Orxan Paşanın şeiri,qoşa qanadın sehri...
Elm və sənət
adamının poeportretindən
cizgilər.
Qarşımda bir neçə kitab var, poeziyadır
- şeirlərdir. Onlardan
birinin adı belədir: "Əllərini
uzat mənə", elə bil suya
batan, imdad istəyən bir nəfərdir, kiməsə
yalvarır ki, "əllərini uzat mənə, bu dəryada boğuluram, batıram, ölürəm,
əllərini mənə
uzat, məni xilas elə!" Belə olmasaydı, kitabın müəllifi belə yazmazdı:
Mən Orxan
Paşayam, çox yaxındayam,
Yanıram oduna,
bax, yaxındayam.
Getdiyin yolların
ayağındayam,
Gəldiyin yolların
başında, hər
gün!
Bu onun birinci kitabı deyil, heç sonuncu kitabı da deyil, son
çap etdirdiyi uğurlu kitabdır (Bakı, "Uğur",
2021). İndiyə qədər
xeyli poetik kitabları var. Əslində, o, alimdir, özü də elə-belə alim deyil, ustad alimlərin
bulağından diz yerə qoyub içən ustad alimdir. Bir dəfə
demişəm, yenə
də yada salıram, "Məhərrəm
Qasımlı Azərbaycan
ədəbiyyatşünaslığında
"Aşıq sənətinin
nəzəriyyəsini yaradan"
folklorşünas-alimdir!!", hələlik sonuncu kitabı da budur: "Ozan-aşıq sənəti və ədəbiyyatı". Bakı,
2023.)
Amma o, alim
olmamışdan qabaq şair imiş... İçində bir paşa-şair, qucağında
saz, ürəyində
söz, bardaş qurub oturubmuş. Sonra ayağa qalxıb bir üzü aşıqlığa
(aşıq poeziya nəzəriyyəçisi - Məhərrəm
Qasımlı oldu), bir üzü şairliyə (Orxan Paşa oldu) doğru, bəlkə də, bu qoşa
qanad birləşərək
üzü aşiqliyə
doğru inamla-ilhamla addımladı...
Həm Məhərrəm
Qasımlı, həm
Orxan Paşa ikisi bir canda,
bir qəlbdə yaşayan bir adamdır - rəsmi bir adda - Məhərrəm
Paşa oğlu Qasımlı adında pasportlaşıblar... Özünün
yazdığına görə,
"saz başına döndüyüm" - deyə-deyə
bir ömürdə üç ömür yaşayıbdır: "İnsan övladı dünyaya sevgiylə gəlir, sevgiylə yaşayır, sevgiylə də gedir. Bu anlamda hər
kəsin sevginin üç mərhələsindən
keçməsi şərtdir.
Birinci mərhələ ana-bala sevgisidir. İlk böyük
sevgi ana-bala arasında yaşanır. Ananın öz körpə balasına, balanın da anasına sevgisi əfsanəvi bir duyğudur, onun sirri İlahinin
dərgahına bağlıdır.
İkinci
mərhələ yeniyetməlik
və ya gənclik illərini çevrələyir. Bu, oğlanla
qızın arasında
yaranan sevgidir. Onun da sirr bilinməyən
tərəfləri çoxdur.
Birinci və ikinci mərhələdən sonra
sevginin üçüncü
- sonuncu mərhələsi
gəlir. Bu, ilahi məhəbbətdir, uca Tanrıya - Yaradana olan sevgidir. İnsan oğlu birinci və ikinci sevgidən qazandığı ülvi
duyğularını məhz
uca Tanrıya - İlahiyə olan məhəbbətlə kamala çatdırır.
Mən indi üçüncü
sevginin sehri və cazibəsi içindəyəm".
Bu məntiqlə yanaşanda
(elə onun bütün şəxsiyyəti
və yaradıcılığı
da bunu göstərir),
Məhərrəm Qasımlı
- Orxan Paşa sevgi və məhəbbətlə
mayalanmış bir ömür yaşamaqdadır...
Amma, nə qədər,
ikisi bir canda, bir təndə
olsalar da, Bakılılar
demiş, Məhərrəm
Qasımlı bir alay, Orxan Paşa
bir alayıdır, qoşa qanadla pərvaz etsələr də, alayı-alayı ruhda olan şəxsiyyətlərdir...
Onu cani-könüldən
sevən, ruh şairi Barat Vüsal qələm dostunu "Sözün
Məhərrəmi - Sazın
Orxan Paşası"
adlandırıbdır və
düz də eləyibdir...
Əvvəl, "Sözün Məhərrəmini"
- Məhərrəm
Qasımlını qısa
tanıtımda təqdim
edək, sonra keçək Orxan Paşaya. Çünki bu gün bizim
əsas adamımız,
poeportret janrında ədəbi
qəhrəmanımız - Orxan Paşa ləqəbli Məhərrəm
Qasımlıdır...
