Ötən günlərin xiffəti - Kamal Talıbzadəni xatırlayarkən
Kamal Talıbzadə mənim yaradıcı həyatımda
xüsusi yeri olan bir şəxsdir
və indi həmişəlik bir keçmişdə qalmış
gözəl 1965-ci ildə
(o gözəllikdən o zaman mənim özümün xəbərim yox idi) universiteti bitirib, Elmi Şuranın
qərarı ilə aspiranturaya məsləhət
görüldüm və
ədəbiyyat nəzəriyyəsi
üzrə o zamankı
Nizami adına Dil və Ədəbiyyat
İnstitutunun aspiranturasına
daxil oldum. İnstitutun direktoru milli filologiyamızın ən
görkəmli nümayəndələrindən
biri, akademik Məmmədağa Şirəliyev
(hamı ona
"professor" deyirdi, "professor" deyən kimi, hamı bilirdi ki, söhbət bir o qədər professorun arasında məhz Məmmədağa müəllimdən
gedir), müavini isə Kamal Talıbzadə
idi və indi fikirləşirəm
ki, o zaman Kamal Talıbzadənin 41-42 yaşı var idi, yəni bugünkü
"gənc yazıçı"ların,
"gənc tənqidçi"lərin
yaşıdı idi, amma o gəncliyə baxmayaraq, Kamal müəllim
ədəbi mühitdə
nüfuz sahibi idi, hətta deyərdim ki, bizim kimi cavan əhli-qələm
üçün ağsaqqal
idi. Bu nüfuzun, bu ağsaqqallıq səlahiyyətinin arxasında,
aydın məsələdir,
Kamal Talıbzadənin əsərləri,
ilk növbədə isə,
"XX əsr Azərbaycan
ədəbi tənqidi"
monoqrafiyası dayanırdı,
yəni o bu nüfuzu və səlahiyyəti Abdulla Şaiqin
oğlu olmağıyla,
yaxud da böyük bir institutun direktor müavini olmağıyla yox, yalnız ağır təbiətli, təmkinli
və xeyirxah şəxsiyyəti ilə
də yox, qələmiylə qazanmışdı.
Mən
"Müasir Avropa dramaturgiyasında şərtilik"
mövzusunda namizədlik
dissertasiyası yazmaq istəyirdim və bu istəyin bir səbəbi Sartr, Anuy, A.Miller,
Dürrenmatt, Fermo, Karvaş,
Olbi, Veys Ustinov, De
Filippo kimi məşhur
(və dəbdə olan! - gənclik ilə dəb də ki, əkizdir!) dramaturqları, İonesko,
Bekket və Adamovun "absurd teatrı"na
çox aludə olmağım, ümumiyyətlə,
XX əsr Avropa dramaturgiyasını (O.Nildən,
Pirandellodan, Şoudan,
O.Keysidən, Brextdən
tutmuş, yuxarıda adını çəkdiyim
o dramaturqlaracan) yaxşı
mütaliə etməyim
idisə, o biri səbəbi də, nə gizlədim, bir gənclik təkəbbürü ilə
milli ədəbiyyatımıza yuxarıdan aşağı
baxmaq, hələ bu ədəbiyyatı -
milli ədəbiyyatı - layiqincə
(yəni dərindən!)
hiss edə və ona görə də qiymətləndirə
bilməməyim idi.
