Sevgilim Vətən
- Radiopovest (ikinci hissə).
İkinci
Qarabağ müharibəsinin
yeganə qadın şəhidi Arəstə
Baxışovanın xatirəsinə
(Əvvəli burada)
İkinci
sarğı
Müəllif
Övlad...
Hər bir insanın bu həyatda bir neçə borcu var. Yəni bu dünyaya gəlmisənsə, mütləq
etməli olduğun bir neçə nəsnə var ki, onlardan biri də dünyaya
övlad gətirməkdir.
Bu həm nəsil artırmaq, həm də özünə varis qoyub getmək
kimi vacib əməldir. (Təbii, burda istisnalar da var. Kimsə heç ömrü boyu ailə qurmaz və bu səbəbdən
övladı da olmaz. Bizim qonşu qəsəbədə bir yaşlı kişi vardı, adı Cəlaldı, amma hamı Qısır Cəlal deyirdi. Yazığın ömrü
boyu arvadı olmamışdı. Elə
mənim yaxın dostum şair Məmməd Elli... O da həyatı
boyu evlənmədi...
Qadınlardan da belə
misal çəkə
bilərəm, amma bəsdir... Bir də var taleyin əyməsi - evlənərsən, uşağın
olmaz. Bu da bir ayrı işdir. Təbii, o zamanlarda indiki kimi süni
mayalanma-zad yoxuydu axı...) Amma dünyaya övlad gətirməklə
iş bitmir. Gərək onu böyüdəsən, nazını
çəkəsən, tərbiyə
verəsən, bir sənət sahibi edəsən və ailə qurmasına, ev sahibi olmasına
yardımçı olasan...
Əgər bunları
etməyəcəksənsə, o övladı bu dünyaya gətirib oda salmağa dəyməz...
Bir ailə yaxınımız
vardı. Necə başa salım, biz tərəfdə oğlan
uşaqlarını sünnət
edəndə onu qucağında saxlayan yıxılıb-durmuş, bərkdən-boşdan
çıxmış kişi
xeylağına ağız
açar, sünnət
işi bitdikdən sonra da onu şirin-şirin
kirvə çağırardılar.
Dediyim ailə yaxınımız kirvəmiz
idi. Bizim nəsildə nə qədər oğlan uşağı vardı, hamısını onun qucağında sünnət
eləmişdilər. Kolxozda
hesabdar işləyən
bu adam bizim
kəndə başqa rayonnan gəlmiş, burada yerli bir
kişinin qızı
ilə ailə qurub, ev-eşik sahibi olmuşdu. Birevli* kimi olmuşduq.
Bizim xeyir-şərdə
onlar yaxınnan iştirak edərdi, onlarınkında da biz.
Mənim
on səkkiz, ya on doqquz yaşım olanda bir gün
anam dedi ki, kirvəmizin filan kənddə bir oğlu varmış, həmin oğlanın anası, yəni kirvəmizin birinci arvadı vəfat eləyib, ayıbdır, camaat maşın tutub, gedirlər, sən də get. Atam da başa saldı ki, siyahı olsa, adını yazdır, beş manat da pul sal*.
Çıxanda da ev sahibinə və kirvənə başsağlığı
ver.
Getdim. Tanımadığım adamlara
başsağlığı da verdim. Geri qayıdanda kirvəmiz dil-ağız elədi ki, belə gündə onu tək buraxmadım...
Kənddə müəllim işləyirdim,
yenə bir gün atam dedi
ki, bəs, kirvənin
filan kənddə bir qızı varmış, indi onun əri maşın
qəzasında ölüb,
qonum-qonşu yığışıb
maşınla gedirlər,
gəlsənə, sən
də gedəsən, ayıbdır...
Elə bildim, yasına getdiyim arvadın qızıymış, amma
yox, bu da ayrı arvaddanmış və bir ayrı
kənddə yaşayırmışlar...
Buna da getdim...
Lap son vaxtlar idi - 90-ların başı. Dedilər ki, kirvəmizin tamam ayrı bir kənddə
yaşayan neçəncisə
arvadının nəyinin
nəyisə rəhmətə
gedib... Vallah, düzünə qalsa, gedərdim getməyinə,
amma kirvəmin əvəzinə mən utandım... Bu nədir, ay
kirvə, sən Çingiz xanmısan?! Hər kənddə bir arvad, hər
arvaddan bir oğlan, bir qız... Sonra da yas yerləri...