"Azərbaycan Respublikasının
əməkdar elm xadimi"
(2015), Azərbaycan Respublikasının
Dövlət Mükafatı laureatı
(2010), "Şöhrət" ordenli (2018), filologiya elmlər doktoru, professor, ədəbiyyatşünas,
folklorşünas, Beynalxalq
Folklor Fondunun (ABŞ)
Azərbaycan təmsilçisi,
"Milli Folklor" (Türkiyə)
dərgisinin Azərbaycan
təmsilçisi, Azərbaycan
Aşıqlar Birliyinin
sədri, Yazıçılar
Birliyinin üzvü,
"Folklor və Etnoqrafiya" beynəlxalq jurnalının
baş redaktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
"Azərbaycan şifahi
xalq ədəbiyyatı
və yazılı abidələr" şöbəsinin
müdiri Məhərrəm Paşa
oğlu Qasımlı
1958-ci ildə, avqustun
5-də ozanlı-aşıqlı, sazlı-sözlü, nağıllı-dastanlı
Tovuz rayonunun Alakol kəndində tanınmış ziyalı
ailəsində anadan olub, 1975-ci ildə Tovuz rayonu Alakol
kənd orta məktəbini bitirib, mükəmməl orta və ali təhsil
alıbdır.
Azərbaycan Dövlət Universitetinin
Filologiya fakültəsini
bitirib, bir müddət sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
əyani aspiranturasına
qəbul olunub, burada "Şah İsmayıl Xətainin poeziyası" namizədlik
və "Aşıq
sənətinin qaynaqları,
yaranışı və
mühitləri" mövzularında
doktorluq dissertasiyalarını
müdafiə edibdir.
O, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Abbas
Zamanov, Firudin Hüseynov, Tofiq Hacıyev, Fərhad Zeynalov, Şamil Qurbanov, Qulu Xəlilov, Təhsin Mütəllibov kimi şəxsiyyətlərdən dərs almış, onların hərəsindən
bir kişilik əlaməti, mərdlik,
elm, düşüncə tərzi,
mütərəqqi - milli dünyagörüş,
həyat tərzi əxz
etmiş, öz şəxsiyyətində cəmləyərək
sabitləşdirmişdir. Bu onun Universitetdəki tələbəlik illərinə
xasdır.
Sonrakı dövrdə isə
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutundakı aspirantura
dövrü, namizədlik,
doktorluq mövzularında
dissertasiya müdafiələri,
şöbə müdiri,
direktor müavini kimi məsul vəzifələrdəki fəaliyyəti
dövründə Azərbaycanın
görkəmli alimlərindən
Mirzə İbrahimov, Mirzağa
Quluzadə, Kamal Talıbzadə,
Məmməd Cəfər,
Əziz Mirəhmədov,
Bəkir Nəbiyev, Qasım Qasımzadə,
Kamran Məmmədov, Məmmədhüseyn
Təhmasib, Mirəli Seyidov, Qasım Qasımzadə, Teymur Əhmədov, Yaşar Qarayev, Qəzənfər Paşayev, Şamil Salmanov, İsa Həbibbəyli,
Şirindil Alışanlı,
Kamran Əliyev, Muxtar İmanov, Teymur Kərimli və s. bu kimi görkəmli
alimlərlə, qələm
dostları, həmyaşları
ilə təmasları,
ünsiyyəti Məhərrəm
Qasımlı şəxsiyyətinin
formalaşmasında mühüm
əhəmiyyət kəsb
etmiş, elmimizə, mədəniyyətimizə, müasir
milli təfəkkürümüzə belə bir ziyalı
bəxş etmişdir...
Və bunu da qeyd edim ki, mənim
gözümün qabağında,
bu azman elm adamlarının sırasında
yer tutmaq, elmdə, idarəetmədə
məqam sahibi olmaq da, hər oğulun, hər alimin, hər ziyalının hünəri
deyil...
Məhərrəm Qasımlı "Aşıq
sənəti" (1996), "Şah İsmayıl Xətainin poeziyası"
(2002), "Sənə
sözüm var" (2004), "Ozan-aşık sanatı"
(2010, Türkiyə), "Ozan-aşıq
sənəti" (2011, 304 s.), "Şirvan aşıqlarının
saz havaları"
(2011), "Dərbənd folkloru"
(2014), "Ozan sənəti" (Təbriz, 2015), "Folklor
və ədəbiyyat
araşdırmaları" (2017, 627 s.),
"Aşıq şeirinin
poetik biçimləri
və çeşidləri"
(2018) təkin
xeyli monumental monoqrafiyalar, "Ozan-aşıq
keçidi" ("Qobustan"
jurnalı, 1991, ¹3), "Manas" dastanının anlatılış
özəllikləri" (Ankara, "Türk dünyası"
dərgisi, 1995, ¹4), "Azərbaycan
türklərində ad
anlayışı" ( "Azərbaycan interneyşel"dər.