Kamal Talıbzadə:
- Bilirsən, nə var? Yaxşı mövzu seçmisən. Bunu gələcəkdə mütləq
yazarsan. - dedi və mənim üçün tamam gözlənilməz bir təklif etdi: - Ancaq, gəl, indi tənqiddən bir mövzü götür. Tənqidin
buna ehtiyacı var. Aradan
düz 41 il (!) keçib,
amma onun o zaman dediyi, bir az
da pafoslu o sözlər
- "Tənqidin buna ehtiyacı
var" - indiyə qədər
mənim fikrimdə qalıb və elə bu başdan
deyim ki, mənim nəinki "tənqidin tənqidi" ilə məşğul olmağımda,
ümumiyyətlə ədəbi
tənqidə gəlməyimdə
Kamal Talıbzadənin rolu
böyük olub. Və çox çək-çevirdən, götür-qoydan,
tərəddüdlərdən sonra mən "Azərbaycan nəsri ədəbi tənqiddə"
(bu konkret mövzu da Kamal Talıbzadənin
təklifi idi) mövzusunda dissertasiya yazmaq qərarına gəldim və günlərimi Bakıda M.F.Axundov adına,
Moskvada Lenin adına kitabxanalarda keçirərək,
iki ildən sonra 430 səhifəlik (normativ isə 250 səhifəyə qədər
idi) bir iş yazdım, amma o işi müzakirələrdən keçirmək,
müdafiəyə qədərki
mərhələni dəf
etmək xeyli müşkül bir əhvalata çevrildi. Məsələ burasında
idi ki, tənqid mövzusunda yazdığım
bu işin əsası tənqidin tənqidi üzərində
qurulmuşdu, tənqidin
tənqidi isə çox zaman bilavasitə bədii ədəbiyyatın
tənqidi demək idi və bu,
o deyilən söz idi ki, o dövrün bir çox ədəbiyyat və tənqid "generalları"
əsərdə kəskin
tənqid edilirdi, onların isə çoxu elə bu əsərin - dissertasiyanın müzakirə
olunduğu qurumların
üzvləri və rəhbəri idi.
Bu azmış kimi, mən faktiki olaraq, gəmidə oturub, gəmiçi ilə dava edirdim:
o əsərdəki əsas
tənqid obyekti "müsbət qəhrəman"
hərisliyi və vulqar sosiologizm idi, vulqar sosiologizm
və "müsbət
qəhrəman" hərisliyi
isə, öz növbəsində, sosializm
realizmi ədəbi metodunun mühüm sütunlarından biri, əslində, birincisi idi.
Uzun sözün qısası,
1968-ci ilin əvvəllərində
bitirib, təqdim etdiyim dissertasiyanı, nəhayət ki, 1970-ci ilin
fevralında müdafiə
etdim. Elmi rəhbərim Mir Cəlal
müəllim, opponentlərim
isə Mirzəağa
Quluzadə və Mehdi
Məmmədov idi və bu gözəl
insanlarla bərabər,
o dissertasiyanın müdafiəsində
mənim ən aktiv təəssübkeşlərimdən
biri də Kamal Talıbzadə idi.
Orasını da qeyd edim ki, həmin 20 fevral qış günü o müdafiə zamanı məni istəyən və istəməyən ədəbiyyat, elm adamları
ilə bərabər,
bilavasitə institutda işləyən, aspirant olan
dostlarla bahəm,
"kənardan" müdafiəyə
gəlmiş dostlar - Yusif Səmədoğlu, Anar da zalda idilər
və indiyə qədər bu hissiyyat yaddaşımda qalıb ki, Kamal Talıbzadə
o müdafiəyə yalnız
Elçinin yox, ümumiyyətlə, üzdə
olan ədəbi gəncliyin tənqidə gəlişi (hörməti!)
kimi baxırdı və tənqidə görə açıq-aşkar
qürurlanırdı.
O da heç vaxt yadımdan çıxmayacaq
ki, rəhmətlik Abbas Zamanov
müdafiə zamanı
çıxış edib,
məsələ qaldırdı
ki, bu dissertasiyaya görə birbaşa doktorluq adı verilsin və bu təklifi də cani-dildən dəstəkləyənlərdən biri yenə Kamal Talıbzadə oldu, müdafiədən sonra bir-neçə gün bu məsələ ilə bağlı ora-bura zəng elədi, sidq ürəkdən çalışdı,
amma bir şey çıxmadı,
ədəbi "generalların"
və obıvatel psixologiyasının səddini
dəf etmək olmadı.
