Uzaq keçmişi və uzaq gələcəyi
yaxın eləməyi
bacaran Kamal Talıbzadə müdrikliyi
Ustad
Kamal Talıbzadənin ədəbi-mədəni
və elmi portretini gözlərimin qarşısına gətirərkən
onun nurlu çöhrəsinin işığı
adamı inandırır
ki, bu böyük insan və xeyirxah
alim yanın dadır,
lap yaxınındadır. O bunu öz ömür
yolu və həyat missiyası ilə qazanmışdır.
Kamal Talıbzadənin ömür
yolu sıradan bir yaşam gedişatının xronikası
deyildi. Bu yol uzaqlardan başlanan - Şeyx Talıb, Abdulla Şaiq, Yusif Talıbzadə
xətti ilə gələn bir milli mücadilə yolu idi. Bir ucu Xorasana,
bir ucu Borçalıya,
bir ucu Təbrizə,
İstanbula, bir ucu orta Asiyaya
- Turan bozqırlarına
uzanan bir yolda nələr olmuşdu, nə mücadilə və savaşlar baş vermişdi, bunu Talıbzadələr nəsli,
Talıbzadələr şəcərəsi
onillər və qərinələr boyu günbəgün, saatbasaat
öz taleləri ilə yaşamışdı.
Atası Abdulla Şaiqin
və əmisi Yusif Talıbzadənin türkçülük, turançılıq
düşüncəsi Kamal müəllimə, demək
olar ki, irsən keçmişdi, onun ruhunda, milli varlığında
milli-tarixi kimlik düşüncəsi yuvalanmışdı.
Atası və əmisinin bu yoldakı fəaliyyətini
yazı və sənədlərini o, az qala bir ömür
boyu öz arxivində gizli şəkildə
qoruyub saxlamışdı.
Sovet dönəmində
bu fakt, sənədləri qorumaq və gizli saxlamaq
da bir hünər idi. Ahıl çağlarında atasının
və əmisinin turançı-türkçü düşüncələrini əks
etdirən "Arazdan Turana" kitabını nəşr etdirib üzə çıxararkən,
Kamal müəllim sanki
həyatının ən
mübarək işini
gerçəkləşdirirdi. Çünki onun təmsil olunduğu Talıbzadələr sülaləsi
müstəqil Azərbaycan
dövlətinin simasında
öz milli-ideoloji qayələrinə yetişmişdilər.
Müqəddəs, mübarək
yolu ulu babaları başlamışdı, uğurlu
nəticəni isə
sülalənin sonbeşiyi
akademik Kamal Talıbzadə
yaşamışdı…
Mən bu yazını niyə belə başladım?! Əvvəldə
də söylədiyim
kimi, Kamal müəllimin
nurlu çöhrəsi
uzaq keçmişi və uzaq gələcəyi
də yaxın eləməyi bacarırdı,
onunla söhbətləşdiyin
zaman uzaqlardakı dünənki
və gələcəkdəki
sabahı aydın görə bilirdin, ata-babalarından ona miras qalan tarixi
bilgiləri o öz varlığında nəhəng
bir aysberq kimi ağır-ağır
daşıyır və
bu günümüzə
çatdıra bilirdi.
Bu mənada, Kamal Talıbzadə
canlı bir ensiklopediya və sirli bir salnamə
səciyyəsi daşıyırdı.
Yeniyetməlik çağlarından ta ağsaqqal dönəminədək
çoxsaylı hadisə
və əhvalatların
şahidiydi. Ədəbi-mədəni
həyatımızın XX əsrdəki bütün
olub-olmuşları onun
gözünün qabağından
keçmişdi, bir çox hadisələri görüb yaşamışdı,
repressiya illərini, sonrakı dönəm sovet totalitarizmi bəlalarının ağrılarını
canında gəzdirirdi.
Sovet dönəminin sonlarında 1980-90-cı illərdə
biz gənclər bir çox hadisələrin gerçək mahiyyətini
ondan öyrənib bilirdik. Mübahisəli bir məsələ ortaya çıxan kimi hamı üzünü Kamal müəllimə
tuturdu.
Akademik
Kamal Talıbzadə nəhəng
elm bilicisi, yüksək
səviyyəli filoloji
hazırlığa malik, uzaqgörən
elm təşkilatçısı idi. Ədəbiyyat İnstitutunun tarixi mənzərəsini onun qədər dərindən
bilən araşdırıcı
yox idi. Uzun illər institutumuzun şöbə
müdiri, direktor müavini və direktoru olmuşdu. Sadəlik, səmimiyyət
və təvazökarlıq
Kamal müəllimin əsas
göstəricisiydi.
Bu mehriban, qayğıkeş
insanın elmi prinsipiallığına, obyektivliyinə,
təşkilatçılıq bacarığına da söz
ola bilməzdi. Çox
həssas adamıydı.
Adamları zərgər
dəqiqliyi ilə tanıyır və qiymətləndirirdi. Ömür-gün
yoldaşı Rəfiqə
xanım da təbiət
və xasiyyətcə
Kamal müəllimə bənzər
bir adamıydı. Yeri gəlmişkən, Rəfiqə Talıbzadə
1975-ci ildə Universitetdə
məndən qəbul
imtahanı götürüb
"əla"qiymət vermişdi,
elə imtahandaca "bu oğlanın yaxşı gələcəyi
olacaq" sözlərini
söyləməkdən də
çəkinməmişdi. Sonralar mən Akademiyada aspirantiurada oxuyarkən bu əhvalatı Kamal müəllimə
danışdım. Rəfiqə
xanım biləndə
ki onun seçdiyi tələbə gəlib
aspirant olub, çox sevinmişdi. Kamal müəllimin
ailəsi - özü,
xanımı, eləcə
də mənimlə
aspirant yoldaşı olmuş
qızı Ülkər
xanım mənim gözümdə həmişə
müqəddəs bir
ocağı təmsil
ediblər. Kamal müəllim
halal yaşamağı sevən,
doğru-dürüstlüyü özünün və çevrəsindəkilərinin həyat devizinə çevirən bir şəxsiyyət idi.
Kamal müəllim misilsiz bir ədəbiyyat tarixçisiydi. Ədəbi
tənqid tarixinin ayrıca bir elm sahəsi kimi biçimlənib inkişaf
etməsində onun rolu danılmazdır. Bu istiqamətə diqqət yetirilməsində Səməd
Vurğunun tövsiyəsini
həmişə ehtiram
və qədirşunaslıqla
xatırlayırdı.
Mən ustadım akademik Kamal Talıbzadədən elm və
sənətin incəliklərinə
dair çox mətləblər öyrənmişəm,
onun məsləhətlərindən
hər zaman faydalanmışam,
bu günün özündə belə bəhrələnirəm.
O, Azərbaycan mədəniyyətinin
elə tarixi-ədəbi
və elmi simalarındandır ki, özü
olmayanda belə xatirəsinin işığı,
nuru özündən
sonra gələnləri
çəkib irəli
aparmaq gücündədir.
Böyük alim və
mütəfəkkir üçün
bundan dəyərli heç bir şey yoxdur. Akademik Kamal Talıbzadənin
kübarlığı, müdrik
ağsaqqallığı hər
zaman onun arxasınca gedənlər üçün
bir örnəkdir.
İşığın, nurun, xeyirxahlığın, çöhrənin
xeyirxah təbəssümü
heç zaman tükənməyəcək,
böyük ustad!
Məhərrəm QASIMLI
Ədəbiyyat qəzeti:
xüsusi buraxılış.- 2023.- 12 avqust.-
S.15.