Bir ocağın varisi
Kamal Talıbzadə Azərbaycan
ədəbiyyatşünaslığının
ağsaqqallarından biri,
milli ədəbi tənqid
tariximizin salnaməsini
yaradan görkəmli tədqiqatçı, akademiyanın
həqiqi üzvü,
neçə-neçə orden
və mükafatlarla təltif olunmuş şanlı-şöhrətli bir
insan nə qədər məşhurlaşsa
da, nə qədər
xidmətlər göstərsə
də, çox vaxt başqa bir adın nüfuz
və təsir dairəsindən çıxa
bilmədi. Bütün
istedadına və xidmətlərinə rəğmən,
Kamal Talıbzadə milli məfkurəmizin
yaddaşında, ilk növbədə,
Abdulla Şaiqin oğlu
və Şaiq ocağının məşəlini
tutan davamçı kimi qaldı. Bunun səbəbi Abdulla Şaiq
ulduzunun zaman keçdikcə
daha çox parlaması və yaddaşlarda Azərbaycan ziyalılığının simvolu
kimi möhkəmlənməsidir.
Əslində, Kamal Talıbzadə
heç özü də bu parlaq
ulduzun kölgəsindən
çıxmağa, onun
nüfuzunun təsir dairəsindən kənarda
özünə fərqli
bir nüfuz hazırlamağa can atmırdı.
Onun özünün də dönə-dönə
dediyi kimi, ən böyük xidməti şəxsi tədqiqatlarından daha çox, Abdulla Şaiq ədəbi irsinin bir küll halında
yeni nəsillərə çatdırılması,
Şaiq ocağının
ədəbi bir işıq mənbəyi kimi qorunub saxlanılmasından
ibarət idi. Təsadüfi deyildir ki, tanışlığımızın və əməkdaşlığımızın
intensiv dövründə
- ömrünün son illərində
söhbətlərimizdə onun ən çox
Abdulla Şaiqin Mənzil-Muzeyi
ilə, onun ədəbi taleyi və ədəbi-bədii
irsi ilə məşğul olduğunu,
özünü Şaiq
çırağının işığında əritməyə
hazır olduğunu duyurdum.
Əslində, mənim Kamal Talıbzadə
ilə tanış olmaq arzum, onunla
münasibətlərim heç
də yalnız görkəmli ədəbiyyatşünas
alim, Azərbaycanın ən
nüfuzlu akademiklərindən
biri ilə ünsiyyətdə olmaq arzusundan irəli gəlməmişdi. Mən,
ilk növbədə, uşaqlıqdan
əsərlərini oxuduğum,
bu əsərlərin
arxasında nurlu simasını hiss etdiyim
Abdulla Şaiqin varisi ilə təmasda olmaq, necə deyərlər, onun qoxusunu Kamal müəllimdən
almaq istəyirdim. Amma
gözləmədiyim halda
Kamal Talıbzadədən diametral əks bir maraq
gördüm. İlk baxışda
nə qədər təəccüblü olsa
da, o mənim simamda sanki Abdulla Şaiqi gördüyünü, onu
xatırlatdığımı, həm əsərlərimdə,
həm də təhsil quruculuğunda, istedadlı gənclərə
göstərdiyim qayğı
və diqqətə görə Şaiq işinin davamçısı
olduğumu qeyd edirdi: - "Səlahəddin,
səni görəndə,
sənin əməllərinlə
tanış olanda, istedadlı gənclərə
qayğını görəndə
düşünürəm ki, bəlkə Şaiq ruhunu sən hamımızdan çox yaşadırsan". Azərbaycan
radiosunun müxbiri Çiçək Veysəlovaya
müsahibəsində də
bu məqamı vurğulamışdı. Bu, çox
önəmli bir etiraf idi.
Yəni,
böyük şəxslərin,
millətin simasını
müəyyən edən
insanların ruhunu ancaq genetik varislər
daşımır. Milli ruh
millət üçün
çalışanların yanğısından qidalanır
və eyni ideala xidmət edən vahid milli ruha qatılanlar bir-birinə bənzəməyə
bilməzlər.
