Ümummilli lider Heydər
Əliyev memuar ədəbiyyatında
Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycanda hakimiyyət başına gəlməsi xalqımızın
taleyində həlledici
rol oynamış, xalqın həyatını
kökündən dəyişmiş,
müasir Azərbaycanın,
çağdaş Azərbaycan
cəmiyyəti və
dövlətçiliyinin təməllərini
qoymuşdur.
Heydər
Əliyev o zaman Sovet İttifaqının müttəfiq
respublikalarından biri
olan Azərbaycan Sovet Sosialist Respublikasına 1969-1982-ci illərdə
rəhbərlik etmiş,
rəhbərliyi dövründə
Azərbaycan iqtisadiyyatı,
sənayesi, kənd təsərrüfatı, elm və
mədəniyyəti, ədəbiyyat
və incəsənəti
inkişaf etmiş, bu dövrdə xalqın ictimai və milli şüuru artmış, müasir dünya səviyyəsinə
yüksəlmişdir. Heç
təsadüfi deyil
ki, hələ həmin
dövrdən Heydər
Əliyev xalqımızın
yaddaşında təkcə
respublika başçısı
olaraq deyil, həm də Ümummilli lider kimi yer tutmuş,
silinməz izlər qoymuşdur.
Azərbaycan yazıçıları Heydər Əliyevin Respublikada apardığı
islahat və dəyişiklikləri ilk gündən
maraq və sevinclə qarşılamış,
buna dəstək vermişlər.
Çünki Ümummilli
liderin Azərbaycan xalqının tarixi keçmişi, dili, ədəbiyyatı, incəsənəti,
elm və mədəniyyətinin
öyrənilməsi, araşdırılması,
o cümlədən inkişafı
yolunda atdığı
addımlar, dövləti
və beynəlxalq səviyyədə həyata
keçirdiyi tədbirlər
ədiblərin, yazıçıların,
sənət adamlarının,
alimlərin, ziyalıların
arzularına, ideya və fəaliyyət istiqamətlərinə tamam
uyğun gəlir, onları ruhlandırır
və birbaşa yol göstərirdi. Bu barədə bugün biz Anarın, Elçinin,
İsa Muğannanın, Maqsud
İbrahimbəyovun, Vidadi
Babanlının, Mövlud
Süleymanlının və
b. yazıçıların müstəqillik illərində
qələmə aldıqları
xatirələrdə, memuar
yazılarında oxuyuruq.
Anar
"Şəxsiyyətin miqyası"
essesində yazır:
"60-cı illərin sonlarında,
68-ci ildə Çexoslavakiya
hadisələrindən sonra
Mərkəzi narahat edən, nigaran qoyan artıq yalnız Avropanın sosialist ölkələrində
deyil, SSRİ-nin müttəfiq respublikalarında
belə baş qaldıra biləcək sərbəstlik ("müstəqillik"
sözünü dilə
belə gətirmək
istəmirdilər) meyilləri,
millətçilik təzahürləri
idi. Bu cür təzahürləri həmişəki
tək ilk növbədə
Azərbaycanda axtarırdılar.
Belə bir zamanda, bu sayaq
təhlükələrlə mübarizə aparmaq üçün ən münasib şəxsiyyət
DTK generalı ola bilərdi.
Moskvada Azərbaycana rəhbərliyi məhz ona tapşırmağı
məqsədəuyğun saymışdılar.
Bircə şeyi nəzərdən qaçırmışdılar.
Heydər Əliyev Mərkəzdə oturub onun təyinatı haqqında qərar verənlərin hamısından
ağıllı idi və heç vaxt öz doğma
Vətənini - Azərbaycanı,
öz xalqını onların ayağına verməzdi. Bu çətin
missiyanı lazımi tədbirlərlə həyata
keçirmək üçün
isə kifayət qədər təcrübəsi
və bacarığı
vardı. 1969-cu ilin yayında Azərbaycan KP
MK-nın Birinci katibi seçiləndən
sonra Heydər Əliyev Mərkəzin ondan gözlədiyi mübarizəni - millətçilik
təzahürlərinə qarşı
mübarizəni tamamilə
başqa və təhlükəsi daha
real bir bəlaya qarşı - qanun pozuntularına, rüşvətxorluğa,
əliəyriliyə, ədalətsizliyə
qarşı mübarizəyə
çevirdi. Və bununla yalnız Azərbaycanın deyil, ümumən SSRİ-nin gələcək taleyinin dəyişməsi üçün
ilk addımlardan birini
atdı" (Anar.
"Unudulmaz görüşlər".
Bakı, Təhsil,
2009, s. 34)
Elmira Axundova altı cildlik "Heydər Əliyev. Şəxsiyyət
və zaman" roman-tədqiqatının
ikinci cildini "Hakimiyyət və məsuliyyətin ağır
yükü altında
(1969-1982)" adlandırmış (Elmira Axundova, "Heydər Əliyev. Şəxsiyyət
və zaman". Bakı,
"Ozan", 2007, II c., 784 s.), Heydər Əliyevin tarixi missiyasını, həyatın
və cəmiyyətin
bütün sahələrində
apardığı inqilabi
islahatlara görə
"xilaskar" obrazı
ilə səciyyələndirmişdir.
Əgər bura qədər, DTK sıralarında
onun fəaliyyəti
milli insanın xilası
naminə yönəlmişdisə,
bu dəfə daha böyük miqyasda - ətalətə,
durğunluğa, staqnasiyaya
mübtəla olmuş
respublikanın, ölkənin
qurtulmasına tuşlandı.
