Qar yağmasın...
hekayə
"Dünyanın ən yaxşı nəsnələrini
görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız
hiss etmək mümkündür".
Helen Keller
Gecənin bir aləmində
N. İ.-nin yuxudan qan-tər içində oyanması var idi. Üstünə şığıyan
nəhəng tank qabağına
qatıb onu bağrı yarılınca
qovduğundan, özünü
salamat görəndə "şükür" deyib Allaha dua edərdi.
Amma bugecəki yuxusu daha dəhşətli alınmışdı, uğultu
qoparan zirehli maşın onu haqlayıb altına almış, tikə-parça
etmişdi, həmin bu tikə-parçalar havada qan axıda-axıda
uçuşur, sanki rəqs edirdilər.
Ayılandan sonra daha yata bilməmişdi. Pəncərənin zülmət
qaranlıq rəsmi işıq naxışlarıyla
əvəz olundu nəhayət ki.
İşdən birgünlük icazə
almışdı. Müdirinə
demişdi, "sabah rəhmətə gedənimin
ildönümüdür, rayona
gedib qəbrini ziyarət eləyəsiyəm".
Müdir bir kəlmə "Kimdir
ki?" sualını verəndə:
"Doğmamdır" cavabını
ünvanlamışdı. Müdir
də daha dərinə getmədən:
"Get, Allah rəhmət eləsin"
söyləmişdi. Amma hər
halda, ardınca "Məktubları çox
da nəzarətsiz qoyma"
tapşırığını da vermişdi.
Məvacibi aşağı olsa
da işindən razıydı,
şirkətə gələn
məktubları saf-çürük
edər, üç yerə bölər, sonra da ən əhəmiyyətliləri barədə
xülasəni müdirinə
çatdırardı, müdiri
də kefi düşəndən-düşənə dördqat buxağına sığal çəkə-çəkə
tərif və təkliflərin bəzilərinə
- öz aləmində
ən tutarlılarına
cavab verərdi, şikayətlər isə
üzüqara halda qara zibilqabına tullanardı. N.İ.-nin fikrincə, məktublar sözlərdən xeyli kəsərlidirlər. Sözü
deyirsən, keçib
gedir. Tutalım, biri səni sözlə yamanladı, bir tərs sillə
kimi dəyib getdi. Məktubsa, daha uzunmüddətli təsir gücünə malikdir. Ta ki məhv etməyincə dəfələrlə
gözünə soxulub
səni incidə bilər.
İşini çox sevir, necə də olmasa, çörək ağacıdır. Müharibə
qurtarandan bura düzəlib. Bir qolu olmadığından bu cür yüngül iş lap göydəndüşmədir
onunçün. Yeganə
narahatçılığı bir diliqurumuşdan eşitdiyi "elektron məktublar kağız məktubları sıradan
çıxaracaq" kəlmələridir,
"görəsən haçan?"
müəmması ilə
baş-başa qaldıqca
üzülür.
Evdən
ertədən çıxmalıydı,
beş yaşlı oğlunun başını
tumarladı, növbəti
dəfə içindən
inilti qopdu. İtirirdisə, barı, az işlək olan sol qolunu itirərdi. Nə etmək istəyirsə, qeyri-ixtiyari, on iki santimetrlik çıxıntıdan
ibarət sağ qolu irəli atılır...
Həyat
yoldaşına bir az xərclik verdi, dedi, rayona
gedirəm, il mərasiminə,
evə ayın-oyunu özün alarsan, ağ köynəyimi də ütülə.
Həyat
yoldaşı onun əsəbi olub, bəzən boş yerdən bomba kimi partlamasına vərdiş etdiyindən,
kimin yas yerinə getdiyini soruşmadı, "əlbət,
iş yoldaşlarından
kiminsə nəyidirsə,
ölən" düşünərək "sağ-salamat"
söylədi. Və paltar dolabından ağ uzunqol köynəyi götürüb
ona ütü çəkməyə başladı.
Köynəyin sağ
qoluna keçəndə
qadının doluxsunması,
dodağının səyriməsi
N.İ.-nin gözündən
yayınmadı.
Kədər bəzən insanın
üzündə olur,
bəzən içində.
