"İsmayıl müəllim,
mən sizi eşitdim"
Azərbaycanın Xalq yazıçısı,
publisisti, pedaqoqu, ədəbiyyatşünası və ictimai xadimi İsmayıl Şıxlı müəllifi
olduğu monumental romanları
ilə ədəbiyyat
tariximizdə böyük
iz buraxıb. "Ayrılan yollar", "Dəli Kür", "Ölən dünyam",
"Namus qaçağı",
"Ölüləri qəbiristanda
basdırın", "Namərd
gülləsi" və
başqa əsərləri
ilə oxucuların rəğbətini qazanan İsmayıl Şıxlını
bu gün də minnətlə anır, ruhunu sayğı ilə yad edirik.
- "Mən Kürə aşiqəm, Kür mənə aşiq. Mən Kürə məftunam, Kür mənə məftun. Mən Kürə heyranam, Kür mənə heyran.
Ana Kür! Yaşa, Kürüm!
Hələ neçə ömür
Yaşadacaq könüllər səni!
Çünki zimistanın dağlara
çəkildiyi vaxtlarda,
sən bir gəlin kimi görünürsən öz
yatağında, çünki
sən təbiətin
qucağında nazəninsən,
gözəl Kürüm!
Gözəlliyindən pay alsın
dünyanın çayları,
özəlliyindən nəsibini
götürsün məmləkətin
dənizləri, gurluğundan
xəcil olsun elin suları-selləri, səni sevməyə və seçməyə dəyər, əsərlərimin
baş obrazını
mən bu cür salamlayıram, çünki Vətənimin
həyatına bağlısan.
Bu cür deyə bilərəmmi?
- Sən nəfəsi olmusan can gülşənimin,
keçmişimin, bu günümün aynası
Kür. Bu dünyada arzularımın dünyası Kür. Qovğalı, məlalı tariximizin şahidi, ey Ana Kürüm! Ey dəli, dəliqanlı Kürüm!"
- Bu sözləri dünən
bu vədələr Kürlə qabaq-qənşər
oturmuş, azman görkəmli, gözü
eynəkli, qəlbi sazlı, dili sözlü bir kişi çayın qulağına pıçıldayarkən
görmüşdüm. Aralarında
elə dostanə söhbət gedirdi ki... Kürmü onda məst olmuşdu, omu Kürdə xumarlanmışdı - ayırd
etmək çətin
idi. Müdaxilə etməyə də adamın əli gəlmirdi.
"Bəs o hansı sənətin sahibi idi?" - deyə sual etsəniz, cavab verərdim - "müəllim". Kürün
sahilində nəfəsini
əllərinə hovxuran
bu ağsaqqalın barmaqlarını isidib bu saat yazıya
başlayacaq kimi görkəmi vardı. Üzündən doğma,
məhrəm bir insanı xatırladırdı.
Məndən olsaydı
deyərdim ki, ədəbiyyat
müəllimimdir. Lakin nagahan
şəkildə çevrilib
gözlərimə zillənən
baxışından belə
bir nidanı sezdim:
"Təkcə müəllimmi?"
- deyə soran bu möhtərəm zatın əzəmətli
görünüşünün arxasında sadədil, cəfakeş, ziyalı və nurlu bir
şəxsiyyətin dayandığını
görcək, öz beynimdən keçən
"qaçaraq fikirlərimdən,
tələsik proqnozumdan
bir qədər utandım" - desəm və həmən də əhfinizə sığınsam yeridir.
Bir qədər irəli
addımlasam, ona sarı yaxınlaşsam, bu mübhəm sükutu pozub, mehriban və qəhrəman müsafirimizi
tanıyacağıma əminəm.
Amma mən nə karəyəm ki... Bunu düşünərkən ayaqlarım
səndələdi, taqətsiz,
yorğun yerişim büdrəyib, sanki məni tənə və qınaqla danlayan təhər oldu:
- "Ey biçarə, özünə gəl, qarşındakı bir müəllimdir, hələ
onu tanı, yaxşıca dərk et, sonra özünü ortalığa atarsan".
