Kamal müəllimin 9 dərsi  

 

 

 

Sənə yazmağı öyrətmiş ustad haqqında yazmaq çox çətindir. Xalqın rəğbətini qazanmış, ədəbi-ictimai mühitdə mərhələ yaratmış, yazıçı, şair tənqidçi-ədəbiyyatşünas alimlərdən söz düşəndə belə bir ifadə işlədirlər: "Onun barəsində yazmaq həm asandı, həm çətin". Xeyr, düz deyil. Belə şəxsiyyətlərdən yazmaq həmişə çox çətindir. Məsələ təkcə hamıya çoxdan məlum olan faktları sıralamaqdan getmir, gərək elə yazasan ki, milli yaddaşda əbədiləşmiş, əsərləri ilə özünü yaratmış, qəlblərdə heykəlləşmiş böyük şəxsiyyətin obrazına nəsə əlavə edə biləsən. Bu şərtlə ki, o obrazın bakirəliyini pozmayasan.

Akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə belə şəxsiyyətlərdən idi. O təkcə ədəbiyyatşünas tənqidçi deyil, bütöv bir ədəbi-ictimai epoxa idi. Bu il onun 100 yaşı tamam olur. Mən onu şəxsən, 1978-ci ildən tanıyıram. Qiyabi olaraq 1976-cı ildə IV kurs tələbəsi olarkən onun xanımı, çox nəcib qadın ziyalı Rəfiqə xanım bizi 190 saylı məktəbə təcrübəyə aparmışdı, onun söhbətlərindən Kamal müəllim haqqında eşitmişdim.

1977-ci ildə indiki BDU-da filologiya fakültəsini əla qiymətlərlə bitirdim. Çox sərt tərs adam olan Həsən Şirəliyev mübahisə edib, haqlı olduğumu sübut etdiyim üçün Elmi kommunizm (indi lazım olmayan) fənnindən Dövlət imtahanından bütün komissiya üzvlərinin etirazına baxmayaraq mənə 2 (qeyri-kafi) yazdı. Həmin gün "Ədəbiyyat incəsənət" qəzetində AMEA-nın müxbir üzvü, professor Abbas Zamanovun mənim Vəli Nəbiyev haqqında "Biz inanırıq ki..." adlı məqaləsi çap olunmuşdu. Abas müəllim cəngavər xislətli, cəsur adam idi. Sevinə-sevinə əlində qəzet gəlib məni pərt gördü. Soruşdu, imtahanı necə verdin? Dedim ki, kəsildim. Abas müəllim içəri gedib dedisə, zorla mənə 3 (kafi) yazdırdı.

Beləliklə, 5 il əla oxusam da, fərqlənmə diplomu ala, deməli ki, aspiranturaya qala bilmədim.

 Kamal Talıbzadə Nizaməddin Şəmsizadə ilə.  1998

Universitetdə oxuyarkən müəllimlərim professor Seyfulla Əsədullayev professor Arif Hacıyev mənimlə dostluq edirdilər. Arif Hacıyev məni akademik Məmməd Cəfərin yanına gətirib dedi: Sənin şöbən üçün bir nəzəriyyəçi gətirmişəm. Məmməd Cəfər Ədəbiyyat İnstitutunun direktor müavini Kamal Talıbzadəni yanına çağırıb dedi: - Kamal, tanış ol, bu oğlanı Arif Allahyaroviç tərifləyib gətirib.

Kamal müəllim gülə-gülə dedi:

- Əşi, Rəfiqə Nizaməddini mənə o qədər tərifləyib ki...

M.Cəfər ona belə dedi: - Kamal, sən qaydaları yaxşı bilirsən, gərək bu oğlanı direktora təqdim edək.

Professor Mirzağa Quluzadə bizi gülər üzlə qarşıladı, Məmməd Cəfəri dinləyib məni hökmən işə götürəcəyini bildirdi.

Mən Məmməd Cəfərdən Yaşar Qarayevdən nəzəri ümumiləşdirməni, Kamal Talıbzadədən ədəbiyyatı milli mənafelər baxımından tənqid təhlil etməyi öyrəndim.

2008-ci ildə Məmməd Cəfərin 100 illik yubileyində şifahi surətdə bir saat məruzə etmişəm, elmi rəhbərim olmuş Yaşar Qarayevə "İdrakın üfüqləri" kitabını həsr etmişəm. Kamal müəllimin rəhbərlik etdiyi "Tənqidin tarixi nəzəriyyəsi" şöbəsində çox gənc yaşda elmlər doktoru olmuşam.

