Sükutun harayı

 

 

Nəvələrim Mehdi

Zahidə üçün

 

 

Ay ömrümün bağçasının gülləri,

Bacarsanız bağışlayın məni siz.

Ay ağzımın şirin-şəkər dilləri,

İndi qəmim qəlbdə olub bir dəniz.

 

 

Guya qələm söz bağında uyuyub,

Hay-küyünüz zəncir vurub qoluna.

İlham pərim iş-gücündən soyuyub,

Sədd çəkmisiz guya onun yoluna.

 

 

Mürgü basıb sözlərimi, guya siz

Söz çeşməmin "tutmusunuz" gözünü.

siz varsız indi, şən səsiniz,

Ürək yenə susub, demir sözünü.

 

 

- Uçuldumu içində söz sarayı,

Ürək, buna ad verək bəs indi?

- Şahə qalxıb sükutun lal harayı,

Hünərimi alıbdır bu səs indi...

 

 

Bağışlayın, balalarım, siz Allah,

Bağışlayın mən qocanı, amandır.

Demə, mənim özümdəymiş bu günah,

Günah yumaq, həqiqətən, yamandır.

 

 

 

Ana

 

 

Hərdən zülmətində sənsizliyin mən

Yolumu, izimi azmışam, ana.

Hərdən xəyalən öz məzarımı

Səninlə yanaşı qazmışam, ana.

 

 

Qəlbimin həmdəmi olub qəm-kədər,

Sənsiz hər anımı sanmışam hədər.

Qələmi əlimə alıb bir təhər,

Tək səni düşünüb yazmışam, ana.

 

 

Kimsə incimədi bircə sözündən,

Nur axdı həmişə o Ay üzündən,

Sən adlı çeşmənin nəmli gözündən

Bir damla yaş kimi sızmışam, ana.

 

 

 

 

Ömür səhra imiş

 

 

Ömür - səhra, illər - dəvə karvanı,

Son mənzilə çatmağa qalıbdır?

Od ələnən yollar məni - sarvanı

İlan olub neçə dəfə çalıbdır.

 

 

Yola saldım neçə qışı, yazı mən,

Sandım dəli dağ çayları çağladı.

Heç çalmadım şirin dilli sazı mən,

Çaldıqlarım ürəyimi dağladı.

 

 

Gecələrim göylərə boy vermədi,

Şaxta, boran qucağıdır gündüzüm.

Ürək arzu bəhrəsini dərmədi,

Sevincimin ocağıdır gündüzüm.

 

 

Eh, sonuncu "dəvələr" keçəcək,

Çalınacaq səhra-ömrün "son zəngi".

Təşnə olub sutək başa çəkəcək

Əcəl - ömür səhrasının pələngi.

 

 

"Olum" varsa, "ölüm" var, deməli,

Nəyə gərək sürünmək ta kölgətək?

Yaxşı işlər - insanlığın təməli,

Yaysın burdan öz ətrini gül-çiçək.

 

 

 

 

Sevgim

 

 

Mənim sevgim uca dağlar qarıdır,

Yüz al günəş doğsa, yenə əriməz.

Onu harda istəyirsən "dəfn elə",

Qızıl kimi saflığı var, çürüməz.

 

 

Həsrətinin əlləriylə boğulub,

Dəyirmantək sanma suyu soğulub,

Mənim kimi o, ərköyün doğulub, -

İnciyərsə, hıçqırığı kiriməz.

 

 

Öz içinə sığınıbdır əzəldən,

Özü bilir çəkib sən gözəldən,

Deyil yalan toy-tamaşa düzəldən,

Hay-həşiri düz-dünyanı bürüməz.

 

 

Əzabının səhrasında itsə ,

Ömrü, günü bu zülmətdə bitsə ,

Yüzü ona cənnəti vəd etsə ,

Səni qoyub başqa səmtə yeriməz.

 

 

Üz-gözündə ağararsa sənin dan,

Eşq zirvəndən çəkilərsə çən-duman,

Qartal olar Mehdi Zahid o zaman,

Teymur kimi ayağını sürüməz.

 

Şəki

Mehdi Zahid

Ədəbiyyat.- 2023.- 5 avqust.- S.32.