Ancaq bir qədər becid davranmağın da zamanı
olduğunu anladım,
axı istidən Kürün kənarında
ovxalanmış, sıcaqdan
cadar-cadar olmuş torpaq bu saat
mənimlə xosunlaşaraq
tezliklə günəşin
üfüqdə qızaracağını
xəbərləmişdi. Ayağıma
yapışan bu saqqız yolların nahamarlığından fürsət
tapıb üzünə
diqqətlə baxa bildim. Məni sevindirdi... Ey dostlar, tanıyırammmmmmmm.
- Şıxlı İsmayıl,
Baba İsmayıl, Şıx
İsmayıl, Lələ
İsmayıl, azman və ozan İsmayıl...
Tanıyıram!
İsmayıl Şıxlı sevgisini
bir az da təhtəlşüurumuzda mürgüyə
qalmış mental kodlarımızda
arayaq. Sovet ideologiyasının ənənələrimizi
qamçıladığı zamanda, Novruz bayramını ədəbiyyatımıza
gətirən kişi
idi İsmayıl müəllim. Ədəbiyyatımıza,
sonra da kinomuza. "Dəli Kür"dən söhbət gedir. Bayram şölənlərinin, göstərilərinin,
adətlərinin təbii,
sanballı, koloritli çıxması üçün
Novruz səhnələrinin
çəkilişində yazıçı
özü şəxsən
iştirak etmiş,
"baca-baca gəzmək",
"xurcun atmaq" kimi təzahüratlara diqqət kəsilib, necə deyərlər, hər şeyi seçib-sonalamışdı İsmayıl
Şıxlı.
Ancaq tələsməyək, İsmayıl
Şıxlının "Dəli Kür"ə gedən yolu 1919-cu ilin martın 22-indən başlayırdı. Novruz
günlərində xalqımıza
ərməğan olunan
sevgili yazıçımızın
doğulduğu yer Qazağın İkinci Şıxlı kəndidir.
Şəcərəsi, nəsli
Şıxlinskilərin mübarək
soy və boyu ilə qovuşurdu. Hərb tariximizin nəhəng siması olan, artilleriya generalı Əliağa Şıxlinskinin yaxın
qohumu idi. Qazaxda dünyaya gəlmək, zatən biixtiyar şəkildə saza və sözə
doğuluşdan könül
verməkdir. Belə də tərif verə bilərik: "Bəbəlikdən babalığa
gedən yolda sazı çiyində, sözü dildə görənlərə" - Qazax
elində doğulanlar
deyirlər. Bir də
lap çağa yaşından
qamçılanmaq vardı
taleyində. Bəy nəslinin nümayəndəsi
kimi atası Qəhrəmanı və qohumlarının qanını
it qanına döndərən
sovet başbilənləri
cəfalı günlər
yazdılar Şıxlinskilərin
taleyinə.
Aşıq naşı əlindən,
Ağlar
naşı əlindən.
Yastıq
şikayət eylər
Gözüm yaşı əlindən.
Aşıq yamana gələ,
Dərdin
yamana gələ.
Yaxşı yaxşıya gedə
Yaman yamana gələ.
Dağlarda qar qalandı,
Yağdıqca qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.
Tariximizin
belə dözülməz
anlarında xalqın sinəsi bu cür bayatılarımızla
qövr etməzmi?! Bu yanğılı
misralarımız Şıxlı
nəslinin könlünü
dağlayanları hədəf
alsın. Alsın da, yağıların əlləri
daim qoynunda, gözləri müdam yollarda olsun!
