Parisli gənc bir xanıma yazılan məktub
Nasir, şair, esseçi və tərcüməçidir.
İlk hekayəsi X.L.Borxesin təqdimatı
ilə çap olunan və onu özünün müəllimi sayan Kortasar ispandilli ədəbiyyatda magik realizmin ən başlıca təmsilçilərindən
biri sayılır. Məişət fantastikası
tərzində yazdığı
çoxsaylı hekayələrlə
yanaşı o, "Xana-xana
oyunu" və
"62. Yığım üçün
model" adlı iki antiromanın da müəllifidir.
Məhz bu romanları sayəsində
"Yeni Latın Amerikası
romanı"nın yaradıcılarından
biri ünvanını
qazanıbdır.
Əzizim
Andre, sizin Suipaça
küçəsindəki mənzilinizdə
məskunlaşmaqdan mən
özüm imtina elədim.
Bunun səbəbi heç o bala dovşanlar da deyildi: daha çox
havada uçuşan ən kiçik zərrəciklərə qədər
hər şeyin nəyəsə hesablandığı
o həssas tarazlığa
- lavandaların ahəngdar
ətri, pudra qabı üzərindəki
və hər an tüklü qanadlarını
çırpmağa hazır
pərqu topası,
Ravelin (fransız bəstəkarı
Moris Ravel (1875-1937) - A.Y.) bəstələdiyi
kvartetdə skripka ilə violonçelin ifaları arasındakı
növbələşmə də daxil olmaqla,
o mühitə - uyğunlaşmaq
mənə hədsiz çətin görünmüşdü.
Gözəllik qanunlarına
uymağı öz həyatının əsas
məğzinə çevirən,
özünə aid hər əşyanı ruhunun diktəsiylə bəlli yerə qoyan birisinin mənzilində məskunlaşmaq
mənə ağır
gəlirdi: mənzildəki
(bu tərəfdə ispanca, digər tərəfdə isə fransızca və ingiliscə olmaq üzrə) kitablar rəflərə düzülüb,
burada iri yaşıl yastıqlar, jurnal masasının daima məhz o nöqtəsində duran və ortadan iki yerə bölünmüş
sabun köpüyünü
xatırladan büllur
külqabı, havada dolaşan gözəl bir ətir, alışılmış bir
səs, necə böyüdükləri adi
gözlə də görünən ev bitkiləri, mərhum dostun fotosu, məcməyisiz və qənd maşalarının
mütləq iştirakıyla
keçən çay
dəm-dəstgahı...
Əzizim
Andre, bir xanımın
öz nazənin mənzilində yaratdığı
o həssas səliqə-sahmanla
baş-başa qalmaq, həm də bütün varlığınla
rəğbət duysan
belə, ona qeyd-şərtsiz boyun əymək heç təsəvvürünə də
gətirməzsən ki, necə
çətindir. Belə
şəraitdə, sırf
əlinin altında olsunlar deyə, özünlə gətirdiyin
ingiliscə sözlükləri
qoymaqdan ötrü kiçik, metal məcməyini
masanın bu ucundan götürüb, digər ucuna yerləşdirmək də
əsl cinayət əməli kimi dəyərləndirilə bilər.
Həmin məcməyini
yerindən tərpətmək
Ozanfanın (Amede Ozanfan (1886-1966) kubizm və abstraksionizm cərəyanlarını təmsil
edən fransız rəssamıdır - A.Y.) hansısa
tablosundakı rənglər
arasında qəflətən
al qırmızı çalar
görməyə, Motsartın
nə bilim neçənci simfoniyasının
ən bəm məqamında kontrabasların
bütün simlərinin
gözəgörünməz bir zərbədən qırılmasına bərabərdir.
Məcməyini yerindən
tərpətməyə qıyan
yad bir insan o mənzildəki bütün
bağlantıların bir
əşya ilə digəri arasındakı,
hər əşyanın
isə bu mənzildən uzaqlarda olan ev sahibəsinin
ruhu arasındakı bağlantıların ahənginə
müdaxilə eləmiş
sayılar. Yetər
ki, burada bir kitaba toxunum, barmağımla masa lampasının
işığını fərqli
səmtə yönəldim
və ya o musiqi mücrüsünün
qapağını qaldırım
- onda mənə elə gələcək
ki, hansısa ülviyyətə
cüzi bir ləkə saldım, ona meydan oxudum
və bu yaşantı ilə bağlı ötəri hisslər bir sərçə kimi gözlərim önündən
pırıldayıb-keçəcək.