Kirvəminki bir gecənin kefinnən olanlardı...
Amma atalar, yaxud da analar da var ki, Vətən
çağıranda gözlərinə
nə övlad görünər, nə ailə. Elə Arəstə kimi... Yox, Arəstədən danışmazdan öncə
qoy bir ayrı
misal çəkim: Fərid Hacıyev adlı döyüşçü
müharibədə qəhrəmanlıqla
vuruşmuş, Füzulinin,
Cəbrayılın azad
edilməsində rəşadət
göstərərək şəhid
olmuşdu. Özünnən
sonra iki körpə övladı qalıb. Üstəlik, atası da oğlunun şəhid olmasına dözməmiş, infakt keçirərək həyata
vida etmişdir... Bəli, Vətən eşqi bu igidlərçün
ailədən, övladdan
üstün idi. Nişanlısını gözüyaşlı
qoyub gedənlər vardı, üç ayın gəlinini gözü yollarda buraxanlar vardı, sevdiyi qıza ürəyini açmadan Vətən uğrunda silaha sarılanlar vardı...
Tək-tək də olsa, Arəstə kimi analar da vardı... Övladlarını analarına
etibar edib Vətənin müdafiəsinə
qalxmışdılar...
"Vətən eşqi məktəbində can verməyi
öyrənmişik..." - deyilənə görə,
qeydiyyat dəftərçəsində
yaralı əsgərlərin
adlarını yazdığı
səhifələrin birində
bu misra da varmış... Heç müəllifinin adı da
qeyd edilməyibmiş...
Özünün dost-doğma
misraları kimi yazıbmış Arəstə...
"Vətən eşqi məktəbində..."
Arəstənin övladlarının fotolarını gördüm.
Hələ çox uşaqdırlar. Onlara ana nəfəsi bunnan belə lazımdır.
Amma Arəstə analıq
duyğusunu dondurub getmişdi. Bir də orada - cəbhə bölgəsində anasız
uşaqlara, evdən qaçıb gedənlərə
ana olmağa, yaralanıb
qanı tökülənlərə
bacı olmağa getmişdi. Əlbəttə,
yuxarıda misal çəkdiyim kirvəmizin
kəndlərə səpələnmiş
uşaqlarının məsələsinin
Arəstəyə, onun
uşaqlarına dəxli
yox kimidir. Sadəcə, yeri gəldi, yazdım...
Arəstə kimi tibb bacısı olmaq, özü də müharibə gedən ölkənin döyüş
bölgəsində tibb
bacısı olmaq - neçə-neçə gəncə
ana-bacı olmaq kimi iş idi.
Arəstə
Bir gün dedilər ki, Türkiyədən doktor gəlib, biz tibb bacılarına məsləhətlər
verəcək. Əlbəttə,
məsləhət almaq
yaxşı şeydir,
amma mənim indi məsləhətə
vaxtım hanı ki?
Biz bir saat belə boş durmuruq. Namxuda, ordumuz sürətlə irəliləyir. İrəliləyən
ordunun şəhidi, yaralısı daha çox olur. Və mən köməkçilərimlə yaralılara yardım etməli, imkan olanda şəhidləri də arxaya yola salmalıyam.
Bir axşam nisbətən sakitlik idi. Atışma
səsləri eşidilmirdi.
Türk həkim yadıma düşdü və Mirələmovu da yanıma alıb, maşınla on kilometr arxada yerləşən səyyar tibb məntəqəsinə getdim.
Həkimin bəzi məsləhətləri həqiqətən,
lazımlı idi və mən heç onları bilmirdim. Sonra o, ilk türk
həmşirəsi, yəni
tibb bacısı olmuş Gövhər Nəsibə sultannan danışdı. Bu, mənim
son illərdə eşitdiyim
ən maraqlı və kədərli hekayət idi...
"...Səlcuq sultanı 2-ci Qılınc Arslanın qızı Gövhər Nəsibə sultan sarayının
ordu başçısına
könül verər.
Amma qardaşı sultan 1-ci Qiyasəddin Keyxosrov buna razı olmaz. Həmin ordu başçısı bir
savaşda qalib olsa da, ağır yaralanar və geri dönən kimi ölər. Gövhər sultan bunnan sarsılar, onsuz da uşaqlıqdan zəif olan bədəni dözməz və xalq arasında "incə xəstəlik"
deyilən vərəmə
mübtəla olar.
