Folklorda Heydər Əliyev obrazı
Belə
bir fikir var ki, xalq sevdiyi qəhrəmanlar
haqqında nəğmələr
qoşur, əfsanələr
yaradır, nağıllar,
lətifələr söyləyir.
Xalq yaradıcılığının,
folklorun hədəfində
real qəhrəmanlara, tarixi
şəxsiyyətlərə ümumxalq sevgisi durur. Sovet rejimində
çox az rəhbərlər, tarixi simalar folklor qəhrəmanına çevrilə
bilmiş, barəsində
xalq "olmuş və olmamış" əhvalatlar söyləmişdir.
Ümumən inzibatçı
sovet sistemi xalq yaradıcılığının
ünvanını "keşmiş"ə
aid etməyi, yönəltməyi sevir; belə çıxır
ki, xalq sevgisindən yayınmağa meyl edirdi. Bununla belə, folklor həmişə yaranmışdır;
haçansa olmuşlar
xalq sevgisinə bələnərək, ağızdan-ağıza,
dildən-dilə ələnərək
şifahi söz örnəklərində təcəssüm
tapmış, xalq mövqeyi və müdrikliyini ifadə etmişdir.
Heydər
Əliyevin xalq arasında əfsanəvi obrazı hələ hakimiyyətinin birinci dönəmində, respublikaya
rəhbərlik etməyə
başladığı, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçildiyi dövrdən
yayılır. Elmira Axundova
"Heydər Əliyev. Şəxsiyyət
və zaman" roman-tədqiqatında
Heydər Əliyevin o
zamanlar xalq arasında böyük əks-səda doğurmuş
"şah abbassayağı"
dərviş gəzintilərinə
diqqət yetirir: "Üzdən az tanındığından istifadə
edərək, Heydər
Əliyev şəhərə
"partizan yürüşləri"nə
çıxırdı. Sadə
paltar geyinib evdən çıxar, rastına çıxan
ilk taksiyə oturardı.
Ən uzun marşrutları seçərdi
ki, sürücü ilə
"açıq" söhbət
etsin: camaatın güzəranı necədir,
nədən narazıdırlar,
ən çox şikayətləri nədəndir
və s. Yaxud dükana girib satıcıdan soruşurdu:
"-Ət neçəyədir?".
"-İki manat qırx qəpiyə!"
Soruşur ki, bəs niyə belə baha? İki manat qırx qəpiyə o vaxtlar birinci növ ət satılırdı.
Burada isə, deyir, yalnız sür-sümükdür. Satıcılar
çiyinlərini çəkirlər.
Bəziləri isə
qarayaxa alıcını
daha "emosional" sözlərlə başdan
eləyirdilər. O da "başdan
olurdu" - düz anbara və ya köməkçi otağa keçir, orada istənilən qədər aztapılan ərzaq məhsulları aşkar edirdi..."
(Elmira Axundova.
"Heydər Əliyev. Şəxsiyyət
və zaman". Bakı,
Ozan, 2007, II c., s. 55)
Ən maraqlısı isə,
"şah abbas nağılı"nın
sonluğudur: "Hayıf
ki, paytaxtı gizli dolaşmaqdan əl çəkməli oldu. Onu tanımağa başladılar. Sonradan ona dedilər ki, kimlər tərəfindənsə
Əliyevin yüz nüsxələrlə çoxaldılmış
şəkilləri hər
bir mağaza müdirinin stolunun üstündə, satıcıların
piştaxtası altında
saxlanılırmış. Dildən iti Bakı taksi sürücüləri ona
hətta ləqəb də vermişdilər: Mixaylo şəhərdədir!
O illərdə ölkə
ekranlarına Yuqoslaviya
və İtaliyada faşistlərə qarşı
vuruşmuş əfsanəvi
sovet partizanı Mehdi Hüseynzadə ("Mixaylo")
haqqında təzə
film çəkilmişdi - "Uzaq sahillərdə".
Film böyük əks-səda
doğurmuş, sevilmişdi.
Belə ki, "Mixaylo"
ləqəbi hətta
onun qəlbini oxşayırdı. Hayıf
ki, tezliklə gizli fəaliyyətlə xudahafizləşməli,
"Mixaylo"dan ayrılmalı
oldu..." (yenə orada, s. 55-56) Elmira Axundova Heydər Əliyevin, haqqında ləqəb-ayama
qoşmuş xalqın
ilkin reaksiyasından xoşhallandığını nəzərə çarpdırır.
