Ömürlərdə yandırdığı
işıqda yaşayan
alim
Onun haqqında söz demək istəyəndə
hər dəfə zəngin xatirələr, dərin təəssüratlar,
ali duyğular bolluğunda nədən başlamaq çətinliyini
yaşayıram. Çünki
ömrümün ən
önəmli onilliyində
- elm aləmində ilk kövrək
addımlarımı atdığım
vaxtlarda bu böyük alimin, mələk insanın həyatıma təsirini,
sonsuz xeyirxahlıq və qayğısını,
ondan öyrəndiklərimi
hər hansı bir yazıya sığdırmaq imkansızdır.
Daim minnətdarlıq
duyğusu ilə xatırladığım, dünyanın
nizamını belə
insanların tənzimlədiyini
düşündüyüm, vəfatından uzun illər keçsə də, ömürlərdə
yandırdığı işıqda
yaşayan Akademik Kamal
Talıbzadə...
Bakının sərt küləkli
payız günlərindən
birində rəhbərlik
etdiyi Abdulla Şaiqin Mənzil-Muzeyində ilk dəfə
görüşdüyümüz günün həyəcanı
hələ də yadımdadır. Əziz elmi rəhbərim professor
Abbas Hacıyevin məsləhəti
ilə alimin yaradıcılığını namizədlik dissertasiyam üçün tədqiqat
obyekti seçdiyimi bildirəndə nurlu çöhrəsinə çox
yaraşan təbəssümlə
"Qızım, axı
mən tənqiddən
yazmışam, sənə
çətin olmasın?!"
demişdi. Sonra da əlavə
etmişdi: "Məndən
yazmağa kişi başı gərəkdir."
Son dərəcə xeyirxahlığı
ilə yanaşı,
alim tələbkarlığıyla da məndə elmi işə xüsusi münasibət və ciddi məsuliyyət hissi formalaşdıran
Kamal Talıbzadənin böyük
qayğısı öz
işini görmüşdü.
Tədqiqat işimdən
çox razı qaldığı üçün
monoqrafiya kimi nəşrini tövsiyə
etməsi, "Böyük
nəslin layiqli yadigarı" (2002) adlı
həmin monoqrafiyanın
təqdimat mərasimini
ədəbiyyatşünaslıq elminin ən nüfuzlu alimlərinin iştirakı ilə
Abdulla Şaiqin Mənzil-Muzeyində
təşkil etməsi
elm yolunda ilk, kövrək
addımlarını atan
bir gənc kimi məni çox ruhlandırmış,
böyük gələcəyə
inandırmışdı. Sonralar
eyni doğma münasibəti, əvəzsiz
qayğını bütün
yetirmələrinə qarşı
müşahidə edəndə
əmin oldum ki, belə böyük ürəkli alimlərimizin
sayəsində Azərbaycan
elminə gələn
gənclərin sayı
getdikcə çoxalacaq.
Böyük alimin 100 illik yubileyinə hazırlaşdığımız
bu günlərdə qeyri-ixtiyari onun sonuncu aspirantı, dəyərli tənqidçimiz,
filologiya elmləri doktoru Elnarə Akimova ilə Akademiyanın Rəyasət
Heyəti binasının
geniş salonunda Kamal Talıbzadənin 80 illik yubiley tədbirində iştirakımızı xatırlayıram.
Kamal müəllim haqqında
hamının ən gözəl xatirə saxlancı vardı. Həmin tədbirdə dostu akademik Fuad Qasımzadədən ən
gənc yetirmələrinə
qədər hamının
çıxışı son dərəcə səmimi
idi. Çünki hər bir çıxış
onunla ünsiyyətin
təbiiliyindən, məsumiyyətindən,
ülviliyindən qaynaqlanırdı.