Abbas Zamanov, Mirzağa Quluzadə, , Kamal Talıbzadə, Mirəli Seyidov
Kamal Talıbzadə Abdulla Şaiqin
oğlu olmağın
məsuliyyətini dərk
edir və yüksək dərəcədə
dəyərləndirirdi. Azərbaycan
Universitetinin fəxri professoru olan Kamal Talıbzadənin universitetimiz
üçün gördüyü
ən böyük işlərdən biri də kitabxanamızda
Abdulla Şaiq guşəsinin
yaradılması olmuşdur.
O, xəstə olmasına
baxmayaraq, Abdulla Şaiqin
universitetdə keçirdiyimiz
yubileyində, habelə
"Azərbaycan Universiteti"
nəşriyyatının buraxdığı
"Abdulla Şaiqin romantizmi"
(müəllifi professor Vəli
Osmanlıdır) kitabının
təqdimat mərasimində
şəxsən iştirak
etdi və gənc nəslin Şaiq irsinə bəslədiyi yüksək
marağa görə sevindiyini bildirdi. Şaiqlər unudulmursa, deməli, ziyalılıq,
maarifçilik hələ
yaşamaqdadır. Keçən
əsrin əvvəllərində
xüsusilə böyük
vüsət alan milli dirçəliş hərəkatı
da davam etməkdədir.
Son dərəcə təvazökar
və səmimi olan Kamal müəllimin bir etirafını da yada salmaq istərdim. 2000-ci ildə AMEA-ya seçkilər zamanı
Kamal Talıbzadə humanitar
bölmə üzrə
hesablama komissiyasının
sədri idi. Mən də seçkilərə qatılmışdım.
Fəlsəfəyə ayrılmış
yerlərdən ikisi tutuldu, biri isə
boş qaldı. Sonradan məlum oldu ki, mən cəmi 13 səs toplamışam və
AMEA-nın müxbir üzvü olmaq üçün bir səs çatmamışdır.
Kamal müəllim böyük
təəssüflə danışırdı
ki, hesablama komissiyasının
üzvləri səsi
sayanda səhv ediblərmiş. Ona məlumat
vermişdilər ki, Səlahəddin
cəmi 12 səs toplayıb, amma seçkilərdən sonra
bir də sayanda 13 səs olduğu aşkarlanıb.
Mən də dedim ki, Kamal müəllim,
axı, nə fərqi var, əgər 14
səs toplanmayıbsa,
13 də elə 12-nin tayıdır. Yox, - dedi, axı, yadımdan çıxıb,
heç mən özüm deyəsən səs verməmişdim, mənim səsimlə məsələ həll olunardı. Onun bu səmimi etirafı mənə o qədər xoş təsir bağışladı
ki, əslində, mənim
seçilməməyimdə həlledici rolu olmasına baxmayaraq, ondan heç ürəyimdə də inciyə bilmədim. Çünki bunları o danışmaya da bilərdi.
Bircə şeyə xüsusilə təəssüflənirəm
ki, bu cür təmizqəlbli insanların
səmimiyyətindən sui-istifadə edənlər də var. İşgüzarların
belə sui-istifadələrinə
baxmayaraq, o özü
aydan arı, sudan duru idi.
Akademik
Kamal Talıbzadə təkcə
səmimiyyəti və
sadəliyi ilə deyil, həm də ağsaqqallıq, qocamanlıq missiyası ilə seçilirdi. Ondan xeyli yaşlı
olan adamların iştirak etdiyi məclislərdə də
hamı məhz Kamal müəllimi böyük,
ağsaqqal hesab edirdi. O, elə bil ki, keçən əsrdən, keçmişdən
bizə yadigar idi. Zəmanə adamı deyildi. Əməllərində zamanla
hesablaşmalı olsa
da, qəlbən zamandan
yüksəkdə dururdu.
Səlahəddin XƏLİLOV
Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 12 avqust.- S.25.
İyul 2006