Yeniyetmə çağlarında İsmayıl Şıxlıya
"xoş gördük"
- deyən ilk növbədə
qonşu Kosalar kəndinin camaatı oldu, müəllimləri
- Mirqasımın, Əlinin
timsalında savadlı,
dünyagörüşlü, həyatı bilən kişilər gənc İsmayıla yol göstərdilər. O da bu
öyüdləri cavabsız
qoymadan, "Yol tutan, bal tutar"
deyibən yola çıxdı; elm, poeziya
və nəsr yoluna. Çox sualın cavabını hələ gənc çağlarından əxz
etmişdi, görüb-götürmüş,
cavan yaşlarında hörmət, ehtiram qazanmışdı. "Bezi
söz, qeybəti söhbət yerinə"
satanların ahını
almışdı İsmayıl
Şıxlı. "Nəsihətlə
gülə-gülə gəlməyənləri,
müsibətlə döyə-döyə
gətirərlər" devizini
rəhbər tutanlardan
idi. Amma cəsarət
və rəşadət
nümunəsi kimi yaşamağı öz həyat kredosu bildi ömrü boyunca. Qorxunu kişiliyə yaraşdırmadı.
1941-ci ilin iyununda dava başlayarkən, Pedaqoji İnstitutda dövlət imtahanı verməyə macal tapmamışdı. Nolsun
ki... Əvəzində başqa
imtahan gözləyirdi
onu - "hərb imtahanı". Hələ
cəbhəyə yollanıb
müsəlləh əsgər
kimi vətənin keşiyində duranda vur-tut 22-23 yaşı vardı. "Kerç sahillərində", "Səhəri
gözləyirik", "Konserv
qutuları", "Haralısan,
ay oğlan?" cəbhə
illərindən oxucular
üçün ərməğan
edilən gündəliklərdir.
"Gecə-gündüz alman tanklarının
əleyhinə xəndəklər
qazır, dəmir dirəklər basdırır,
tikanlı məftillər
çəkirdik. Biz imkan
vermirdik ki, almanlar Mozdokdan bu yana
Dərbəndə irəliləsinlər.
Biz Xəzər sahilindən
Qara dəniz sahilinə, Tuapse tərəfə, oradan
Krasnodar şəhərinə doğru irəlilədik. İrəlilədik demək
düz deyil, əslində, biz bu yolları dizin-dizin süründük, qarış-qarış
keçdik" (Cəbhə
gündəlikləri)
Bütün bunlara insanı
tir-tir titrədən,
dəli kimi silkələyən, içdən
təbii şəkildə
silkinib çıxmış
məhrəm yazıçı
xatirələri də
deyə bilərik.
"Ayrılan yollar"a qədər uzanan kəşfiyyat xarakterli yazıları, yeni üslub
arayışları idi
bütün bunlar. Axı ədəbi cameədə müəllim
bildiyi Mehdi Hüseyn ona "konkret müşahidələrini qələmə
al" demişdi. Deməli,
yazıçı müşahidələri
və konkret yazıçı yaşantıları adlandıracağımız
bir roman da var - "Ayrılan
yollar".
1954-55-ci illərdə yazılan
"Ayrılan yollar"
bir növ 1950-ci illərə qədər yaranan, kolxozçu, pambıqçı könlünə
məlhəm sayılan,
indi hardasa gülüş doğuracaq
qədər bəsit səslənən:
"Qol çırmayıb sən tarlaya çıxanda,
Səs yayılır hər mahala
Sürəyya.
Ağ pambığı becərəndə,
yığanda,
Gəlməyəsən heç zavala, Sürəyya"
- kimi mətnlərin qəhrəmanları "əməyin azad, diləyin azad" - deyib meydan sulayırdılar.
Biz ona görə İsmayıl Şıxlı,
İsa Muğanna, bir qədər sonra Anar, Elçin, Mövlud Süleymanlı,
Fərman Kərimzadə
kimi yazıçılara
minnətdar duyğular
bəsləyirik ki, prozamızı
pambıq tarlaları təki ayaqaltı olmaqdan xilas etdilər. Onların önündə İsmayıl
Şıxlı gedirdi
ki, monumental əsərləri ilə, pafosdan, bər-bəzəkli, bəzək-düzəkli
sətirlərdən qaçıb,
özündən sonra
gələnlərə də
işıq tutdu. Və bu işığı
elə saçdı
ki, arxada gələnlərin
gözləri qamaşmadı.