Qardaşı bacısının bu
halını görüb,
çox peşman olur, fəqət artıq çox gecdir. (O zamanlar vərəmin çarəsi
yox idi.) Bacısınnan soruşur
ki, onun son bir arzusu varsa, sultana desin. Qız qardaşınnan xahiş edir ki, onun özünə
aid mal varlığını da sərf etməklə bir xəstəxana, yanında da tibbi mədrəsə tikdirsin
ki, əsasən müharibələrdə
yaralanan əsgərlərə
və çarəsiz
dərdə tutulan xəstələrə orada
tibbi yardım edilsin. Mədrəsədə
isə gənclərə
təbabətin sirləri
öyrədilsin. Qılınc
yarasınnan ölən
sözlümün və
mənim könül yarama bir məlhəm
olası o şəfaxanada
məşhur həkimlər,
cərrahlar yetişdirilsin
ki, insanlar xəstəliklərdən
və müharibələrdə
aldıqları yaralardan
ölməsinlər. Və
ən əsası da
o xəstəxanada müalicə
olunanlardan bir quruş belə alınmasın...
Sultan bacısının son vəsiyyətini
yerinə yetirərək
Kayseri şəhərində böyük bir xəstəxana-mədrəsənin tikilməsinə əmr verir. 280 kvadrat metr əraziyə sahib bu nəhəng tikinti iki ilə
başa gəlir. Dünyadan nakam köçən Gövhər
Nəsibə sultanı
mədrəsənin içərisindəki
türbədə dəfn
edirlər. 1890-cı ilə
qədər bu şəfa ocağı həm xəstəxana, həm də tibb mədrəsəsi kimi fəaliyyət göstərmişdir. Lap sonralar
həmin şəfaxana
Gövhər Nəsibə
sultan Tibb Ərciyəz
İnstitutuna çevrilmiş,
1982-ci ildə isə Tibb Muzeyinə dönüşmüşdür..."
Bu qiymətli məlumatı eşitdikdən sonra, nə gizlədim, özümlə iftixar duyğusu yaşadım. Demək, həyatda mənim kimi düşünən, həyatını
başqalarının səadətinə,
sağlamlığına və
ən ümdəsi Vətən torpaqlarının
qorunmasına həsr edən qadınlar da olmuşdur...
Maşınla geri qayıdanda
gördüm ki, məni
ağlamaq tutur. Sürücünün və
Mirələmovun bunu görməməsi üçün
bizim məkana - tibbi çadırımıza
çatmağa bir kilometr qalmış, maşınnan düşüb
ayaqla getdim. Tək qalanda doyunca ağladım... Bilmədim, bu, Gövhər Nəsibə
sultanın nakam sevgisinə ağlamaq idi, ya özümün
nakam həyatıma?..
Mayor
Mirələmovla sürücü maşınnan
düşəndə baxdım
ki, Arəstə xanım
yoxdur. Dedilər, bir qədər aralıda düşüb ayaqla gəlmək istədi. Belə axşam-axşam, özü də döyüş bölgəsində
tək qalmaqmı olar?! Dərələrdə
bəlkə də qaçıb gedə bilməyən, gizlənməyə
məcbur olan erməi döyüşçülərə
rast gələ bilər. Ona görə sükana özüm əyləşib maşını
geri sürdüm. Bir az aralıda qayaların üstündə
oturmuşdu. Maşının
səsini eşidib qalxdı. Heç nə danışmadıq.
Sadəcə, mən narahatlığımın səbəbini
izah etdim. O isə hansısa türk həkimin danışdığı əhvalatdan,
həmin əhvalatdakı
şəfqət bacısınnan
söhbət açdı.
Düzü, mən də duyğulandım. İstanbulda Xüsusi Təyinatlı kimi kurs keçərkən vaxtilə oradakı hosbitalların birində Kırım müharibəsində
yaralanan əsgərlərə
yardım etmiş tibb bacısı barədə eşitdiklərimi
danışdım. Türklərin
həmşirə dediyi
italyan şəfqət
bacısı haqda danışdıqlarıma elə
diqqətlə qulaq asırdı ki, mən özüm də danışdığım olayın
təsiri ilə neçə yüz il əvvəllərə səyahət
etmiş kimi oldum...