Azərbaycan KP MK-nın
5 avqust plenumunda Heydər Əliyevin "V.İ.Leninin anadan olmasının 100 illiyinə hazırlığın
gedişi barədə"
ənənəvi qəliblərdən
kənar, tənqidi ruhda məruzəsi təkcə respublikada deyil, mərkəzdə, Kreml dəhlizlərində,
hətta xaricdə əsl partlayış effekti doğurur. SSRİ-də ilk dəfə yüksək kürsülərdən
yuxarı partiya sıralarını bürümüş
intriqa, rüşvətxorluq,
korrupsiya, əxlaqsızlıq
hallarından söz açılması, roman-tədqiqatda
göstərildiyi kimi,
"Röyter" agentliyi,
"Azadlıq" radiostansiyası,
"Morninq star", "Keyhan",
"Yeni qəzet", "Nyu-York tayms" qəzetləri, "Der Şpiqel"
jurnalı və s. xarici mətbuatda əks-səda qoparır.
"Bu, bəlkə də, Sov.İKP və bütün SSRİ-nin tarixində ilk dəfə
idi ki, rəhbərin yubileyinə bu cür tənqidi notlar üzərində hazırlıq görülürdü.
Bunu yalnız Heydər Əliyev kimi dəmir iradəli, böyük cəsarət və güclü ədalət hissinə malik bir adam edə bilərdi"
- "sonralar Azərbaycan
KP MK-nın katibi işləmiş" Həsən
Əziz oğlu Həsənov belə xatırlayır (Elmira Axundova,
"Heydər Əliyev.
Şəxsiyyət və
zaman". Bakı, "Ozan", 2007, II
c., s. 32). Elmira Axundova roman-tədqiqatında
bir sıra şahidlərin canlı təəssürüatlarına yer ayırır. O cümlədən yazıçı
Maqsud İbrahimbəyov
deyir: "Heydər Əliyev ilk dəfə avqust plenumunda çıxış edəndə,
mən Siyasi Maarif evində mərkəzi radio və televiziyanın xüsusi müxbiri kimi iştirak edirdim. Zal ağzınadək dolu idi. Plenumda
çıxışı zamanı
o elə şeylərə
toxundu ki, əvvəllər
bu barədə pıçıltı ilə
yalnız mətbəxlərdə
danışırdılar. Zaldakılar
özlərini itirmişdilər.
Respublikanın rəhbəri
çıxışında, hamının yaralı yeri olan məsələlərdən
danışaraq, cəmiyyətin
həyatındakı çatışmazlıqları
açıq-açığına tənqidə məruz qoydu. O vaxtlar, həqiqətən də,
korrupsiya respublikanı
dəhşətli vəziyyətə
salmışdı..." (Yenə
orada, s. 36)
Anar yazır: "Əvvəllər
də dediyim kimi, 1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildi və yanılmıramsa avqustun 5-də Plenumda böyük proqram məruzəylə çıxış
etdi. Bu çıxış
bizi - bizi deyəndə mən bu cür düşünən
bir çox ziyalılarımızı nəzərdə
tuturam - həm təəccübləndirdi, həm
kədərləndirdi, həm
də sevindirdi... Biz bədii yazılarımızda
gördüyümüz, hər
gün rastlaşdığımız
naqislikləri, əyintiləri,
eybəcərlikləri az-çox
əks etdirməyə
çalışırdıq. Mənim də o vaxt "Molla Nəsrəddin 66" adlı
kəskin satirik hekayələr silsiləm
çıxmışdı. Amma bir var bütün bunları bədii yazıda, obrazlar vasitəsiylə, adsız-ünvansız
deyəsən, bir də var ki, yüksək partiya kürsüsündən,
konkret adlar çəkərək, tam açıqlığıyla,
sərtliyi ilə söyləyəsən. On altı
il sonra "aşkarlıq"
adıyla təbliğ
olunmağa başlayan
bir prosesin ilk təməli Azərbaycanda
Heydər Əliyevin bu tarixi çıxışıyla
qoyulurdu - desək yanılmarıq..." (Anar.
"Unudulmaz görüşlər".
Bakı, Təhsil,
2009, s. 36)
Yazıçı Elçin 1995-ci ildə
qələmə aldığı
"Tarixlə üz-üzə
dayanmiş adam" adlı "portret cizgiləri"ndə qeyd
edir: "...nəhayət
ki, vaxt tapıb bu yazını başlamaq istəyəndə
xəyal məni birdən-birə düz iyirmi altı il bundan əvvələ -1969-cu
ilin iyul ayına apardı. O vaxt mən cavan
bir aspirant idim, yay istirahətinə Kislovodska
getmişdik və orada eşitdik ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilib. Yaxşı yadımdadı, bu xəbərin özü qəribə bir yenilik əhvali-ruhiyyəsi
gətirdi, yeni ümidlər
yaratdı, çox qısa bir müddətdən,
xüsusən, avqust plenumundan sonra, respublikada elliklə bir nikbinlik yarandı..."
(Elçin, Tarixlə
üz-üzə dayanmiş
adam // Elçin, Seçilmiş əsərləri.
10 cilddə. 6-cl cild. Bakı, Çinar-Çap,
2005. s. 239-248; s. 239)
Həmin
"nikbinlik" epopeyasını
Elmira Axundova roman-tədqiqatın
on beş fəslində
həyatın, mədəniyyətin
və xalq təsərrüfatının bütün
sahələrində geniş
və təfərrüatlı
işıqlandıraraq "milli lider" obrazını hərtərəfli təqdim
etməyə nail olur.