Biz - gənc yetirmələri
kimi Kamal müəllimlə
qürur duyur, elm yolumuzun Kamal Talıbzadə
məbədgahından başlaması
ilə fəxr edirdik. İndi bu qocaman məbədgahın
100 yaşı tamam olur. Sevgi və
ehtiramla xatırlanan
Kamal Talıbzadənin yaşadığı
82 illik ömür isə hələ neçə yüzillər
nəsillərə örnək
olacaq.
O,
1923-cü il 14 avqustda Bakıda,
milli ədəbiyyatımızın XX əsrdə yetirdiyi klassik yazıçı, görkəmli maarifçi
pedaqoq, böyük insan Abdulla Şaiqin ailəsində dünyaya göz açmışdı.
Atasının Mustafa Kamal Atatürkün
şərəfinə adını
"Kamal" qoyduğu böyük
oğlu adına layiq kamalı ilə böyümüş,
bir vaxtlar Xalq şairimiz Səməd Vurğunun ona bağışladığı
fotosunun arxasına yazdığı "Kamalına
inandığım Kamala" etimadını doğrultmuşdu.
Ədəbi, elmi həyatın içində
böyüyən, böyük
söz ustalarının
söhbətlərini dinləyən,
atasının zəngin
kitabxanasındakı kitabları
oxuyub mənimsəyən
gənc Kamal Talıbzadə
erkən yaşlarında
öz yaşıdlarından
seçilirdi. Sözün
müqəddəs tutulduğu,
sənət məbədi
olan Abdulla Şaiq ailəsində sənətə
münasibəti, ədəbi-tənqidi
görüşləri atasının
dünyaya baxışının
və nəzəri irsinin təsirilə formalaşırdı.
Kamal Talıbzadə
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda rəhbərlik
etdiyi şöbədə.
1982
Kamal Talıbzadə
işığı, ziyası
ilə Azərbaycan tarixində iz qoyan, milli-mədəni inkişafımızda önəmli
xidmətləri olan böyük bir nəslin layiqli nümayəndəsi idi.
Ulu babası Süleyman
Talıbzadə dövrünün
tanınmış ziyalılarından,
din alimlərindən olmuş,
babası Axund Mustafa Talıbzadə (Süleyman
Talıbzadənin oğlu)
Zaqafqaziya Şeyxülislamının
müavini, Qafqaz vilayətinin baş qazisi, mükəmməl bir şəriət dərsliyinin müəllifi,
dini və maarifçilik fəaliyyəti
ilə dövrünün
qabaqcıl simalarından
biri kimi nüfuz qazanmışdı.
Əmisi Axund Yusif Ziya Talıbzadə
görkəmli pedaqoq,
siyasətçi, dramaturq,
hərbçi, Balkan müharibələrinin,
Birinci Dünya müharibəsinin iştirakçısı,
Osmanlı ordusunun albayı, Naxçıvan
Muxtar Sovet Sosialist Respublikasının
1-ci hərbi komissarı
və dövrünün
görkəmli ziyalılarından
olmuş, Hacı Zeynalabdin Tagıyevlə, Nəriman Nərimanovla yaxın dostluq əlaqələri saxlamışdır.
Yüksək dini təhsil almaqla yanaşı, dünyəvi
biliklərə də
mükəmməl yiyələnən
Yusif Ziya türkçü, islamçı
bir millətpərvər
vətəndaş, publisist,
tərcüməçi, maarifçi,
şair, dramaturq, hərbçi və siyasi xadim kimi
XX əsrin əvvəllərində
məşhur bir şəxsiyyət olmuşdur.