Vaşinqton, 1999, ¹11), "Aşıq
sənətində informatik
yük və repertuar problemləri" ( Bakı, 2001, "Elmi əsərlər",
¹3-4), "Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq"
("Ədəbiyyat qəzeti"-
2015. - 5 sentyabr. - S.20-21.) qəbildən
500-dən çox elmi-nəzəri
məqalələrin müəllifidir.
ABŞ, Rusiya, Türkiyə, Fransa, İran, Gürcüstan,
İraq, Orta Asiya və bir çox
başqa ölkələrdə
tədqiqatları nəşr
edilən, beynəlxalq
elmi konfranslarda məruzə və çıxışları böyük
maraqla dinlənilən
tanınmış araşdırmaçının
aşıq sənəti
sahəsindəki sistemli
elmi-təşkilati fəaliyyəti
barədə 2006-cı ildə
Türkiyənin Atatürk Universitetində
dissertasiya işi müdafiə olunmuşdur.
Çoxsaylı kitab, monoqrafiya
və məqalələrin
müəllifi olan
professor Məhərrəm Qasımlının
rəhbərliyi altında
otuzdan çox fəlsəfə doktoru yetişmişdir.
Naxçıvan, Dərbənd, Gəncəbasar
ərazilərindən, eləcə
də Cənubi Azərbaycan, Qazaxıstan və Gürcüstanda yaşayan soydaşlarımızdan
folklor materiallarının
toplanması və antoloji nəşrlərinin
hazırlanmasında da onun
mühüm xidmətləri
vardır. Təkcə
2018-ci ildə nəşr
olunan üç cildlik "Azərbaycan aşıq ədəbiyyatı"
antologiyası bunun əyani örnəyidir...
2008-2016-cı
illərdə Azərbaycan
Aşıqlar Birliyinin
birinci katibi olan Məhərrəm Qasımlı 2016-cı ildən
həmin təşkilatın
sədri kimi səmərəli fəaliyyət
göstərir. O, 2014-cü ildən nəşr edilən "Folklor və etnoqrafiya" Beynəlxalq elmi jurnalının təsisçisi
və baş redaktoru, Türkiyədə
çap olunan
"Milli folklor" və
"Atatürk" beynəlxalq elmi jurnallarının Azərbaycan təmsilçisi,
UNESKO-nun qeyri-maddi-mədəni irs üzrə "Aşıq sənəti"
layihəsinin elmi məsləhətçisi, "Ozan" elm və sənət toplusunun baş redaktorudur.
O, həm də bacarıqlı elm təşkilatçısıdır. 1992-2017-ci illərdə
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun elmi işlər üzrə direktor müavini olub, 2003-cü ildən
"Azərbaycan şifahi
xalq ədəbiyyatı
və yazılı abidələr" şöbəsinə
rəhbərlik edir.
1992-2003-cü illər arasında
Ədəbiyyat İnstitutunda
Elmi Şuranın sədr müavini,
1993-cü ildən 2003-cü ilə qədər, daha sonra isə
2007-2016-cı illər arasında
İnstitutun Elmi Seminarının rəhbəri
olmuş, 1998-ci ildən
indiyə kimi İnstitutun nəzdindəki
Dissertasiya Şurasının
üzvüdür.
Məhərrəm Qasımlı təxminən,
30 illik uzun bir müddətdə Azərbaycan Radiosu və Televiziyası ilə sıx əməkdaşlıq edib.
Azərbaycan Radiosunda efirə gedən "Bulaq" verilişləri,
Azərbaycan Televiziyasında
aparıcısı və
müəllifi olduğu
"Bizim ellər yerindəmi", "Qala",
"Musiqi xəzinəsi",
"Saz-söz axşamı"
və başqa verilişlər Məhərrəm
Qasımlının sanballı,
özünəməxsus, səriştəli
teleradio yaradıcılığından,
xalqla ardıcıl ekran-efir ünsiyyətindən
xəbər verir... Bu
qisimdən verilişlərin
ömürdən və
yaradıcılıqdan nələr
apardığını, hansı
zəhmət, axtarışlar
hesabına ("Ədəbiyyatşünaslıq
və zaman" verilişinin
12 illik aparıcı-müəllifi
kimi) başa gəldiyini öz təcrübəmdən yaxşı
bilirəm..