Üzdəki anidir, içdəkisə, daimi.
O, əslində həyat yoldaşının xətrini
istəyirdi, üstünə
qışqırması da özündən
asılı deyildi.
Bir sinifdə oxumuşdular,
elə ilk dərs günündə əsmər
bənizli bu qızdan xoşu gəlmişdi. Evlənəndə
Leyli və Məcnun sevgisiylə evlənmiş, müharibəyədək
tək balalarını
bəxtəvərlik içində
böyüdərək bir-birinə
can deyib can eşitmişdilər.
Elə ki müharibəyə
getdi, ağır yaralanıb, qolunu da itirib geri döndü,
sanki tamam başqa birisi oldu. Əsəbi, səbirsiz, deyingən...
Oğlu
idi, salamat qolunu dartırdı. "Mənə
avtomat alarsan" deyə arzusunu dilə gətirdi.
Avtomat? Elə
bil, N.İ.-nin üzünü qarsıya-qarsıya
bir alov keçdi. "Yox, avtomat yox, sənə
maşın alacam!"
- dedi. Çox ucadan dedi. Təmirsiz
divarın suvağından
bir parçanın qopub düşməsi ilə telefonunun mesaj siqnalı bir-birini necə tamamladısa, öz səs tembrinə təəccüblənməyə macal tapa bilmədi.
Əmin
idi, yazan həmin o əcnəbi araşdırmaçı jurmalist
xanımdır, o qır-saqqızdır.
"Axı necə bir hissdir, sapsağlam
gedirsən, bir əzanı - özü də ən vacib əzanı itirib gəlirsən? Və heç şikayətlənmirsən? Bunun psixoloji şərhini açın, çox xahiş edirəm. Tutuquşu kimi təkrarlamayın amma,
"vətənə borcumu
verirdim" kəlmələri
mənə əsla səmimi görünmür..."
Səs yolladı: "Mən tam səmimiyəm".
Həyat
yoldaşının "yenə
odur" sualına başını tərpətməklə
cavab verdi, qapıdan çıxhaçıxda
gözü divara vurulmuş rəsmə sataşdı. Ev sahibinin dediyinə görə, rəsmi rəssam əmioğlusu çəkmişdi. Qışın
bəyaz qar örtüyünün hökmranlığı
altında daxma və bir neçə
şam ağacı olduqca bəxtəvər görünür. Günəşin
şəfəqləri qar
hüdudsuzluğunda əks-səda
verməkdədir... Hər
kimdisə, bərəkallah,
gözəl çəkmişdi.
Dərindən düşündükcə anlayırsan ki, sevdiklərindən
başqa, hansısa bir canlı olmayan əşyanı, cismi də sevirsən.
O da qarı sevirdi. Bəlkə də, dünyaya qarlı gündə gəldiyindən,
bəlkə də bir vaxtlar qarın
üzərinə uzanıb
səmanın hüdudsuzluğuna
baxdıqca xoşbəxtlik
duyduğundan idi bu. Qar yağdımı, heç nə onu qəhvəyi rəngli meşin əlcəklərini taxaraq
qarı topalayıb qar adamı düzəltməkdən, qartopu
oynamaqdan saxlaya bilməzdi. Hətta müharibə zamanı da
qarlı ərazidən
keçid edəndə
hamının təəccübünə
rəğmən qarın
üzərinə atılıb
qar adamı düzəltdiyi, əsgər
yoldaşlarına qartopu
atdığı olmuşdu...
Kəsik
qolu sızıldadı.
...Qarabağ səmtə gedən avtobuslar çox seyrək hərəkət edir. Avtovağzala çatıb
xeyli gözlədi, sonra daha gözləyə
bilməyib bədxərclik
elədi: bir boş yeri qalmış
yol maşınına
mindi. İli xeyli köhnə olan dördgöz idi.
Gözlərini yumdu.
Ötən il birinci ildönümündə
qəbristanlığa getməsini
xatırladı. Onda getmək daha məşəqqətli idi.
Necə çətinliklə
icazə almışdı,
neçə saat nəqliyyat gözləmişdi,
yoxlamaları necə zülmlə adlayaraq gedib mənzil başına çatmışdı.
