Ədəbiyyatın yetişmək istədiyi üfüq  

 

1

 

Ədəbiyyatın üfüqlərə çatma, yetişmə istəyi, Tanrıyla danışmaq həsrəti... Bizim mətnlərdə varmı bu istək, müasir ədəbiyyatda, məncə, bunun izi-tozu yoxdu, ona görə insan ruhunu çalın-çarpaz doğrayan suallar, təzad mübahisələr heç yoxdu. Bircə "Qətl günü" romanında bu ağrılı, insan ruhunu çalın-çarpaz doğrayan ziddiyyət şübhələr oyanıb yer səthindən yuxarılara doğru uçmaq istər. Bu özəllikləri vaxtilə A.Kamü Dino Buzzatinin mətnlərində görmüşdü, onun əsərlərindən hansınısa Fransa səhnəsində qoymağa cəhdlər etmişdi, bəli, italyan Dino Buzzatinin, o məşhur "Tatar çölü" romanının dahi müəllifini Avropaya məhz Alber Kamü tanıtmışdı. Amma... Alber Kamü "Qaillimar" nəşriyyatında olanda təsadüfən rumın əsilli yazıçı Emil Mişel Cioranla (Çoran) görüşür, onun romanını oxuyub deyir: olmazmı bir az ciddi işlərlə məşğul olasız? Dahi yazıçı filosof, uşaqlıqda yuxusuzluq sindromuna düçar olan ədib həmin sözlərdən sarsılır, həzm edə bilmir bu sözləri, halbuki məhz Cioranın əsərlərində Tanrı iman məsələsi min bir ziddiyət çalın-çarpaz sualların, dəhşətli iztirab içindən keçirdi. İnsan bəzən bilmir, kiməsə tənəedici sözlər deyir, sonra məlum olur ki, bu sözləri elə özünə demisən, çünki ikinizi eyni dərdlər öldürür...

 

2

 

Bizim "gedə biləcəyimiz", səsimizin çatacağı qədimlikdə yazı mümkün deyildi, yəni yazı ən müdrik nəsnələri içinə hopdurmaq qüdrətinə malik deyildi - hər yerdə deyilən söz, yəni şifahilik at oynadırdı.

Bizdə aramsız olaraq şeir yazan insanlar var, xüsusən çox tanınmış şairlər arasında, heç bir mətbu orqanı bunların dərcini yetişdirə bilmir, həyatda, günümüzdə baş verən hər şey o şeirlərin içindədir, özü kərpic-kərpic, həll olunmamış halda, tikə-parça halında. Yaxşı şeir, gözəl poetik nəsnə çox çətin, qəfil peyda olan, kosmosla bizim gerçəklik arasındakı pərdələri yırtıb gələn ilhamın məhsuludur. Bu halda qələm yanıb kömürə dönür. Şair . Hər ikisi yox olur, ortada həmin inanılmaz duyğular qalır. Bunun mənası nədir? Kimsə bunu bilirmi?

Bu da var: hansı şair haqqında hər kəlməbaşı "dahi" kəlməsini işlədərək danışırlarsa, hətta sanki bir el-oba eyni səs amplitudasında söz edirsə, bilin ki, bu unudulmamaq, yaxud unutmamaq üçündü. Bu elə ölümün sinonimidir. Unudulmaq yaşamaq deməkdir, hafizə gizli laylarda, əsl nəfəs ordadır. Tənqidçi ədəbiyyatşünasların bu unudulmağa qoymadıqları adamlar hər gün riqqətə gətirir məni: elə bilirəm, bax, bu küçənin tinində qarşıma çıxacaqlar, halbuki onların sümükləri çoxdan sürmə olub...

Bir ... Van Qoqun ulduzlu gecələri... O ulduzları kətana endirmək istəyən adamı istəsən unuda bilməzsən... Yaxud istəməsən unudarsan. Hansı yaxşıdır?  

 

3

 

Üslub bədii mətndə mövcud olan hər şeyi yenidən istədiyin kimi yarada bilməkdir. Bu mənada bəzi əsərlər bütün zamanları kapsar, bəziləri elə öz dövründə gözdən rəflərdən düşər.

Emil Mişel Cioran (Çoran) yazmağı Tanrıyla danışmaq kimi ifadə edirdi. İşığa baxa bilmirdi, ömrü boyu yuxusuz qaldı bu filosof yazıçı. İçindəki şübhələr onun mətnlərinin içinə çəkilməz ağrılar qoyurdu bu dərdlər heç zaman bitmirdi. Yazmaq həqiqəti təkbaşına yaratmaqdır.

Cioran deyirdi: biz mövcud həqiqətləri yazıda yenidən yaradırıq. Ya da onu daha böyük həqiqətin içində Tanrıyla birgə yaradırıq. Yazıçı bu iki yolun arasında var-gəl edib ölümü gözləyir...

 

Cavanşir YUSİFLİ

Ədəbiyyat.- 2023.- 5 avqust.- S.13.