Sizin mənzilinizdə, gündüz
günəşinin gen-bol
oxşadığı o rahat
qonaq otağınızda
niyə məskunlaşdığım
artıq sizə də bəllidir. Bir işin gerçək səbəblərini bilmədiyimiz
vaxtlardakı kimi, onda da adama hər
şey təbii görünürdü. Siz
Parisə getdiyiniz üçün Suipaça
küçəsindəki mənzilinizdə
indilik mən məskunlaşmışam, sentyabr
ayına, yəni sən Buenos-Ayresə qayıdana qədərki dövr üçün
biz səninlə birgə
sadə, amma hər ikimizə faydalı sayılacaq bir plan qurmuşuq: sən geri dönəndə
mən ya başqa bir yer tapacaq, ya
da elə buradaca qalacağam... Ancaq bu məktubu indi sizə ona görə yazmıram: bu mətni yazma səbəbim - bala dovşanlardır, düşündüm
ki, siz də bundan xəbərdar olmalısınız, bundan
əlavə, mən məktub yazmağı sevirəm, bəlkə də, yazma səbəbim - indi bayırda yağışın
yağmasıdır.
Ötən cümə axşamı
saat beşdə mənzilinizə köçdüyüm
zaman yorğunluq və
qüssədən lap bihal
idim. Həyatım boyu öz şələ-küləmi
mən dəfələrlə
çamadanlara yığmalı
olmuşam, məni heç bir yana çıxarmayan o səbəblərdən ötrü,
hə, saatlarca çamadanlarımı yığmışam,
bu səbəbdən həmin cümə axşamı da xatirimdə
kölgələr və
qayışlarla keçən
bir gün kimi ilişib-qalıb: axı çamadan qayışlarını süzərkən
gözümə bəzi
kölgələr görünür
və həmin kölgələr bu qayışların köməyi
ilə məni üstüörtülü şəkildə
həm əldən düşənə qədər,
həm də amansızlıqla döyürlər.
Bütün bunlara rəğmən, o gün
də mən çamadanlarımı yığdım,
sizin evə köçəcəyimi isə
xidmətçinizə xəbər
verdim. Liftlə qalxanda, ikinci ilə üçüncü
mərtəbələr arasında
ikən, elə sandım ki, indicə bir dovşan balası qusacağam. İndiyədək bu özəlliyim barədə
sənə heç söz açmamışdım,
ancaq bunun səbəbi səmimiyyətdən
uzaq olmam da deyil: axı insanın vaxtaşırı
diri dovşan balası qusmağa meylli olduğu barədə yeri düşdü-düşmədi söz salması heç də uyğun hərəkət
sayılmaz, elə deyilmi? Mən də bu cəhətimi
hamıdan gizlətməyi,
bu barədə susmağı həmişə
bacarmışam: onsuz
da insan övladı öz bədəninə xas məhrəm cəhətləri başqalarından
bir sirr kimi qorumağa, bunları tək özünə etiraf eləməyə məcburdur.
Əzizim Andre, indi siz də durub,
bunu başıma qaxmayın. Hə, arabir mən dovşan balası qusuram. Sırf bu səbəbdən kiminsə evində yaşamaqdan imtina eləmək, vicdan əzabı çəkmək,
özünü inzivaya
və susqunluğa da məhkum eləmək olmaz axı.
Dovşan
qusacağımı hiss elədiyim
anlarda mən qoşa barmağımı,
maşa kimi, aralı vəziyyətdə
tutmaqla, ağzıma salıb, gözləyirəm:
o istiqanlı tük yumağı, boğazımın
içiylə, eynilə
qazlı sudakı qabarcıqlar sayağı,
sürətlə ta yuxarılara
qalxana qədər bunu edirəm. Hər şey xeyli təmiz və cəld baş verir, göz açıb-yumana qədər bitir.
Ağzımdan çıxaranda isə
görürəm ki, o öyüdüyüm
şey - bəmbəyaz
bir dovşanmış.
Zahirən dovşancıq
məmnun görünür,
bildiyimiz, barmaqlarımızla
qulaqlarından yapışdığımız
o adi dovşanlardan biri olur, sadəcə
hədsiz xırdahal -
o şokoladdan hazırlanan
fiqurlar boyda, amma ağappaq xəzli bu heyvan
həqiqi dovşandan zərrəcə fərqlənmir.
Onu ovcuma oturdub, iki barmağımla
oxşayır, xəzini
hamarlayıram, o isə
dünyaya gəlməsindən
razı halda qımıldanır, ağzını
ovcuma sürtür və digər həmnövləri kimi, ağzıyla ovcumun içini qıdıqlamağa
başlayır. Yemək
axtarır, əlbət,
belə olunca (indi mən şəhər
kənarında ev tutduğum vaxt baş verən bir əhvalatdan bəhs edirəm) onu balkona çıxarır,
yaşana biləcək
hər şeyi artıq gözə alaraq, dovşanı iri dibçəkdə xüsusi yetişdirdiyim yoncaların arasına buraxıram. Qulaqlarını
dimdik tutan dovşan bir an sonra ağzıyla yaşıl yoncaları tapır və mən anlayıram ki, artıq onu burada qoyub, öz
normal həyatıma davam
eləyə bilərəm,
çünki öz dovşanlarını fermalardan
alan insanlar da öz ömürlərini
eynilə beləcə
sürürlər.