Bir hadisə də yadıma düşür və mən bunu əvvəllər də hardasa yazmışam: o zaman müdafiənin
stenoqramından tutmuş,
avtoreferatınacan bütün
sənədləri rus
dilinə tərcümə
edilib, təsdiq üçün Moskvaya, Ümumittifaq Attestasiya Komissiyasına göndərilirdi
və mən sənədləri göndərəndən
sonra, elə həmin günlərdə
Moskvaya böyük bir anonimka göndərmişdilər
və məğzi də bundan ibarət idi ki, Elçinin dissertasiyasını
özü yox,
İlyas Əfəndiyev yazıb.
Bu anonimka barədə
Moskvada yaşayan görkəmli şərqşünas
alim, professor Qəzənfər Əliyev Kamal Talıbzadəyə
xəbər vermişdi
və Kamal müəllimin
- həmişə sakit,
mülayim, dediyim kimi, təmkinini saxlayan bu adamın
o zaman necə hiddətlənməsi
də indiyə qədər mənim gözlərimin qabağındadı.
Rəhmətlik İlyas Əfəndiyev isə özünə xas olan bir
şuxluqla gülə-gülə
demişdi:
- Mənim dissertasiya yazmağa hövsələm
çatsaydı, indiyəcən
birini də özümçün yazardım
də!.
Sonralar
o dissertasiya əsasında
işlədiyim "Tənqid
və nəsr" monoqrafiyası Azərbaycan
dilində də, rus dilində də dəfələrlə
nəşr olundu və 1981-ci ildə çap edilmiş "Tənqid və ədəbiyyatımızın problemləri" kitabıma
da o monoqrafiyanı daxil
etmişdim. Kitabın
elmi redaktoru və Ön sözün müəllifi
Kamal Talıbzadə idi
və o, "Tənqid
və nəsr" monoqrafiyası haqqında yazırdı:
"Elçinin "Tənqid və nəsr" monoqrafiyası günün
estetik tələbləri
mövqeyindən yazılmış
konseptual bir əsərdir. Burada müasir nəsr ayrı-ayrı problemlər
əsasında təhlil
olunur, tənqid və onun vəziyyəti
bu aspektdə nəzərdən keçirilir,
müəllif tənqidin
qarşısında duran
vəzifələrlə ədəbi
mühit arasındakı
əlaqələri araşdırır,
hər məsələyə
öz münasibətini
açıq şəkildə
bildirməkdən çəkinmir.
Nasir Elçinlə tənqidçi
Elçin burada da birləşir, mühakimə
və müşahidələr
ayrı-ayrı ədəbi
problemlərin əsasında
şərh olunaraq, etibarlı estetik zəmin qazanır, elə bir zəmin
ki, xarakter, forma və
məzmun, yazıçı
mövqeyi, aktuallıq
və müasirlik, bədii dil problemlərinin düzgün
elmi tədqiqini təmin edir" (Bakı, "Yazıçı",
səh.7-8).
Və mən aradan bu qədər illər keçdikdən sonra, tam səmimiyyətlə
deyirəm: hərgah, doğrudan da belədirsə,
bunda Kamal Talıbzadənin
çox ciddi mənəvi rolu olub.
***
Kamal Talıbzadənin qələmi
- ustad qələmi idi və bu
yerdə "qələm"
məfhumunu mən istedad, düşünmək
bacarığı, zəhmətkeşlik
və professionallıq
toplusu kimi qəbul edir və işlədirəm.
Onun klassik və müasir ədəbiyyatın problemləri
ilə bağlı bir sıra yüksək
elmi-nəzəri səviyyəli
məqalələri var, o, "Abbas Səhhət", "M.Qorki və Azərbaycan ədəbiyyatı"
kimi monoqrafiyaların müəllifidir, amma bütün bunlarla bərabər, Kamal Talıbzadə
bir ədəbiyyatşünas
alim kimi, ilk növbədə,
Azərbaycan tənqidinin
tədqiqatçısıdır və o, mənim fikrimcə, Azərbaycan ədəbiyyatşünaslığında ayrıca bir məktəb - milli tənqidşünaslıq
məktəbi yaratmışdı.