Müəllif 1990-cı ilin
noyabrında, ilk görüşü
zamanı Ulu öndərə:
"ümumiyyətlə, bəyan
etdiyi yüksək idealları həyatda pozduğu hallar olubmu?" sualını verir və belə
cavab alır: "Əlimi ürəyimin üstünə qoyub deyirəm: heç vaxt pozmamışam! Mən uzun ömür
yaşamışam, 13 il respublika
partiya təşkilatına
rəhbərlik etmişəm
- namusla xidmət etmişəm, xalqımın
mənəvi təmizliyi
uğrunda mübarizə
aparmışam... Mən
xalqım qarşısında
təmizəm! Bu da mənim
ən böyük sərvətimdir" (Elmira Axundova,
"Heydər Əliyev.
Şəxsiyyət və
zaman". Bakı, "Ozan", 2007, II
c., s. 777)
Heydər
Əliyev Respublikaya rəhbərlik etdiyi birinci hakimiyyəti dövründə həyata
keçirdiyi quruculuq proseslərinə bilavasitə
yazıçıları da cəlb edir, sanki görülən işlərin miqyas və pafosuna şahid olmağa çağırırdı. Səfər
təəsüratlarından birində elə beləcə də görürük: "-Sizi
bura çağırmaqda
məqsədim səfərimiz
barədə təəssüratınızı
öyrənməkdir. Nə
gördünüz? Nə
eşitdiniz? Nələrin
şahidi oldunuz? Mənim üçün bunlar çox maraqlıdır. Siz yaradıcı, aydın zəkalı insanlarsınız.
Gözləriniz iti, müşahidələriniz dəqiqdir.
Xahiş edirəm, buyurun, rəy açıqlayın..." (Vidadi
Babanlı, "Unutmadığım
günlər (Heydər
Əliyev haqqında xatirələrim)" // "Azərbaycan"
jurnalı, 2007, ¹ 2, s. 124-135; s. 128)
Roman, povest, hekayələrdə
olmasa da, həmin səfərlər, ümummilli
liderin obrazına bugün memuarlarda(n) nəzər salmağa imkan verir. Səfərlərdə,
görüşlərdə Heydər Əliyevi müşaiyət edən
yazıçılar müxtəlif
portret cizgilərinə
diqqət yetirmişlər.
Yazıçı Vidadi Babanlı
"Unutmadığım görüşlər"
xatirə-oçerkində Heydər
Əliyevi qızğın
pambıq mövsümündə
müşahidə edir
və bu zaman iki cəhətə məxsusi diqqət çəkir: Azərbaycan
KP MK birinci katibinin rəsmi-parad qəbulu, məmurlarla rəftarına
və sadə xalqla ünsiyyəti, davranışına. Heydər
Əliyevin məmurlara
münasibəti sərt,
ciddi və konkretdir; bəyəndiyini
təqdir edir, səhlənkarlığı, nöqsanları,
yarıtmazlığı yerindəcə
ifşa edir. "O, iclası başlanğıcdan
tənqidi müstəviyə
yönəltdi. Pambıq
toplanışının yarıtmaz
təşkilində kolxoz
sədrlərini, rayon rəhbərlərini
ciddi tənqid etdi. İşdə intizamsızlıq halları
ilə rastlaşdığını
bildirdi. Böyük zəhmətlə becərilmiş
məhsulun yerə tökülməsini, keyfiyyətini
itirməsini ziyankarlıq
adlandırdı. Öz
növbəsində nəyəsə
açıqlama vermək
istəyən rayon başçısının
isə sözünü
əsəbi sərtliklə
kəsib, "Əfəl
adamsan. Vəzifənin
öhdəsindən gələ
bilmirsən. İşindən
çox narazıyam"
- dedi. Bu kəskin ifadələrdən rayon başçısı
sarsıldı. Sifəti
gah ağarıb, gah qaraldı.
O dərəcədə çaşdı
ki, müvazinətini itirdi.
Az qaldı xitabət kürsüsündən yerə
yıxılsın... " (Yenə orada, s. 128) Bu yerdə yazıçı
insan psixologiyasını
yaxşı bilən Heydər Əliyevin həssaslığına, sərt
olduğu qədər
də istiqanlığına
diqqət çəkir:
"...Heydər Əliyev
gərginliyin qarşısını
tezcə aldı. Mülayim rəftarla, zarafatla əsəb hovunu yumşaltdı. Salon
rahat nəfəs çəkdi. Çıxışçı
özünü tarazlayıb,
sözünə davam
etdi..." (Yenə orada, s. 128)
Heydər
Əliyevin xalqla təması doğmalıq
üstündə köklənib:
"Heydər Əliyev
hər yerdə bizim önümüzdə
gedirdi. Üst-başının
toz-torpağa bələnəcəyinə
əhəmiyyət vermir,
şax-şəvəlləri yara-yara tarlanın içərilərinə girir;
kolxozçularla iş
əsnasında görüşür,
hal-əhval tutur, problemlərini elə oradaca öyrənirdi. Şirin söhbətlə
bərabər, belinə
önlük bağlayıb
özü də pambıq yığırdı.