Bəli,
indi, yəni ikinci və üçüncü mərtəbələr
arasında ikən mən, əzizim Andre, sənin mənzilində keçirəcəyim günlərin
xoşagəlməz müjdəsi
kimi, tezliklə bir dovşan qusacağımın fərqinə
vardım. Həmin dəm hələ ani qorxuya da qapıldım (bəlkə, heyrət idi bu? Yox,
hər halda qorxu idi və
o, çox yəqin öz heyrətimdən irəli gəlirdi), çünki bu mənzilə köçməzdən
ikicə gün əvvəl dovşancıq
qusduğuma görə
sonrakı bir ay, beş həftə, hətta bəxt üzümə gülərsə,
altı həftə rahat yaşayacağımdan
mən əmin idim. Gördüyümüz
kimi, bu dovşancıq problemim ən münasib şəkildə öz həllini tapmışdı.
Orada, yəni əvvəlki mənzilimin
balkonundakı dibçəkdə,
mən yonca əkmişdim və odur ki, qusduğum dovşancığazı əlüstü
yoncanın içinə
buraxırdım, aradan
düz bir ay, (həm də dəqiqəsi-dəqiqəsinə!) ötəndən sonra, mən növbəti dovşancığın zühur
edəcəyi ərəfədə
əvvəlki və artıq canından bezən heyvancığazı
sinyora de Molinaya hədiyyə edirdim: bu qadın isə
əmin idi ki, dovşanlarla baş qatmaq mənim özəl məşğuliyyətimdir,
odur ki, heç nə demir, heç nə soruşmurdu. O ara qonşu dibçəkdəki
tər yoncalar sürətlə boy atmağa
başlayırdı, mən
isə arsız-qayğısız
bir halda növbəti xəz yumağının boğazımı
qıdıqlayacağı, özündən əvvəlki
heyvancığazın həyatı
və vərdişləriylə
yaşamağa başlayacağı
o anı gözləyirdim.
Andre, bu "vərdiş"
adlandırdığımız şey - əslində oturuşmuşluğun konkret
bir təzahürüdür
və məhz bu təzahürlər silsiləsi bizim həyatımıza təkan
verir. Əgər sən vaxtaşırı
dovşancıqlar qusursansa,
üstəlik, öz həyatının bu dəyişməz axarıyla
birdəfəlik barışmısansa,
bu işin çəmini - yöndəmini
tapmısansa, onda... qorxulası heç nə yoxdur. Yəqin indi siz bilmək istəyirsiniz ki, bütün
bu çabalamalar, bu yonca və
bu sinyora de Molina mənim nəyimə gərəkmiş?! Bəyəm
o dovşancığazı elə doğulan kimi öldürmək daha məntiqli olmazdımı və...
Ah, kaş sizə də bircə kərə dovşancıq
qusmaq nəsib olaydı, onu bir cüt barmağınızla
çıxarıb, ovcunuzun
tən ortasına qoyaydınız, özünün
dünyaya gəlişini
sizə borclu olan, aranızdakı o qırılan bağın
yol açdığı
izaholunmaz sarsıntını
şəxsən hiss edəydiniz
Amma sonrakı bir ay ərzində bu məxluqun sərbəst həyat sürməsi onu əlüstü sizdən uzaqlaşdıracaq:
bir ay ərzində ora-bura hoppanan bu xırda varlığın
həm tükləri uzanacaq, həm bədəni ətə-qana
gələcək, həm
də baxışları
sərtləşəcək, yəni əvvəlkindən
tamamilə fərqlənəcək
o. Hə, Andre, bir aylıq həyatı ərzində o dovşancıq
dönüb olacaq əsl dovşan, halbuki ilk dəfə üz-üzə qaldığınız
zaman siz bu xəz yumağını şirin canınızdan ayrılan bir parça kimi görmüşdünüz... İdumeya
(bir başqa adıyla Edom - ön Asiyada, Ölü dənizlə Akaba körfəzi
arasında yerləşən
qədim bir ölkə imiş - A.Y.) gecəsinin sizə indicə diktə elədiyi şeir kimi bir şeydir
o və sənə öz canın qədər əzizdir... ancaq sonradan sənə o dərəcədə
yadlaşacaq ki, özünün
məktub kağızı
boydakı bəmbəyaz
və səthi dünyasında tamamilə
ayrıca, yad bir məxluqa çevriləcək.
Bütün bunları diqqətə
alaraq, mən dovşancığazı elə
doğulduğu andaca öldürmək qərarına
gəldim. Çünki
mənzilinizdə dörd
aylığa məskunlaşacaqdım
(hər şey yolunda gedərsə - dörd ay) və məsələni çürütmək
üçün hər
ay bircə qaşıq
olmaqla, üç qaşıq alkoqol da yetərli sayılacaqdı
(Dovşanı mərhəmətlə
öldürməkdən ötrü
ona bir çay
qaşığı alkoqol
verməyin yetərli olduğunu yəqin bilməmiş olmazsınız.