"Adı Florens Naytingeyl idi. O, 1820-ci ildə İtaliyada varlı bir ailədə doğulmuşdu.
Beş dil bilən bu xanımın
arzusu tibb sənətini öyrənib,
tibb bacısı kimi müharibədə zədə alan yaralılara, xəstələrə qulluq
etmək idi. Lakin ailəsi qəti şəkildə buna qarşı
çıxır. Almaniyaya
gedib tibb bacısı peşəsini
öyrənir, tibbin incəliklərinə yiyələnir
və Böyük Britaniyada bir xəstəxanada çalışır.
Bu vaxt Krım müharibəsi başlayır
və xanım Florens İstanbula gəlib hospitalda yaralılara yardım edir. Sonra Krıma yola düşür. Burada müharibə
zamanı güllə
altınnan çıxardıb
müalicə etdiyi əsgərlər onun haqqında əfsanələr
danışırlar. Krımdakı
ən yüksək bir yerdə müharibədə həlak
olan əsgər, həkim və tibb bacılarının şərəfinə öz
hesabına ağ mərmərdən abidə
ucaltdırır.
Krım
müharibəsi Florens
Naytingeyli milli qəhrəmana
çevirir. O, apardığı
işləri yazdığı
kitablarda ümumiləşdirir.
Bir kitabındakı tövsiyələr
əsasında 1864-cü ildə
Cenevrədə "Qırmızı xaç
cəmiyyəti" yaradılır.
Dünya şöhrətli
xanım Naytingeyl
1910-cu ildə Londonda vəfat edib."*
Arəstə göz yaşları
içərisində dinlədiyi
hekayədən sonra mənə təşəkkür
edib öz çadırlarına getdi.
Mən isə bayırda oturub bu qəhrəman qadın haqqında düşünürdüm…
Arəstə yadıma düşəndə
dünya şöhrətli
gənc Florens gözüm önünə
gəlir. Varlı ailədə doğulan, heç kimə ehtiyacı olmayan bu xanım dünyada
inqilabi çevrilişə
bənzəyən bir
iş görür. Həyatını və ömrünü müharibələrdən
və xəstəliklərdən
əziyyət çəkən
insanların sağlamlığına
həsr edir... Bizim Arəstə kimi...
Arəstə müharibədə neçə-neçə
yaralını xilas edənnən sonra onlarla gənc qız cəbhəyə yollandı. Hətta bir universitet tələbəsi hospitala
gedərək yaralılara
yardım etmək, onları yedirtmək, altlarını təmizləmək,
cannıqlarını* dəyişməyə
kömək etmək,
dərmanlarını içirtmək
kimi işlər görmək istədiyini bildirmişdi. Xəstəxana
rəhbərliyi əvvəl
buna etiraz etsə də, sonra qızın əl çəkmədiyini görüncə,
razılaşmaq məcburiyyətində
qalmışdı.
O da maraqlıdır ki, qızın
bu arzusunu atası müdafiə etmiş, onun arxasında dayandığını
bildirmişdi. Mən qızın danışıqlarını
internetdə izlədikcə
yadıma yenə qəhrəman Arəstə
düşürdü. Onun
"yoluxdurduğu" bu
gənclərin neçə-neçə
insanın qəlbinə
işıq saçdığını
görmək çox
xoş idi. Müharibədə ağır
zədə almış,
qolunu, qıçını,
gözünü itirmiş
bu gənclər belə isti münasibət görəndə
onların yaşamaq əzmi artır, həyata yenidən bağlanırlar...
Gültəkinin silueti
Arəstənin dünən qayalar
üstündə oturub
ağladığını görəndə çox
pis oldum. Bu qızın nə dərdi var?
Arzuladığı yerinə yetir - müharibədə
qələbə çalırlar,
torpaqlarımızı azad
edirlər, döyüşən
yaralı oğlanları
güllə yağışının
altınnan çıxarda
bilir, nə qədər gəncin kumirinə çevrilib...
Bunnan artıq nə olmalıdır ki?!. Nə bilim, ona qanım qaynayır, yaxınlaşmaq,
dərdləşmək keçir
könlümnən...