Və beləcə, adi adamlarla qaynayıb-qarışır,
səmimiyyətə, açıq
söhbətə körpü
salırdı..." (Yenə
orada, s. 126). Hətta rəhbərin xalqa bağlılığını, ünsiyyət istedadını
qabardaraq bəzən yazıçı məmurlara
öz "yad" münasibətini
də gizlətmir:
"İşlərlə, vəziyyətlə bu sayaq tanışlıqdan sonra hər briqadanın öz "tarla çardağı"
altında məsləhət-məşvərət
iclası başlanırdı.
İclasların gedişinə
də Heydər Əliyev bilavasitə özü rəhbərlik
edirdi. Böyür-başında
fır-fır fırlanan,
yanından bir addım belə uzaqlaşmayan raykom katibinə, sırtıq kolxoz sədrlərinə irəli durub söz deməyə aman vermirdi. Kolxozçularla söhbəti
elə qurur, elə səmtə yönəldirdi ki, yerli rəhbərlərin müdaxiləsinə,
nəsə söyləməsinə
ehtiyac yaranmırdı.
Tarla içində, pambıq toplaya-toplaya edilmiş xoş gap-gələci öz bəhrəsini əyani göstərirdi. Briqadirlər,
manqabaşçıları, sıravi zəhmətkeşlər
bir-birinin ardınca ortaya çıxıb məsələ barədə
rəy bildirir, dil-dil ötürdülər.
Sanki Mərkəzi Komitənin
birinci katibi, respublika başçısı
qarşısında deyil,
adi kolxoz yığıncağında danışırdılar..."
(Yenə orada, s.
126-127). Bu, Heydər Əliyevin
insanların qəlbinə
nüfuz etmək, onu dilə gətirmək
məharətindən xəbər
verirdi.
Yazıçı eyni zamanda zəhmətkeşlərlə görüşlərdə
Heydər Əliyevin natiqlik məharətinə,
həm də adi bacarıq kimi yox, çoxlarından
fərqli olaraq bədahətən natiqlik
istedadına diqqət
yetirir: "Gəzdiyimiz
bütün kolxozlarda,
briqada və manqalarda bu hal
eynən təkrarlandı.
Amma çox qəribə
idi ki, Heydər Əliyev heç yerdə özünü təkrarlamırdı. Bir dəfə
dediyini dönüb bir də demirdi.
Həmən mövzunu
tamam yeni məcraya yönəldir, başqa formada dilə gətirirdi. Onun tükənməz söz ehtiyatına, səlis natiqlik qabiliyyətinə heyran qalmaya bilmirdin..." (Yenə orada, s. 127)
Bugün
Heydər Əliyevin mütəfəkkir obrazı
haqqında düşünürkən,
yazıçılar o illərdəki
rəsmi-parad mənzərələrini,
"keçici bayraq"
nümayişlərini, hər
cür qələbə
görüntülərini də
dərk etməyə,
tarixi proseslərin eyni bir şəxsiyyətin
iradəsi və idarəsi altında cəmləşmiş görünən
və görünməz
tərəflərinə nüfuz
etməyə çalışırlar.
"Tarixlə üz-üzə
dayanmış adam"
essesində Elçin
yazır: "Bu mənada
yetmişinci illərdəki,
səksəninci illərin
əvvəllərindəki "sosialist əməyi qələbələri"nin, "qızıl bayraqlar"ın
arxasında da, ilk növbədə,
xalqın milli özünütəsdiqi
dayanırdı və
bir neçə il əvvəl mən bu barədə yazmışdım. O "əmək
qələbələri", "qızıl bayraqlar", respublika bayrağına taxılan o ordenlər böyük və dövrü üçün
çox cəsarətlə
yaradılmış aysberqin
görünən hissəsi
idi, mühümü,
vacibi, əsası isə, yəni xalqın, hərgah belə demək mümkünsə, gizli özünütəsdiqi isə
həmin aysberqin görünməyən, suyun
altında qalan hissəsi idi..." (Elçin, "Tarixlə üz-üzə dayanmiş
adam" // Elçin,
Seçilmiş əsərləri.
10 cilddə. 6-cı cild.
Bakı, Çinar-Çap,
2005. s. 239-248; s. 242-243). Aysberqin zahiri tərəfinə yazıçı respublikanın
beşilliklərdəki zəfər
yürüşlərini yozursa,
əsl dərində qalan təmələ Heydər Əliyevin həyata keçirdiyi real
milliləşmə tədbirlərini
aid edir.
Respublika başçısının ölkədəki
parad əhval-ruhiyyəsinə
nə qədər vaqif olması barəsində publisist-yazıçı
Mark Verxovski də qələmə aldığı
maraqlı bir xatirədə söz açır. Yazıçı
çiskinli bir mart günündə təsadüfən
seçiciləri ilə
görüşə çıxmış
Heydər Əliyevin nitqini eşidir. Qucağında uşaq olduğundan, kütləni
yarıb ön sıralara irəliləməyə
nail olur. Bir anlıq yaranmış sükutdan sanki bəhrələnərək
uca səslə sualı olduğunu bildirir. Amma respublika başçısının: "-Buyurun, cavan oğlan", - deyə gümrah səsindən karıxır; və səhərdən bəri
içini gəmirən
sualı verir: "-Mümkünsə, deyin, Heydər Əliyeviç!
Respublikada kimsə havanın dəyişməsinə
təsir göstərə
bilərmi? Axı necə olsa, bugün seçkidir, bayramdır, hava isə zəhər kimidir..." Hər hansı məişət səciyyəli konstruktiv bir sual əvəzinə,
replikanı eşidəndə
kütlə arasına
öldürücü bir
sükut düşür;
elə ki, hətta damcıların tıppıltısı
da əks-səda verir.