Çətin məqamlarda isə
bir an belə durmadı, duruxmadı, sinəsini önə verib, "Azərbaycan"
jurnalının redaktoru
kimi yeni nəsil yazıçıların əsərlərinə
yol açırdı.
Yazıçı Anarın
"Anlamaq dərdi"
və "Şəhərin
yay günləri" yazılarını
nəşr etdirən
məhz İsmayıl
Şıxlı olub.
O, bir çox mənfi stereotipləri, müşkül sayılan
ənənələri "Dəli Kür" romanı ilə sındıra bilib. Əsərin 1957-1967-ci illərdə
- 10 il müddətinə yazıldığı
qeyd edilsə də, yazıçının
övladı Elçin
bəylə söhbət
zamanı romanın deyildiyi vaxtdan bir qədər əvvəl; yəni il yarım, iki il tez bitdiyi qənaətinə
gələ bildik.
Lakin istənilən halda
böyük zəhmət
və vaxt hesabına ərsəyə
gələn "Dəli
Kür" "İlklər
romanı" sayılır.
İsmayıl Şıxlı
romanda öz nəslinin, öz mahalının tərcümeyi-halını
dəqiqliklə, dürüstlüklə
və bədii priyomlarla verə bilib. Bu əsər "hadisə" - deyə biləcəyimiz əsərlərdəndir
və bu cəhətdən tək-tük
romanlardandır. İsmayıl
müəllim üç
müəllim nəslinin
tarixçəsini verərkən,
Kürü "dəli"
çağırmasının tarixini keçmişimizin
qanlı-qadalı, dərdli-bəlalı
olması kimi izah edib. Görəsən,
Ana Kürü, Dəli
Kür kimi görməkdə yazıçının
hansı səbəbləri
vardı? İsmayıl
Şıxlı bu nüansı əsər boyu gizli xətlə
cızmış - deyə
düşünürəm. Başı bəlalar, günü məlalar çəkmiş tariximizin,
yurdumuzun hayqırtısını
Dəli Kürün dəliliyində, bağırtısında,
iniltisində vermiş
ədibimiz. Ey dəli Kürüm, dəliqanlı Kürüm,
sənə deyəcəklərim
var! Çoxları bilməz,
sən axı tanıqsan, tanıqsan ki, filmdə görüntüyə
alınan ehtişamlı,
məğrur Kür
çayının görüntüləri
İsmayıl Şıxlının
özünə məxsusdur.
Özü seçmişdi
o mənzərələri İsmayıl
müəllim, şəxsən
özü bulmuş, özü çəkmişdi.
"Dəli Kür"
romanını xalqımızın
eposları ilə yanaşı tutmaqda əsaslar var. Bütov bir dövrü:
XIX əsrin sonu XX əsrin əvvəllərinin
bütün ictimai-sosial,
mədəni mənzərələrini
ortaya qoyur bu əsər. Miqyası, nəhəngliyi
ilə seçkin bir nümunədir. Ən əsası, millidir, xalqa yaxındır. Hadisələr,
epizodlar yox, xarakterlər yığnağıdır
bu roman. Cahandar ağa, Şahnigar, Zərnigar, Mələk, Şamxal, Əşrəf, Allahyar, Molla Sadıx və s. Hə, birdəki Rus Əhməd. Kimisinə görə, bu, "firəng Əhməd"
ləqəbli Əhməd
bəy Ağaoğlunun,
kiminə görə,
"Rus Əhməd" ayamalı
Əhməd bəy Cavanşirin prototipidir.
"Dəli Kür"ün
Rus Əhmədini belə
də çağırmaq
olar - ziyalı, maarifpərvər, yurdsevər
birisi.
Sayğıdəyər ziyalımız Elçin Şıxlı
ilə söhbət zamanı bu nüansı da öyrənmiş
olduq ki, sən demə, "Rus Əhməd"
Qazaxda məşhur ziyalı nəsli kimi tanınan Seyidovların nümayəndəsidir
- Molla Seyidin nəvəsi, Yusif kişinin oğlu, ruhunu sayğı ilə andığımız
pedaqoq, ziyalı Əhməd Seyidovun prototipidir.
