Zərifliyin prinsipiallığı
Bizim nəsil ədəbiyyatşünaslıqla
məşğul olanda
əhatəmizdə çox
böyük mütəxəssislər
var idi. Onlardan dərs alırdıq.
Kamal müəllim o zaman universitetdə
dərs demirdi. Amma bununla yanaşı, onun ədəbiyyatçı
şəxsiyyəti çoxlarımız
üçün bir nümunə idi. Şəxsən mənim üçün də
Kamal Talıbzadə çox
maraqlı, diqqəti çəkən bir məktəb olub. Həm də nəzərə almaq lazımdır ki, Kamal Talıbzadə
yalnız bir insan ömrünün tarixində yetişmiş
adam deyildi. O, Abdulla Şaiqin oğlu idi. Abdulla Şaiq də bizim ədəbiyyatşünaslığımız,
ziyalılığımız üçün kim olub, bu, bizim
hamımıza məlmdur.
Biz Kamal müəllimə Abdulla Şaiqin davamı kimi baxırıq. Elmi ilə, geniş dünyagörüşü
ilə yanaşı,
Kamal Talıbzadədə Abdulla Şaiqdən gələn
zərif bir müəllim mədəniyəti
də vardı. Ziyalı özünəməxsusluğu
da... Ziyalılıq odur
ki, ümumiyyətlə, daim
düşünəsən ki, cəmiyyətdən nə
almışam yox, cəmiyyətə nə vermişəm, nələrdə
güzəştə getmişəm,
yəni insan nə qədər çox güzəştə
gedə bilərsə,
bir o qədər ziyalıdır. Bax, bu mənada Abdulla Şaiqdən gələn
ənənəni onun
oğlu davam və inkişaf etdirirdi. Bu cəhətdən
onun şəxsiyyəti
maraqlı və doğma idi.
Kamal Talıbzadə Azərbaycan
ədəbi tənqidinin
tarixini yaratmışdır.
Bu bizim üçün
dəyərli sahə
idi. Ədəbi tənqidin tarixi, eyni zamanda, xalqımızın
ədəbiyyata baxışının
tarixi idi. Elə xalq var ki, o, ədəbiyyat
yarada bilir, amma yaratdığı ədəbiyyata bir elmi, nəzəri baxışı yoxdursa, əlbəttə, orda bir natamamlıq olur. Bu tarixi Kamal Talıbzadə yazmışdır
və sübut etmişdir ki, bizim xalqımız yalnız böyük ədəbiyyat
yaratmayıb, həm də kifayət qədər böyük bir ədəbiyyatşünaslıq
yaradıb, ədəbiyyat
barədə dünyagörüşü
yaradıb. Bu mənada
ədəbiyyatşünaslıq elminin patriarxı kimi sevilən Kamal müəllim çox böyük iş görmüşdü. Bu sahə
onun adı ilə bağlıdır.
Bu cəhətlərinə görə Kamal Talıbzadə
bizim üçün
dəyərli və çox qiymətli insan idi.
Mən Dilçilik İnstitutunda
işə başlayanda
Kamal Talıbzadə ilə
şəxsən tanış
oldum. Ədəbiyyat və Dil İnstitutu
bir yerdə konfranslar keçirirdi, xüsusilə gənclərin
konfransları olurdu. Onlara da, adətən,
Kamal müəllim rəhbərlik
edirdi. Mən mülayimliyin, zərifliyin,
eyni zamanda prinsipiallığın vəhdətini
onun xarakterində kəşf elədim. Əslində həmin xarakter Abdulla Şaiqdə
olub. Abdulla Şaiqin yüksək mədəniyyətilə
yanaşı, həm də kifayət qədər kəskin mövqeyi olub. Eyni xüsusiyyətlər
Kamal müəllimdə də
mövcud idi. ona görə də ədəbiyyatçılar,
dilçilər Kamal Talıbzadəyə
böyük müəllim
kimi baxırlar. Sonra mən Kamal müəllimin
qızı Ülkər
xanımın timsalında
gördüm ki, həmin
səviyyə, həmin
mədəniyyət, həmin
özünü yüksək
prinsipiallıqla ifadə
etmək qabiliyyəti,
ziyalılıq kamal müəllimdən sonra
da davam eləyir.
Mən universitetin filologiya fakültəsində dekan
olanda, işlədiyim
ilk ildə Kamal Talıbzadəni
dövlət imtahan komissiyasına sədr dəvət elədim. Kamal müəllimin
dövlət imtahanlarını
necə aparmağını
müşahidə elədim.
Gördüm ki, əsl
müəllim nə deməkdir.
Kamal müəllimin kifayət qədər yaşlı vaxtı idi bəzən yorulurdu, amma dövlət imtahanının belə bir xarakteri var ki, qısa bir zaman ərzində daha çox tələbə diplomu işi müdafiə etməli idi. Biz çalışırdıq
ki, hər bir tələbənin biliyini
təxminən on dəqiqəyə
qiymətləndirək. Kamal müəllim isə hərdən "problemlər"
yaradırdı. O mümkün
qədər şərait,
imkan verdi ki, tələbə öz fikirlərini deyə bilsin, yaxşı
tələbə görəndə
Kamal müəllim bir
saata qədər onunla söhbət edirdi, onu dinləyirdi,
ona meydan açırdı. Bu da təbiidir
ki, vaxt alırdı, işin gedişinə mane olurdu. O hər tələbə ilə bir saat
məşğul olsaydı,
onda gərək biz bir il imtahan götürəydik. Amma bu
hərəkəti ilə
Kamal müəllim qarşısındakının
biliyini qiymətləndirərək
onun gələcəkdə
yaxşı mütəxəssis
olmağına xeyir-dua
vermək üçün
zaman ayırmaqda xəsislik
eləmirdi. Bu da onun xarakterinə aid bir məsələ idi.
Biz Kamal müəllimlə uzun müddət yoldaşlıq
elədik. Kamal müəllimlə
hər dəfə üz-üzə gələndə
xeyli söhbətləşirdik.
Bizim bir-birimizə xüsusi məhəbbətimiz
var idi. Kamal müəllim
kifayət qədər
zəngin bir ömür yaşadı.
O, Abdulla Şaiqin Mənzil
Muzeyi ilə bağlı çox narahat idi. Orda
çox tədbirlər
keçirmək istəyirdi.
İstəyirdi ki, Abdulla Şaiqi
xalqa bütün zənginliyi ilə çatdırsın. Kamal müəllim
hamıya köməklik
edirdi. Bəzən istedadında problem olan adamlara da köməklik edirdi ki, bəlkə bu, ona müsbət
təsir eləyə bildi. Zəngin ömründə çox
böyük hadisələr
olmuşdu.
Kamal müəllimin xarakterini, səviyyəsini, enerjisini
nəzərə alanda
mənə elə gəlirdi ki, o, gənc adamdır. O, mənalı
zarafatları ilə də çox gənc idi. Xeyirxahlığı
ilə də çox gənc idi. Belə adamları heç 100 yaşında da itirmək
istəməzsən...
Kamal Talıbzadə Azərbaycan ədəbiyyatı tarixində, Azərbaycan ictimai fikri tarixində, Azərbaycan mədəniyyəti tarixində həqiqətən klassik bir yerdədir. Yəni o, tarixi ziyalılıq və tarixi alimlik modelinə cavab verən bir yerdədir. Biz həmişə nədənsə ona oxşamağa çalışırıq.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti:
xüsusi buraxılış.- 2023.- 12 avqust.- S.12.