"-Demə, siz, yaman zarafatcılmışsız,
cavan oğlan! - Amma çox təəssüf
ki, Siyasi büro belə, havaları dəyişməyə qadir
deyil", - deyə birinci katib zarafatla
cavab verəndə, kütlə rahat nəfəs alır və eyni zamanda
yekdil xalq gülüşü ətrafı
bürüyür. Heç
də cavan olmayan "zarafatcıl adam"ı əhatələmiş
cangüdənlər "təhlükə"nin
sovuşduğuna sevinib,
rəğbətlə onun
kürəyinə toxunurlar.
Yaranmış xoş
situasiyadan razı qalan Heydər Əliyev ayrılarkən müsahibi ilə bir daha gözləşir
və "cavan oğlan" bu gözlərdəki çoxmənalı
təbəssümü tutur
(Mark Verxovskiy, "Vstreça
s Qeydarom Alievım".
// "Literaturnıy Azerbaydjan",
2016, ¹ 5, s. 74-75).
Rayonlara
səfərlərində Respublika rəhbəri onu müşaiyət edəcək
ziyalı heyətini özü seçirdi. Məsələn, Vidadi Babanlı xatırlayır
ki, haqqında söz açdığı səfərdə
bəstəkarlar, rəssamlar,
jurnalistlər, fotoreportyorlar
arasında yeganə yazıçılar Nurəddin
Babayev və o özüdür.
Və qeydə alır: "Yığımın
gedişi, ümumi vəziyyətlə maraqlandıq.
Cib dəftərçəmizə
müəyyən qeydlər
etdik. Fotoreportyorlar şəkillər çəkdilər.
Jurnalistlər müsahibələr
apardılar. Rəssamlar
eskizlər götürdülər.
Bəstəkarlar nəsə
qeyd etdilər..."
(Vidadi Babanlı,
"Unutmadığım günlər
(Heydər Əliyev haqqında xatirələrim)"
// "Azərbaycan" jurnalı,
2007, ¹ 2, s. 124-135; s. 126)
Başqa
bir səfərdə Heydər Əliyev daha çox cavanlara üstünlük
verir və gənc yazıçıların
müşahidələri də
tam başqadır. Məsələn,
Mövlud Süleymanlı
"Qırx ilin yeddi görüşü"
əsərində belə
xatırlayır:
"Vaxt o vaxt
idi ki, yazdığımız
şeirləri, hekayələri
milli soyadımızla
yaza bilməzdik, gizli qadağa qoyulmuşdu. Və gizli qadağaların əslində daha qorxulu olduğunu nəzərə alsaq, o günlərin sıxıntılarını
anlamaq o qədər də çətin deyil...
Azərbaycan Yazıçılar İttifaqının
sədri İmran Qasımov bizi tanış etdi. Bir-bir qalxıb özümüzü təqdim
etdik:
-Nüsrət Kəsəmənli.
Mətbuat nümayəndələri,
ittifaqın müxtəlif
yerlərindən gəlmiş
qonaqlar, jurnalistlər,
kinooperatorlar, teleoperatorlar
maraq içindəydilər.
Bir anlıq sükutdan sonra Nüsrətin soyadını
Heydər Əliyev də təkrar etdi.
-Həə, Kəsəmənli... Nə
deməkdir Kəsəmənli?
-Kəndimizin adıdır.
-Oldu, Kəsəmənli...
Sırayla oturmuşduq.
Sabir qalxdı:
-Sabir Rüstəmxanlı!
Heydər Əliyev
Sabirin soyadını da təkrar etdi.
-Hə, Rüstəmxanlı!
Mətbuatda "oğlu", "xanlı",
"lı-lü" soy-famil
sonluğunu yaxın buraxmayanların bəziləri
də müşavirədə
iştirak edirdilər.
Çoxunu hətta tanıyırdıq da. Onların hamısı ləzzət içində
gülümsəyirdilər. Yəqin düşünürdülər
ki, indi ciddi şəkildə tapşırılacaq ki, yığışdırın bu cür familiyaları.
Hamı gərginlik içində gözləyirdi.
-Səyavuş Sərxanlı.
Heydər Əliyev
gülümsədi:
-Hə, Sərxanlı
- xanlı!
Mən ayağa
durdum:
-Mövlud Süleymanlı.
-Oldu, sağ
olun, əyləşin!"
(Mövlud Süleymanlı,
"Qırx ilin yeddi görüşü".
// Tənqid.net jurnalı, ¹ 10 (2013), s.
24-35; s. 33-34)
Bu lövhədə
"aysberq"in o biri
tərəfi aydın
şəkildə görünür;
lakin bu barədə heç kəs danışmır.
Epizodu olduğu kimi, bütün psixoloji gərginliyi ilə təqdim etməklə yazıçı
Heydər Əliyevin işdə, əməldə
məhz kimin yanında olduğunu cızmağa çalışır:
"Müşavirədən bir müddət sonra İmran müəllim bizi qəbul etdi: "-Mən yoldaş Heydər Əliyevin tapşırığıyla sizi
bir də çağırtdırdım. İstəyirəm onun sözünü sizə çatdırım. Heydər
Əliyev dedi ki, müşavirədə
iştirak edən gənc yazıçılardan
muğayat ol, nə problemləri olsa həll et. Yaxşı uşaqlardır". Doğrudan
da, elə o ərəfədə evlə
təmin olunduq, maşın aldıq, hərəmiz bir yerdə işləyirdik. Bir yazmaq qalırdı.