Bizim getdiyimiz yollarla gələn bahadırları
görmək necə də xoşdur. O zaman,
28-30 il əvvəl bizim
bacara bilmədiyimizi bacarır onlar. Şir kimi döyüşən
oğullarımızı, nərələri
bu dağlara səs salan Xüsusi Təyinatlılarımızı
görmək adama fərəh bəxş edir.
Və onların arasında ora-bura qaçan, yaralı qardaşlarına
yardım edən, həyatını təhlükəyə
atan bir xanım da görmək dünyanın ən gözəl, ən baxımlı mənzərəsidir
mənimçün. Və
biləndə ki, o qız
məni özünə
kumir bilir, bu, daha xoş
olur. O qədər xoşbəxtəm ki, ruhumun
bu dağlarda dəli kimi dolaşmasınnan belə
məmnunam...
Bu gecə yuxusuna
girmişdim... Axır
ki... Xeyli dərdləşdik...
Filmə
bənzəyir, amma gerçəkdir. Eynən
mən yaşda, mən boy-buxunda bir gənc xanım
28 il əvvəlki Gültəkinin yolunu davam etdirir. Çox xoşbəxtəm
e, çox...
Arəstə
Bir şeir vardı, "Könlümün sevgili məhbubi mənim"... Yazanı yadımdan çıxıb. Çox
sevirdim o şeiri. Məktəbdə oxuyanda əzbərdən söyləyərdim.
Amma bir şeyi başa düşmürdüm.
Adam Vətənə necə
"sevgili" deyə
bilər axı?!. Gülməli gəlirdi mənə... Hərənin bir sevgisi olur. Şairsə
deyir ki, Vətən məhbubumdur... Düzdür,
mənim sevgim alınmadı, nakam oldum... amma orduya
yazılannan sonra, illah da müharibə başlayanda bildim əsl sevginin nə olduğunu...
Mən burda vuruldum, burda sevdim. Gecə-gündüz
bu eşq ilə alışıb-yandım.
Öz sevgimə qovuşaraq pərvanə kimi şamda qovruldum...
Mən, hissləri koralmış, kişiləşmiş
bir qadın, elə sevdim, elə sevdim, yandım, tüstüm təpəmnən çıxdı...
Ağır əməliyyatdan sonra
bu gecə şam işığında
əyləşib şeir
yazmışam, başıma
xeyir... Mən ha! Mən hara şeir hara?! Mən ki, hisslərimi çoxdan dəfn etmişdim...
Sevgimin işığısan, odusan,
Qəlbimin aşiqisən, adısan,
Oğlum,
qızım, anam, bacımsan,
Həm baldan şirinsən, həm acısan...
Sənsiz
günüm bir heçdir, biləsən,
Sözümün başı da, sonu
da sən,
Ana Vətənim, ana yurdumsan!
Sən canımsan, Azərbaycanımsan!
Şeirin
nöqtəsin qoyan kimi yuxu məni
aparar. Bir də gördüm, bir qadın hərbi paltarda girdi çadıra. Diqqətlə
baxdım, bizim hərbi formada olsa da, əynindəki lap əski model idi. Amma qadın gözəldi, hərbi forma onu day da gözəl eləmişdi.
Eynən Siracın dağ başında gördüyü xanım...
Amma o, ağ xalatdaydı.
Dedi: - Şeirmi yazdın? Olmaya vurulmusan?
Dedim: - Hə, yazdım. Vurulmazammı? Burda hər dəqiqən vurulmaqdır. Ölüm-dirim
savaşındayıq. Amma şükür,
çox şükür
ki, zəhmətimiz hədər
getmir... Bax, iki dəfə vurulmuşam, amma yaramı sarıyıb döyüşə davam edirəm... Bəs sən kimsən?
Dedi: - Tanımadın? Bizi nə tez unutdunuz?
Bu yolları sizdən
əvvəl biz getdik axı... Düzdür... (Qəhər boğur). Zəhmətimiz hədər
getdi, qanımız batdı... Torpaqlarımız
işğal olundu... Yurdumuz talan olundu. Amma biz vuruşduq...
Qanımızı tökməkdən,
vurulmaqdan qorxmadıq...
Hətta şəhid olduq... Mən şəhid oldum...
Dedim: - Gültəkin?! Ay qız,
sən yaralısan
ki?! Qanın hələ
o vaxtdan durmayıb?! Əsgər Mirələmov,
hardasınız, tez tənzif, spirt, yod gətir...
