azərnəşr"də poeziya şöbələrinin müdiri işləyəndə güclü bir redaktor nüfuzu qazanmışdı.

Mən İntiqamın dediyim mənada redaktorluğundan danışanda, bu da yadıma düşdü ki, İlyas Əfəndiyevin "Hökmdar qızı" pyesi əsasında çəkilmiş "Hökmdarın taleyi" (ssenarisini mən yazmışdım) iki seriyalı filmin redaktoru da o idi mən dostumun dərəcədə səriştəli, diqqətli olduğunun ondakı o bədii zövq yüksəkliyinin bir daha şahidi olmuşdum.

Bədii zövq, bədii intuisiya - hər bir yaradıcı qələm sahibi üçün ilkin şərtlərdən biridir baxın, İntiqam 25 ildən (!) artıqdır ki, "Azərbaycan" jurnalının Baş redaktorudur, ancaq o, jurnala rəhbərlik etməklə bərabər, həm "sıravi" redaktordur, jurnalda çapa gedən bütün mətnləri əlində qələmlə oxuyur.

Bu cür redaktorluq yalnız "Azərbaycan" jurnalı ilə bağlı bir xidmət deyil, bu - ədəbiyyatımız qarşısındakı xidmətdir, çünki artıq 100 illik yubileyini yaşayan "Azərbaycan" jurnalı ədəbiyyatımızın 100 illik təqdimatçısıdır, bu məhsuldar, mürəkkəb, ziddiyyətli onilliklər boyu yaranmış ədəbiyyatımızın yaxşısının da, zəifinin , istedadın da, konyukturanın da zəngin ədəbi arxividir.

Elə bu bədii zövqə, intuisiyaya görə İntiqamın, misal üçün, ssenarisini yazdığı "Tıx-tıx xanım Siçan bəy" multfilmi əlli ildən artıqdır ki, uşaqların ( keçmiş uşaqların!) sevimli multfilmidir İntiqam bu gözəl nağılımızdakı, bu nağıl əsasında Abdulla Şaiqin yazdığı gözəl poemadakı ab-havanı, koloriti üzə çıxartmağı, bu ab-havanın, bu koloritin yeni bədii versiyasını təqdim etməyi bacarıb.

İntiqam bir çox sənədli filmlərin ssenarisini yazıb, bir çox filmlərin redaktoru olub o, az yazan, ancaq dəqiq bədii diaqnozla yazan bir tənqidçidir onun dediyim həmin bədii zövqünə mən lap ilk gənclik çağlarından bələdəm.

Hələ 1950-ci illərin sonlarında - yeniyetməlik çağlarında yazdığım hekayələri əlyazmasında oxumaq üçün ona verirdim, bəzən görüşürdük, özüm o hekayələri oxuyurdum, bir yerdə müzakirə edirdik. Mən 1960-cı illərin ortalarında "Açıq pəncərə", "Sos" povestlərini yazmışdım, nəşr olunmuşdu o povestlər haqqında çap olunan ilk məqalə İntiqamın məqaləsi idi.

Onun Mirvarid Dilbazinin, Nigar Rəfibəylinin, İmran Qasımovun, İsmayıl Şıxlının, Sabir Əhmədovun, Maqsud İbrahimbəyovun, Anarın, İsi Məlikzadənin, Fikrət Qocanın, Vaqif Səmədoğlunun əsərləri haqqında yazdığı məqalələr yazılan dövrlərin ədəbi tənqidində səmimiliyi ilə seçilirdi, çünki o, bəhs etdiyi əsərləri hiss edirdi hissiyyatı da onu aldatmırdı.

Tənqid haqqında yazmaq, tənqidi tənqid etmək, təqdirinə təkdirinə inandırmaq, olsun ki, daha artıq ədəbi-nəzəri səriştə tələb edir bu baxımdan da İntiqamın Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə kimi sanballı ədəbiyyatşünas tənqidçilərin yaradıcılığı barədə yazdığı məqalələr o rəhmətliklərin adlarına layiq yazılardır.