Quranın ana dilimizə
ilk tərcüməsində önəmli rol oynamış, 1907-ci ildə
ilk dəfə Azərbaycan
dilində nəşr
edilən üçcildlik
Quran nüsxəsini (təfsirlə
birlikdə) Osmanlı
sultanı II Əbdülhəmidə
hədiyyə aparmaq nüfuzlu bir ziyalı kimi ona həvalə edilmişdir. Kamal Talıbzadənin
atası - adı hər bir azərbaycanlıya
doğma olan Abdulla Şaiq XX əsr Azərbaycan ədəbiyyatının
mühüm ədəbi
şəxsiyyətlərindən biri, böyük bir ziyalılar ordusunun müəllimi,
milli romantizmin görkəmli
nümayəndəsi, ana dilimizdə
məktəbin banilərindən
biri, maarifçi ziyalı, şair, dramaturq, nasir, publisist və ictimai xadim idi.
Akademik
Kamal Talıbzadənin mənsub
olduğu bu şərəfli tarixə
malik soy-kök zaman-zaman Azərbaycan
həyatına önəmli
töhfələr verib.
Təfəkkürlərinin ziyasını, könüllərinin
məhəbbətini, mənəvi
güc və qüdrətini səfərbər
edib ömürlərini
bütünlükdə xalqın,
millətin tərəqqisi,
azadlığı, maariflənməsi
işinə həsr ediblər. O, isə sələflərinin ən
yaxşı keyfiyyətlərini,
xarakter cizgilərini öz şəxsində birləşdirmişdi: babası
Axund Mustafa Talıbzadənin
müdrikliyini, humanizmini,
xeyirxahlığını, əmisi Yusif Ziyanın hərbçi-siyasətçi
təbiətinin ciddiliyini,
qətiyyət və prinsipiallığını, əqidəsinə
sədaqətini, atası
Abdulla Şaiqin mülayim
xarakterini, sadəliyini,
təvazökarlığını, mənəvi saflığını,
səmimiyyətini, insanlığını...
Gen yaddaşından gələn
keyfiyyətlərlə yanaşı,
böyüdüyü ailə
mühiti də erkən yaşlardan Kamal Talıbzadənin milli dəyərlərlə,
mənəviyyatla birbaşa
bağlı olan söz sənətinə marağını artırmışdı.
Onların evində böyük Səməd Vurğunun və dövrünün ən məhsuldar folklorçusu
Hümmət Əlizadənin
toyu gerçəkləşmiş,
saysız sənət
məclisləri, görkəmli
sənətkarlarımızla bağlı əlamətdar
şənliklər keçirilmişdi.
Təbii ki, belə bir mühitdən yetərincə yararlanması
sayəsində elmi istedadı hələ orta məktəb illərində özünü
göstərmişdi. 6-cı sinifdə oxuyanda Cəlil Məmmədquluzadənin
"Ölülər" əsəri
haqqında hazırladığı
məruzəni ədəbiyyat
müəllimi İsmayıl
Əhmədov çox
bəyənmiş, onun
gələcəkdə elm yolunu
tutmasına ümid etmişdi.
1940-cı
ildə 14 saylı (indiki 132 saylı) orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) filologiya fakültəsinə qəbul
olunanda ona dərs deyən müəllimlərin çoxunu,
Azərbaycan elmi mühitinin ən nüfuzlu söz sahiblərini - Mehdi Hüseyn,
Məmməd Arif, Məmməd Cəfər və başqalarını
artıq Şaiq ocağındakı sənət
məclislərindən tanıyırdı.
Bu klassik ədəbiyyatşünas
alimlərin məktəbini
keçən Kamal Talıbzadə
elə tələbəlik
illərində ədəbiyyatşünaslıq
elminin cazibəsinə
düşmüşdü.
Univeristeti bitirəndə vaxtından
əvvəl diplom işi müdafiə etdyinə görə Azərbaycan KP Mərkəzi
Komitəsinin rəsmi
təqdimatı ilə
onu Moskva Dövlət
Ali Diplomatiya məktəbinə
göndərmişdilər. Burada qəbul imtahanları verərək
komissiyanın qərarı
ilə məktəbin
İran şöbəsinə daxil olsa da, atası Abdulla Şaiqin vaxtilə ailəsiylə birlikdə altı il İranda yaşaması və əmisi Axund Yusif Ziya
Talıbzadənin görkəmli
türkçü, islamçı
olması səbəbiylə
burada oxumasına icazə verilməmişdi.
