Unudulmaz alim, gözəl
insan
Kamal Talıbzadə mənim üçün çox dəyərli bir Azərbaycan ziyalısı,
alimi, araşdırıcısı
idi. O, çox həlim xasiyyətli bir insan idi...
Kamal müəllim bizim görkəmli klassikimiz Abdulla Şaiqin ailəsində yetişib, bunun da böyük əhəmiyyəti var. Mən onun tərəfdarı
deyiləm, desinlər
ki, yazıçıların
övladları mütləq
yazıçı olmalıdır.
Eyni zamanda onun da tərəfdarı
deyiləm ki, yazıçıların övladları
heç vaxt yazıçı olmamalıdır.
Kamal müəllimin Abdulla Şaiqin ailəsində anadan olması onun ədəbiyyatdakı, ədəbiyyatşünaslıqdakı
maraqlarını təmin
edib.
Kamal müəllim
Abbas Səhhət, Sabir haqqında bilgiləri tək kitablardan almayıb, həm də atasının söhbətlərindən
eşidib. Abdulla Şaiq Sabirlə, Cavidlə, Səhhətlə,
Hadi ilə, Əlibəy Hüseynzadə
ilə müasir olub, bəziləri ilə çox yaxın dost olub, hər halda, onları yaxından tanıyıb və onun xatirələri,
canlı müşahidələri
ədəbiyyatşünas oğluna çox şey verib.
Kamal müəllimin Azərbaycan tənqid tarixinə dair tədqiqatı, XX əsrin əvvəlləri tənqidi fikrimiz haqqında kitabı çox dəyərli kitabdır. Mən o vaxt Moskva mətbuatında bu kitaba verdiyim yüksək qiyməti ifadə etmişdim. Təbii ki, onun başqa əsərləri də, Səhhət haqqında yazdıqları da, atasının irsinə münasibəti də, onu nəşr etdirməsi də bizim mədəniyyətimizə, ədəbiyyatımıza böyük xidmətdir. Amma ən böyük xidmətini onda görürəm ki, o, bizim tənqid tariximizi yaratmışdır. Bir tərəfdən o, Abdulla Şaiqin oğlu kimi ziyalılığın, maarifçiliyin varisi idi. Digər tərəfdən də Məmməd Arif kimi, Məmməd Cəfər Cəfərov kimi böyük alimlərin tələbəsi olub, özü də tələbələr yetişdirib, yeni nəsil ədəbiyyatşünasların, tənqidçilərin müəllimi olub. Onu mədəniyyətimiz tarixində böyük xidmətləri olan ciddi alim kimi, mülayim, təmkinli insan kimi xatırlayıram.
ANAR
Ədəbiyyat qəzeti: xüsusi buraxılış.-
2023.- 12 avqust.- S.3.