İntiqam gözəl tərcüməçidir yadıma gəlir, rəhmətlik Maqsud İbrahimbəyov "Kərgədan buynuzu" romanını tərcüməsini İntiqamdan xahiş etdi o da, romanı orijinal təəssüratı doğuran bir səviyyədə tərcümə etdi.

1960-70-ci illərdə Sovet İttifaqında Qrossman, Trifonov, Aytmatov, Astafyev, Rasputin, Belov, Dumbadze, Aksyonov - ilk yadıma düşən adları çəkirəm - kimi sistemə yox, ədəbiyyata xidmət edən istedadlı yazıçıların sırasında yer tutan Vasil Bıkovun "Sotnikov", "Kruqlyan körpüsü", "Abidə" kimi povestlərini eyni səriştə yaradıcı həvəslə (!) İntiqam tərcümə etmişdi. O, bir çox xarici yazıçıların hekayələrini, Nil Saymonun "Növbə kimindir?" pyesini başqa əsərləri tərcümə etmişdir.

Mən bu kiçik qeydləri yazıram, gözlərimin qarşısına isə 80 yaşlı İntiqam yox (hərçənd ona ruhən , cismən 80 yaş vermək olmaz!), boz-qəhvəyi rəngli bukle pencəkli, qapqara dalğalı saçları arxaya daranmış ilk gənclik çağlarının İntiqamı gəlir.

Əbədi bir keçmişdə qalmış universitet illərini, rəhmətlik Vaqif Vəliyevin (o zaman hələ dosent idi) rəhbərliyi ilə Gədəbəyin Böyük Qaramurad kəndində folklor toplamağa, yaxud rəhmətlik Ağamalı Həsənovun rəhbərliyi ilə Sabirabadın Muğan-Gəncəli kəndində pambıq yığımına getməyimizi bir gecə orada heç bir icazə almadan, heç kimə demədən İntiqam həmkursumuz Aydın Məmmədovla Şəkinin Kiş kəndinə, Aydıngilə yollanmağımızı, Aydının atası Mir Saleh kişinin sübh tezdən heyrətlə bizi qarşılamağını, "cijisinin" tələm-tələsik bizə çay süfrəsi açmağını, cürbəcür başqa tələbəlik macəralarını, aspirantlıq dövrünü, Məmmədağa Şirəliyev, Məmməd Cəfər Cəfərov, Mir Cəlal, Məmməd Arif Dadaşzadə, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Məmməd Hüseyn Təhmasib kimi klassiklərimizlə təmaslarımızı xatırlayıram bu xatirələr bir tərəfdən özü ilə nostalji hisslər gətirir, dünyanın faniliyindən deyirsə (bu kiçik yazıda qədər rəhmətliklərin adı çəkildi…), o biri tərəfdən elə həmin dünyanın gözəl işlərindən xəbər verir.

 

Ədəbiyyata xidmət etmək - İntiqamın missiyasıdır.

Ancaq eyni zamanda onun ikinci bir missiyası da var.

 

İntiqamgilin indiki Zərifə Əliyeva küçəsindəki evləri yadıma düşür o evdə o kiçik, ancaq çox istiqanlı, mehriban, gülərüz ailəni yenidən xatırlayıram. İntiqamın anası istiqanlı, Qarabağ koloritini saxlamış rəhmətlik Sona xanım da (ona "Sona xala" deyirdim) dünyadan tez köçdü, böyük qardaşı Daşqın da, kiçik bacıları Lalə vaxtsız getdilər, ancaq o ailənin dediyim həmin mehribanlığı, səmimiliyi bir-birinə bağlılığı həmişə İntiqamla bir yerdədir.

İndi İntiqamın 80 illiyidir.

Mən inanıram ki, İntiqam 90 illiyini , lap 100 illiyini bayram edəcək.

Çünki o gözəl ailənin yaşamadıqlarını İntiqam yaşayacaq.

Çünki bu da bir missiyadır.

31 iyul 2023

Bakı

 

  ELÇİN

Ədəbiyyat.- 2023.- 5 avqust.- S.4.