Kamal müəllimin "Azərbaycan ədəbi tənqidinin tarixi", "Sənətkarın şəxsiyyəti" s. kitabları, iki cildlik "Seçilmiş əsərləri"nə (1991) "Tarixə güvənən düşüncə" adlı Ön söz yazmışam nəhayət, akademik Kamal Talıbzadənin 75 illiyində "Türk təfəkkürü məcrasında" (1998) monoqrafiyasını yazmışam. Kamal müəllim vəfat edəndə onun ədəbi-tarixi rolunu müəyyən edən "Patriarxın ölümü" (2006) məqaləsini yazdım.

Kamal müəllimdən 30 il ərzində öyrəndiyim bu oldu: Əbədini ötəridən ayıra bildim! Həm həyatda, həm ədəbiyyatda, həm ədəbi tənqiddə. Bu o demək idi ki, Kamal müəllim mənə şəxsiyyət olmağın, özümü yaratmağın, tarixə düşməyin yolunu öyrətdi! Bəs Kamal Talıbzadə özü buna necə nail olmuşdu: O, Zaqafqaziya şeyxülislamı Əhməd Səlyanın müavini Axund Mustafanın nəvəsi idi. Axund Mustafanın iki oğlu - Axund Yusif Ziya (1877-1923) Abdulla Şaiq (1881-1959) XX əsrin böyük türkçü ziyalıları idi. Bizim K.Talıbzadəyə həsr olunmuş "Türk təfəkkürü məcrasında" (1998) kitabında aşağıdakı fikir yer alır: "Əvvəlcə Tiflisdə, sonra isə Xorasan Bağdadda yüksək dini təhsil almış Axund Yusif XX əsrin əvvəllərində türkçülük, islamçılıq azərbaycançılığın ideoloqlarından biri, publisist, maarifçi, şair, dramaturq, hərbçi siyasi xadim idi" (səh.93)

  Nizaməddin Şəmsizadə, Alma-Ata Universitetinin professoru Tursunbek Kəkişev, Kamal Talıbzadə. Alma-Ata, 1987

Axund Mustafa dövrünün ( bütün dövrlərin!) görkəmli ziyalısı M.F.Axundzadə ilə dost idi. Yusif Ziya Abdulla Şaiq Əli bəy Hüseynzadə ilə bir mühitdə böyümüş bu onun türkçü olmasına təsirsiz qalmamışdı. Yusif Ziyanın həyatı, mühiti, zəngin ziddiyyətli yaradıcılığı haqqında fundamental monoqrafiya yazmış Minəxanım Əsədli qeyd edir ki, "Yusif Ziyanın ulu babası Mustafa kişi XVII yüzildə dörd oğlunu da götürüb Şəmşəddil Sultanlığından Borçalının Sarvan kəndinə köçüb" (Əsədli M. Yusif Ziya Talıbzadənin həyatı mühiti. 1877-1923). Yusif Ziya Türküstanda Başmaçı hərəkatının dini-ideoloji lideri olmuş, Türkiyənin gənc hərbi naziri olmuş Ənvər Paşa ilə birlikdə bolşevik-daşnak orduları ilə vuruşmuşdur. Onların məqsədi Turan İslam dövləti yaratmaq idi. Bu barədə ətraflı Hüseynbala Mirələmovun bu yaxınlarda çap olunmuş "Ənvər Paşa" romanında mənim "Roman tarix" (2003) kitabımda məlumat var.

Görkəmli marksist tənqidçi, 1937-ci ildə repressiya qurbanı olmuş "Əli Nazimin (10 il alıb, Oryolda həbsxanada yandırılıb!) ədəbi-tənqidi görüşləri" mövzusunda namizədlik dissertasiyasını (elmi rəhbərim Yaşar Qarayev olsa da!) şöbə müdirim Kamal müəllimə (onun öz istəyi qayğısı ilə!) oxuyurdum. Dissertasiyanın bir yerində Abdulla Şaiqi türkçü romantik adlandırdığına görə Əli Nazimi tənqid edir, iddia edirdim ki, Abdulla Şaiq görkəmli sovet yazıçısıdır. Bu yerdə Kamal müəllim mənə irad bildirdi. Dedi ki, Əli Nazim haqlı, sən səhvsən, sənin A.Şaiqə göstərdiyin bu xidmət bağışlanmazdır. A kişi, sovet hökuməti bizim tifağımızı dağıdıb, ömür boyu vahimə içərisində yaşamışıq, sovet yazıçısı? Bu, Kamal Talıbzadədən aldığım əsas dərs idi.