Deyilənlərə görə,
bu sayədə onun əti xeyli
dadlı olur, hərçənd mən...
Cəmi üç, ya da dörd çay qaşığı
alkoqol içirdikdən
sonra o məxluqu ya unitaza, ya
da zibil yeşiyinə
ata biləcəkdim).
Liftin kabinəsi dördüncü
mərtəbənin səviyyəsinə
qalxdığı zaman dovşancıq
artıq açıq
ovcumda qımıldanırdı.
Çamadanları daşımağa
yardım etməkdən
ötrü Sara məni
qapıda gözləyirdi.
İndi gərək ona
nə cürsə izah eləyəydim ki, bəs yolüstü zoomağazaya baş çəkmişəm və...
Ona görə də dovşancığı cib
dəsmalıma büküb,
paltomun cibinə dürtdüm və heyvancığaz əzilər
deyə, paltomun yaxasını da açdım.
O ara dovşancıq bir qədər çapaladı. Yəqin kiçicik şüuru o anlarda ona vacib
bilgilər aşılayaraq
deyirdi ki, bu həyat adlanan şey - əvvəlcə
yuxarı qalxmaq, sonra isə dayanmaqdır, həm də bu, isti
bir quyunun dibində oturan biri üçün göy üzünü bürüyən bəmbəyaz
buluddur, səmanın
ətrafa lavanda ətri yaymasıdır.
Sara heç nəyin fərqinə varmadı, hər halda beyni aşağıdakı
problem ilə girinc idi: özünün səliqə-sahman anlayışına
uyğun olaraq, mənim o geyimlə dolu çamadanımı,
kağız-kuğuzlarımı necə ortaq məxrəcə gətirəcəyini
düşünürdü. Qadının ölçülü-biçili
izahlarını dinləyərkən
üzümdən yəqin
zəhm yağırdı
və mən onun sözünü vaxtaşırı "məsələn"
deməklə bölürdüm.
Bir an əvvəl tualetə
girməyə çalışırdım
ki, orada dovşancığı
təcili qaydada boğum. Cib dəsmalımın altından
xəfif bir istilik yayılırdı,
budəfəki dovşancıq
bəmbəyaz olmaqla yanaşı, mənim indiyədək gördüklərimdən
daha şirin-şəkər
bir məxluq idi. O, məni görmürdü, sadəcə
çapalaya bildiyi üçün də öz həyatından razı idi və
bu məqam ona dikiləcək istənilən baxışdan
qat-qat dəhşətli idi.
Mən onu içiboş əcza qutusuna qapayıb, otağa döndüm ki, çamadanlardakı əşyaları
çıxarıb, şkaflara
yerləşdirim. O ara
sonuncu təmaslarla bağlı yaşantılar
qəlbimdən silinib-getsin
deyə, dərd yox, günah yox, əllərimi sabunlamaq ehtiyacı yox, içimdə məhz bir çaşqınlıq
hiss edirdim.
Artıq
bilirdim ki, dovşanın
canına qıya bilməyəcəyəm. Ancaq
elə o gecə mən qapqara bir dovşancıq qusdum. İki gün sonra isə - daha bir bəyaz dovşan balası. Dördüncü gün qusduğum dovşancıq
isə bozumtul idi.
Mənim
öz alt paltarlarımı
rəflərinə yığacağım
anı intizarla gözləyən, geniş
qapıları laybalay
açılan, yataq otağınızdakı o iri
və gözoxşayan
şkafı yəqin siz də sevirsiniz.
İndi mən dovşancıqlarımı
orada saxlayıram. Hə, şkafda. Ağlasığmazdır, deyilmi?
Şəxsən Sara buna heç
cür inanmaz. Çünki Sara belə bir şeyin mümkünlüyünə heç
şübhə də
bəsləmir və bu şübhə üçün əsasların
yoxluq səbəbi - mənim bundan ötrü hər cür dəridən-qabıqdan
çıxmamdır, öz
gecə və gündüzlərimə əsl
haram qatmamdır, mümkün
şübhələri tək
ləhzədə süpürüb-atmamdır.
Ötən müddətdə
isə mən özüm sizin vannanın kənarına qoyduğunuz dəniz daşı qədər sərt və sarsılmaz birisinə çevrilmişəm: hər
dəfə vannadakı
suya qərq olanda həmin daşı süzürəm,
bədənimdə dəniz
duzuyla təmas hissi yaranır, sonra isə günəşin yaxıcı
şüalarını və
suyun dibindən gələn ləngəri
sezirəm mən.
Gündüz vaxtı dovşancıqlar
yatışırlar. On dənədirlər.
