Məzuniyyət günlərinin yalqızlığında, yaxud
Adil Cəmillə xəyali söhbət
Əzizim
Adil, indi avqust ayıdı və məzuniyyət günlərinin
yalqızlığında qələm
dostumuz Kəramətin
"Qovsalar, hardasa tapalar səni" düşüncəsi boyunca
düşünüb-daşınmağın
tam yeridi.
Tam yeridi sənin aşağıdakı dördcə
misralıq şeirinin
iç ağrısından
boylanıb yaşanmış
ömrün hər anını, dəqiqəsini,
saatını, gününü,
həftəsini, ayını,
ilini və illərini yenidən göz önünə gətirməyin. Anmaq, xatırlamaq və o ötənləri yenidən
yaşamaq üçün:
Dəhşətdir - öncədən
Biləsən öləcəyini.
Dəhşətdir - biləsən
Allahın biləcəyini.
Məzuniyyət tənhalığının sıxıntı əsintiləri
kimi Sənə ünvanladığım şeirə
(əslində, şeirdən
çox pünhan hal-əhvallaşmaya) cavab
olaraq elə bu günlərdəcə
qələmə aldığın
misralardı. Əslində,
hər ikimiz niyə, nədən yazdığımızın fərqindəyik.
Bu da bir ayrı iç söhbətinin mövzusudur. İndilikdəsə,
tez-tez aramızdan keçən bir dodaqqaçdının açıqlamasını
bəyan edirəm ki, darıxan hallarımda həmişə əl telefonunun nömrəsinə
bir tel göndərirəm
ki, "Adil, Sərvaz müəllimdi..."
Bir qayda olaraq sən də o biri başdan gülümsəyə-gülümsəyə
cavab verirsən ki,
"Eşidirəm, Sərvaz
müəllim!" Vəssalam.
Gün boyunca xoş bir əhval
yaşamaq üçün
bu ikicə kəlməlik söz bəs edir. Çünki hər ikimiz niyə, nədən gülümsədiyimizin
səbəbini çox
gözəl bilirik. Və bir-birimizlə bu ikicə kəlməlik
sözlə anlaşmağımızın
bir özgə zövqü var. Elə həmin ovqatlaca da qələmə almışdım
aşağıdakı misraları
və bu misralar əslində məzuniyyət günlərinin
ilk sənsizlik əhvali-ruhiyyəsinin
əsintiləridir:
Sərvaz
müəllimdi, Adil, necəsən?
-
Bilirəm dodağın nə
üçün qaçır...
Hər dəfə adını belə çəkməyim
İllərdi o kövrək qəlbini
açır.
Mən kənd uşağıyam,
adətim budu,
Sadəcə, "sən" deyib
qalıram, ustad.
Köhnə kişilərin təzə
ətrini
Həmişə mən səndən
alıram, ustad.
Nə yaxşı Şuşaya
biz qoşa getdik,
Hər cığır önündə
min huşa getdik.
Atalı-analı xatirələrlə
Sükut
içindəcə baş-başa
getdik.
Yadımda əbədi yaxşlıqların,
Vəsmədi, sürmədi, həna
kimidi.
Məni
bu dünyaya ikinci dəfə
Yenidən gətirən ana kimidi.
Sərvaz
müəllimdi, Adil, necəsən?
-
Bilirəm, dodağın xəfifcə
qaçır.
Çox
fikir eləmə, o böyük Kişi
Böyük olanların qapısın
açır...
Hə, bu hal-əhvalaşmaya cavab olaraq qələmə
alıbsan "Dəhşətdir
öncədən biləsən
öləcəyini, Dəhşətdir
biləsən Allahın
biləcəyini" misralarını.
Görürsən, bir
dodaqqaçımı hal-əhvallaşma
necə möhtəşəm,
bənzərsiz bir şeirin var olmasına vəsilə olur... Elə bu var olan o dördcə misralıq şeirin havasınaca ömür-gün
yollarında bizə həyan olan yaxşılar - Anar, Elçin, Qəzənfər
Paşayev, Sabir Rüstəmxanlı,
Qərib Mehdi, Nizami Cəfərov, Nizaməddin
Şəmsizadə, Xəlil
Yusifli, Sabir Əliyev,
Mürşüd Məmmədli
haqqında olan ürək söhbətlərimizi
edirik. Kəlbəcəri,
Laçını xatırlayırıq.
Ortaq dostumuz Kəramət Şükürovu
haqqımız çatan
ərklə asıb-kəsirik.
Hər dəfə də mən bir az da irəli
gedərəm. "Onu
öldürəcəm, asıb-kəsəcəm,
qətlə yetirəcəm"
- deyib dururam. Çünki indiki yaşamıyla o, öz içində böyük
bir şairə qəsd edir. Onu öldürür. Mən o qəsdin qisasını almaq istəyirəm Kəramətdən.
Çünki o, mənim
tanıdığım, sevdiyim
ən gözəl şairdi. Və o gözəl şairə edilən qəsdi heç cür sinirə, qəbul edə bilmirəm. Səbəbi uzun ayların, illərin söhbətidi. İndilikdəsə
məzuniyyət günlərinin
lap ilk saatlarında Sənə
ünvanladığım bu
yazıya yenə də Kəramətin ağrılı və məntiqli misralarıyla nöqtə qoyuram:
Müsəlman kişiylə
Müsəlman qadın
Ömrü boyu ev tikir,
Ev də yarımçıq
qalır həmişə!
P.S. İki gün əvvəl Azər Turanla telefonla danışırdın. Danışıq
boyunca Azərin haldan-hala düşən,
boğulub-qaralan sifəti
heç getmir gözlərim önündən.
...Yenə də Ağacəfər Həsənliylə
oturmuşduq və fərqindəydik ki, sənsiz
olmur. Söhbətimizin
girişi yoxuydu.
Sərvaz
müəllimdi, Adil, necəsən?
Məzuniyyət günlərinin
bu ilk saatlarında darıxıram və təbəssümünə böyük
ehtiyacım var...
Bax, yenə Kəramətin misralarını xatırlatdın
mənə:
Tanrı
sevgi yaradıb ki,
Darıxmasın bəndələri.
Hə, ürəyincədimi? Di gülümsə görüm!
Sərvaz Hüseynoğlu
Ədəbiyyat.-
2023.- 5 avqust.- S.15.