Əslində, "hər bir
elm fədaisindən, maarifçi
soydaşımızdan bu
obrazda pay var" - desək,
qətiyyən səhv
etmərik. Bəs yazıçı "Dəli
Kür" filmini necə görürdü? Ədibin böyük oğlu Elçin Şıxlı
ilə bu haqda xeyli söhbət
etmək imkanı bulurkən, həm də yeni-yeni faktlar öyrənə bildik. Əslində, filmin romanla müqayisədəki
sönük durmasının
səbəbləri çox
idi. Yəqin ki, çuğulların, danos
yazanların "əməkləri" olmasaydı,
2 seriyalı, rəngli
və tam şəkildə
monumental bir ekran əsəri görə bilərdik. Cinni Cəfər qoşunu kimi ortalığa doluşan, hər vəchlə yuxarılara qarayaxmalar yazıb, yarınmağa
çalışan, "Dəli
Kür"ün önünə
keçmək istəyənlər,
belə əcaib sonluğa malik film görməkdən
məmnun olmuşlarmı?!
- Olmuşlar, fəqət İsmayıl Şıxlıya
olan sevginin önünə keçə
bilməmişlər. Sevgi
bu - Ümidənin ümid dolu məhəbbəti və oxucu eşqi Şıxlını şıx
kimi insana çevirmiş, "Namərd
gülləsi", "Namus
qaçağı", "Ölüləri qəbiristanda
basdırın" kimi
hekayələrin, "Ayrılan
yollar", "Ölən
dünyam" təki romanların müəllifinə
sonsuz dualar, alqışlar qıldırmışdı.
Hikməti-xuda deyilən
şey budursa, bir az da Ümidə
ilə yazıçının
taleyindən danışmalı,
danışıb da xeyli
düşünməli, düşünərkən
22 mart tarixli İsmayıl
və Ümidə Şıxlının təvəllüdlərindən
tutmuş soyadlarına
qədər ölçülüb-biçilən
həyat tarixçəsinə
ehtiram bəslənməlidir.
Ümidə xanım həyat
yoldaşı idi İsmayıl Şıxlının.
Təvəllüdləri fərqli
olsa da, hər ikisi eyni gündə,
martın 22-də Novruz
bayramı günlərində
doğulmuşlar. Yazıçının
son günlərində "Ölən dünyam" romanını məhz İsmayıl Şıxlının
diktəsi ilə Ümidə xanım yazmışdı. Axı
son illərində İsmayıl
müəllimin uzaqgörən
gözləri nurunu itirmişdi, ona görə də Ümidə xanım yazıçıya həyat
yoldaşı olmaqla kifayətlənməmiş, həm
də ona qələm yoldaşı
olmuşdu.
O qələmə 76 illik həyatında hər
zaman sadiq qalmış
İsmayıl Şıxlı.
Xatirələr çözələndikcə,
keçmişə dönüb
nələrisə xatırladıqca,
bir də ədibin hansı hobbiləri olmuş, bunu bilməkdə fayda var. Balığa getməyi sevərmişlər.
Dəniz ola, dostların
ola, sən olasan, amma 1965-ci ilə kimi. İsmayıl Şıxlının bu məşğuliyyətindən üz döndərməsinin
səbəbi dostluğa
sədaqəti olub.
1965-ci ildə dünyadan
köçən Mehdi Hüseyndən
sonra balıq ovuna "tövbə"
deyən Şıxlı,
bu şakərindən
bilmərrə əl götürüb. Amma başqa
vərdişi onu heç zaman tərk etməyib - yağışlı
havaya olan sevgisini nəzərdə tuturam. Görünür,
"Dəli Kür"dəki
epizodda Kürdən əyilib su götürən Mələyə
qarşı Cahandarı
vəcdə gətirən
vəhşi şəhvətində,
onun şəbi-yelda təki çiyinlərə düşən
islaq tellərinin siqlətində, Cahandar ağanın qızışmış,
idarəolunmaz gözlərində
sezilən yazıçı
töhmətində də
yağmurdan nələrsə
varmış.