Kamal Talıbzadə sonralar
bu haqda söz düşəndə
deyirdi: "…işin belə nəticələnməsi
məni gələcəkdə
rus diplomatları ilə çalışmaq
əzabından, xətasından
xilas etdi, həyatımın başqa
istiqamətdə, arzuladığım
yöndə davamına
səbəb oldu, yoxsa, kim bilir,
başım nələr
çəkəcəkdi." Böyük alimin həyatı ilə bağlı bu faktı xatırlayanda qeyri-ixtiyari düşünürsən
ki, əgər həmin
məqsəd baş tutsaydı, ədəbiyyatşünaslıq
elmimiz neçə-neçə
qiymətli tədqiqat
əsərini, Kamal Talıbzadə
məktəbini, onun yetişdirdiyi istedadlı elmi kadrları itirəcəkdi...
Əziz
müəllimi, akademik
Məmməd Arifin tövsiyəsi
ilə aspiranturaya sənədlərini verib qəbul olunanda hələ universitet illərindən ədəbi
cazibəsinə düşdüyü
romantizmlə bağlı
mövzu seçir. Məhəmməd Hadidən
diplom işi, Məhəmməd Füzulidən
kurs işi yazarkən Azərbaycan romantizminə sonsuz marağını kəşf
edən Kamal Talıbzadə
romantizm mövzusuna tədqiqatçıların ehtiyatla
yanaşdıqları bir
dönəmdə Abbas Səhhət
haqqında dissertasiya yazır. Tədqiqatçıdan
cəsarət tələb
edən bir mövzuya müraciəti ilə, eləcə də "Abbas Səhhət"
(1955) monoqrafiyasını nəşr
etdirməklə XX əsrin
40-cı illərində elm aləmində ilk sözünü
deyir. Elə ilk tədqiqatından başlayaraq
ədəbiyyatşünaslığın
ən çətin və həllivacib məsələlərini yerinə
yetirməklə məşğul
olan alimin "Abbas Səhhət" monoqrafiyası
milli romantizmin və romantik sənətkarların
bəraət almasında
ciddi önəm kəsb edir. Romantizmin ədəbi metod kimi gözdən
salındığı, onun
ən görkəmli nümayəndələrinin "pantürkist", "panislamist"
damğasıyla həbs
olunduğu vaxtlarda ilk
elmi əsərini
"təhlükəli" bir mövzuda yazan tədqiqatçı
Abbas Səhhət yaradıcılığını
bütün parametrləri
ilə araşdırmışdı.
O, romantik şairin ilk
elmi tərcümeyi-halını
yaratmış, yaradıcı
fəaliyyətini dövrün
ədəbi mühiti
və Azərbaycan romantizminin inkişafı kontekstində dəyərləndirmişdi.
Tədqiqat əsərinə
yüksək qiymət
verən rəylərində
Səməd Vurğun,
Mehdi Hüseyn, Cəfər
Xəndan gənc Kamal
Talıbzadəni mövzu
seçiminə, ədəbi
hadisələrə ayıq
və tənqidi münasibətinə, elmə
məlum olmayan sənəd və faktları üzə çıxardığına, şairin
çoxşaxəli yaradıcılığının
bütün istiqamətlərinə
toxunduğuna görə
təqdir edirdilər.
Əsərin ən böyük uğuru isə bütövlükdə
romantik sənətə
bəraət qazandırmasında
idi.
