Qara buludları
qovan
Hekayə
Çiyələk! Çiyələk! Çiyələk! - çiyələk
satanın səsi məhəllənin günorta
sükutunu pozdu. Qadınlardan bir neçəsi balkonlara qaçdı, başlarını
çıxarıb maşınının
arxasında çiyələk
satan cavan oğlana səsləndilər:
- Vedrəsini neçəyə
verirsən?
- Vedrəsi səkkiz manata! Yaxşı mürəbbəlik çiyələklərdir.
Mətanət mürgüləyib divanda
qalmışdı. Kondisioner
işlək, üstü
açıq... üşüdürdü,
ancaq oyana bilmirdi yuxusundan. Yuxuda kəndlərini, həyətlərini, nənəsini
görürdü. Nənəsi
çiyələk talasının
ortasında dayanıb
ona sarı gülümsəyirdi. Mətanət
yuxusunda uşaq deyildi, qəribədir ki, qırx yaşlarında qadın idi. Nənəsisə, elə
şux, elə cavan, elə gümrah idi ki!
Mətanətin qulağı ayılmışdı,
danışılanları eşidirdi.
Ancaq gözləri, əlləri, qolları, sinəsi, ürəyi ayılmaq istəmirdi yuxudan. Evləri birinci mərtəbədəydi,
düz pəncərənin
altında qızğın
alış-veriş gedirdi.
Üçüncü mərtəbədən
olan qonşusunun səsini o saat tanıdı. Üzünü
qabaq-qənşər qonşusunun
pəncərəsinə tutub
qışqırırdı:
- Ay qız, Sənubər, düş də, nə durmusan? Doğrudan da, əla çiyələkdir! Mən
iki vedrə aldım, Qızqayıt üç vedrə!
Mətanətin yuxusu təzədən
dərinləşdi. Yuxuyla
ayıqlıq arasındakı
ərafdan təmiz yuxu aləminə düşdü. Nənəsinin
gülümsər çöhrəsi
gah görünür, gah yox
olurdu. Çiyələk
ləklərinin arasında,
mavi çit donda, nənəsi necə gerçək, necə canlı idi! Mətanət yuxusunda ağzını açıb söz deməyə qorxurdu. Elə bilirdi dinsə, sehr pozulacaq, nənəsi də, bu yuxu
da, çiyələklər də yoxa çıxacaq.
Mətanət yuxuda olduğunu aşkar bilirdi. Ancaq yuxusunun gerçək olduğuna da inanırdı.
- Çiyələk! Çiyələk!
Dadlı, təzə çiyələk! Gəlin
ha! - cavan kişinin çağırışı təzələndi.
Həyətdəki qadınlar bir-birini
əvəz elədi. Çiyələk alanlar yuxarı qalxdılar, almayanlar aşağı endilər. Uşaqlar analarının böyrünü
kəsdirib səs-səsə
verdilər.
Bircə
Mətanət yerindən
tərpənmədi. Yenidən
huşa getdi. Mavi, çit donlu nənəsi ləklərin arasında
o qədər xoşbəxt
idi ki, nə nənəsini, nə nənəsinin xoşbəxtliyini
itirmək istəmirdi.
Mətanət də nənəsinin xoşbəxt
olduğu dövrlərdə
ən bəxtəvər
uşaq olmuşdu.
Sonra bir şey qırılmışdı... düşüb
itmişdi, Mətanət
çox axtarsa da, tapa
bilməmişdi itirdiyini.
Ondan sonra güləndə də qəlbinin dərinliklərində
həmişə qəribə
bir boşluq hiss etmişdi. O boşluğu
heç nəylə doldurmaq mümkün olmamışdı.
Qadınların, uşaqların sevinci
qırmızı, dadlı,
ətirli çiyələklər
Mətanətin nisgilinə
çevrilmişdi, dərdinin
rəmzinə dönmüşdü.
Hələ o vaxtlar
ki, on yaşındaydı.
Mətanətgilin kəndinə də
ilk dolu onda düşmüşdü. Dolu
nədir, necə şeydir, Mətanət o vaxtlar görmüşdü,
bilmişdi - atası evdən həmişəlik
gedəndən sonra.
***
Mətanətin atası Mübariz
kəndin topçusu idi. Qansız-qadasız, müharibəsiz zamanların
topçusu. Ətraf kəndlərin heç birində top yox idi. Top təkcə onların kəndindəydi
və topun dilini də yalnız Mübariz bilirdi. Başqa heç kəs.