Yazıçı dostum Əlibala Hacızadənin xahişi ilə bir ortabab vəzifəli yazıçı qadının yeni çıxmış romanı haqqında məqalə yazmışdım. Kamal müəllim oxuyub mənə dedi: - Elə yazıçılardan yaz ki, onlar tarixdə qalacaq, reklam üçün yazma, belə işlər eləmə.

Bu, Kamal müəllimdən aldığım üçüncü dərs idi.

Növbəti dəfə Kamal müəllimgilə getmişdim, özü çağırmışdı. Qapısına Abdulla Şaiq yazılmışdı. Qapını döydüm, Rəfiqə xanım açdı (Rəfiqə xanım çox gözəl, nəcib ziyalı qadın idi!). Əsəbi-əsəbi dedi: - Bax, Nizaməddin, sən müəlliminə oxşama, içəridə idman şalvarı geyib oturub, mən burda onun hər yerə geydiyi bir şalvarı ütüləyirəm, bu adamın ikinci şalvarı yoxdu ki, geyib toya getsin. Mən səbrlə hörmətli müəlliməm Rəfiqə xanıma dedim: - Rəfiqə xanım, onun bir şalvarı var, fəqət bu onun öz şalvarıdır.

Sonra qəzetdə bir məqalə yazdım: "Kişinin canı  ilə paltarı arasında özgə ruhu dayanmamalıdır". Bu, Kamal müəllimin mənə verdiyi dördüncü dərs idi.

Kamal müəllim bir dəfə mənə danışdı ki, atam SSRİ Ali Sovetinin deputatı idi, ancaq bizim evin yanındakı ərzaq dükanında nisyə dəftərimiz var idi. Bu, Kamal müəllimin mənə verdiyi təmiz yaşamaq, milli ziyalılıq dərsi - beşinci dərs idi.

Qeyd etdiyim kimi, 75 illiyi münasibətilə Kamal Talıbzadə haqqında kitab yazırdım ondan soruşdum:

- Ustad, kitabı necə görmək istəyirsən?

- Sən necə bilirsən, elə yaz, ancaq məni bir an da olsun, atamdan ayırma, - dedi. Bu, ata kultu haqqında ustadımın növbəti - altıncı dərsi idi.

Kamal müəllim İ.Əfəndiyevin yenicə çap olunmuş "Sarıköynəklə Valehin nağılı" romanı haqqında yazdığı yazını mənə verib dedi: - Oxu, bax, fikrini söylə. Arif müəllim (Məmməd Arif) mənə digər gənclərə yazılarını verirdi. Məqaləni oxudum. 14 səhifəni 7 səhifəyə endirib gətirdim, Kamal müəllim bir qədər pozuldu, sonra gülüb dedi: Alə, sən bunun evini yıxmısan ki. Kamal müəllimin məqaləsi 7 səhifə həcmində çap olundu. Bu da akademik Kamal Talıbzadənin mənə verdiyi yeddinci - ustad dərsi idi.

Birini deyim: 1986-cı ildə Kamal müəllimlə Qazaxıstana - Almatıya getmişdik. Kamal müəllimin yaxşı, qayğıkeş yol yoldaşlığı var, elə təyyarədə Rəfiqə xanımın bişirdiyi dadlı ət kartof peraşkilərindən yeyib, bir az da şərab içdik.

Almatıda Kamal müəllimin dostu (sonralar 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edəndə mənim rəsmi opponentim oldu), görkəmli qazax alimi Tursunbek Kakiyevin yubileyinə getdik. Təfsilata varmadan deyim ki, təqribən 40 məşhur türk ədəbiyyatşünas alimi Kamal Talıbzadəyə ehtiramla "Ustadım" deyə müraciət edir. Bu da oldu Kamal müəllimin mənə verdiyi səkkizinci - həyat dərsi. Onda mən başa düşdüm ki, Kamal müəllim niyə "Tənqidçi hər şeydən əvvəl həyatşünas olmalıdır" yazıb.

Mən Kamal Talıbzadədən ( Yaşar Qarayevdən!) şəxsiyyət olmağın çətin yolunu öyrənmişəm. Nəhayət, bu da müəllimimin doqquzuncu - ən çətin öyrəndiyim, bütün ömür boyu məni dimdik saxlayan, əyilməyə qoymayan dərsi idi.

Akademik Kamal Talıbzadə milli köklərə bağlı dərin mənəviyyatlı, yüksək savadlı, zadəgan əxlaqlı, saf, təmiz xislətli bir ziyalı, görkəmli Azərbaycan alimi, akademik idi.

 

Nizaməddin ŞƏMSİZADƏ

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 12 avqust.- S.19.