Və doğrudan da böyük həvəslə, ruh yüksəkliyilə yazılarımızı
yazırdıq..." (Yenə
orada, s. 34)
Özünü Kommunist Partiyası daxilində "dissident"
adlandıran Heydər
Əliyev sovet rejimi içrə dissidentizmi mədəniyyət
quruculuğunda, ədəbiyyat
və sənətdə
bir növ himayə edirdi. Çünki xalqın mənəviyyatının, milli
mənliyinin özünü
biruzə verməsi məhz bu sahələrdə
qabarıq idi. Anar yazır: "Özümüzün əli
ilə özümüzə
vurulan zərbələrin
bir ucu Mərkəzi
Komitənin rəhbərinə
gəlirdi və o, bacardıqca bu zərbələrin qarşısını
almağa, ya heç olmasa yumşaltmağa çalışırdı.
Məhz buna görə də yüksək kürsüdən
əhli-qələmlərimizdən biri başqa birisi haqqında "filankəs də bizim Soljenitsınımızdır"
(yəni o vaxtkı anlayışa görə
düşməndir, təqib
olunmalıdır) deyəndə,
başqa birisi "toplu", yaxud "önəmli" sözlərini
işlədənləri "pantürkist" adlandıranda
bu danoslara ustalıqla, tədbirlə
reaksiya vermək lazım gəlirdi və belə bir təmkinli siyasətin nəticəsində
Azərbaycanda sənət
adamları nəinki dissident kimi təqib olunur, təqiblərə məruz
qalırdı, əksinə,
onların Moskva, Leninqrad yazıçılarının
əsərləri qədər
cəsarətli, ifşaedici
yazıları himayə
edilirdi. Xatırlayıram
ki, yalnız Moskvanın deyil, Pribaltika kimi sərbəst, müstəqil
düşüncəyə alışmış regionların
ziyalıları belə,
bizim bəzi kitabları oxuyanda, tamaşa və filmlərimizi görəndə,
onların yasaqlanmamasını
biləndə təəccüb
qalırdılar" (Anar.
"Unudulmaz görüşlər".
Bakı, Təhsil,
2009, s. 35).
Ümumən, məşhur 60-cılar ədəbiyyatının
elə bir nümayəndəsini tapmaq
çətindir ki,
1970-1980-ci illərdə respublika
rəhbərinin dolayısı
ilə dəstəklədiyi
ədəbiyyat və
sənət mühitinin
pozitiv təsirini yaradıcılığında hiss etməsin. Ulu öndərin bu barədə xatırlatması həmin
həqiqəti dürüst
ifadə edir: "Moskvada bir jurnalist
məndən müsahibə
götürərkən Azərbaycana
rəhbərlik etdiyim
zamandan danışırdıq.
Mənə sual verdi ki, sizdə, Azərbaycanda o vaxt
dissident var idi, yoxsa yox idi? Dedim
ki, yox idi. Dedi, nə üçün?
Dedim ki, biz dissident axtarmırdıq.
Təbiidir ki, əgər
axtarsaydıq, çox
dissident çıxarmaq olardı.
Məsələn, əgər
o illər, 60-70-ci illərdə
Azərbaycanda dissident axtarsaydıq,
onlar çox idi. Ən böyük
dissident Bəxtiyar Vahabzadə
idi. Hətta mənim xatirimdədir, mən Təhlükəsizlik
Nazirliyində işləyən
zaman onun həbs olunması məsələsi
qoyulmuşdu. Yaxud da
ki, Xəlil Rza ən böyük dissidentlərdən biri idi. Çünki onun əsərləri, o cümlədən Bəxtiyar
Vahabzadənin əsərləri
həqiqəti deyirdi.
Amma bu həqiqət o
vaxtkı kommunist ideologiyasına zidd idi və buna görə də onlar dissident idilər. Ancaq biz Xəlil Rzanı da qoruduq, saxladıq..." (Bax: Anar. "Unudulmaz görüşlər". Bakı,
Təhsil, 2009, s. 48-49)
Yazıçı İsa Muğanna "Həyatımdan səhifələr"
adlı memuarında
"ulu öndərimiz Heydər
Əliyevin dövründə
mənim xoşbəxtliyim
başlanır" - deyə
qeyd edir: "Amma xoşbəxtlik birdən-birə
yaranmadı. Çox dolaşıq, o qədər
də anlaşılmayan
bir sarsıntı üz verdi" (İsa Muğanna, "Həyatımdan
səhifələr" // Azərbaycan,
2010, ¹7, s.114-157; s. 141). Yazıçı
Heydər Əliyevin
milli kinonun inkişafına
nə dərəcədə
önəm verdiyinə,
o sıradan bu məqamda sənətçilərin
yanında olmasına dair iki epizod
yada salır.
1970-ci ildə "Ulduzlar sönmür" ("Doktor
Nəriman") filminin
Mərkəzi Komitədə
birinci baxışından
sonra ssenari müəllifi İsa Hüseynovu
Moskvanın təhriki
ilə "Azərbaycan
gəncliyini "nərimanlaşdırmaq"
ideyasına görə
suçlayırlar. Heydər
Əliyevin tapşırığı
ilə "maloye büro"da ("kiçik
büro" - red.) əsərin
müzakirəsi keçirilir
və İsa Hüseynovu
Tağıyev obrazını
idealizə etməkdə
günahlandırırlar. Lakin yazıçı çıxış
edərək: "Hətta
böyük sənətkarlar
da yalançı sosiologiyaya
uyaraq səhvlər edirlər. Yalançı
sosiologiya ədəbiyyatı
məhv edir" - deyir. Mirzə İbrahimov
da bunu başıyla təsdiqləyir. İsa Muğanna
bu hadisədə Heydər Əliyevin ədalətli və prinsipial mövqeyini belə xatırlayır:
"İslas qurtardı. Səhərisi
birinci katibin referentindən eşitdim
ki, Heydər Əliyev
işə gələn
kimi dünənki
"maloye büro"nun
stenoqramını istəyib,
mənim çıxışımı
oxuyan kimi əlini stola vurub "On prav!" ("O haqlıdır!"