Hanı mənim çantam?!.
Dedi: - Lazım deyil... Bu qan sevinc qanıdır,
axır, qoy axsın... Durmuşdu, amma sizlərin belə əzmlə döyüşdüyünüzü görəndə, torpaqlarımızı
belə şücaətlə
azad etdiyinizi görəndə qanım
damarımda durmadı,
axdı, axdı, axdı... Mən də qanımı sizin qanınıza qatmaq üçün o qanın qoxusunu alıb gəldim buralaracan... Burda isə düşmən snayperi məni hədəf seçdi, yenidən vurdular... Vuruldum, Arəstə... Canımız da, qanımız
da bu Vətənə
fəda olsun!.. Mən də
sənin kimi vurulmuşam... Axı mən də öləndə cəmi
31 yaşındaydım...
Dedim: - Nə, 31 yaşında?! Doğrudan?! İlahi, mən niyə buna fikir verməmişəm...
Dedi: - Nəyə, ay qız? Nə danışırsan?
Nə olub ki?
Dedim: -
İndi mənim də
31 yaşım var... Biz səninlə
yaşıdıq, Gültəkin!..
Dedi: - Yox ay qız, sən hələ yaşayacaqsan. Sən Şuşanı görəcəksən.
Sən təzədən
sevəcəksən. Seviləcəksən...
Mənə baxma, mən vuruldum, ürəyimnən vuruldum...
Dedim: - Birdən mən də vurulsam?!
Qəfil
top səsi söhbətimizi
yarımçıq kəsdi.
O getdi və gedə-gedə dedi: - Amma bir şeydən incidim… Mirələmov nədi?! Mirələmli de!.. Elə sən
də Baxışlısan…
Rusdan qurtarın… Qurtarın rusdan!!!
Onun səsini qayalar bir-birinə ötürdü.
Döyüş başlayıb, mənsə
yuxu görürəm...
Gültəkinin silueti
Həəə, uşaqlar, sağ
olun! Bu gün döyüşünüzü izlədim. İllah da PUA-ların uçuşu zövq verdi mənə... Bəs xanım qız, sən niyə qaşqabaqğını tökmüsən?
"Bu gün bir uşaq
şəhid oldu, Gültəkin xanım... Detdom uşağıydı...
Heç kimi yoxuydu... O qədər ağlamışam ki..."
Allah rəhmət eləsin... yazıq... Nə etsin axı? Onların işi ikiqat çətindir. Ata yox, ana yox, bacı-qardaş
yox, olan Vətəndir, o da qan içində... Gəlib
ki, qanını Vətənin
qanına qatsın... Bilirsən, Arəstə, axı mən həkiməm... Qan dəyişimi deyilən bir şey var... Qan təzələnməsə,
bədəndə uzun
zaman qalsa, laxtalanar. Tromb əmələ gətirər... Gərək,
qan dəyişsin... Vətən də belədir, o da canlıdır...
Ona da qan dəyişimi
lazımdır... Gərək
hərdən qanı axsın, axsın, durulsun. Bax, bu oğlanlar ki, bu torpaq uğrunda
vuruşurlar, vurulurlar,
şəhid olurlar, onların qanıyla torpaq çiçəkləyir,
gül açır, nəfəs alır... Bəs o məşhur şeirdə necə deyilirdi... "Basdığın
yerləri torpaq deyərək keçmə,
tanı..."
Min yerdən səs gəldi qulaqlarımıza:
"Düşün altında
minlərcə kəfənsiz
yatanı..."
Arəstə də, mən də minlərcə əsgərin səs-səsə
verib dediyi cümləni təkrar etdik:
"Dü-şün al-tın-da
min-lərcə kə-fən-siz
ya-tanı..."
Sonra o ağladı.
Mən əyilib gözünün yaşını
silmək istədim, bacarmadım. İndi yadıma düşdü ki, mən ölüyəm
və dedim:
"Arəstə, mən Şuşa həsrətilə öldüm...
Ən böyük arzum Şuşada, Cıdır düzündə
qızımla, anamla gəzmək idi... Olmadı. Görürəm,
allaha şükür,
bu sürətlə ki, torpaqları azad edirsiniz, inşallah tezliklə Şuşanı da alarsınız... Əgər
sən Şuanı görsən... (Qəhərdən
boğulur)... əyilib onun səkilərini öpərsən məmimçün...