Kamal Talıbzadənin 1966-cı ildə
nəşr etdirdiyi
"XX əsr Azərbaycan
ədəbi tənqidi"
monoqrafiyası bizim ədəbiyyatşünaslıqda ən mükəmməl elmi əsərlərdən
biri olmaqla bərabər, tamamilə
yeni bir elmi istiqamətin - dediyim həmin tənqidşünaslıq
məktəbinin təməlini
qoymuşdur.
Azərbaycan ədəbi tənqidinin
keçmişi haqqında
da, müasir vəziyyəti
haqqında da Kamal Talıbzadədən
əvvəllər də
yazmışdılar: Məmməd
Arifin, Məmməd Cəfər
Cəfərovun, Mikayıl
Rəfilinin, Cəfər
Cəfərovun, Əziz
Mirəhmədovun və
başqalarının bu
mövzuda həm məxsusi yazıları, həm də ayrı-ayrı mövzular
daxilində fikir və mülahizələri
az deyildi, amma bu mövzunun
sistemli şəkildə
öyrənilməsi, tədqiqi
bilavasitə Kamal Talıbzadənin
adı ilə bağlıdır.
Məhz
"XX əsr Azərbaycan
ədəbi tənqidi"
monoqrafiyasından sonra
bizim milli tənqidimiz
ədəbiyyatşünaslığın
birbaşa tədqiqat predmetinə çevrildi və ondan sonra
bu mövzuda yazılan əsərlərin
bir çoxunun meydana çıxmasında
Kamal Talıbzadə elmi
rəhbər, redaktor,
məsləhətçi, opponent kimi iştirak etmişdir. Onun "Tənqidimiz haqqında qeydlər" (1967, "Ədəbi
irs və varislər" (1974), "Sənətkarın
şəxsiyyəti" (1978) kimi kitabları tənqidşünaslıq məktəbinin
formalaşmasında ciddi
rol oynadı, o,
"XX əsr Azərbaycan
tənqidi" monoqrafiyası
üzərindəki yaradıcı
işini davam etdirərək, tənqidimizin
qədim dövrlərdəki
ilkin mərhələlərini
də tədqiqata cəlb etdi və 1984-cü ildə
fundamental "Azərbaycan ədəbi
tənqidinin tarixi"ni
nəşr etdirdi.
Mirzə
Fətəli Axundova qədərki dövrdə
Xətib Təbrizinin
(XI əsr) "Əl-kafi
fi elmey əl-əruz vəl qəvafi"sindən
tutmuş Əhdi Bağdadinin (XVI əsr) məşhur "Gülşənüşşüara"
əsərinəcən, Sam Mirzənin (XVT), Sadıq bəy Əfşarın, Lütfəli bəy Azərin (XVIII əsr) təzkirələrinəcən, Lətifinin, Həsən Çələbinin, Aşıq
Çələbinin elmi-nəzəri
fikirlərinəcən tənqid
tariximizin sistemli təhlili Kamal Talıbzadənin
adı ilə bağlıdır.
Mirzə
Fətəlinin "kritika"sı
barədə Kamal Talıbzadəyə
qədər az yazılmamışdı, Mikayıl
Rəfilinin monoqrafiyasından
tutmuş, XIX əsr ədəbiyyatımızı tədqiq
edən alimlərimizin
əsərlərinəcən, Axundovdan bəhs edəndə ya ötəri, ya da nisbətən müfəssəl
onun tənqidi və tənqidə münasibəti barədə
danışılırdı, amma məhz Kamal Talıbzadə Azərbaycan
tənqid tarixinin Axundovun adı ilə bağlı bu müəyyənedici mərhələsinin elmi konsepsiyasını işlədi,
sırf ədəbi tənqid estetikası baxımından həmin mərhələnin rolunu müəyyənləşdirdi. Daha sonrakı dövr Azərbaycan tənqidinin Abdulla Sur, yaxud
Kazımoğlu (Seyid Hüseyn) kimi az tanınan nümayəndələri haqqında
ilk məlumatları mən
Kamal Talıbzadənin əsərlərindən
almışam və elə onun köməyi
ilə də həmin qism tənqidçiləri mütaliə
edə bilmişəm.