Məzarın sinədaşı
əvəzi qoyulmuş
mişar daşını
silib təmizləmişdi,
ot-ələfi, tikanları
yolub bir kənara atmışdı...
Gecə
yuxusuzluğu özünü
göstərirdi. Bir anlıq
mürgülədi. Yenə
üstünə zirehli
maşın şığıyanda
necə dik atıldısa, yanında əyləşmiş orta
yaşlı kişini
də səksəndirdi.
Başını qatmaq, yolun uzunluğunu gödəltməkçün
istədi yol yoldaşı ilə söhbətləşsin. Zalım
oğlunun sifətindən
zəhrimar yağır.
Beləsiylə kəlməmi
kəsmək olar? Fikrindən daşınıb
gələcək haqda
düşünməyə başladı. Özü heç, özü yazılıb qurtarmış,
nöqtəsi qoyulmuş
məktub kimidir. Oğluyla bağlı düşündü. Onu mahir bir güləşçi
eləmək, çempion
kürsüsündə görüb
qürrələnmək ən
böyük arzusuydu. Arzu çox böyük olmalıdır
ki, özünə də
yetməsən, barı,
həndəvərində daldalana
biləsən.
Özü vaxtı ilə
çox ümidverici güləşçi olmuşdu.
İç yarışları
da qazanmışdı, dış
yarışlarda da uğurları
az olmamışdı.
Medallarını, kuboklarını,
diplomlarını evin
bir küncünə düzüb fəxrlə nümayiş etdirərdi.
Müharibədən yarıcan
qayıtdıqdan sonra
hamısını dolaba
basıb gizlətdi. Bədbəxt olduğu düzəngahdan xoşbəxt
olduğu zirvəyə
baxmaq insanı çox incidər.
"Naşükür olma. Buna
da şükür de. Özündən
yaxşıları görüb
dərd çəkməkdənsə,
özündən betərləri
görüb ovun.
"Tetraameliya" deyilən
bir xəstəlik var,
insan anadangəlmə
əllərsiz və ayaqlarısz olur..." Həyat yoldaşı bir dəfə onu zorla psixoloq
yanına aparmışdı,
bunları psixoloqdan eşitmişdi.
"Britaniyalı Rik Allen tək
əllə mahir zərb alətləri ifaçısı, alman Klaus Ştauffenberq
tək gözlə məşhur sərkərdə,
rus Aleksey Meresyev hər iki ayağı
olmadan təyyarə pilotu olub. Avstraliyalı
Nik Vuyçiç isə
hər iki ayağı və hər iki əli
olmadan xarici ölkələri gəzib,
kitablar yazıb, üzüb, dünyanın
ən uğurlu motivasiya kouçu olub..." Bunları da.
Üçyolda dayandılar. Sürücü
elan etdi ki, kim istəyir, çay içsin, kim istəyir, gedib tələbatını ödəsin,
amma iyirmi dəqiqəyə çıxasıyıq.
Bir tərəfi bürüşmüşdü,
maşından düşdü,
var-gəl elədi. Susuzlamamışdı əsla,
di gəl, susatan oğlanın suyu şirin gəldi, eynən rəhmətlik qardaşına oxşatdı
onu. Müharibəyə
hər ikisi birlikdə, könüllü
getmişdilər. Bu, yalnız
müharibə qurtarhaqurtarda
yaralandı, ora kimi gedib çıxa
bildi. O yazıqsa, on günün əsgəri oldu, səngərdən çıxarkən snayper
gülləsinə tuş
gəldi. Müharibənin
öz qanunları var.
Silah açılmağa
bir an yubansa, daha əsgər əlində deyil, torpaqda
- şəhid yanında
atılıb qalasıdır.
Susatandan
suyu alanda yenə salamat sol qolu gözünü döyüb
qaldı, topal sağ qolu ondan
qabaq irəli atıldı.
Bu qədər bənzərlikmi
olar? Nə səbəbdənsə, qardaşıyla
adaş olub-olmadığını
yoxlamaq üçün
susatanın adını
da soruşdu. Yox, adaş deyildilər.
