Talıbzadə Kamal - kamalın
zirvəsi...
Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi, elmi-fəlsəfi
fikir tarixinin görkəmli nümayəndəsi,
bütün ömrünü
Türkçülük və
Turançılığa həsr
eləmiş Əhməd
Ağaoğlunun həyatı,
mühiti, yaradıcılığı
ilə bağlı monoqrafiya üzərində
işlədiyim bu yay günlərində böyük
ədəbiyyatşünasımız, akademik Kamal Talıbzadənin
yüz yaşı tamam olur və
bu mübarək yubiley münasibəti ilə ürəyimdən
keçənləri yazmaq
fürsəti əldə
etdiyimdən xüsusi
məmnunluq duyuram və əslində yazacağım yazının
mövzusunu da, materialını
da elə Kamal müəllimin
özü verib. İş burasındadır
ki, əslən azad Şuşamızdan olan Ə.Ağaoğlu ilə
akademik K.Talıbzadəni
- bu iki nəhəng fikir adamını birləşdirən
möhkəm bağlar
var; Azərbaycanda hələ
çoxlarının tanımadığı,
tanıyanların da çoxunun
məlum səbəblərdən
adını çəkə
bilmədiyi, yaxud barmaqla sayılacaq qədər az sayda araşdırıcının
öz fikrini mətnin alt qatında, dərinliklərində gizlədərək
ifadə etmək zorunda qaldığı bir dövrdə Ə.Ağaoğlu haqqında
həm elmi, həm də səmimi münasibətini
bildirənlərin ilk sırasında
K.Talıbzadə gəlirdi...
K.Talıbzadəni əyani
şəkildə 2000-ci ilin
lap əvvəlində, Ədəbiyyat
İnstitutuna gəldiyim
günlərdə tanımışam
və həmin vaxtdan Tanrının dərgahına qovuşduğu
günə qədər
zaman-zaman xeyirxahlığını, qayğısını görmüşəm.
Abdulla Şaiqin Ev-Muzeyində
böyük həvəs
və zövqlə təşkil etdiyi tədbirlərə məni
də dəvət edərdi. Kamal Talıbzadə
mənim və bizim nəslin nümayəndələrinin gözündə
mələk-adam idi və onu da deyim ki, atasının - böyük yazıçımız
Abdulla Şaiqin doğulduğu
Borçalıdan olduğum
üçün mənə
xüsusi nəvazişini
heç vaxt əsirgəməz, həmişə
diqqət göstərərdi.
O vaxtlar az qala iyirmi il olardı ki, Bakıdaydım,
amma nədənsə,
K.Talıbzadə mənə Borçalıdan
təzəcə gəlmiş,
qayğıya ehtiyacı
olan adam kimi baxırdı və günlərin birində məni aparıb həmin dövrdə Ədəbiyyat
İnstitutunun direktoru
vəzifəsini icra edən akademik Teymur Kərimliyə "tapşırdığını" və o anda büllur çöhrəsinə
qonan zərif təbəssümünü, öz
savab işindən özünün də razı qaldığı adamın üzünün
ifadəsini çox yaxşı xatırlayıram...
Dünyanın mizan-tərəzisi yaxşılıq
və xeyirxahlıq üzərində qurulub və elə bir adam tapılmaz
ki, xeyirxahlığa ehtiyac
duymasın. Həyat boyu adamın qarşısına yüzlərlə
belə adam çıxır və onları heç zaman unutmursan, adlarını həmişəlik yaddaşına
yazırsan. Elə adamlar da var ki, onların adları öz-özünə
sənin birbaşa tərcümeyi-halına yazılır
və illər keçir, sən özün dünyada olmayanda belə yaxınların, doğmaların
tərcümeyi-halındakı həmin xeyirxahlardan sənin də əvəzinə minnətdarlıqla
danışırlar. Çağdaş
Azərbaycan ədəbiyyatşünaslarının
böyük əksəriyyətinin
tərcümeyi-halında akademik
K.Talıbzadənin adı keçir...