- red.) - deyib və azərbaycanca göstəriş
verib: "Filmi bütün
kinoteatrlara verin, nə qədər gedir getsin. Mane olmayın". Beləliklə,
bütün büro üzvlərinin təqsirnamələri
kənara atıldı,
ədalət bərpa
olundu. "Ulduzlar sönmür" filmi Bakının
bütün kinoteatrlarında
qırx gün nümayiş etdirildi..."
(Yenə orada, s. 142)
İkinci
epizod "Nəsimi"
filminin çəkilişləri
ilə bağlıdır.
Bədii filmin çəkilməsi ideyası
Heydər Əliyevə
məxsus olduğu kimi, ssenarisini də İsa Hüseynova şəxsən tapşırır.
Bir neçə ay sonra
ssenari hazır olsa da, çəkiliş
ləngiyir. "Aradan
bir neçə ay keçəndən sonra eşitdim ki, Heydər Əliyev mədəniyyət
şöbəsinin müdiri
Azad Şərifovu çağırıb
"Nəsimi" filminin
nə vəziyyətdə
olduğunu soruşub.
Şərifov deyib:
"U menya bolşiye somneniya po povodu ssenariya" (Tərcüməsi:
"Filmin ssenarisi məndə şübhə
doğurur" - T.Ə.). Heydər
Əliyev qəzəblənib:
"Mən filmi gözləyirəm,
a vı vsyo yeşşo somnevayetes",
- deyib. Həmin gün SSRİ Kinomatoqrafiya
Komitəsinin sədrinə
zəng vurub, ssenarinin vəziyyətini soruşub, müsbət cavab alıb" (Yenə orada, s. 142). Yazıçı şəxsən
özü gedib təcili ssenarini gətirməli olur və Heydər Əliyevin daimi dəstəyi ilə film Bakıda, Naxçıvanda,
Özbəkistanda Xivə
şəhərində uğurla
çəkilib başa
çatır. İsa Muğanna
xatırlayır: "Ulu öndər
filmi qəbul edəndə
məni yanında oturtmuşdu. Baxış
- "prosmotr" qurtarandan
sonra xeyli sükut oldu. Nəhayət, ulu öndər
dillənəndə mənə
bir sual verdi. "-Baş ideya nədi?" Dedim: "Bu əsərdə
bütün detallar baş ideya ilə - kamil insanla bağlıdır".
Ulu öndər: "Kamil insan,
- deyə təkrar etdi və əlini
mənə uzatdı:
- Təbrik edirəm"
(Yenə orada, s. 145).
Heydər Əliyevin
yüksək bədii
zövqü ona həmişə dövrün
dar ideoloji tələblərinin fövqündə
durmağa imkan vermişdir. "Nəsimi"
filmi ilə bağlı Əjdər Olun "Canlı lətifələr, əhvalatlar,
deyimlər" kitabında
da bir əhvalat
var: "Nəsimi"
filminə rəsmi baxışdan sonra respublikanın başçısı
Heydər Əliyev salonda onun yanında
oturmuş "Azərbaycanfilm"in
o zamankı direktoru Adil İsgəndərovdan
soruşur: "-Nəsimini
oynayan bu cavan oğlana (Rasim Balayevə) heç olmasa on min manat
qonorar verə bilmisiz?" Ağır taxtalı Adil İsgəndərov əlinin
baş barmağı ilə arxa tərəfə
işarə edərək
deyir: "-Xeyr, Heydər Əliyeviç!
On min verə bilmədik. Onu o tərəfdə verirlər".
Heydər Əliyev soruşur: "-Harada, Moskvada?" Adil İsgəndərov özünəməxsus
təmkinlə cavab verir: "-Yox, bir az da
o tərəfdə!" Adil
İsgəndərovun xaricə
işarə etdiyini başa düşən Heydər Əliyev kapitalist dünyasına ideya düşməni kimi baxmağa məcbur olduğundan üstünü vurmur"
(Əjdər Ol, "Canlı lətifələr,
əhvalatlar, deyimlər".
Bakı, Qanun nəşriyyatı, 2015, s. 16-17).
Elçin 1992-ci ildə qələmə aldığı "Dünya
axirət əkini..."
essesində yazır:
"Dəfələrlə bunun şahidi olmuşam ki, Heydər Əliyev teatr tamaşalarına baxıb və qurtardıqdan sonra, səhnə arxasında yaradıcı kollektivlə
görüş keçirib
və heç bir mübaliğəyə
yol vermədən deyim ki, yüksək
səviyyəli professional
sənətşünas kimi
tamaşanın təhlilini
verib. Orasının da şahidiyəm ki, həmin görüşlərdən sonra
yaradıcı kollektivin
həvəsi birə-on
artırdı..." (Elçin,
Dünya axirət əkini // Elçin, Seçilmiş əsərləri.
10 cilddə. 6-cı cild.
