Şəxsiyyət etalonu
Akademik
Kamal Talıbzadə bir
növ şəxsiyyət
etalonu idi. Mənliyi və mənəviyyatı ilə
həqiqi ziyalı nümunəsi idi. Kamal müəllim gənc yaşlarından nurani təbiətə malik idi.
Ondakı ağsaqqal müdrikliyi, dünyagörüşü,
səbir və təmkini ona dərin hörmət və nüfuz qazandırmışdı. Kamal müəllimlə bir yerdə, bir müəssisədə işləmədiyimdən
onun haqqındakı xatirələrim də bir növ təsadüfi,
fraqmental xarakter daşıyır.
Böyük Abdulla Şaiqin ailəsində
tərbiyə almış
Kamal müəllimin simasında
Abdulla Şaiq nuru var idi. Gülər üzlü, həlim təbiətli, xoş söhbətli bu insan elə bil ki, bu dünyaya
yalnız xeyirxahlıq
üçün gəlmişdi.
Vaxtilə pedaqoji fəaliyyətlə də
məşğul olmuş
Kamal müəllimdə ideal müəllim təbiəti
var idi.
Mənim
"Sənət qayğıları"
kitabımın redaktoru
olduğu zaman onun böyük qayğıkeşliyinin
şahidi oldum. Hər bir qeydini,
fikrini elə böyük mədəniyyətlə,
elə zərif faktla deyirdi və izah edirdi
ki, onunla razılaşmamaq
olmurdu. "Əbdürrəhimbəy
Haqverdiyevin poetikası"
adlı kitabım
"Yazıçı" nəşriyyatından Kamal müəllimə
rəyə verilmişdi.
Bir gün təsadüfən
küçədə rastlaşdıq.
Kamal müəllim kitab haqqında
böyük ürək
genişliyi ilə, fərəhlə danışdı
və onu da əlavə etdi ki, kitabın həcmi nəşriyyat planında
göstərildiyindən xeyli
artıqdır. Və
bunu nəzərə alaraq o öz rəyində göstərmişdi
ki, belə əsərləri
ixtisar etmək lazım deyil; kitab müəllifin təqdim etdiyi şəkildə çap olunmalıdır.
Kamal müəllim tövsiyə
etdi, mən də onun rəyinə
əsaslanaraq kitabın
həcminin nəşriyyat
planında artırılmasına
çalışdım. Belə
də oldu. Kamal müəllimin xeyirxah tövsiyəsi yerinə yetirildi. Kamal müəllimin
qeydlərini nəzərə
almaq üçün
onun rəyini nəşriyyatdan götürmüşdüm.
Lap bu yaxınlarda təsadüfən həmin
rəyi tapdım.
Kamal müəllimin böyük
qayğı ilə yazdığı geniş
rəyin əlyazması
bu unudulmaz alimindən mənim üçün əziz bir yadigar oldu...
Görkəmli alim və ədibimiz
Mir Cəlalın 1947-ci ildə
müdafiə etdiyi
"Azərbaycanda ədəbi
məktəblər" adlı
doktorluq dissertasiyasını
kitab şəklində hazırlayarkən
bəzi mübahisəli
məqamlarla əlaqədar
bir neçə dəfə Kamal müəllimlə
məsləhətləşməli oldum. Hər dəfə ona zəng vuranda Kamal müəllim böyük
səbirlə konkret faktlara, o zamankı hadisələrə öz
münasibətini şərh
edirdi. Və hər dəfə də təkidlə tapşırırdı ki, ehtiyac
olsa, ona müraciət edim.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Müdafiə Şurasında
uzun zaman Kamal müəllim
sədr oldu. Mən də həmin şuranın üzvü idim. Bu müddətdə mən
Kamal müəllimin elmə,
alim adına necə böyük prinsipiallıqla,
məsuliyyətlə yanaşmasının
və müdafiə eləyənlərin taleyinə
böyük qayğıkeşlik
göstərməsinin şahidi
oldum. Mən inana bilmərəm ki, indiyədək Kamal müəllimin
evinə haram tikə gəlmiş olsun. Öz şəxsiyyətini,
mənliyini hər şeydən uca tutan bu adam
kimsənin hüququna,
haqqına qıymazdı.
Elmi prinsipiallığı
da çox yüksəkdi.
Ən sərt tənqidini də elə əsaslı-sübutlu,
elə dərin səmimiyyət və qayğıkeşliklə deyərdi
ki, kimsə ondan rəncidə olmazdı. Çox vaxt müdafiə olunan dissertasiyanın mövzusu
ilə əlaqədar
ya lap əvvəldə,
ya da sonda öz mülahizələrini
söylərdi, yeni faktlarla,
xatirələrlə, təfərrüatla
elmi diskussiyanın diapozununu genişləndirərdi,
dərinləşdirərdi, tamamlayardı. Onun apardığı elmi şuralarda, demək olar ki, heç bir əsəbiliyə, gərginliyə, qərəzçiliyə
yol verilməzdi. Ağayana, təmkinli davranışı və yüksək mədəniyyəti
ilə hər kəsi yerində oturtmağı bacarırdı
Kamal müəllim. Həm
də belə böyük elmi nüfuza malik olan adam qarşısında hər kəs öz məsuliyyətini yaxşı dərk edirdi.