Gündüzlər uyuyurlar.
Şkafın bağlı
qapısı sayəsində
gündüz də dovşanlara gecə kimi gəlir, onlar bunu belə
qəbul edib, üzüyola halda gecə yuxusuna dalırlar. İşə
yollananda yataq otağının açarını
özümlə götürürəm.
Çox yəqin, Sara
əmindir ki, onun əl-ayağının dürüstlüyünə
inanıram, elə
buna görə də
mənə dikilən
baxışlarından şübhə
ifadəsi oxunur, onun hər səhər
bununla bağlı mənə nələrsə
deməyə hazırlaşdığına
şahid oluram, ancaq yenə də qadın bu barədə susub, heç nə demir: mənə də elə bu lazımdır
da. (Saat doqquzla on arasında Sara yataq otağına əl gəzdirəndə mən
qonaq otağında
Benni Karterin plastinkasını,
həm də səsi axıra qədər açmaqla, oxuduram, çünki bu qadının da saeta (Qeyd: bu
termin iki fərqli mənada işlənməkdədir: 1. İspaniyanın
Əndəlüs vilayətində
geniş yayılan
ayin nəğməsi. 2. Dörd-beş
misralıq mənzum əsər - A.Y.) və pasodobl (korridanı (öküz döyüşünü)
yamsılayan və iki nəfər tərəfindən ifa olunan ispan xalq
rəqsi - A.Y.) pərəstişkarı
olduğuna bələdəm.
Əslində isə bu yolla onun
qulağına şkafdan
hansısa xışıltının
dəyməsini önləyirəm,
həm də əminəm ki, dovşancığazlar
həmin saatlarda səs-səmirlərini çıxarmazlar:
axı onlardan ötrü həmin vaxt gecə sayılır, yəni yatıb-dincəlmək əyyamıdır).
Bu məxluqlar üçün
yeni gün axşam yeməyindən sonra başlanır, yəni qənd maşasının
xəfif cingilti qopardığı məcməyini
Sara götürüb, otaqdan
çıxanda və
mənə: "Gecəniz
xeyrə qalsın!"
- deyəndən sonra.
(Hə, Andre, o, mənə
xeyirli gecələr diləyir və məndən ötrü ən acı məqam da onun məhz xeyirli gecələr arzulamasıdır)
Qadın gedib, otağına çəkiləndən
sonra mən təkrar öz zəhləmgetmiş şkafımla,
öz məsuliyyətim
və öz kədərim ilə tamamən baş-başa qalıram.
Dovşanları bayıra buraxıram.
Rəfdən cəld yerə sıçramaqla,
onlar qonaq otağını tamamilə
işğal edirlər,
ciblərimdə onlar üçün gətirib,
artıq xırda tikələr halında xalının üstünə
səpdiyim yoncanı çılğınlıqla iyləyir,
başlarını onların
arasına soxur, yoncaları ora-bura atmaqla, bir göz
qırpımındaca yeyib-bitirirlər.
Səssizcə, səliqə
və iştaha ilə yeyirlər, bununla bağlı hər hansı iradım olmadığından
mən də divanda əyləşib, onlara göz qoyuram, əlimdə isə hansısa mənasız bir kitab olur - halbuki Andre, mən sizin müəlliflərdən Jirodunun
(Jan Jirodu (1882-1944) - tanınmış
fransız yazarıdır
- A.Y.) bütün əsərlərini
və Lopesin (Argentina yazarı Petrona Visente Fidel Lopes (1815-1903) nəzərdə
tutulur - A.Y.) sizin ən alt rəfə qoyduğunuz "Argentina tarixi"
kitabını oxumaq istərdim. O ara dovşancıqlar yoncanı
gözlərinə təpirlər.
Düz on dənədirlər.
Demək olar ki, hamısı da ağdır.
Öz başlarını
işığa tərəf,
onlar üçün
hərəkətsiz günəş
sayılacaq işıq
mənbələrinə tuturlar
və bunlar onlara gündüz olduğunu bildirir: axı onlar işığı sevirlər,
onlar üçün
nə gecə, nə ay, nə ulduzlar,
nə də ki fənər-filan mövcuddur.
Özlərinin üçlü
günəşlərini süzüb,
şad-xürrəm yaşayırlar.
Xalının, stulların
üstündə qaçışırlar.