Bizim Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə kimi fikir adamlarımızın
tənqidçilik fəaliyyəti
və nəzəri-estetik
görüşləri haqqında
yazılan əsərlər,
söylənən fikir
və mülahizələr
arasında Kamal Talıbzadənin
də sözü ədəbiyyatşünaslığımızda
sanballı çəkiyə
malikdir və 20-30-cu illərin Əli Nazim, Bəkir Çobanzadə,
Hənəfi Zeynallı,
Mustafa Quliyev, Əmin
Abid, Vəli Xuluflu, Atababa Musaxanlı, Məmməd Kazım Ələkbərli və başqaları kimi qələm sahiblərinin
ədəbi-tənqidi irsinin
üzə çıxarılmasında
və öyrənilməsində
də Kamal müəllimin
xidmətləri çoxdur.
Bir əlamətdar cəhəti
də qeyd etmək istəyirəm
ki, Kamal Talıbzadə klassik
ədəbi tənqidi
tədiq etdiyi kimi, cari ədəbi
prosesin, yəni müasir tənqidin də tənqidçisi idi və bu
mənada onun qoyub getdiyi ədəbi
irsdə Azərbaycan tənqidi kompleks şəklində, bütöv
bir orqanizm kimi təqdim olunur ki, bu da mövzunun elmi ehtivasında tamlıq yaradır.
Bütün bu dediklərimə
orasını da mütləq
əlavə etmək lazımdır ki, Azərbaycan
ədəbi tənqidinin
"60-cı illər nəsli"
də öz qələmləri ilə
özlərini ifadə
edərkən, bir çox hallarda Kamal Talıbzadənin dəstəyinə
arxalanıblar və onların Azərbaycan ictimai fikrində özlərini təsdiq etməsində Kamal Talıbzadənin
rolu az olmamışdır.
Onun Yaşar Qarayev, yaxud Şamil Salmanov kimi tənqidçilərə,
ədəbiyyatşünas-alimlərə
göstərdiyi xeyirxahlıq
mənim gözlərimin
qabağında olub və bu yerdə
mən, deyəsən,
yenə xatirələrə
varmalı olacağam.
***
Mən yuxarıda
dedim ki, Nizami adına Dil və Ədəbiyyat
İnstitutunda direktor akademik Məmmədağa
Şirəliyev, müavin
isə Kamal Talıbzadə idi və professor (yəni Məmmədağa
müəllim) dilçi
olduğu üçün,
ədəbiyyat məsələləri
ilə əsasən,
o məşğul olurdu.
Bir neçə ildən sonra isə İnstitut iki hissəyə ayrıldı - ədəbiyyat
və dil - və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru görkəmli ədəbiyyatşünas,
professor Mirzəağa
Quluzadə, müavini
isə yenə də Kamal müəllim
oldu və mənim həyatımın
aspirantlıqdan baş
elmi işçiyə
qədərki 10 illik bir hissəsi (1965-dən
1975-ə kimi) Kamal müəllimlə birgə
əməkdaşlıqda keçdi.
Bu gün, aradan 30 ildən artıq bir vaxt keçdikdən sonra da mən
həyatımın o dövrünü
ən işıqlı
xatirələrlə yad
edirəm və bu xatirələrin həmin işığında
Kamal Talıbzadənin
çox görümlü
bir yeri var.