Mətanət tez-tez atasıyla
qürur duyurdu. Bəs necə? Onun atasının hesabına kəndlərinə
dolu düşmür,
əkinlər xarab olmur, əkinçilərin
üzü gülürdü.
Kəndin
üzərini qara buludlar alan kimi
Mübariz sehrli maşınının arxasına
keçir, top atıb
qara buludları kəndin üzərindən
qovurdu. Sonra tezliklə
günəş qaçan
qara buludların arxasından çıxır,
həmişəki kimi
uşaqlara, güllərə,
çiçəklərə "gülümsəyir", qızılı
saçlarını kəndin
üzərinə, dağların
ətəyinə sərirdi.
Mətanətin atası sehrli çubuğu olan nağıl qəhrəmanıydı
uşaqların gözündə.
Nənəsi bu dünyada ən çox oğluyla fəxr eləyir, oğluyla nəfəs alırdı.
Mübariz öz əlləriylə
həyətdə uşaqlar
üçün çiyələk
əkmişdi. Çiyələklərə
bütün ailə qulluq eləyirdi, anası, atası, nənəsi, hətta Mətanət özü. Çiyələk ləklərini
sulamaq Mətanətin ən
sevdiyi məşğuliyyətiydi.
Tez-tez nənəsinin
dalına düşər,
mavi, çit donundan yapışaraq, ləklərin arasında yıxılmamağa çalışardı.
Dünyada Mətanət
üçün bu iki rəngdən: mavi səmanın, qırmızı çiyələyin
rəngindən gözəl
heç nə ola bilməzdi.
Müharibə başladı. Mübarizi
də topuyla birgə cəbhəyə
yolladılar. Belə baxanda Mübariz yenə də həmişə gördüyü
işi görürdü.
O, indi də yurdun üzərindən qara buludları qovurdu. Sehrli nağıl qəhrəmanı,
qara buludları qovan cəngavər idi o.
Mətanət tez-tez atasını
yuxuda görürdü.
Qara, nəhəng topuyla. Qapqara buludları qovanda!
Günlərdən birində qara buludlar kəndlərinin üstünü alanda Mətanətin atası çox uzaqlarda idi. Göyün üzü qaralanda nənəsi əlini gözünün üstünə
qoyub üfüqlərə
tamaşa eləyərək
köks ötürdü.
Çiyələklər ləklərdə
təzə-təzə qızarmağa
başlayırdı, yetişmələrinə
hələ var idi. Kal da olsa, nənəsi
ala-qırmızı çiyələklərdən
bir neçəsini dərib ovcunda Mətanətə uzatdı.
Mətanət çiyələkləri əvvəlcə burnuna yaxınlaşdırdı, qoxladı,
ətrini ciyərlərinə
çəkdi. Yeməyə
qıymadı.
Birdən
ona elə gəldi ki, kimsə ona daş atdı.
Mətanət çox
təəccübləndi.
- Ay nənə, kimsə daş atdı!
Bunun dalınca bərk bir şey əvvəlcə
başına, sonra baş barmağına elə çırpıldı
ki, ağrıdan uşağın
gözündən qığılcım
çıxdı. Mətanət
qışqırdı:
- Ay nənə, başıma daş düşdü!
- Qaç evə, bala, qaç, tez ol! Doludur
bu!
Mətanət qaçıb özünü
evə çatdırdı.
Ancaq ürəyi bayırda çiyələklərlə
birgə dolunun altında qalan nənəsinin yanındaydı.
Qız pəncərəyə
yaxınlaşıb burnunu
soyumuş şüşəyə
söykədi. Nənəsi
çiyələk ləklərinin
içində oturub ağlayırdı. Qadının
mavi donunun ətəkləri həmin
o bərk, adama dəyəndə incidən
buz parçalarıyla
dolmuşdu. Nənəsi
ətəyini əlinə
alıb içini çiyələklərlə doldurardı...
dolu kəndlərini vurmasaydı, çiyələk
ləkləri məhv
olmasaydı, sehrli topu olan atası
yurdun o başındakı
qara buludları qovmağa getməsəydi...
***
Bayırdan gələn səs
hələ də susmamışdı:
- Gəlin ha! Dadlı çiyələkdən qalmadı!
Göz qapaqlarının arxasındakı
dünyada Mətanətin
mavi, çit donlu, gülümsər çöhrəli nənəsi
ovuclarını yetişmiş
çiyələklərlə doldurub ona sarı
uzatmışdı. Səma
masmaviydi, çiyələklər
al-qırmızı.
Sevinc
ELSEVƏR
Ədəbiyyat.-
2023.- 5 avqust.- S.21.