Bakı, Çinar-Çap,
2005, s. 231-238; s. 235)
Ulu öndərin
geniş sənət baxışları barədə
Elçinin daha bir xatırlaması: "Yadıma gəlir,
1976-cı il idi, onda lap cavan
bir yazıçı
idim və Yazıçılar İttifaqına
yenicə katib seçilmişdim. Moskvada
Səməd Vurğunun
anadan olmasının
70 illiyini keçirirdik
və sonra Daimi Nümayəndəliyimizdə
Yubiley iştirakçıları
üçün kiçik
bir qəbul düzəltdik. Adamların
sayı az idi - 30-35 nəfər, amma kimlər idi: Leonid Leonov
kimi "canlı klassik"dən tutmuş
o zamanın böyük
"ədəbiyyat generalları"
- Georgi Markov, Aleksandr Çakovski, Nikolay Qribaçovacan rus ədəbi ictimaiyyətinin "rəsmi"
və qeyri-rəsmi ən irəlidə gedənləri. Heydər Əliyev də orada idi və
söhbətləri, çıxışları
ilə miz arxasında əyləşənlərin,
xüsusən "ədəbiyyat
generalları"nın çoxundakı
"böyük qardaş"
təkəbbürünü sözün əsl mənasında məhv etdi və o danışdıqca həmin
"ədəbi generallar"
göz-görəti kiçilirdi..."
(Yenə orada, s.
235-236)
Elə məqamlar
da olmuşdur ki, Heydər Əliyev dövrünün
dar və köhnə düşüncəli
ədiblərindən daha
geniş, daha milli mövqe nümayiş etdirmiş, yazıçını yazıçıdan
qorumalı olmuşdur.
1979-cu ildə Mövlud
Süleymanlının "Dəyirman" əsəri
ətrafında kəskin
mübahisələr buna
misal ola bilər. Yazıçı
"Qırx ilin yeddi görüşü"ndə
xatırlayır: "Əsər
1979-cu ildə "Azərbaycan"
jurnalında dərc olunan kimi hücumlara
məruz qaldı. Antisovet əsər adıyla hallandırıldı.
Mərkəzə məktublar
yazıldı. Elə
həmin ilin payızında Yazıçılar
İttifaqı, Natəvan
adına klubda "Dəyirman" povestinin müzakirəsini - "məhkəməsini"
keçirməli oldu...
"Dəyirman" əsərinin
müzakirəsi, ona qarşı olan hücumlar böyüyüb
bütün Azərbaycanı
bürüdü, Moskvaya
teleqramlar vuruldu... Burda da, orda
da kitablarım plandan çıxarıldı.
Hamısı üstümə
qaytarıldı...
... Heydər Əliyevin qəbulunda da olmuşdular
artıq. O dəstənin
arasından bir nəfər mənə danışdı:
-Hərəmizin əlində
"Dəyirman" povestinin
nəşr olunduğu
"Azərbaycan" jurnalı
Heydər Əliyevin qəbulunda olduq. Bizi görən kimi, - nolub, - dedi, - nə baş verib?!
-Yoldaş Əliyev, bu əsərdə bizim quruluşumuza böhtanlar atılıb, qara yaxılıb, söyüşlər yağdırılıb!
-Nə söyüş? - soruşdu.
-Söyüşlərin altını
qırmızı karandaşla
cızmışıq... Sayını
da bilirik. Yetmiş üç söyüş
var.
Heydər
Əliyev əsəri
vərəqlədi, altından
xətt çəkilmiş
söyüşün birini
oxuyub bərkdən güldü, dedi:
-Onda gərək rus xalqı M.Şoloxovu məhkəməyə versin
ki.
Beləcə... Heydər Əliyev
məni sözün əsl mənasında qaragüruhun əlindən
aldı. Mən nihilist tənqidin dəmir caynaqlarından qurtulub bir-birinin ardınca romanlarımı
yazdım. Bacardığım
qədər sağlam,
təmiz, halal sözümü dedim. Bütün bunlara görə və ən əsası yurdumuz Azərbaycanı yenidən tikib yaratdığına, Azərbaycan
xalqını əsl oğul istəyi ilə sevdiyinə, dünyanın ən uca kürsülərində
Azərbaycan adını
sevə-sevə çəkdiyinə
görə Heydər Əliyevə minnətdaram"
(Mövlud Süleymanlı,
"Qırx ilin yeddi görüşü".
// Tənqid.net jurnalı, ¹ 10 (2013), s.
24-35; s. 34-35)
Beləliklə, Ulu öndərin xatirəsinə müstəqilllik
illərində yaranmış
memuar ədəbiyyatının
nümunələri göstərir
ki, hələ sovet dönəmində Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi, qurduğu, yaratdığı
Müasir Azərbaycan
xalqın, millətin,
insanların qəlbində,
şüurunda, bilavasitə
həyatında izini qoydu, milli özgürlük
və birlik, müstəqil vətən
ideyalarını cücərtdi,
irəli gələn yeni nəsillər bir azərbaycanlı kimi özünü tanıdı, millət olaraq fəxrlə, qürurla müasir dünyada yerini axtardı və tapdı.
Bugün əminliklə demək olar ki, o illərdə Ümummilli lider Heydər Əliyevin yeritdiyi milliləşmə siyasəti olmasaydı, bugünkü milli cəmiyyətin formalaşması da, müstəqilliyimizə gedən yol da çox-çox uzaq ola bilərdi.
Tehran
Əlişanoğlu
Ədəbiyyat.-
2023.- 5 avqust.- S.6-7;8.