Bu on dənə yüngül
tük koması bir dəstə kometa kimi elə
hey ora-bura vurnuxur, mən isə onların özlərini farağat aparmalarını
elə arzulayıram
ki - qoy ayaqlarımın
dibindəcə oturub,
kirimişcə dayansınlar,
hə, Andre, yəqin istənilən tanrı da
öz bəndələrindən
məhz bu cür üzüyolalıq,
farağatlıq umur və tanrıların əsrlər boyu yerinə yetməyəcək
tək arzusudur bu: hə, hə,
təki özlərini
üzüyola aparsınlar,
Migel de Unamunonun (ispan filosofu, yazarı və şairi (1864-1936) - A.Y.) oradakı
portretinin ardına dürtülməsinlər, solğun
yaşılı rəngli
dolçanın ətrafında
vurnuxmasınlar, yazı
masasının qaranlıq
boşluğunda gözdən
itməsinlər, çünki
adətən sayları
həmişə ondan
az olur, ya altı, ya
da səkkizə enir, mən də baş sındırıram
ki, görəsən qalan
o ikisi indi harada veyllənir? Birdən hansısa səbəbdən Saranın
yataqdan durmasına zərurət yaranar, mənim isə könlümə Lopesin kitabından Rivadavianın
(Bernardino Rivadavia (1780-1845) Argentinanın
dövlət xadimidir,
1826-27-ci illərdə ölkəyə
rəhbərlik edib -
A.Y.) ölkə prezidenti
olduğu dövrlə
bağlı bölümü
oxumaq düşər.
Andre, bütün bunlara necə davam gətirdiyimi heç özüm də bilmirəm. Xatirinizdədirsə,
evinizdə məskunlaşmaqdan
niyyətim - dincəlmək
idi. Əgər
zaman-zaman mən dovşancıq
qusuramsa və yerdəyişməmlə bağlı
bu işdəki dövrilik sıxlaşıbsa,
bunda mənim nə təqsirim var?! Bu nə sehrbazlıqdır, nə də ki nominalizmin (Orta əsr fəlsəfəsində
bir cərəyanın
- A.Y.) bir təzahürü,
şəraitlərin bu
cür qəfil dəyişməsi yolverilməzdir
axı, həm də bu, sərt
bir dönüş sayılır: siz sağ yanağınıza
şillə yeyəcəyinizi
gözlədiyiniz halda,
qəfildən... Belə
və ya elə, Andre, dəyişikliklər
həmişə məhz
bu cür baş verir.
Bu məktubu sizə "gecə" yazıram.
İndi günorta saat
üç olsa da, dovşanlara görə
"gecədir". Onlar
axı məhz gündüzlər yatışırlar.
O səs-küylü, buyruqlar
səslənən, yazı
makinaları, müdir
müavinləri və
rotaprintlər ilə dolub-daşan ofisdə keçirdiyim saatlar məndən ötrü əsl can rahatlığı
sayılır! Hə,
Andre, əsl can rahatlığı,
əsl dinclik sayılır, dəhşətə
bir bax! Bax, indi telefonum
zəng çalır,
dostlardan kim isə mənim vaxtımı tək-tənha
keçirməmdən narahatdır,
zəng vuran Luisdir, deyir ki, gəl, bir az
gəzişək, sonra
Xorxe zəng edir ki, bəs mənim üçün də konsertə bilet götürüb. Bu təkliflərdən imtina
eləməm hədsiz
çətindir, odur
ki, durmadan, həm də inandırıcı
bəhanələr uydurmağa
məcburam: deyirəm
ki, bir az nasazam, tərcümələri
danışılan vaxta
çatdırmaya bilərəm
- eyib eləməz, qoy mən qaynar
həyatın axarından
kənarda qalım. Axşamlar, işdən evə dönərkən liftlə yuxarı qalxanda - ax-x, o ikinci mərtəbə ilə üçüncü arasındakı
bölümə mən
nə deyim! - hər dəfə öz-özümü mütləq
və əbəs yerə inandırıram
ki, bütün bu baş verənlər ağ yalandır.
İmkanım yetdikcə mən
dovşancıqlarımın sizə aid əşyalara zərər verməsini də önləyirəm.
Onlar alt rəflərdəki
kitabları bir az gəmiriblər, ancaq Sara bunu sezməsin deyə, onların yerinə mən başqalarını
düzmüşəm. Masanızın
üstündəki, farfor
oturacaqlı, şüşə
qismi isə kəpənək və keçmiş əyyamlara
aid kabalyero rəsmləri
ilə bəzənmiş
lampanı siz hədsiz sevirsiniz. Səthindəki təzə
çat güclə sezilir: onu yapışdırmaqdan
ötrü mən bütün gecəni əlləşmiş, gedib
ingilis mağazasından
xüsusi yapışqan
almışdım - ən
güclü yapışqanların
məhz ingilis mağazalarında satıldığı
sizə də bəllidir yəqin - o vaxtdan bəri mən daima həmin lampanın böyründən ayrılmıram
ki, birdən dovşancıqlardan
birisi pəncəsiylə
toxunmaqla, onu təkrar aşırar: axı bu məxluqlar
arxa ayaqları üstə dimdik durmağa bayılırlar!
