Özbək ədəbiyyatının
görkəmli nümayəndəsi
Abdulla Qədirinin Azərbaycan dilində yeni tərcümə edilmiş kitabının təqdimatı olub
Bakıda Özbəkistan
mədəniyyəti günləri
çərçivəsində avqustun 2-də Azərbaycan
Milli Kitabxanasında “Özbək ədəbiyyatı
guşəsi”nin açılışı və
özbək ədəbiyyatının
görkəmli nümayəndəsi
Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan
dilində yeni tərcümə olunmuş
nəşrinin təqdimat
mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Milli Kitabxanasının
direktoru, professor Kərim Tahirov “Özbəkistan mədəniyyəti
günləri” çərçivəsində
silsilə tədbirlərin
təşkil olunacağını
qonaqların diqqətinə
çatdırıb. O, iki
qardaş ölkənin
milli kitabxanaları arasında daim sıx əməkdaşlığın
mövcud olduğunu, həmçinin 2019-cu ildə
Azərbaycan Milli Kitabxanasının “Beynəlxalq
əməkdaşlıq” zalında
Özbəkistan daimi guşəsinin açıldığını,
bu gün isə özbək milli roman janrının
banisi Abdulla Qədirinin “Ötən günlər” kitabının
yeni nəşrinin təqdimatının və
“Özbəkistan ədəbiyyatı
və incəsənəti”
adlı guşənin
açılışını diqqətə çatdırıb.
Özbəkistan Mədəniyyət naziri Ozodbek Nazarbekov Özbəkistan və Azərbaycan mədəni əlaqələrindən danışıb.
O, “Azərbaycanda Özbəkistan
mədəniyyəti günləri”
çərçivəsində 200-dən
çox özbək sənət və ədəbiyyat nümayəndələrinin
Azərbaycana təşrif
buyurduğunu və üç gün ərzində müxtəlif
səpkili tədbirlərin
həyata keçiriləcəyini
söyləyib. Nazir “Özbəkistan mədəniyyəti
günləri” tədbirində
iştirak edənlərə
müvəffəqiyyət arzulayıb,
tədbir vasitəsilə
özbək ədəbiyyatının
Azərbaycanda daha da tanınacağına ümid etdiyini, iki ölkə arasında münasibətlərin
daha da möhkəmlənməsinə
vəsilə olacağını
bildirib.
Sonra qonaqlar
“Özbəkistan ədəbiyyatı
və incəsənəti”
adlı guşə ilə tanış olublar.
Tədbir Abdulla
Qədirinin “Ötən
günlər” əsərinin
Azərbaycan dilində
yeni tərcümə
olunmuş nəşrinin
təqdimat mərasimi
ilə davam edib.
Milli Kitabxananın
direktoru Kərim Tahirov kitabın gənc oxucular üçün vacib nəşr olduğunu bildirərək, özbək
xalqının milli-mənəvi
dəyərlərinin Azərbaycan
oxucusuna çatdırılmasında
nəşrin əhəmiyyətini
qeyd edib.
Sonra qonaqlar
Abdulla Qədiri haqqında sənədli filmə baxıblar.
Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
çıxış edərək,
qədim tarixə malik mədəni və siyasi əlaqələrin bu gün də yüksək səviyyədə
davam etdirildiyini söyləyib, özbək
ədəbiyyatının klassiki
Abdulla Qədirinin kitabının təqdimatında
iştirak etməkdən
şad olduğunu, Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyevin sərəncamı
ilə “Dostluq” ordeni ilə təltif olunduğuna görə təşəkkürünü
bildirib.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dünyasının
ayrılmaz parçası
olan Özbəkistanın,
Türk dünyasının
digər ayrılmaz hissəsi olan Azərbaycanda mədəniyyət
günlərinin keçirilməsindən
məmnun olduğunu söyləyib. Azərbaycan
və Özbəkistan
ədiblərinin daimi
qarşılıqlı qardaşlıq
əlaqələrindən söz
açıb. Eyni zamanda, hər iki ölkənin dövlət başçılarının
nümayiş etdirdikləri
qardaşlıq nümunəsinin
ölkəmizdə ənənəvi
dostluq, etimad və qarşılıqlı
anlaşma münasibətlərinə
dayandığını bildirib.
Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Özbəkistan
mədəniyyəti günləri”nin Azərbaycanda
keçirilməsinin Türk
dünyasının birliyinin
bariz nümunəsi olduğunu qeyd edərək, minillik zaman çərçivəsində
istər qədim, istər çağdaş
dövrdə iki xalq arasında əlaqələrin mövcudluğundan
danışıb. Natiq
hələ ötən
əsrin 70-ci illərində
hər iki ölkənin prezidentlərinin
əsasını qoyduğu
dostluq münasibətlərinin
bu gün də eyni şəkildə
davam etdirildiyini, həmçinin beynəlxalq
arenada hər iki ölkənin daha da yaxınlaşdığını
deyib. O, kitabın müəllifinin, tərcüməçisi
Xalid Səid Xocayevin və redaktoru olmuş Hənəfi Zeynallının
repressiya qurbanı olduğunu xatırladaraq, Abdulla Qədirinin Azərbaycan ədəbiyyatına
da müsbət təsirini vurğulayıb.
Özbəkistanın ölkəmizdəki səfiri
Bahrom Aşrafxanov “Azərbaycanda Özbəkistan
mədəniyyəti günləri”nin keçirilməsindən
məmnun olduğunu, tədbirin təşkilinə
görə Azərbaycan
Milli Kitabxanasının
rəhbərliyinə təşəkkürünü
bildirib. O, Azərbaycan
xalqı tərəfindən
hər zaman özbək ədəbiyyatına
dəyər verildiyini,
əsərin 2022-ci ildə
100 illiyinin, həmçinin
bu il Abdulla
Qədirinin banisi və fəal müəlliflərindən biri
olduğu Özbəkistanda
nəşr olunan ilk satirik jurnal
olan “Müştüm”
jurnalının da 100
illik yubileyinin keçirildiyini vurğulayıb.
Milli Məclisin
Mədəniyyət Komitəsinin
sədr müavini, yazıçı-publisist Fazil
Mustafa tədbirin Azərbaycan-Özbəkistan münasibətləri
baxımından əhəmiyyətli
olduğunu qeyd edib. Bildirib ki, iki ölkənin
intibahı Türk dünyasının inkişafına
təsir edəcək.
Özbəkistan Respublikası Milli Məclisinin üzvü, Özbəkistanın Xalq şairi Mahmudjan Tohirov bu əlamətdar
gündə Azərbaycanda
özbək sənətinin
belə çox sevildiyinə heyrətləndiyini
və bundan fəxr hissi duyduğunu söyləyib.
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələr”
şöbəsinin müdiri,
professor Almaz Ülvi, Özbəkistan Yazıçılar İttifaqının
üzvü, Daşkənd
Dövlət Universitetinin
Ədəbiyyat nəzəriyyəsi
və müasir ədəbi proses kafedrasının müdiri
Bahadur Kerimov, filologiya elmləri doktoru, professor Ramiz Əsgər, Milli Məclisin Mədəniyyət Komitəsinin
eksperti Əkbər Qoşalı və digərləri çıxış
edərək iki ölkə arasındakı
əlaqələrdən danışıb,
kitabla bağlı fikirlərini bölüşüblər.
Abdulla Qədirinin
nəvəsi, yazıçı
Xondamir Qədiri bu möhtəşəm təqdimata görə hər iki ölkənin
mədəniyyət nazirlərinə
və kitabın ərsəyə gəlməsində
əməyi keçən
hər kəsə təşəkkürünü bildirib.
Sonra Azərbaycan Milli Kitabxanası tərəfindən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekova dahi Nizaminin Fransa Milli Kitabxanasında saxlanılan “Xəmsə”sinin əlyazmasının nəfis nəşri, elektron daşıyıcıda “Ötən günlər” kitabının 1929-cu il nəşri, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabı, “Azərbaycan Milli Kitabxanası” adlı fotoalbom hədiyyə edilib.
Ədəbiyyat.- 2023.- 5 avqust.- S.9.