Qardaşı tələbəydi. Fizikanı
mükəmməl bilirdi.
Hətta ixtiralar da edirdi. Deyirdi, "fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün
qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır".
Deyirdi, "orada, hətta arzuların gerçəkləşməsi adlı bir qanun
da mövcuddur.
N.İ.-nin yenə oğlu
var, davamçısı var. Yazıq qardaşı heç evlənməyə
belə macal tapmadı. Ailə qurmadan ölənlər tək özləri ölmür ki. Dünyaya gətirməli olduqları
övladlarını da özləri
ilə torpağa gömürlər. Həyat
deyilən nəsnə
əslində ən böyük zordur, doğulanda da sənin istəyin nəzərə
alınmır, öləndə
də. Hər şeyi sənin əvəzinə həll edirlər. Birini valideynlərin, digərini
əcəl.
"Siz səmimi deyilsiniz bu cavabınızla.
Necə yəni, Vətənə canım
da qurbandır? Bu pafos,
bu taftalogiya nəyə lazımdır
axı? İnsan canını - ən əziz mövcudiyyatını
niyə versin? Əsaslandırın, görək
də. Bir fakt deyim: İkinci Dünya müharibəsindən
sonra Sovet şəhərləri müharibədən
şikəst qayıtmışlarla
doldu. Əllərini, ayaqlarını itirmiş
bu insanların çoxu mövcud halları ilə daha heç kəsə lazım olmayacaqlarını sanıb
evlərinə qayıtmır,
bomj həyatı sürürdü. Medallarını
sinələrinə düzüb
küçələrdə dilənir, qənimət əldə etdikcə içkiyə verirdilər.
Pulları azlıq eləyəndə vodka və
samaqon əvəzinə,
"Troynoy" odekalon
içirdilər. Onlardan
kəsif tər, çirk, sidik qoxusu
gəlirdi..."
Yola düzəldilər.
"...Dövlət məxfi qərarla bir gecədə bütün ölkə boyu onların hamısını
yığıb pasportlarını,
hərbi biletlərini,
orden və medallarını əllərindən
alaraq Xarkovdakı, Krımdakı, Yerevandakı,
Barnauldakı, Sibirdəki
internat evlərinə
doldurdu... Onları həm müharibə qəhrəmanı statusundan,
həm də ümumən insan statusundan məhrum etdilər. Bu cür aqibətdən qorxmursuz yəni?..."
Bir kəlmə "Xeyr, qorxmuram" səsini atdı.
Az keçmiş işğal
edilmiş ərazilərə
- düşmənlə təmas
xəttinə çatdıqca
addımbaşı postlar
başladı, yoxlanışlar
səngimək bilmədi.
Otuz il düşmən
əsarətində qalmış
yurd yerlərinin çox dəhşətli
və miskin görünüşləri
var. Dörd tərəf
xarabalıqdı, damsız,
qapı-pəncərəsiz divarlar əlsiz, ayaqsız, gözsüz əsgərlərdir sanki...
Qəbristanlıq şosse yoldan azacıq aralıda yerləşir, maşından
düşən kimi torpaq yolla ora
səmt aldı. Tez də səbirsizlənib kol-kosun arasıyla kəsə getməyə başladı. Belə baxanda, on addım da on addımdır.
...Çatdı.
Qara qarğalar "qarr" edə-edə qırıldaşır,
yerə cumub təzədən fəzada
qanad çalırdılar.
Ətrafa
nəzər saldı.
Ondan başqa daha bir nəfər
vardı, hardasa, iyirmi addım aralıda, bir məzarın qarşısında
əlil ağaclarına
dirənib dayanmışdı.
Burda məzarlar hamısı bir-birinin əkiz qardaşıdır sanki. Burda sərdabələr, bahalı-ucuz mərmərlər,
qranitlər, dekorativ hasarlar, ağaclar, gül-çiçək fərqlilik
yaratmır əsla. Bütün qəbirlər
bir-birinin oxşarıdır:
kiçicik bir qum təpəsi, üzərində dik qoyulmuş mişar daşı. Daşın üzərinə də sahibinin cızılaraq yazılmış adı.