Bu ekran-efir yaradıcılığı,
ünsiyyəti Məhərrəm
Qasımlını Azərbaycanın
hər evində, hər hücrəsində
tanıdıb... Təkcə
Quzey Azərbaycanında
deyil, Bütöv Azərbaycanda - Cənubdan
tutmuş Dəmir qapı Dərbənd, Gürcüstan tayında Borçalı ellərində,
Avropada, Şərqdə,
imanımız-gümanımız, səsimiz haralara çatırsa oraların
hamısında professor, folklorşünas,
tele-aparıcı, aşıq
sənətinin kamil bilicisi Məhərrəm Qasımlını yeddidən
yetmişə hamı
tanıyır, rəğbətlə
qarşılayır, sevir,
yolunu gözləyirlər...
Orxan Paşa isə şairdir,
onun "Sənə sözüm var" (2004) adlı
ilk şeirlər kitabı
ilə
"Yağmur qoxusu" (2015) arasında 11 illik bir zaman məsafəsi dayanır. Məhərrəm
Qasımlı elə bu kitabından başlayaraq Orxan Paşa imzasını qəbul edir. Orxan Paşanın yeddi şeir kitabı işıq üzü görüb. Bunlardan Məhərrəm
Qasımlı - Orxan Paşanın birgə imzası ilə çap olunan "Taleyimdən və ürəyimdən keçənlər"
(2017), nəsrlə filosofanə
yazılmış esselərdir,
şairanə düşüncələrdir,
sənət adamının
estetik düşüncələridir... Məhərrəm
Qasımlı və Orxan Paşanın yazdığı
bədii-publisistik əsərləri,
fəlsəfi düşüncələri
toplanıb.
Burada müəllifin
fərdi poetik duyğuları, ədəbi-estetik
dəyərləndirmələri, sətiraltı eyhamlar və s. yer alıb. Onu da deyim ki, Məhərrəm
Qasımlının yaradıcılığında
elmi təfəkkürlə
bədii təfəkkür
qəribə bir tərzdə inteqrasiya edir, ya bir-birinə
keçid edir, ya da paralel hərəkət
edir, yaxud da qovuşur, birgəlik yaradır...
"Taleyimdən və ürəyimdən keçənlər"
kitabının əvvəlində
müəllif bu
yazıları toplamaq
ehtiyacından "Bir neçə
söz" başlığı
altında yazır:
"İllər boyu ürəyimdən və taleyimdən keçənlərin
bir qismini xırda qeydlər, bəzən də gündəlik düşüncələr
şəklində yazıya
almışam. Burada həyati müşahidədən
gələn xəlqi ümumiləşdirmələr, fərdi poetik duyğular, ədəbi-estetik
dəyərləndirmələr, sətiraltı eyhamlar və daha nələr,
nələr... yer alır. Açığı,
qələmə aldığım
mətnlərin janr səciyyəsini müəyyənləşdirməkdə,
hansı janrın əlamətlərini daşıdığını
söyləməkdə çətinlik
çəkirəm. Dünya
ədəbiyyatında çeşidli
örnəkləri ola biləcək
bu yazı manerasının ən çox bəyəndiyim təqdimatını Jül
Renarın məşhur
gündəliyində görmüşəm".
"Saz başına döndüyüm" (2017) kitabına
isə konkret janr nümunələri, daha dəqiq desək, "Durna telli" qoşma və gəraylılar daxil edilib. Bu şeirlər toplusu çeşidli saz havalarında səsləndirilə biləcək
poetik mətnlərdir.
Burada lirik-romantik duyğuların,
ana yurdun gözəlliklərinin
tərənnüm olunduğu,
milli dövlətçilik düşüncəsinin və
dünyanın fəlsəfi
dərkinə yönəlmiş
dəyərləndirmələr öz əksini tapıb. Şair saz, saz havaları
və saz şairi haqqında düşüncələrini bu
cür ifadə edir: "Mən uzun müşahidə və təcrübələrdən
sonra bu qənaətə gəldim
ki, poeziyada ən çətin iş saz şairi ola bilməkdir. Saz, daha doğrusu, saz havaları heç də hər şeiri öz bağrında yuvalandırmır. Saz havası və aşığın oxu biçimi qoşma və gəraylıdakı
uyğunsuzluğu həmin
andaca üzə çıxarıb geri itələyir. Abbas Tufarqanlının,
Qurbaninin, Xəstə
Qasımın, Dədə
Ələsgərin şeirləri
saz havalarının boyuna biçilib. Vaqif, Səməd Vurğun, Hüseyn Arif, Məstan Günər, Zəlimxan Yaqub, Məmməd Aslan kimi qələm ustaları da məhz saz şeirləri ilə ürəklərə
yol açıblar. Əsl saz şairi
ola bilmək hər kəsə qismət deyildir".