Sonralar
Kamal Talıbzadənin "Qorki və Azərbaycan",
"XX əsr Azərbaycan
tənqidi", "Azərbaycan
ədəbi tənqidinin
tarixi" monoqrafiyalarının,
yüzlərlə məqalələrinin,
məruzə və çıxışlarının yaranmasında gərgin
alim zəhməti ilə
yanaşı, həmin
ilk ruhlandırmanın, dəyərləndirmələrin
önəmli rolu vardı. Alim istedadını
düzgün yönləndirən
həmin elm korifeylərinin
bütövlükdə yaradıcılıq
yoluna önəmli təsiri sayəsində
Kamal Talıbzadənin bütün
tədqiqatları ədəbiyyatşünaslığımızın
ən seçkin əsərləri kimi elm tarixinə daxil olmuşdur.
O, elmin hansı sahəsinə müraciət
edibsə, orada təzə söz deyə bilib, ciddi bir elmi
yenilik əlavə edib. Ədəbi əlaqələrdən yazmağın
hakim ideologiyanın maraqlarına
xidmət etdiyi, daim rus ədəbiyyatının
üstün mövqeyini
nəzərə çatdırmaq
məqsədi güddüyü
vaxtlarda Kamal Talıbzadə
"Qorki və Azərbaycan" monoqrafiyasında
məsələyə tamamilə
fərqli prizmadan yanaşır. O, Azərbaycan
mühiti və ədəbiyyatının Qorki
yaradıcılığında izlərini axtarıb tapır, təkcə Qorkinin Azərbaycan ədəbiyyatına deyil,
Azərbaycanın da Qorki
yaradıcılığına təsir aspektlərini üzə çıxarır.
Bununla da ədəbi əlaqələrin qarşılıqlı
bir proses olduğunu
yada salır, tədqiqatçıları
bu sahəni birtərəfli izah etmək üsulundan imtina etməyə səsləyir.
Görkəmli alimin Azərbaycan
tənqidinin inkişaf
tarixinə həsr etdiyi əsəri "Azərbaycan ədəbi tənqidinin tarixi" monoqrafiyası isə elmi mühitdə ən böyük əks-səda doğuran əsər kimi yadda qalır. 1970-80-ci illərdə
ittifaq miqyasında nüfuzlu alimlər - M.Arif, F.Qasımzadə,
Ə.Şərif, Ə.Cəfəroğlu,
R.Berdıbayev, U.A.Coldasbəyov,
T.Kəkişev, A.Sprindis,
A.X.Haytmetov, Q.S.Sultanov,
M.M.Haynullin və b. tərəfindən bəyənilib
təqdir edilən əsər 1986-cı ildə
Dövlət mükafatına
layiq görülmüşdü.
Məmməd Arif hələ 60-cı illərin
sonlarında əsərin
ilk nəşrini - "XX əsr
Azərbaycan ədəbi
tənqidi" monoqrafiyasını
elmi-nəzəri qənaətlərinin
ciddiliyi və dəqiqliyi ilə seçilən ədəbiyyatşünaslıq
nailiyyəti hesab edirdi. Əsərin yaratdığı dərin
təəssüratla Kamal Talıbzadəyə
məktub yazan Mirzə İbrahimov tədqiqatçını
nəhəng bir əməyin səmərəli
nəticəsi üçün
təbrik edirdi. Mir Cəlal XX əsrin əvvəllərində ədəbi
həyatın müstəqil
bir sahəsinə çevrilən ədəbi
tənqidin ilk tarixini yaratdığına görə
onu alqışlayırdı.
Türkiyəli ədəbiyyatşünas
Əhməd Cəfəroğlu
bu əsəri türk ədəbiyyatında
hələ işlənməmiş
ən mürəkkəb
problemlərdən birinə
həsr edildiyi üçün təqdir
edirdi. Əziz Şərif Kamal Talıbzadənin
ədəbi tənqidin
inkişaf tarixi kimi mürəkkəb bir prosesdən bəhs edən əsərini Azərbaycan
filologiyasında ilk və
hələlik yeganə
təşəbbüs kimi
yüksək dəyərləndirirdi.