Əlbəttə, bu duruşa mən də heyranam, yəqin dovşanlar insanoğluna aşkar həsəd hissi bəsləyirlər, amma səviyyəmizə çata
bilməyəcəklərini təxmin etdikləri üçün də onları yaradan kəsi və tanrını daim otaqda var-gəl edən, onları qıyqacı süzən
şəxsi (yəni,
məni) hər barədə yamsılamağa
çalışırlar. (Bundan əlavə, ola bilsin, uşaq vaxtı siz də şahidi olmusunuz ki, cəza məqsədiylə bala dovşanı üzü küncə qoysanız, o heyvancığaz saatlar boyu başını pəncələri üstə
qoyub, səssiz-səmirsiz
qalmağı bacarır).
Səhər beşdə (dovşanların
məxməri pəncələrinin
küt tappıltısına
və xəfif ciyiltilərinə baxmayaraq,
yaşıl divanda bir hovur yatmağa
cəhd göstərəndən
sonra) mən oyanıram, onları şkafa yığıb, otaqda səliqə-sahman yaradıram. Buna görə
də Sara heç nəyə irad tuta bilmir, hərçənd
bəzən onun baxışlarında dərin
təəccüb ifadəsi
də sezirəm, həm də bu, hansısa əşyanı bir müddət diqqətlə
süzdüyü, xalının
hansısa yerindəki
rənglərin nisbətən
bozardığını sezdiyi
zamana təsadüf eləyir: belədə o, yenə də mənə hansısa sualı ünvanlamağa hazırlaşır, ancaq mən o ara Frankın simfonik variasiyalarını fitlə
çaldığım üçün
qadın öz fikrindən daşınır.
Bir də ki, Andre, mənim
o yorğun-arğın və
üşütməli sabahlarıma
dair hər təfərrüatı səninlə
bölüşməmə nə gərək var axı?! O dəqiqələrdə
mən yarıyuxulu halda döşəmədəki
yonca qıçalarını
və tikələrini,
dümağ püfələri
yığıram, yuxulu
olduğum üçün
daima mebellə toqquşuram. Jidin mətnini vaxtında təhvil verə bilmədiyim, Truayyadan isə hələ bircə sətir də çevirmədiyim halda, indi durub,
xeyli uzaqlarda yaşayan, mənim niyə belə davrandığıma yəqin
heyrətlənən bir
xanıma axı nəyi və necə izah eləyim?! (Qeyd: Mətndə adları çəkilən Andre Jid
(1869-1951) və Anri Truayya (Lev Tarasov) (1911-2007) - tanınmış
fransız yazarlarıdır
- A.Y.) Onda bütün
bunları davam etdirməyin, telefon zəngləri ilə işgüzar danışıqlar
arasında yazmağa macal tapdığım bu məktubu uzatmamın nə mənası qalır?!
Andre, əzizim Andre, mənim yeganə təskinliyim - onların çox yox, cəmi on dənə olmasıdır.
İki həftə əvvəl onların sonuncusunu çıxarıb,
ovcuma qoydum - vəssalam, o vaxtdan bəri sayları onu keçmir. İndi onlar gecəni gündüzlə qarışdıraraq
yatır, yuxudaca böyüyürlər, tükləri
uzandığından artıq
əvvəlki şirinlikləri
də qalmayıb, artıq yeniyetmə sayılırlar, fərqli
tələbatları və
şıltaqlıqları özünü
büruzə verir: budur, indi də
Antinoyun* büstünə
hücum çəkirlər
(yanılmıramsa, o, gözləri
tutulan cavan Antinoy olmalıdır), qonaq otağında pəncələrini tappıldatmaqla,
o baş, bu başa qaçırlar, odur ki, onları şkafa yığmağa
məcbur qalıram, belədə Saranın tappıltıları eşidəcəyindən
və dəhşət
içində, həm
də gecə köynəyindəcə - əminəm
ki, sizin Sara da gecə
köynəyində yatağa
girənlərdəndir - qarşımda
zühur edəcəyindən
qorxuram. Bax, onda...
Onlar hələlik on dənədir,
indi özünüz düşünün: bu, kiçicik də olsa, bir təsəllidir,
rahatlıq gətirən
bir hissdir, məhz onun hesabına mən işdən dönərkən
ikinci və üçüncü mərtəbələr
arasındakı o beton
örtüyü adlamağa
özümdə güc
tapıram.
.................................................