Kitabın "Durnatelli qoşmalar"
adlanan birinci hissəsində şairin
"Hər gün",
"Səndən küsmüşəm",
"Təbriz meydanında",
"Ordumuz", "Ay qoca
dünya", "Göyçəgülü",
"Gəldim, ay Bənövşəm",
"Arxada qalan günlər", "Hayıf
ki, sağ qaldım",
"İtirdim dostları"
kimi müxtəlif məzmunlu şeirləri daxil edilib.
"Gəraylı ərmağanı"
adlı ikinci hissədə isə "Bayrağım", "Ana yurdum",
"Sazım", "Söykən",
"Gedək Təbrizə-Təbrizə",
"Ürək pıçıltısı",
"Şuşanın "Xarı bülbül"ü",
"Qürbətin yolları",
"Özümlə könül
söhbəti", "Dünya",
"Tanrım" kimi
nümunələr toplanıb
"Əllərini uzat mənə" (Bakı,
2021. 272 səh.) şeirlər
kitabı isə onun, oxuculara təqdim edilən hələlik sonuncu şeirlər kitabıdır.
Ərazi bütövlüyümüzün
bərpa edildiyi, işğalçı üzərində
şanlı qələbə
qazandığımız Vətən
müharibəsinə həsr
olunan kitabda müəllifin "Qırx
dörd günün gerçək nağılı",
"Gəlmişəm, Şuşam,
gəlmişəm", "Kasıbın oğlu"
adlı şeirləri,
həmçinin "Şərqdə
şər oyunu" adlı fəlsəfi-siyasi
poeması, eləcə
də "Taleyimdən
və ürəyimdən
keçənlər" adlı
ömür və könül etüdləri
yer alıb.
Orxan Paşanın Bakıda yeddi, Təbrizdə iki, Tiflisdə isə bir şeir
kitabı işıq üzü görübdür. Bədii əsərləri Azərbaycanla
yanaşı Türkiyə,
İran, Rusiya, Gürcüstan
və Orta Asiya ölkələrində
yayılmışdır.
Göründüyü kimi, elm və sənət Məhərrəm Qasımlı
(Orxan Paşa) yaradıcılığının Qoşa qanadıdır. Amma birinci qanadı şeirlə tumurcuqlayıb. 1973-cü ildə
Tovuzun "Həqiqət"
qəzetində çap
olunan, İmadəddin
Nəsimiyə həsr
edilən "Dedi"
adlı şeiriylə
ədəbiyyata gələn
Məhərrəm Qasımlı
(hələ onda Orxan Paşa deyildi) illər ötdükcə həm yüksək intellektual səviyyəli ciddi alim, həm istedadı haqdan gələn görkəmli şair kimi məşhurlaşıb;
hər iki sahədə sanballı uğurlar qazanıb, Azərbaycanın elmi və ədəbi xəzinəsini zənginləşdirən
dəyərli əsərlər
yaradıb, çoxsaylı
kitablar çap etdirib. Alim Məhərrəm
Qasımlı və şair Orxan Paşanın eyni şəxsiyyətdə birləşən
bütövlük vəhdəti
müasir elmi-ədəbi
dünyamızın ən
unikal faktlarından biridir. Unikallığı
budur ki, sözü özünə çıraq
edib daha gur işıq axtarıb, poeziya ilə işıq axtarışına çıxıb,
bir şeirində dediyi kimi:
Təzədən başlayaq hər
şeyə, quzum,
Yağış yağa-yağa, qar
döyə-döyə.
Qanadı
qan gördü uğurumuzun,
Təzədən başlayaq yollar
getməyə.
...İşığı axtaraq
sonsuz gecədə,
Yorğun
gözümüzü zülmət
boğsa da.
İşığı axtaraq ümid içində,
İşığı axtaraq, işıq yoxsa da...
Orxan Paşa aşıq babaları kimi könül şairi, ürək şairidir, təbiidir, səmimidir,
dastan qəhrəmanları kimi poeziyaya qarasevdalıdır... Yaxşı
olan budur ki, ozan-aşıq ədəbiyyatından
qaynaqlanan bu poeziya müasir poeziyaya xas olan
modern təfəkkür, duyğu
və üslubu da özündə ehtiva edir.
Orxan Paşa ictimai mühitimizi düşündürən,
ona nigarançılıq
gətirən, qayğılandıran
problemləri, həmçinin
sevinc və qürur dolu halları poetik tərzdə, səmimiyyətlə,
inandıraraq ictimailəşdirməyi
bacarır və bu onun bədii
mətnlərinin poetik
yaddaş səviyyəsində
yaradıcılıq məziyyətidir...