Kamal Talıbzadə "Azərbaycan
ədəbi tənqidinin
tarixi" monoqrafiyasını
yazmaqla Azərbaycan tənqidşünaslığının banisi kimi elm tarixinə adını yazdırmışdı. Əsərin
günümüzdə də
ali məktəblərin
filologiya fakültələrində
təməl dərslik
kimi istifadəsi bunun bariz göstəricisidir.
Milli ədəbi tənqidimizin
Xətib Təbrizidən
Seyid Hüseynə qədərki 900 illik geniş inkişaf tarixini yazan Kamal Talıbzadənin nə qədər mürəkkəb
bir elmi vəzifəni yerinə yetirməsi keşmiş sovet məkanında böyük rezonans doğurmuşdu. Müxtəlif
respublikalardan müəllifə
ünvanlanan məktublarda
onun bir elmi institutun yerinə yetirəcəyi vəzifəni təkbaşına
həll etdiyi vurğulanırdı. Xarici
ölkələrlə əlaqənin
məhdud olduğu sovet dövründə onun alim şöhrətinin
Şərq və Qərb ölkələrinə
yayılmasında bu monoqrafiya xüsusi önəm kəsb etmişdi. İtaliya, Hindistan, Bolqarıstan,
İran, Türkiyə, Gürcüstan,
Latviya, Rusiya, Qırğızıstan, Özbəkistan,
Qazaxıstan, Tacikistan
və b. ölkələrin
ədəbi-elmi ictimaiyyəti
Kamal Talıbzadə elmi-nəzəri
irsini kifayət qədər yaxından tanıyır və yüksək qiymətləndirirdilər.
Kamal Talıbzadə çoxsaylı məqalələrində poeziya, nəsr, dramaturgiya, tənqid, yaradıcılıq metodları, ədəbi mətbuatla bağlı məsələlərə fəal tədqiqatçı münasibəti bildirib. Bu sahələrin düzgün inkişaf istiqamətini müəyyənləşdirməkdə alimin tədqiqatlarının önəmli rolu olub. Tənqidə dair yazıları isə xüsusi elmi tutuma malik olub, ədəbi-nəzəri düşüncənin müxtəlif məsələlərini əhatə edirdi. Ədəbi tənqidimizin uğur və çatışmazlıqlarını üzə çıxaran, inkişaf yönlərini müəyyənləşdirən bu məqalələr 1967-ci ildə "Tənqidimiz haqqinda qeydlər" kitabında toplanıb nəşr edilmişdi. Həmin məqalələrində ədəbi tənqidin qarşısında duran problemlərdən, tənqidin və tənqidçinin başlıca vəzifələrindən bəhs edən müəllif müasir Azərbaycan tənqidçisini belə görmək istəyirdi: "Tənqidçi nadir istedada, gözəlliyi, sənəti duya bilən estetik hisslərə, ədəbiyyatı sevən böyük bir qəlbə malik olmalıdır. Bütün bunlarla yanaşı, həqiqi tənqidçi dövrünün ən irəlidə gedən, geniş dünyagörüşə sahib bir adamı olmalı, dövrün hakim görüşlərini izah və inkişaf etdirməyi bacarmalıdır. Ancaq bu halda o, ədəbiyyata doğru istiqamət verər, tənqidi həqiqi nəzəri yüksəkliyə qaldıra bilər… Orada ki cəsarət yoxdur, orada həqiqi ədəbi tənqid də yoxdur".
O, elmdə qətiyyətlə öz sözünü deyən, düzgün hesab etdiyi mövqeyi prinsipiallıqla müdafiə edən, ədəbiyyatın, nəzəri-estetik fikrin səviyyəsini aşağı salanlara qarşı barışmazlığı ilə ən sərt mövqedə dayanan alim kimi tanınırdı. Tanıyanlar təsdiq edərlər ki, Kamal müəllimin üz cizgilərinin mülayimliyi, xarakterinin ipək həlimliyi ilə elmin mövqeyinin müdafiəsindəki sərtliyi, alim ciddiyyətindən doğan prinsipiallıq və qətiyyəti kəskin təzad təşkil edirdi. O, asan anlaşılan, adamlarla tez dil tapan insan kimi nə qədər sadə təbiətli idisə, alimə, elmə münasibətdə bir o qədər ciddi və tələbkar idi.