İclasa
girməli olduğum üçün bayaq mən məktubuma ara verdim. Məktubun
ardını, Andre, sizin
evdə, sübh saatlarına xas o bozumtul işıqda yazıram. Doğrudanmı
daha bir günü yola saldım, Andre? Qoy bu vərəqdə buraxdığım yuxarıdakı
boşluq sizin üçün dünənki
məktub ilə onun bugünkü qismi arasında bir körpü rolunu oynasın. Hər şeyin məhz həmin o boş buraxılan zaman kəsiyində baş verdiyini sizə deməyin indi tam vaxtıdır, çünki
oradan, gördüyünüz
o körpüdən keçmək
asan görünsə
də, mən özüm orada bəndi-bərəni uçuracaq
dəli-dolu suların
gurultusunu eşidirəm,
həmin o boş qismdən sonra rahatlığım qeybə
çəkildi, halbuki
iclasa çağırılana
qədər rahatca oturub, sənə məktub yazırdım. Artıq on bir dovşancıq özlərinin
"qutuvari" gecələrində
qayğısız halda,
bəlkə, elə indinin özündə də - uyuyur; yox, yox, indi
artıq uyumazlar. Ola bilsin, indi ya
liftdə, ya da qapının ağzında
baş verir bu, məndən ötrü bunun elə bir fərqi
qalmayıb artıq, çünki "nə vaxt" məfhumu mənim üçün
"elə indicə"
ilə əvəzləndiyi
üçün bu deyimi geriyə qalan istənilən dəqiqəyə aid edə
bilərəm.
Yetər
bu qədər, artıq bitirirəm, çünki bunları yazarkən mən mənzilinizə dəyən
ağır zərərdə
- əsl tar-marda! - öz təqsirimin çox olmadığını
sübut eləməyə
gərək duyurdum.
Bu məktubu da masanın
üstünə qoyacağam
ki, siz gələnə
qədər orada dursun, işıqlı bir Paris səhərində
onun sizə poçtla çatdırılmasını
mən əsl yaramazlıq sayardım çünki. Dünənki
axşam mən ikinci rəfdəki kitabların arxalarını
içəriyə tərəf
düzməli oldum, çünki dovşanlar artıq uzanaraq, hoppanaraq, onları da gəmirməyə, bu yolla dişlərini itiləməyə macal tapıblar: əslində
ac-zad deyillər ha, yetərincə yonca ehtiyatları var, durmadan aldığım yoncaları
mən sekreterin siyirmələrində saxlayıram.
Onlar pərdələri,
kresloların üzlüklərini,
Auqusto Torresin avtoportretinin kənarlarını
əzmlə didib-töküblər,
bütün xalı onların tükləriylə
örtülüb, üstəlik,
onlar hələ nalə də çəkirlər: lampanın
altında toplaşaraq,
sanki mənə səcdə edir və nalə çəkirlər - öz
gözlərimlə görməsəydim,
dovşanların bu cür ah-nalə çəkəcəyinə məni
heç kəs inandıra bilməzdi.
Xalının üstündəki tükləri
yığmaq, pərdələrin
gəmirilən kənarını
nisbətən düzəltmək,
dovşanları təkrar
şkafa yığmaq
cəhdlərim boşuna
idi. Bütün günüm buna gedəsiydi.
Hər halda bir azdan Sara oyanacaq. Qəribə burasıdır ki, Sara da artıq
vecimə gəlmir. Dovşanların dəstəylə
ora-bura qaçıb,
özlərinə yeni oyun-oyuncaq
axtarmalarını vecimə
almamağım da qəribədir.
Bu işdə mənim
heç bir təqsirim-zadım yoxdur, evə dönəndə özünüz də şahid olacaqsınız
ki, o qırılıb-tökülənlərin
çoxusunu mən ingilis mağazasından aldığım yapışqanla,
həm də ciddi-cəhdlə yapışdırmışam,
siz hirslənməyəsiniz
deyə, vallah, əlimdən gələni
eləmişəm...
O ki qaldı mənə, bu onuncu ilə
on birinci dovşancıq
arasında indi elə bir uçurum
yaranıb ki, onu aşmaq, keçmək artıq mümkün də deyil. Görünür, sayları
ona çatanda şkafım, yonca ehtiyatım və səbrim hesabına bu işin öhdəsindən
gələcəyimə hələ
ümidli idim. Ancaq elə ki, say on birə çıxdı,
on bir ilə on ikinin elə də fərqi qalmadı, on iki ilə on üçün
də fərqi çox azdır, Andre.
Budur, səhər açılır,
mən çarəsiz
bir yalqızlığa
qapılmışam, ona
sevinc də qarışıb, xatirələr
də, siz də, hələ başqa kimlərsə də. Suipaça küçəsinə açılan
balkonunuz həm səhər şəfəqlərində
yuyunur, həm də şəhər həyatının ilk səsləri
ilə oyanır. Daşla döşənmiş
səkiyə çırpılan
on bir dovşanın qalıqlarını - bəlkə
də, bu heyvancığazlar şəhər
sakinlərinin diqqətini
heç çəkməyəcək
də - kürəyib,
bir küncə yığmaq da olar. Ancaq bununla müqayisədə,
azca aralıdakı kişi cəsədini ilk məktəblilər küçəyə
axışana qədər
ortadan qaldırmaq isə məncə, qat-qat
müşkül olacaq.
Dilimizə çevirdi: Azad Yaşar
Xulio KORTASAR
Ədəbiyyat.-
2023.- 5 avqust.- S.28-29;30.