Məhərrəm Qasımlı (Orxan
Paşa) "hər elmdən hali olan" Aşıq Ələsgərdən, "bayatılarımızın
heyrət heykəli"
adlandırdığı Sarı
Aşıqdan, "ismi
pünhan aşiqi"
Molla Cümədən,
Azaflıdan, Şəmşirdən,
həmçinin Təbriz
- Qaradağ aşıq
mühiti; Urmiya aşıq mühiti; Zəncan aşıq mühiti; Savə aşıq mühiti; Xorasan aşıq mühiti; Qaşqay aşıq mühitindən,
başqa sözlə
"Ata Qorquddan, Dədə
Qorquda" qədər
süzülüb gələn
ruha yiyələnmiş,
bunları ən ustadcasına təbliğ
edən, ilhamında cəmləyən şair-ruh
adamıdır. Buna görə
də, onun istər elmi, istərsə də poetik, istərsə də, "Taleyimdən, ürəyimdən keçənlər"
nəsranə fəlsəfi
etüdlərində ruhumuzun
və dilimizin sərrafı rolunda özünü tamlıqla
göstərir.
Şuşaya gedişini "Müqəddəs
səfər" adlandıran
Məhərrəm Qasımlı
(Orxan Paşa) "Şuşanın fəthi
qürurunu yaşamaq adamın ruhunu səmada - Şuşanın
göylərində qanadlandırır
və kövrəldir.
...Şuşaya gəldiyim
gün, uzun illər niyyət etdiyim bir ibadəti
yerinə yetirdim, diz çöküb igidlərin qanına bələnmiş Şuşanın
daş-divarını öpdüm,
tutiya kimi gözlərimə çəkdim.
Və bir şeir gəldi ruhuma - "Gəlmişəm,
Şuşam, gəlmişəm"
şeiri elə oradaca ürəyimdən dodaqlarıma, oradan da varağa süzüldü...
Bəlkə də, bu yeni, azad olunmuş
Şuşada ilk yazılan
şeir idi..."
Digər
şeirlərinin əksəriyyəti
təkin bu şeir də Orxan Paşanın (Məhərrəm Qasımlının)
ömürlüyünün bələdçisidir... Şeir
şəxsiyyətin - müəllifin
güzgüsüdür və
bu güzgü parabolik güzgü deyil, onun iç
dünyası, dış
dünyası bu güzgüdə yüzə-yüz
əks olunur. Bu şeir güzgüsüdür, bulaq
suyu kimi təmiz, gün işığı kimi nurlu poeziya güzgüsü...
Və bu güzgüdə görürük ki, şair
Orxan Paşa (Məhərrəm Qasımlı)
bütün varlığı
ilə bu Vətənə, bu torpağa, bu elə bağlı olan bir ürək
sahibidir... Onun bir ziyalı kimi bütün taleyi Azərbaycan adlanan Vətənin taleyinə bağlıdır
və onun öz poeportretinə "Sənin taleyindir bu vətən!!" - xitabını da təsadüf,
gəlişigözəl söz,
ifadə saymırıq
və bu həqiqətən də belədir... Belə olmasaydı 30 ildən sonra Xarı bülbülə dönüb,
Zəfər yolunu keçərək "Gəlmişəm,
Şuşam, gəlmişəm!"
sevincini, fəxarətini,
qürurunu çətin
ki, yaşayardı, ümidləri
Cıdır düzündə
beləcə çiçək
açıb gerçəyə,
azad ruha, nurlu çöhrəyə
çevrilməzdi...
Dağıt başından dumanı,
Gəlmişəm, Şuşam, gəlmişəm.
Qalmasın ahın-amanın,
Gəlmişəm, Şaşam, gəlmişəm.
...Yolu açdı igidlərim,
Qazilərim, şəhidlərim,
Gerçək oldu ümidlərim
–
Gəlmişəm, Şuşam, gəlmişəm.
Şuşanın qayasını, torpağını
diz çöküb öpən lirik qəhrəman Azərbaycan
qəhrəmanına çevrilir,
bir müsəlman inancı ilə "Allahu
Əkbər!" nidası
ilə sarp qayalara dırmaşan,
"Can, Qarabağ!" nidası
ilə hayqıran, Koroğlu cəngisi ilə düşmən üzərinə şığıyan
cəngavər olur:
"Allahu
əkbər" sədasıyla,
"Can Qarabağ" nidasıyla,
Koroğlunun havasıyla,
Gəlmişəm, Şuşam , gəlmişəm.
"Qırx dörd günün nağılı" Ali Baş Komandanın hökmü, dəmir yumruğu ilə gerçək olur və "Qırx dörd günün gerçək nağılı" şeirinə çevrilir, şeir dönür vətən olur:
Bir az sonra
Şəhid qanı,
Qazi qanı
Qarışıb can verəcəkdi torpağa...
44 günlük alov içində
Ürəklənib
Təzədən Vətən olacaqdı...