Kamal Talıbzadə ömrünün 66 ilini sovet imperiyasının sərt qanunlarının hökm sürdüyü illərdə yaşayıb. 82 illik ömründə iki müharibə görüb: II Dünya müharibəsi və Qarabağ müharibəsi. Birinci müharibə gətirdiyi bütün çətinliklərlə ömrünün gənclik çağına öz zərbəsini vurubsa, ikinci müharibə bitmək bilməyən ağrı-acıları ilə ahıl vaxtında qocaman alimi sarsıdıb. O, isə həyatın bütün gözlənilməz həmlələrinə, dövrün siyasi, sosial problemlərinin doğurduğu çətinliklərə baxmayaraq qələmini əlindən yerə qoymayıb. Həm sovet dövründə, həm də müstəqillik illərində elmi yaradıcılığına bir gün belə ara vermədən dəyərli əsərlər yaradıb. Yaradıcılığının 45 ili - fundamental tədqiqatlarını ərsəyə gətirdiyi ən məhsuldar illər isə sovet dövrünə təsadüf edib. Bu mürəkkəb dövrün, ictimai-siyasi gərginliyi arta-arta gedən, bu ağırlığın əsas yükü qələm sahiblərinin üzərinə düşən həmin illər haqqında ən dolğun təəssüratı da yenə Kamal müəllimin yazılarından oxuyuruq: "...Həm Stalin irticasının yaratdığı vəziyyət, həm müharibənin dəhşətləri bizim nəslə nə təhlilini adi qaydada davam etdirməyə, nə də bir millətin övladları kimi öz şüuru, öz mənlıiyi, öz münasibətləri ilə yaşamağa, yetişməyə imkan verirdi. Yeni nəslin fikrən, mənən şikəst "inkişafı" üçün hər cür şərait - məcburi köləlik, həqiqəti demək həsrəti, nəhayət, bəzən də özün anlamadığın "həqiqətləri" demək məcburiyyəti və Marksın, Leninin, Stalinin sitatları ilə düşünmək isə beyinlərimizi, mühakimələrimizi kütləşdirmiş, yaradıcı təfəkkürü bir növ öldürmüşdü. Bizim nəsil təxminən 40 il belə şəraitdə yazıb-yaratmış və əgər o, öz mənliyini, özünəməxsusluqlarını müəyyən dərəcədə qoruya bilibsə, şübhəsiz, bu onun istedadı, fədakarlığı, qorxmazlığı, vətəndaşlığı hesabına baş vermişdir."
Özünün də dönə-dönə qeyd etdiyi kimi, Kamal Talıbzadə və onun mənsub olduğu ədəbiyyatşünaslar nəsli belə bir çətin şəraitdə, əvvəl stalinizm xofunun, daha sonra dövrün ideologiyasının şüurlara təzyiq etdiyi, "ədəbiyyata dair bir-birinin ardınca çıxan və yerinə yetirilməsi məcburi olan qərarlar dövründə" yazıb yaratmış, əsərləri nəşr olunmuşdur. 1990-cı illərin əvvəllərində ikicildlik "seçilmiş əsərləri" nəşr ediləndə Kamal Talıbzadə ilk cildə yazdığı müəllif sözündə bütün bu həqiqətləri böyük təəssüflə xatırlayırdı. Alim özünün 45 illik yaradıcılıq məhsulunu, ömrünü verdiyi əsərlərini müstəqillik illərinin oxucusuna təqdim etməkdə çətinlik çəkirdi. Lakin çağdaş oxucu bu əsərlərin konkret bir dövrün, özü də yazıçı və tənqidçilərin, ədəbiyyatşünasların amansız siyasi təqiblərlə üzləşdiyi bir zaman kəsiyinin məhsulu olduğunu göz önündə canladırdığında Kamal Talıbzadənin həmin illərdə ən az səhvə yol verən alim olduğunu aydın şəkildə müşahidə edəcəkdir. O, ən az səhv edən və ən az tənqid olunan ədəbiyyatşünas idi, bunun başlıca səbəbi isə ondadır ki, Kamal Talıbzadə sosializm diqtəsinin bir an belə səngimədiyi illərdə də milli zəmindən qopmamış, əsərlərində milli təfəkkürün formalaşması prosesində önəmli xidmətləri olmuş M.F.Axundovdan, Sabirdən, Cəlil Məmmədquluzadədən, Hadidən, Səhhətdən, Şaiqdən... yazmışdı.