Soldan sağa:
..., Şahbaz Şamıoğlu, Əflatun
Saraclı, Kamal Talıbzadə,
Vəli Osmanlı, Minaxanım Əsədova,
Arif Ramazanov A.Şaqin Mənzil-Muzeyində,
2004
...Sovet hökumətinin addım-addım dağılmağa
doğru getdiyi, qadağalar epoxasının
öz ömrünü
başa vurmaqda olduğu 1988-ci ildə K.Talıbzadə "Əhməd
Ağaoğlu və onun "Rus ədəbiyyatının
ümumi səciyyələri"
adlı mükəmməl
araşdırmasının əvvəlində unudulmaz
unudulmuş mühacir
yazıçı-filosofa vətənində
olan münasibəti nəzərdə tutaraq yazırdı: "Bu "təpədən-dırnağa
qədər azərbaycanlı"
(dırnaqdakı ifadə
mühacir alim Ə.Cəfəroğlunundur)
olan şəxsiyyəti
biz, məlum səbəblər
üzündən, həm
az öyrənmiş,
az təbliğ etmiş, həm də ona bir
çox hallarda obyektiv yanaşmamış,
birtərəfli münasibət
bəsləyərək, bir
çox həqiqətləri
deyə bilməmişik".
K.Talıbzadə nüfuzlu bir söz sahibi kimi bu fikirləri
ilə Azərbaycan ədəbiyyatşünaslarının uzun illərdən bəri ürəyindən
gələn, dilinin ucunda olan etirafını
səsləndirir, eyni
zamanda Ə.Ağaoğlunun
tufanlarla, qasırğalarla
dolu həyatını,
mühitini, müasirləri
ilə əlaqələrini,
zəngin elmi və bədii irsini, ictimai-siyasi fəaliyyətini hərtərəfli
öyrənməyə çağırırdı.
K.Talıbzadə bu tədqiqatında hələ illər öncə, 1959-cu ildə
Ə.Ağaoğlu irsinə
müraciət etmişdi
və ideologiyanın
zaman üzərindəki hegemonluğu
şəraitində mühacir
alimin M.Qorki haqqında məqalələrini
xüsusi incəliklə
dəyərləndirmişdi. Söhbət H.Z.Tağıyevin
himayəsi ilə çap olunan "Kaspi" qəzetinin
1903-cü ilin fevral nömrələrinin birində
Ə.Ağaoğlunun "Qorkinin
"Həyatın dibində"
pyesində tatar
Asan" və yenə
"Kaspi"nin 26 və
28 noyabr tarixli iki sayında dərc etdirdiyi "Qorki və müsəlmanlıq"
məqalələrindən gedir və K.Talıbzadə
M.Qorki ilə bağlı araşdırmalarında,
sözsüz ki, həmin
məqalələrsiz də
keçinə bilərdi,
lakin ona həm də senzuranın ağır və qara pərdəsini
qaldırmaq, Ə.Ağaoğlunun
adını gün işığına çıxarmaq,
onu elmi dövriyyəyə gətirmək
lazım idi. Sonrakı illərdə də K.Talıbzadə
Ə.Ağaoğlu irsinə
müraciət etmiş,
onun ədəbi-tənqidi,
nəzəri-estetik görüşlərini
şərh etmiş, yenə zamanın verdiyi imkanlar çərçivəsində dəyərləndirmələr aparmışdı.
K.Talıbzadənin Ə.Ağaoğlu
haqqında daha əhatəli və dərin elmi məzmunlu araşdırması,
təbii ki, yuxarıda
adını çəkdiyimiz
"Əhməd Ağaoğlu
və onun "Rus ədəbiyyatının ümumi
səciyyələri" əsəri"dir
və 1988-ci ildə qələmə alınıb.