"Torpağa su qarışanda palçıq
olur, qan qarışanda Vətən
olur!" müdrik və müqəddəs deyimin nağılı Şuşada bitir və göydən fərqli rənglərlə
üç alma düşərək
şəhidlərimizin, qazilərimizin,
şahidlərimizin əlində
üçrəngli Vətən
bayrağına dönərək
"Gövhər ağa"
məscidinin minarəsində
ucalardan uca məqama çatır,
"Zəfər soraqlı
o mübarək gün,
o hava gün, o işıq gün, o ürək gün" bütün Azərbaycan boyu qələbə, zəfər üfüqündən
Vətənləşən Qarabağ Günəşi
doğur və:
...Bütünləşdi Qarabağ.
Şuşa - Kəlbəcər,
Ağdam
- Laçın da
Kökləndi Bakı vaxtına;
Can oldu,
Azərbaycan oldu -
Vətənləşdi Qarabağ!
Orxan Paşanın 44 günlük
qələbə ərəfəsində
və qələbədən
sonrakı ovqatla qələmə aldığı
"Azərbaycan əsgərinə",
"Bayrağım", "Ordumuz", "Kasıbın
oğlu", "Bir ayrıydı
o kənd", "Yolum
gedir Zəngilana",
"Şəhid köynəyi
lalələr" qəbildən
və başqa onlarca şeirlərində
şairin qələbə
əzmindən yaranan könül çırpıntılarını,
qələbədən vəcdə
gələn vətəndaşlıq qürurunun
əzəmi ifadəsini
görürük...
Məhərrəm Qasımlı lap ilk gənclik illərindən
"yovşan ətirli" şeirlər yazsa da, 2015-ci ildən şeirlərini
"Orxan Paşa"
təxəllüsü ilə dərc etdirməyə başladı.
Məhərrəm Qasımlı mahir
folklorşünasdır və
ilk dəfə aşıq
yaradıcılığının nəzəri əsaslarını
yaradan folklorşünas
alimdir. Xalq yaradıcılığını, aşıq şeir formalarının kamil bilicilərindən olsa da,
onun poeziyasında müasir şeirin formalarından - heca vəznindən, sərbəst
şeir, ağ şeir formalarından bacarıqla istifadə etdiyi görsənir. Folklorizmlərin isə onun poeziyasında üstün olması təbiidir...
Xüsusən, müəllifin ritmik-melodik
ton yarada bilən səslərin alliterasiyasından,
təcnisdən süzülüb
gələn qafiyələnmə
sisteminə xas səs uyarlığından, aşıq
şeir ahənginin səslənmə effektindən
ustalıqla istifadə
edə bilməsi əksər şeir formatlarında düşərli, ahəngdar,
harmonik poetik intonasiyaya yaratmasına səbəb olur...
Orxan Paşanın "Qarabağın
qara baxtı" gəraylısı buna bariz
misaldır. "Qara baxt" obrazı klassik obrazlardandır. Bu ifadənin ən bariz nümunəsi XVI əsr Füzuli babamızın şeirindədir
- "Oyatdı xəlqi
əfqanım, qara baxtım oyanmazmı?"
Sonralar bu obraz yeni çalarlarla bayatıdan-bayatıya, gəraylılara,
mahnı mətnlərinə
( "Könül verməzlər şər
vaxtı, Arxamca bir qərib baxdı, Qarabağın qara baxtı, Qalmaz belə, qalmaz, dünya!") keçmiş, müəyyən
silsilə yaratmışdır...
Hətta
folklor janrlarından olan qarğışlarda - "Səni görüm qarabaxt olasan!" şəklində, atalar məsəli - "Qara qızın qar bəxti oyandı!" təkin işlənir.
Görünür, müəyyən çağlarda,
vaxtaşırı bizim
milli taleyimizin bir payı da bu obrazın yükünə
çevrilmişdir...
Orxan Paşa klassikadan üzübəri gələn
bu obraza yeni çalar verib, bu obrazı "Qarabağ" ifadəsi ilə həmahəng olmasını,
bir də məna-mahiyyət uyarlığını
nəzərə alaraq,
"a", "ə" və
"l" səslərinin sıx işləndiyi sözlərin yaratdığı
alliterasiyadan istifadə
edərək bu obraza tamamilə yeni assosiativ və ictimai məna verərək oxucusuna belə təqdim edir:
İllər illərə qalandı,
Yalan yalana calandı.
Əlli
yerə haçalandı
Qarabağın qara baxtı.