Kamal müəllim həm də məclislər yaraşığı idi.
Bəzən müəyyən
qonaqlıqlarda bir yerdə olardıq. Belə məclislərdə
Kamal müəllimin şirin
söhbətləri, şux
zarafatları, , hətta hərdən qol götürüb oynaması hamını valeh edərdi. Bu adam öz şəxsiyyəti
ilə, xeyirxah əməlləri ilə sanki hamını bu gözəl dünyada gözəl də yaşamağa çağırırdı; hər
cür xəbislikdən
uzaq olub insanlara böyük ürək genişliyi ilə yanaşmağı
təlqin edirdi.
Kamal müəllim şəxsiyyətcə
nə qədər zəngin və orijinal bir insan
idisə, alim kimi də bir o qədər
çoxcəhətli, dərin
və geniş erudisiyalı idi. Kamal müəllimin böyük,
fədakar alimlik fəaliyyəti zəngin və çoxcəhətli
olsa da, daha çox Azərbaycan
professional tənqidi fikrinin
formalaşması və
inkişafı məsələlərinə,
onun nəzəri problemlərinə aiddir. Həm ədəbiyyat tariximizin keçmişini
və bu gününü, həm də ədəbiyyat nəzəriyyəsini gözəl
bilən Kamal müəllimin
bu sahədəki
fundamental əsərləri sonrakı tədqiqatlar üçün münbit
və inamlı zəmin ola bilər. Kamal müəllim demək olar ki, yeni bir istiqamətin - milli ədəbi
tənqid tarixinin yaradıcısı oldu.
Kamal müəllim orijinal və piinsipial tənqidçi kimi də böyük nüfuz sahibi idi. Ədəbi tənqid sanki daha çox sərtlik, kəskinlik, hətta döyüşkənlik
tələb edir. Lakin
Kamal müəllimin tənqidi
əsərləri də
onun təbiətinə
müvafiq olaraq daha çox yüksək mədəniyyət,
dərin zəka və analitik təhlil keyfiyyətləri
ilə diqqəti cəlb edir.
Kamal müəllim böyük
qayğı və həvəslə yaratdığı
müdiri olduğu
Abdulla Şaiqin Mənzil
Muzeyinə doğma ocaq kimi baxırdı.
Həmin otaqlarda vaxtilə özlərinin yaşadığından, oradakı
eksponatların tarixindən,
fotoşəkillərdəki adamların taleyindən xüsusi həvəslə
söhbət açırdı.
O, muzeyin bina sıxıntısından, təmir
qayğılarından, planlarından
qayğıkeşliklə danışırdı.
Mir Cəlal müəllimin
kitabı ilə əlaqədar hazırlanan
televiziya verilişinə
aid bir sıra çıxışlar həmin
muzeydə çəkilərkən
otaqları bir də gəzdik, eksponatları təkrar nəzərdən keçirdik.
Bu vaxt Kamal müəllim
çox kədərli
halda öz yaddaşının son vaxtlar
zəifləməsindən gileyləndi. Dedi ki, buradakı hər şəklin tarixini çox dəqiq bildiyi halda, indi çox şeyi xatırlaya bilmir. Mən ona təskinlik verdim, dava-dərmanla düzələcəyini dedim.
Həmişə nikbin,
gümrah olan Kamal müəllimi çox bədbin və kədərli gördüm.
Uzun illər idi ki, bütün bayramlarda Kamal
müəllimə zəng
vurub onu təbrik edərdim, səmimi söhbətlərimiz
olardı. İnsanların
bir-birilə görünməmiş
dərəcədə soyuq
və ögey münasibətləri olan
zamanımızda Kamal müəllim
kimi təmizlik və səmimiyyət mücəssəməsi olan
gözəl bir insanla telefon söhbəti böyük
təsəlli və təskinlik idi.
Vaxtilə "Literaturnaya qazeta"da
böyük rus şairi Y.Yevtuşenkonun
bir məqaləsi belə başlayırdı:
"Vse mı smertniki". Bəli, dünyaya gələndən,
həyatı dərk edəndən hamımız
bilirik ki, gec-tez ölümə məhkumuq.
Bəziləri bundan səhv nəticə çıxarıb bu fani dünyadan fürsət ikən daha çox qoparmağa cəhd edir. Bəziləri isə bu dünyanı
daha kamil, daha gözəl görmək üçün
özündən sonra
da böyük yadigarlar qoymağa çalışır. Birincilərin
ömrü vəfat tarixi ilə bitir, ikincilərin ömrü isə əməllərində, xidmətlərində,
yadigarlarında davam edir, xatırlanır, yad olunur. Kamal müəllim kimi böyük və işıqlı şəxsiyyətlər nurlu
təbiətləri ilə
onu tanıyanlar üçün gözəl
örnək olmaqla bərabər, fədakar zəhmətləri ilə,
yaratdıqları əsərləri,
yadigar qoyduqları xatirələri ilə həmişə nəsil-nəsil
xatırlanacaqdır.
Təhsin MÜTƏLLİMOV
Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 12 avqust.- S.10.