Elə həmin vaxtlarda K.Talıbzadə
Ə.Ağaoğlunun məşhur
"Rus ədəbiyyatının ümumi səciyyələri"
əsərini "Azərbaycan"
jurnalında (1989, ¹1, s. 146-164) şərhlərlə çap
etdirib ədəbiyyatşünasların
ixtiyarına verdi. K.Talıbzadənin, bir nüfuzlu ədəbiyyatşünas olaraq,
ilk növbədə, Ə.Ağaoğlunun
məhz ədəbiyyatşünaslıq
irsinə diqqət yetirməsi tamamilə təbiidir. Digər tərəfdən, həmin
araşdırma Ə.Ağaoğlunun ədəbiyyatşünas
alim kimi peşəkarlığını
qiymətləndirməyə, elmi yaradıcılığının
miqyasını, maraq dairəsinin hüdudlarını
müəyyənləşdirməyə imkan verir. Rus ədəbiyyatının təşəkkülü,
inkişaf istiqamətləri
və meyilləri, ayrı-ayrı yazıçıların
bədii yaradıcılıq
metodları, bir-birini əvəz edən, yaxud bir-biri ilə çarpışa-çarpışa
oturuşmağa cəhd
edən ədəbi-estetik
cərəyanlar haqqında
Ə.Ağaoğlunun mülahizələri onun dərin və hərtərəfli biliyə,
zəngin mütaliəyə,
mükəmməl ümumiləşdirmə
qabiliyyətinə malik olduğunu
göstərir və K.Talıbzadənin diqqətini
də məhz mühacir alimin bu yönü cəlb edirdi.
Ə.Ağaoğlunun ədəbiyyat
haqqında düşüncələri
isə maraqlı olduğu qədər də mürəkkəbdir,
yeri gəldikcə, hətta ziddiyyətli məqamlardan da uzaq deyil. Bu onun nəzəri-estetik görüşlərində
Şərq və Qərb ədəbiyyatı
məsələsinə (bütövlükdə
Şərq-Qərb probleminə)
yanaşmada özünü
daha çox büruzə verir. Burada, heç şübhəsiz, Ə.Ağaoğlunun keçdiyi
həyat yolunun naxışları da öz
sözünü deyir.
K.Talıbzadə ədibin keçdiyi həyat yolunun, təhsilinin, zəngin mütaliəsinin onun dünyagörüşünə xüsusi təsirini tamamilə düzgün qiymətləndirərək yazırdı:
"Əhməd bəy
Ağaoğlunun dünyagörüşü
mürəkkəb və
ziddiyyətli yollarla irəliləmişdir. O, demək
olar ki, bütün yaradıcılıq boyu kifayət qədər dərindən bildiyi Qərb və rus ictimai-siyasi və fəlsəfi-estetik
fikri ilə Şərq zehniyyəti və klassik ənənələrinin üzvi
əlaqəsini yaratmağa
çalışmışdır". K.Talıbzadənin fikrincə, Ə.Ağaoğlunun
ibtidai təhsili Şərqin, o cümlədən
Azərbaycanın zəngin
mədəni və ədəbi irsini, əsrlər boyu davam edib gələn
ənənələri öyrənmək
imkanlarından çox
uzaq olduğu halda, rus və
bir az sonra
Qərb mədəniyyəti,
elm və ədəbiyyatını
öyrənməsi isə
kiçik yaşlarından
davamlı bir istiqamət almış, sonralar tələbəlik
illərində daha sistemli bir şəklə
düşmüş, Fransadakı
təhsili ona Şərqə, İslam dininə
Qərb şərqşünasların
gözü ilə baxmağı öyrətmişdir.