Nisgilli könülləri riqqətə
gətirən, ən gərgin anlarda Qarabağ həsrətini sözə çevirib ürəklərə su çiləyən, daim
ümid işığı
parlayan bu məzmunlu şeirlər, əslində alt qatda igidləri qələbəyə
səsləyirdi... Prezident
İlham Əliyevin rəhbərliyi
ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı
Qələbə Azərbaycan
xalqının milli qürurunu
özünə qaytardı.
Artıq hər kəs Qarabağın qara bəxtinin kəsilib atıldığı
sevinci yaşamaqdadır...
Orxan Paşa şeirlərində,
tarixi yaddaş elementlərindən, folklorizmlərdən,
neologizmlərdən, epitetlərdən,
təşbehlərdən, dialektizmlərdən,
arxaizmlərdən, vulqarizmlərdən,
metonimiyalardan, metaforalardan,
anaforalardan, bədii suallardan, xitablardan, təzadlardan, təkrirlərdən
və inversiyalardan
- ədəbi
dilin bu qəbildən olan funksoniallığından ustadcasına
istifadə edir, beləliklə, şeirin emosionallığını, intonasiya
zənginliyini və təsirliliyini artırmağa
nail olur, özünəməxsus
poetik leksikon yaradır - Orxan Paşa poetik leksikonu!! Sazın-sözün, sənətin,
mənəvi sərvətlərimizin
qeyrətini çəkən,
qeyrətkeşi olan Məhərrəm Qasımlı
- Orxan Paşa leksikonu!!
Məsələn, təkcə bir
nümunə:
Cilvələnib gətirdiyin baharmı,
yazmı?
Dəli
könlüm dönüb
bir də havalanmazmı?!
Aman tanrım, divanələr,
dəlilər azmı?
- Məcnun kimi, Kərəm kimi görk olan da var...
Təkcə bu bənddəki
"cilvələnib", "dəli könül",
"havalanmaq", "aman
tanrım", "divanələr",
"Məcnun, Kərəm",
"görk" sözlərinin
yaratdığı assosiativ
ruh, ovqat, qədimilikdən süzülüb
gələn sözlərin
məna şəhdi, hüsnü bu poetik leksikonu şərtləndirən amillərdəndir...
Orxan Paşanın "Türklüyümüz
yenilməz", "Xəzər
qalxır", "Ürəyimin
səcdəgahı",
"Yol verin", "Gedək Təbrizə-Təbrizə",
"Xudafərin körpüsü",
"Azərbaycanım", "Getdim, gördüm",
"Bir daha enməz",
"Şuşanın xarı
bülbülü", "Türklər Krıma qayıdır", "Laçınım",
"Göyçə dedim,
yaralarım göynədi"
qəbildən əksər
şeirləri, sözün
yaxşı mənasında
yeni baxış bucağı
ilə, poetik dəsgahın tamlığı
ilə oxucunu içdən-içə göynədir,
həyəcanlandırır, ruhu havalandırır, təzələyir... Onun şeiriyyəti sadə, kövrək, ülvi, doğma, müqəddəs
hisslərlə, məqamlarla
dop-doludur... Və qətiyyətlə deyirəm,
Orxan Paşanın (Məhərrəm Qasımlının)
poetik prototipi
VƏTƏNDİR!! Orxan Paşa
üçün Vətən
anlayışı daha
geniş arealı əhatə edir: Altay dağlarından, qıpçaq
çöllərindən Xəzər,
Qara dənizə qədər, Aralıq dənizindən də oyana bütün Turanı!..
Belə
qərar qoyub Tanrım əzəldən,
Xəzər yüksəlirsə Türkün
yazıdı;
Bu qalxış, oyanış
indi təzədən
Oğuz ruhlarının
qabarmasıdı.
Artıb dalğasının
səsində kəsər
-
Dikəlir dənizim
ötən gücüylə.
Yenilməz ərən
tək hayqırır
Xəzər
Atilla gücüylə,
Mete gücüylə.
Yağıya qənimdir nərəsi Türkün,
Qənimdi boz
atı, al çadırları.
Tufanlı Xəzərdən
şığıyar bir
gün
Oğuz dünyasının
bahadırları...
Belə düşünürəm
ki, Əməkdar elm xadimi, Dövlət
mükafatı laureatı,
"Şöhrət" ordenli,
filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar
Birliyinin sədri, AMEA
Ədəbiyyat İnstitutunda
şöbə müdiri,
ədəbiyyatşünas, folklorşünas, şair
Məhərrəm Qasımlı
(Orxan Paşa) 65 yaşında 165 yaşın
işini görüb...
Tanrımız qələm
dostumuzu, həmkarımızı,
əsrdaşımızı, gündaşımızı elm,
poeziya və televiziya məkanında həmişə fəxarətli,
qürurlu, görümlü
eləsin...
30.07.2023
Qurban BAYRAMOV
Ədəbiyyat.- 2023.- 5 avqust.- S.22-23.