Mən Gülrux
Əlibəyova, Yaşar
Qarayev, Şamil Salmanov, bir az
sonra da Vəli Osmanlı ilə birlikdə Məmməd Cəfər müəllimin rəhbərlik
etdiyi ədəbiyyat nəzəriyyəsi şöbəsində
(bu, şöbənin
rəsmi adı idi, qeyri-rəsmi isə: Məmməd Cəfər müəllimin
şöbəsi!) işləyirdim
və institutda bizim şöbəyə ən məhrəm iki-üç nəfər
vardısa, onlardan biri, sözsüz ki, Kamal müəllim
idi. Mən indicə "əməkdaşlıq"
sözünü işlətdim,
amma əslində, bu, elmi əməkdaşlıq
yox, əgər belə demək mümkündürsə, elmi
dostluq illəri idi, çünki Məmməd Cəfər müəllim başda olmaqla, Kamal müəllimi də, bizi - yeni ədəbi
nəsli də bir tərəfdən ədəbi prinsiplər, bədii-estetik zövq yaxınlığı, əsrin
əvvəllərindən gələn
(Azərbaycan ədəbi-ictimai
mühitinin Mirzə Cəlil və Üzeyir Hacıbəyov, Hüseyn Ərəblinski və Hüseyn Cavid, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev, Əhməd Cavad və Abdulla Şaiq dövründən
gələn!) ziyalılıq
ənənələrinə hörmət və məhəbbət birləşdirirdisə,
o biri tərəfdən
də sırf insani münasibətlər
bu "elmi dostluq"da öz istiqanlı işini görürdü.
Yaşar Qarayev
kimi böyük tənqidçi və ədəbiyyatşünasın yetişməsində, yaxud
Şamil Salmanovun
20-30-cu illər ədəbi
prosesini çox effektli şəkildə tədqiq etməsində Kamal Talıbzadənin havadarlığı, xeyirxah
münasibəti, məsləhətləri
az rol oynamayıb
və bu havadarlıq, isti münasibət, dediyim kimi, eyni zamanda,
insani yaxınlığı
da ifadə edirdi.
Mən bu
cümlələri yazarkən
yalnız elmi müşavirələri, müzakirələri,
müdafiələri xatırlamıram,
gözəl şam məclisləri, heç vəchlə həddini aşmayan duzlu zarafatlar, həyati "dərdləşmələr" də yaş, elmi dərəcə, vəzifə fərqlərinə
baxmayaraq, bizim Nizami İnstitutundakı münasibətlərimizin tərkib
hissəsi idi və hərgah bu münasibətləri bircə sözlə səciyyələndirmək lazım
gəlsəydi, o söz
- səmimiyyətdir, elmdə
də səmimiyyət,
şəxsi münasibətlərdə
də səmimiyyət.
Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığımızın,
ədəbi tənqidin
keçən əsrin
ikinci yarısında,
xüsusən 60-70-80-ci illərdəki
inkişafında, yeni-yeni
bədii-estetik və elmi-nəzəri keyfiyyətlərin
üzə çıxmasında
Nizami adına Ədəbiyyat İnstitutunun
o illərdəki fəaliyyətinin,
oradakı aurası müsbət emosiyalardan ibarət aktiv yaradıcı atmosferin rolu, mənim üçün, tamam şəksiz və qeydsiz-şərtsizdir. Həmin
fəaliyyəti istiqamətləndirən,
həmin atmosferi yaradan ədəbi simaların arasında da ən effektli
iş görən, ən aktiv çalışan
qələm və fikir adamlarından biri də, heç
şübhəsiz ki,
Kamal Talıbzadə idi.
Bu gün
Məmməd Cəfər
müəllim haqq dünyasındadı, Yaşar
Qarayev vaxtsız vəfat etdi, Kamal müəllim 80 illiyindən bir az sonra rəhmətə
getdi, lap bu günlərdə Şamil Salmanovu itirdik...
İllər keçir (özü də necə illər!) və olsun ki, Nizami
İnstitutunun daha gözəl günləri
hələ irəlidədir,
orada daha gözəl bir atmosfer yaranacaq, işçiləri daha sanballı əsərlər
yazacaqlar, bir-biriləri
ilə daha artıq dostluq münasibətlərində olacaqlar,
amma o institutun o günləri ki, mən haqqında danışdım, bir də heç zaman təkrar olunmayacaq.
Bu, əlbəttə,
həyatın gedişat
qanunauyğunluğudur.
Amma çox da təsirlidir.
ELÇİN
Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 12 avqust.- S.4;5.