"Əhməd bəyin
Bakıya gələnə
qədər təhsili,
məlumat və mütaliə dairəsi bu istiqamətdə olmuşdu. O, milli ədəbiyyatın
tarixini, özünəməxsusluqlarını,
onun inkişaf yolunu, konkret şəxsiyyət və abidələrini öyrənməyə,
onlarla tanış olmağa macal tapmadan böyük diapazonda işə başlamışdı ki, bu
da şəksiz, milli mədəniyyətin
bir çox məsələlərinə münasibətdə
öz təsirini göstərirdi. Əhməd
bəy Azərbaycan tarixi və mədəniyyəti ilə
əsasən, Bakıya
köçəndən sonra
məşğul olmağa
başlamışdı və
ondan xəbərsizlik,
məlumat azlığı
hər addımda hiss olunurdu. Ümumşərq,
din tarixi, Şərq mifologiyası məsələlərində
böyük professionallıq
göstərən ədib
milli mədəniyyət məsələlərinə
gələndə böyük
çətinliklər qarşısında
qalırdı". Dünyaya
açılmaq və
bu kontekstdə milli kökdən uzaq düşməyin faciəvi
nəticələri barədə
Ə.Ağaoğlu çox-çox sonralar -
"Altmış yeddi
il sonra" memuarında
acı-acı etiraf edəcəkdi. Şuşadan
araba təkərlərinin üstündə
ayrılıb, Peterburqa,
oradan da Parisə gedən Ə.Ağaoğlu
illər sonra, artıq son "dayanacaq"ın
astanasında həyatı
boyu itirdiklərinin hesabına "qazandığından"
yazırdı: "Təkərlər
hər döndükcə
bu doğulduğum, böyüdüyüm yerlərdən,
bu mənə can və ruh vermiş
olan insanlardan bir az daha
uzaqlaşırdım. Yalnız
maddətən deyil, mənən də uzaqlaşırdım. Fəqət
kimə və nəyə yaxınlaşmaq
üçün? O gün
məchul olduğu kimi bu gün
də məchul!.. Mən tarixin
və təbiətin verdiyi bütünlüyü
itirəcəkdim. Fəqət
yeni bir bütünlük
də almış olmayacağam. Yarım-yamalaq
bir şey olacağam! Ah, bu yarım-yamalaqlıq nə
tükənməz bir
dramdır! Bir iç
dramı, bir ruh faciəsidir! Mən indi heç
zaman tam və bütün
duya bilmirəm. Və bilirsinizmi, yarım-yamalaq duymaq nə cəhənnəm əzabıdır! Mən
Avropa musiqisindən də, Şərq musiqisindən də xoşlanıram. Eyni zamanda, görürəm,
hiss edirəm ki, nə
birincisini bir avropalı qədər tam
və bütün duyuram, nə də ikincisini bir şərqli kimi..."
K.Talıbzadə Ə.Ağaoğlunun
Şuşa, Tiflis, epizodik
olsa da, Peterburq, Paris, daha sonra yenidən
Şuşa, Bakı, nəhayət, Ankara və
İstanbul həyatını zəngin faktlar əsasında tədqiq edib, yeri gəldikcə,
ilk mənbələrə, mühacir yazıçı-filosofun
qeydlərinə, xatirələrinə
müraciət edib, yekunda Ə.Ağaoğlunun
dolğun və gerçək portretini yarada bilib. K.Talıbzadənin təqdimatında
Ə.Ağaoğlu bütün
yönləri ilə çox aydın görünməkdədir... Ə.Ağaoğlunun
həyatı, mühiti
barədə araşdırması
K.Talıbzadənin elmi
yaradıcılığının ən yaxşı nümunələrindən biri
kimi öyrənilməyə
tamamilə layiqdir.
K.Talıbzadənin şəxsiyyəti
və elmi fəaliyyətindən daha
geniş bəhs etmək olar. Lakin bir həqiqətdir ki, bu bənzərsiz insanın şəxsiyyəti
ilə elmi irsi bir-birini layiqincə tamamlamaq gücündədir. Kamal Talıbzadə
öz mübarək adı ilə elə kamalın zirvəsidir!
Şahbaz
Şamıoğlu
Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 12 avqust.- S.27.