Son romanı kimi "Ölən dünyam"
"Dəli Kür"
qədər nəhəng
və fundamentaldır.
Ən azından ona görə ki, ruhu rahatlıq içində, cismi firavan şəkildə uyuyan İsmayıl Şıxlının dünyası
ölmədi. Övladları
- Elçinin, Fərruxun,
nəvələri - Ayxanın,
Toğrulun, Salatının, Ayselin,
nəticələri - İsmayılın,
İsgəndərin ömründə
uzanır gedir.
- Hara qədər?
- Əlbəttə, məhşərə
qədər, Ümidənin
ümid dolu istiqbalına qədər,
uzanır və gedir. Şıxlıların
şıx kimi, ağır-batman, ulu bildiyimiz
şəcərəsi yol
alıb Türkün ən ulu tarixinə qədər uzanmaqdadır,
Azərbaycanın yenidən
müstəqilliyinə qovuşmaqda
imzası olan bir zat kimi.
"Sapı özümüzdən
olan baltalar" deyiminə olan həmmüəlliflik onun
yurddaş kimi, vətəndaş kimi dəyanətindən irəli
gəlirdi. Təkcə
bu fakta görə mən torpaq, yurd sevgisinin
adına İsmayıl
deyirəm, soyadına
Şıxlı.
- Azərbaycan istiqlalında
mütləqdir ki, İsmayıl
Şıxlının payı
var. O, siyasətçi deyildi,
lakin heç vədə xalqın ağrı-acısına etinasız
qalmazdı. Qarabağdakı
gərgin döyüşlər
vaxtı, Qazağın
sərhəd zonasına
yaxın bağda bir kətil tapıb əyləşmiş,
təxminən 1-2 saat
çay içib, soyuqqanlığı, mərdliyi,
vətənsevərliyi ilə
təlaş və təşviş içində
olanlara örnək olmuşdu İsmayıl Şıxlı. Ətrafdakılar:
- "Kişi Bakıdan gəlib qızğın döyüşlərin, şiddətli
atışmaların içində
rahatca çay içirsə, deməli, möhkəm olmaq lazımdır" - demişlər.
- Mən Kürə aşiqəm, Kür mənə aşiq. Mən Kürə məftunam, Kür mənə məftun. Mən Kürə heyranam, Kür mənə heyran.
Ana Kür!..
Yaşa, Kürüm!
Hələ neçə ömür
Yaşadacaq könüllər səni!
Yadınızdadırsa, yazımın əvvəlində yazıçının Kürlə
dialoqu zamanı biqəfil bu sözlərin üstünə
gəlib çıxmışdım.
Sizi bir qədər intizarda qoymağımın səbəbi
indi bəllidir. O da bəlli olur ki, İsmayıl müəllimə
lap yaxınlaşdıqca onun
kimliyi, şəxsiyyəti
gün kimi ortaya çıxır.
İndi yaxşı tanıdım
qəhrəmanımızı. Qəhrəman kişinin oğlu İsmayıl Şıxlıya deyəcəklərim
mütləq olacaq:
- Mən sizi tanıyıram.
Məğrur görkəminizdən,
müəllim eynəyinizdən,
həlim səsinizdən,
yazıçı duyumunuzdan,
mən sizi incə ruhunuzdan tanıyıram, bir dədə, bir lələ kimi. Deməli, tanış olduq, möhtərəm İsmayıl müəllim
- bu sizsiniz. Şıx kimi kişi, İsmayıl Şıxlı.
- Ey sözə yaraşıq kişi, siz bizim üçün
dirisiniz, ölülərdən
fərqli olaraq dirilər xəyal qurarlar, arzu edərlər, bu an kaş sizin də mənə olan arzularınızı eşidə biləydim, kaş...
- Bəli, İsmayıl müəllim, mən sizi eşitdim...
Turan
UĞUR
Ədəbiyyat.- 2023.- 5 avqust.- S.12;13.