Bir də anama da, Əminəyə
də xəbər edərsən, səninlə
gəlib Cıdır düzündə gəzərlər...
Bir də... Bir də... Arəstə, Cıdır
düzünnən bir
az sağda, kəpirli qaya var, onun üstünə
çıxıb, əlini
qulağının dibinə
qoyub qışqırarsan:
- Gültəkin heyyyyyyy!!!!!!
Qoy qayalar adımı bir-birinə ötürsün...
"
Arəstə qəmli-qəmli dedi:
"Bilirəm, Şuşa
sənin yaralı yerindir. Anana yazdığın məktubu
da oxumuşam... Yadımda qalıb cümlələrin:"Ana,
salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin
sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı..."
Sinəm qabardı.
Elə bildim məni çoxdan unudublar. Amma bu qız məktubumu
əzbər bilir... Həm də məyus oldum. Ürəyimə damıbmış.
Şuşanın hələ
uzun zaman işğalda qalacağını
bilirmişəm... Amma
buna da şükür...
İndi ordumuz erməniləri qabağına
qatıb qovur... Dağlarımız onlarçün
məzar olur. İnşallah, tezliklə
Qarabağ bütöv
azad olar... Onda mən... Onda mən...
Bir də
gördüm bağırıram:"
Nə olar, ay adamlar, məni
unutmayın. Tək məni yox e, bütün şəhidləri
unutmayın... Biz axı rahat ömür yaşamadıq...
Biz heç yaşamadıq ki!.. Vətən yaşasın
deyə, biz öldük. Biz şəhid olduq... Şəhid... Şəhid…
Şəhid… Şəhid…"
Arəstə
Gültəkin xanım, görürəm
ki, bir məsələdən
xəbərsizsən. İstədim
deməyəm, olmadı.
Ananız Rəfiqə
xanım bir il öncə vəfat etdi... Amma bax, biləsiniz,
o, hərbçi qardaşlarımızın
çiynində məzara
aparıldı... Dövlət,
hökümət adamları
dəfndə iştirak
etdilər... Özüm
bu epizodları televizorda izləmişəm...
Hətta onda sənə qibtə də etdim, bilirsənmi? Bax, Gültəkin xanım, sənə şəhidliyinnən
sonra Milli Qəhrəman adı verilib. Adın xalqımızın ürəyindədir...
Gültəkin xanım,
Gültəkin xanım!..
Hara getdiniz???
Yenə yuxumu
görürdüm? Gültəkin
gəlmişdi bura?..
Deyəsən, dünənki qanlı-qadalı
gün məni elə əzib ki, daş kimi
yatmışam. Hələ
üstəlik, yuxu da görmüşəm...
Amma xoş yuxu idi... Gültəkini
yuxuda görmək... Nə xoş duyğu idi, ya rəbbb?!.
*Birevli - bir
ailəyə son dərəcə yaxın olan ikinci ailə
ilə yaxınlıq.
Yerli dialektdə çox işlənən
söz. Ədəbi dildə qarşılığı
olmadığı üçün
mətnə gətirdim.
*Biz tərəflərdə
ölü düşəndə
yasa gələnlər
bir dəftərdə
adlarını qeyd etdirib, pul yazılardılar,
eynən toydakı təki. Bu ev
sahibinə maddi yardım kimi nəzərdə tutulan adət idi. Bəzi
yerlərdə, məsələn, Bakı
camaatında bu adət yoxdur deyə, burda yazdım ki, fikrim anlaşılsın.
*Arəstə Baxışova ölümündən
sonra 2021-ci il mayın 12-də Beynəlxalq
Qırmızı
Xaç Komitəsi
tərəfindən tibb
bacısı Florens Naytingelin şərəfinə
təsis olunan "Florence Nightingale" medalı ilə təltif edilmişdir.
*Canlıq, deyilişdə
cannıq - alt paltarına yerli ləhcədə verilən
ad. (Tursik, mayka kimi alınma
sözlərin dilimizdə
adekvat adı olamdığınnan bu kəlməni işlətməyi
uyğun bildim).
(Davamı olacaq...)
Azad
QARADƏRƏLİ
Ədəbiyyat.-
2023.- 5 avqust.- S.24-25.