Bu qadın usanmadımı yazmaqdan?
"Minetik rəqabətin fəlsəfi-antropoloji kateqoriyaları
arasında qurbanvermə
təzahürü xüsusi
çəkiyə malikdir.
Ümumən, insan cəmiyyətindəki mədəni
institutların genezis problemləri daim olub və olacaqdır.
Zira, sakral və profan dünyalar arasındakı vasitəçi
kimi təkgözlü,
təkayaqlı və
təkqollu əcaib və qorxunc qəhrəmanların yaradılması..."
Gerisini oxumadı. Yadına Təpəgözün nağılı
düşdü.
...Ziyarət edəcəyi qəbrin yanına çatan kimi daşı öpdü, sonra diz çökdü.
Qəhərli səslə
xitab etdi:
- Xoş gördük. Necəsən?- ...
- Bizsiz necə yaşayırsan? Darıxmırsan
ki?..
- Biz hamımız bir yerdəyik. Amma səni burda yalqız qoymuşuq. Vəfasızıq
biz. Çox vəfasızıq.
Sol qolunun barmaqlarını sağ qolunun kəsik yerinə sürtə-sürtə, sanki
o yeri ovudaraq bir xeyli dayandı.
Qəhvəyi rəngli
meşin əlcəyin
sağ tayını cibindən çıxarıb
qəbrin üstünə
qoydu, "əlcəyini
gətirdim, qışda
üşüməyəsən deyə" söyləyəndə
qəhər onu necə boğdusa, zülüm-zülüm ağlamağa
başladı.
Heç
keçən il gələndə
bu qədər dərdlənməmiş, bu
qədər göz yaşı tökməmişdi.
Bəlkə keçən
il ilk il idi, hələ
təzəydi, isti-istiydi
dərdi. Baxırsan, bəzən yaralar zaman keçdikcə sağalmaq,
qaysaq bağlamaq əvəzinə daha da qövr edirlər...
Çiyninə əl toxunanda əmin oldu ki, həmin o digər ziyarətçidir. Meh onun
kəsilmiş ayağının
boşluğuna sarılmış
şalvarının balağını
yelləməkdəydi.
- Sənin qolundur, elə?
Gələn soruşdu. O başını
tərpətdi. Gələn
başı ilə ayağına deyil, iyirmi addım aralıdakı qəbrə
işarə elədi:
- Mənim də ayağımdır.
Sonra da içini çəkib:
"Bilmirəm, qola-qıça
rəhmət düşürmü?
Allah bütün ölənlərə
rəhmət eləsin",
- söylədi. N.İ.-dən
çox şeylər
soruşacaqdı, kimsən,
nəçisən, haralısan,
hansı döyüşdə
itirmisən qolunu və sair və
ilaxır. Özü barədə danışacaqdı,
kimdir nəçidir,
haralıdır, hansı
döyüşdə itirib
ayağını... Ətrafdakı
bəzi qəbirlər
barədə də məlumatlıydı, bir-bir
anladacaqdı, "bu filankəsin sağ ayağının qəbridir,
bu bəhmənkəsin
sol qolunun... Bu, nisbətən
enli qəbirdəsə,
filan bədbəxtin hər iki ayağı
yatır..."
N.İ. anidən yadına saldı, sağ qolunu bükərdi, əzələləri qabarardı,
uşaqlar gəlib barmaqlarını basaraq
"uy da, dəmirdir,
dəmir" deyərdilər.
Həyat yoldaşı
da o əzələni oxşamağı
çox sevərdi... Ürəyi necə qubar etdi. Əlini
get-gedə hamarlanmaqda
olan qəbir-təpəliyə
sürtüb pıçıldayaraq
soruşdu:
- Əzələn durur?
Ardınca lap qara fikir dolandı başında. Yəqin iki ilə qolunun əti də çürüyüb, tək
sümüyü qalıb.
Həmdərdi danışmaqdaydı: -Sən ildə bir kərə gəlməyinə baxma, mən tez-tez gəlirəm. Nə işdisə, kəsik ayağımın yeri yay-qış buz kimi olur, təkcə
bura gələndə
qızınır.
Onunsa, indi fikri burdan
çox-çox uzaqlardaydı.