Hələ sağlığında haqqında üç fundamental monoqrafiya və yüzlərlə məqalə yazılıb nəşr edilən Kamal Talıbzadəni klassik ədəbiyyatşünaslar nəslinin "sonuncu mogikanı", "elmin patriarxı" hesab edirdilər. Böyük alim və şəxsiyyətin insanlığı, müqayisəyəgəlməz kübarlığı orijinal elmi təfəkkürü və yaradıcı istedadı ilə vəhdət təşkil edirdi. Mənsub olduğu soy-kökün genetik yaddaşından ruhuna hopan sadə təbiəti, təvazökarlığı, yüksək ziyalı etikası, dürüstlüyü, son dərəcə mehribanlığı və insansevərliyi onu hamının doğmasına çevirmişdi. "Torpağın bağrını incitməmək üçün ehmalca yeriyən" (Himalay Qasımlı), adamları yormamaqdan ötrü çox sakit səs tonuyla, aramla danışan, insanlara rütbəsinə, titul və adlarına görə deyil, istedadına, ləyaqətinə, qabiliyyət və bacarığına, bütövlükdə mənəvi keyfiyyətlərinə görə dəyər verən Kamal Talıbzadə bütün parametrləri ilə klassik ziyalılığın örnəyi idi.
2006-cı ilin 20 yanvarında dünyasını dəyişən alim milli tariximiz, elmi-mədəni həyatımız üçün zəngin bir irs qoyub getdi. Elm yolunda fədakarlığı ilə ömrünü millətinin ömrünə qatan alimin ruhu vətən üçün canlarını fəda etmiş 20 Yanvar şəhidlərinin ruhlaru ilə eyni yüksəklikdə birləşdi. Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının böyüklüyündədirsə, insanın ölməzliyi də özündən sonra vətən üçün miras qoyduğu böyük və faydalı işlərdədir. Kamal Talıbzadə Vətən ilə ruhən rabitəsi olan, izahedilməz millət sevgisi ilə yaşayan bir ziyalı-vətəndaş kimi 82 illik şərəfli bir həyat yolu keçdi, vəfat etdiyi günə qədər yeni elmi əsərlər üzərində işlədi. Masasının üstündə qalan sonuncu işin - əsas müəlliflərindən və Baş Redaksiya Şurasının üzvlərindən olduğu 6 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin səhifələri onun son nəfəsinədək elmimizin ən məsuliyyətli vəzifələrinin həllində canıyananlıqla iştirak etdiyini təsdiqləyir. Elmimizin şöhrətini çox-çox uzaqlara aparan Şöhrət ordenli alimin, Əməkdar incəsənət xadiminin bu örnək həyatının böyük Azərbaycan sevgisi ilə süslənən hər bir səhifəsi daim elmimizin, mədəniyyətimizin gələcəyinə işıq tutacaq.
Təranə Turan RƏHİMLİ
Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2023.- 12 avqust.- S.28-29.