Ötən gündən əməl qalır, söz qalır
Akademik
Kamal Talıbzadəni əvvəllər
uzaqdan-uzağa tanıyırdım
- görkəmli tənqidçi
və ədəbiyyatşünas
alimimiz kimi, Abbas Səhhətin yaradıcılığı,
xüsusilə də onun poetik tərcümə
sahəsindəki fəaliyyəti
barədə əsas məlumatı mən Kamal
müəllimin ədəbiyyatçılara
yaxşı bəlli olan əsərindən almışdım. Eyni zamanda, bilirdim ki, Kamal Talıbzadə Azərbaycan
romantik ədəbiyyatının
və uşaq ədəbiyyatımızın klassiki, böyük maarifçi Abdulla Şaiqin
oğludur. Son yeddi-səkkiz
ildə isə, mən fəxrlə deyirəm ki, biz onunla yaxın dost olduq. Bu dostluq mənim həyatıma zərif bir işıq gətirdi - göz qamaşdırmayan, adama rahatlıq və mehribanlıq bəxş edən, soyuq ab-havanı isidə bilən bir işıq.
Kiçik dostu kimi onu şəxsən tanıyandan sonra və onun köhnə
ziyalılara xas olan gözəl xətt ilə yazıb mənə bağışladığı ikicildlik seçilmiş əsərlərinin mühüm
hissəsini oxuduqdan sonra Kamal müəllim mənim əzizim və müəllimim oldu. Rəfiqə xanımla bərabər tez-tez bizə gəldilər, biz onlara getdik, Abdulla Şaiq Muzeyində görüşdük,
bir sıra məclislərə bərabər
qatıldıq. Əminəm
ki, bu dostluqda bir böyük-kiçik məhəbbəti vardı,
yəqin ki, bu, həm də ikitərəfli ehtiyacdan doğurdu.
Heç
şübhəsiz ki, Azərbaycan
romantizmini tədqiq edənlər, Abbas Səhhəti
öyrənmək istəyənlər,
ədəbi tənqidimizin
tarixini araşdırmaq
və tənqidşünaslığın
nəzəri əsaslarına
yiyələnmək fikrində
ciddi olanlar Kamal Talıbzadənin yaradıcılığından
xeyli bəhrələnəcəklər,
daha doğrusu, ondan yan keçə
bilməyəcəklər! Elm adamının sözdə
deyil, doğrudan-doğruya
böyüklüyünün əsas əlaməti bu deyilmi?!
Kamal müəllimin və Rəfiqə xanımın
məhəbbəti sanki
efirdə sevgi dalğası yaradır, onlarla ünsiyyətdə
olanlara da sirayət edirdi.
Kamal Talıbzadənin daha bir xüsusiyyəti mənə və məncə, onu tanıyanların böyük
əksəriyyətinə xoş
gəlirdi - bu, onun atasına, Abdulla Şaiqə olan çox böyük ehtiramı və məhəbbəti idi. Əslində insanın valideynlərinə, baba və
nənəsinə sevgisində,
onların xatirəsini
əzizləməsində qeyri-adi
bir şey yoxdur, bu təbiidir
və təəccüb
doğura bilməz.
Bu, bir növ övlad minnətdarlığı
və borcudur. Elə görünür
ki, bunu insanı müsbət cəhətdən
səciyyələndirən mühüm məqam kimi qələmə verməyə ehtiyac yoxdur. Digər tərəfdən, cəmiyyətdə
doğrudan da, çox
sevilən, çox istedadlı və xalq yolunda böyük
zəhmət çəkmiş
xeyirxah insanların xatirəsi öz övladları tərəfindən
əziz tutulursa, öz övlad borcunu yerinə yetirən insan həm də cəmiyyətin minnətdarlığını
qazanmış olur.
Sanki cəmiyyət borclu
olduğu böyük
şəxsiyyətə öz
ehtiramını daima ifadə etmək üçün onun övladını vəkil
seçib, övlad da
böyük məmnuniyyətlə
bu işi öz öhdəsinə götürüb.
Kamal müəllimin atasına məhəbbəti onun maarifçiliyə, romantizmə,
yazıçılığa, humanizmə və əlbəttə ki, keçmişimizə
olan diqqəti, hörməti və sevgisi ilə də birbaşa bağlı idi. Kamal müəllim Abdulla Şaiqin
Mənzil-Muzeyində mənə
ləzzətlə bələdçilik
edərkən onun bütövlükdə keçmişə
necə həssas yanaşdığının bir
daha şahidi olmuşam, o, ata tərəfdən babası
Axund Mustafa, əmisi Axund Yusif haqqında
necə böyük məhəbbət və hörmətlə danışırdı!
Kamal müəllim atasının
həyatı, fəaliyyəti,
ədəbi irsi ilə əlaqəsi olan hər kəsə
qayğı və minnətdarlıqla yanaşırdı
- Mənzil-Muzeyin işçilərinə
də, sözləri A.Şaiqə məxsus mahnını ifa edən müğənniyə
də, atasının
adını daşıyan
məktəbə də,
A.Şaiq yaradıcılığına
maraq göstərənlərə
də... Və, eyni zamanda, həqiqətin
təhrif olunmasına
qəti yol vermirdi. Abdulla Şaiq öz sağlığında
xalq içində ipək təbiətli ziyalı, yazıçı
və sözün geniş mənasında, böyük müəllim
kimi şöhrətlənmişdi,
o, adına uyğun şövqlə çalışmış,
ətrafa maarif və insaniyyət nuru saçmışdı.
Kamal müəllim bir
tərəfdən Şaiqin
varisi və yadigarı kimi, Şaiqdən sonra Şaiq evinin başçısı kimi,
digər tərəfdən
isə, Şaiqin sözündən və parlaq surətindən nur alan bizlərdən
biri kimi Abdulla Şaiq xatirəsini ürəyinə yazmışdı.
Və Kamal müəllim
heç zaman Abdulla Şaiqi
olduğundan artıq təqdim etməyə, qeyri-adi bəzək vurmağa razı olmadı, bunun birinci səbəbi, yuxarıda qeyd etdiyim kimi, kimdən,
nədən söhbət
getdiyindən asılı
olmayaraq onun bitərəf avropasayağı
alim mövqeyini ortaya qoymasında idi (antiavropaçılar, məni
bağışlamaq olarmı?).
İkinci səbəb
isə A.Şaiqin
artıq olduğu kimi görünərkən
kifayət qədər
böyük şəxsiyyət
olması və (bu, xüsusi qeyd olunmalıdır) uşaqdan-böyüyə ədəbiyyat
sevənlər, ziyalılar
tərəfindən sevilməsidir,
yəni onun əlavə bəzəyə
ehtiyacı yoxdur, artıq bəzək onun saf hüsnünə
xələl gətirərdi.
Hamlet
İSAXANLI
Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 12 avqust.- S.26.