Bir gözəl gedibdi
bizim dağlara
Çörəkçi Mədinə xanıma
Talış dağlarından salam aparıb,
Bir gözəl gedibdi bizim dağlara.
Dilində ən şirin kəlam aparıb,
Bir gözəl gedibdi bizim dağlara.
Qoçaq, od parçası - adam
şaşırır...
Gah təndirə yapır, gah
da düşürür,
Əsgər balalara çörək
bişirir,
Bir gözəl gedibdi bizim dağlara.
Kimdi səfə vuran, kimdi sanadan?!
Nəğməsi bülbüldən, yeriş
sonadan,
Nə güllədən qorxur, nə də minadan,
Bir gözəl gedibdi bizim dağlara.
Əl çəkmir arıtək
gördüyü güldən,
Min bir ətir gəlir
sərdiyi güldən,
Seçilmir dağlarda dərdiyi
güldən,
Bir gözəl gedibdi bizim dağlara.
İlham ad çəkmədi, adı var olsun!
Qoşa
təndirinin odu var olsun!
Dedi bir kitab ver yadigar
olsun,
Bir gözəl gedibdi bizim dağlara.
Gözün açın bulaqların
Dağlara dönən kişilər,
Gözün açın bulaqların.
Ad qalar xeyir iş
ilə,
Gözün açın bulaqların.
Gün çıxar əriyər
çənlər,
Görünər dağdan keçənlər.
Rəhmət oxuyar içənlər,
Gözün açın bulaqların.
Gölündə sona oynaşar,
Qırğı görəndə çaxnaşar,
Axşam
sürülər axnaşar,
Gözün açın bulaqların.
Zəncirli camına qədər,
Çömçə, nov, damına qədər,
Dibinin qumuna qədər,
Gözün açın bulaqların.
İlham deyir budu ərkim,
-
Fərqi
yoxdu, olsan hər kim,
Bir kölgəlik çinar əkin,
Gözün açın bulaqların.
Könül
Dərd-azarı gəlhagəlli,
Haqqa tərəfsən beşəlli...
Gözündən əhvalı bəlli,
Bulaq kimi duru könül.
Nə yazmışıqsa, şərikə,
Kim gizlənə, kim görükə...
Çöl boyu dünyadan yekə,
İç boyu da darı könül.
İlhamın düşən vaxtıdı,
Ayların kövşən vaxtıdı.
Dostların düşmən vaxtıdı,
Kürəyini qoru, könül.
Ürəyim qoşuldu getdi
Köçə qoşulan quzutək,
Ürəyim qoşuldu getdi.
Məni
kövrəldər ney,
tütək,
Ürəyim qoşuldu getdi.
Dedim minmə eşq atına,
Bir bax cəllad büsatına,
Düşdüm dərdin boyatına,
Ürəyim qoşuldu getdi.
Oda saldı körüklənə,
Daşa
çırpdı çiliklənə.
At deyildi hörüklənə,
Ürəyim qoşuldu getdi.
Kimlikdi yetə dadıma?!
Almaz məni qul adına,
Qaldım
Allah umuduna,
Ürəyim qoşuldu getdi.
İlham,
dörd divar, dörd küncdü,
Kor olmuş gözlərim düşdü,
Bu gün iki, sabah
üçdü,
Ürəyim qoşuldu getdi.
Aşıq
Aşıq Əli Ürfan
üçün
Mizrabla tel - çaxmaqla qov,
Qalarmı yerdə kül,
aşıq?!
Od qoydun insafdan oldun,
Sən də yanıb tökül, aşıq.
Dəlilər başı könlümün,
Gələrmi xoşu könlümün?!
Uçubdu quşu könlümün,
Mən şəkiləm, şəkil,
aşıq.
İlham sərt deyil həlimdi,
Öz yaxamdı, öz əlimdi...
İndi çarə bir ölümdü,
Sən də yoldan çəkil, aşıq!
Zaman
Telli balam,
zaman qəribə məfhumdu -
ikili
hiss gətirir,
İzahı yox necə olur...
Ömrə hesablananda tez,
Darıxmağa hesablananda gec olur.
Susamışam ondan ötrü
Açıb-ağarda bilmirəm,
Susamışam ondan ötrü.
Nə
var dağarda bilmirəm,
Susamışam ondan ötrü.
Yel vurduqca güllər əsir,
Çiyinlərdə tellər əsir,
Aramızdan yellər əsir,
Susamışam ondan ötrü.
Yanaqları ağ almadı,
Məni
yadına salmadı,
Canımda da can qalmadı,
Susamışam ondan ötrü.
Özünü şirin salardı,
Nə istəsəm baş bulardı,
Halım
görsə, saç
yolardı,
Susamışam ondan ötrü.
İlham,
həsrətin tən
deyil,
Uzaqdı
- əl yetən deyil,
Su içməklə ötən
deyil,
Susamışam ondan ötrü.
Qoruqçu yaz
Allah, yarın gül bağı var,
Məni
bağa qoruqçu yaz.
Bir az kül altda
qorum var,
Onu oda körükçü
yaz.
Yol düşəydi ellərinə,
Su səpəydim güllərinə.
Qurban o gül əllərinə
-
Yaralara sarıqçı yaz.
Telləri sünbül eyləsə,
Cəzamı yüngül eyləsə,
İlhamı qəbul eyləsə,
Qabağında buyruqçu yaz.
Yar belə küsüb getməsin
Yollar, qabağına durun,
Yar belə küsüb getməsin,
Nədən küsdüyünü sorun,
Yar belə küsüb getməsin.
Nə dedim ona toxundu?!
Küsən yeri çox yaxındı,
Bir çevrildi, bir baxındı,
Yar belə küsüb getməsin.
Dərdə dərmanıyla dönsün,
İlham,
amanıyla dönsün!
Ölüm fərmanıyla dönsün,
Yar belə küsüb getməsin.
Baba,
tam
Təcnis
Budaqdadı, dərməmişik payını,
Dəyməyibdi bağda meyvə,
baba, tam.
Kasadlıqda kasıb düşər
mayadan,
Qoyursanmı diş altına,
baba, tam?!
Dəryaz
ilə həşir gəlib vərə kim?!
Kəndli
deyər mənə torpaq ver əkim,
İş görəndə, Allah, yerin verə kim? -
Çəm bilməkdə sənətkara
bab atam.
Baş girlədik elə keçən il hamı,
Şair
var ki, susub, küsüb
ilhamı,
Yalan-gerçək soruşmusan İlhamı,
Sən yaxşı ol, telli, mən də babatam.
Ay bala,
qaxdı
Təcnis
Gözəlliyi bizi heyran qoyubdu,
Buralar Şəkidi, ay bala, Qaxdı,
Tanrı nemətləri
bol əllə verib,
Payları qoz-fındıq,
ay bala, qaxdı.
Qışınki mürəbbə, motal, tutmadı,
Çox gözəllər
gördüm, ürək
tutmadı,
Çoban vaysınırdı:
Heç kəs tutmadı, -
Naxır selə
düşdü, ay balaq axdı!
İlham bağdan yara pay alma deyər,
Pay yeyib dilinə pay alma deyər,
Görməmiş adamdan pay alma deyər,
Bir gördün başına
ay bala, qaxdı!
İlham Qəhrəman
Ədəbiyyat.-
2023.- 5 avqust.- S.5.