Yeddincidə oxuyurdular.
Həmin qış dizəcən qar yağmışdı. Həyatında
gördüyü ən
bol qar idi
bu. Evlər həm aşağıdan,
həm yuxarıdan qarla örtüldüyündən
nazik zolaq kimi görünürdülər.
Qızlı-oğlanlı, hamısı dərsə girməyib məktəbin həyətində qartopu oynayırdı. O, hamıdan
çevikiydi, əllərini
tam aralayıb qara dirəyərək bir-birinə yaxınlaşdırdıqca
böyük qar topası yaradır, xışmalayıb iri-iri
qartopuları düzəldir,
sinif yoldaşlarını
nişan alıb vururdu. Və əsmər bənizli bir qız üçün
də qartopu düzəldib verməyə
macal tapırdı...
Dərindən ah çəkdi. İnnən belə bir qolla qaradamımı
düzəldəsiydi, qartopumu
oynayasıydı?
"Hər halda,
mən bu sirri açmaqda acizəm. Qəhrəmanımın
portretini tam yaratmaq üçün, hətta sizin orta məktəbdəki sinif rəhbərinizlə
də danışmışam.
O xatırlayır ki, bir dəfə dərsdə söz orqan transplantasiyasından,
könüllü donorlardan
düşübmüş. Siz demisiniz, insanın hər bir əzası onun üçün o qədər dəyərlidir
ki, nəyinsə xatirinə onlardan imtina etmək ağılasığmaz görünür.
"Yüz min nədir, milyon olsun, milyard olsun, mən heç nəyimdən imtina etmərəm" demisiniz. Bəs necə oldu, cəmi bir neçə
ildən sonra..."
Yanındakı şəxs Yasin oxuyurdu. Oxuyub bitirdi. Bununla sağollaşıb getməyə
başladı. Bir qədər getmişdi, dayandı, qəbirlərdən
birinin qarşısından
geriyə qanrılaraq
söylədi:
- Naşükür olma. Bizə şükür. Bu bədbəxt oğlu bədbəxtin yanında mərmi necə partlayıbsa, gözü pırtlayıb çıxıb.
Gözünün qəbridir.
Üşəndi. Tükləri biz-biz oldu.
Növbəti mesaj özünü çox gözlətmədi:
"Cənab qəhrəman, istəyərsinizmi,
sizə ən bahalı bionik protez hədiyyə edilsin? İstəyərsinizmi,
bank hesabı açılıb ora pul yatırdılsın? Nəsə bir istəyiniz varmı?"
Qarğalar lap
fəallaşmışdılar, cəmləşib yerdə
nəyisə dimdikləməkdəydilər. Uşaqkən nənəsindən eşitmişdi
ki, qarğalar aşağıdan uçuşanda,
bir yerə toparlaşanda qış sərt gəlir.
Görən, bu qış qar yağacaqdımı?..
Gözü "Nəsə bir istəyiniz varmı?" sözlərinə ilişib
qaldı. Bir xeyli keçəndən sonra - artıq yavaş-yavaş çıxışa
doğru getməkdəydi
- cavab yazdı. Yazdı ki, "Bəli, var istəyim. Elə edin, bu qış
qar yağmasın..."
Şosse yoluna
çatdı. Yol maşını ilə rastlaşmaq fikriylə bir xeyli üzüaşağı
piyada irəlilədi.
Təpəni aşanda
qarşısına ilginc
bir mənzərə çıxdı. İnsanlar,
texnika bir-birinə qarışmışdı. Nəhəng
bir ərazidə tikinti işləri gedirdi. Xarabalıqların
yerində sırayla ağappaq, üstü qırmızı damlı
evlər tikilirdi.
Birdən haradansa,
içinə ümid
axını dolmağa
başladı. Sanki qanadlandı, səmanın
əngilliklərinə qalxdı.
Fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində
bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə
çalışır. Orada,
hətta arzuların gerçəkləşməsi adlı bir qanun
da mövcuddur.
Bax ora səmt aldı.
19 iyul, 2023, Şabran
Varis
Ədəbiyyat.-
2023.- 5 avqust.- S.10;11.