Qeyd olunmalıdır ki, xalq arasında geniş yayılmasının daha bir sübutu həmin əhvalatın Anarın "Şəxsiyyətin
miqyası" essesində
də yer tapmasıdır: "Mərkəzi
Komitənin katibi seçiləndən sonra
ilk vaxtlar çox adamın üzdən tanımadığı Heydər
Əliyev "Şah Abbassayağı tərki-libas"
olaraq bazarları, dükanları gəzir, qanunsuzluqları, əliəyrilikləri,
pozuntuları özü
öz gözləriylə
əyani müşahidə
edir və yerindəcə müqəssirin
cəzasını verirdi.
Və belə faktlar da əhalidə yeni
ədalətli rəhbərin
iş başına gəlməsi və hər cür ədalətsizliklərin kökünü
kəsəcəyi haqqında
söz-söhbətlərin geniş yayılmasına səbəb olurdu..." (Anar. Unudulmaz görüşlər. Bakı,
Təhsil, 2009, s. 32-33)
Xalq yaradıcılığında "ədalətli şah",
qüdrətli ölkə
başçısı obrazına
həmişə rəğbət
ifadə olunmuşdur.
Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə Heydər
Əliyev xalqın yaddaşında məhz bu imiclə qalmış, müxtəlif
"olmuş əhvalatlar"da,
"canlı lətifələr"də
obrazlaşmışdır. Əjdər Olun "Canlı lətifələr,
əhvalatlar, deyimlər"
kitabında maraqlı
bir xatırlatma var:
"1998-ci ilin aprelində
"İzvestiya" müxbirinin
"Sizi sərt, bəziləri isə avtoritar siyasətçi adlandırırdılar. Əgər
belə qiymətlə
razısınızsa, onda
öz üslubunuzu nə ilə izah edərsiniz - siyasi vəziyyətlə,
milli mentalitetlə, Şərq
xüsusiyyətləri ilə?"
sualına Respublika Prezidenti
Heydər Əliyev belə cavab verdi: -Məni nahaq yerə sərt lider hesab edirlər. Mən belə qiymətlə razı deyiləm. Sərtlik, yumşaqlıq - bunlar subyektiv anlayışlardır.
Siyasətçi ya
liberal, ya da prinsipial
ola bilər. Siyasətçi
prinsipial mövqe tutursa və onu ardıcıl surətdə həyata keçirirsə, - bu sərt deyil, qəti mövqedir. Liberal siyasətçi isə belə hesab edir ki, hər şey rəvandır - belə də etmək olar, elə də, - bu halda mövqe
səbatsız, yayğın,
cəmiyyət üçün
anlaşılmaz olur. Əminəm ki, hakimiyyətdə
olan insan liberal ola bilməz. O ki qaldı mənə, təkrar edirəm, mən "sərt lider" anlayışı ilə razı deyiləm, əksinə, özümü
mövqeyini dürüst
müəyyənləşdirmiş, onu qorumağı və öz qərarlarını qətiyyətlə
həyata keçirməyi
bacaran adam sayıram. Xarakterimin və iş üslubunun xüsusiyyətləri,
sizin dediyiniz kimi, Şərq mentaliteti ilə əsla bağlı deyildir. Əlbəttə,
mən öz millətimə mənsubam
və xarakterimdə
milli xüsusiyyətlər çoxdur və bununla fəxr edirəm. Lakin böyük
siyasət, onunla ciddi məşğul olmağı qərara almış hər bir kəsdən müvafiq mentalitet tələb edir" (Əjdər Ol, Canlı lətifələr,
əhvalatlar, deyimlər.
Bakı, Qanun nəşriyyatı, 2015. s. 41-42)
Uzun illər ərzində xalqın şüuruna Heydər Əliyev obrazı elə bu şəkildə də hakim kəsilmişdir.
"Eyhamlı zarafatlar"dan
birində deyildiyi kimi. "Respublika Prezidenti
Heydər Əliyev müxtəlif görüşlərdə,
yığıncaqlarda çıxış
edərkən hərdən
çox incə, eyhamlı zarafat edərdi. Bir dəfə keçirdiyi yığıncaqda
1969-1982-ci illərə işarə
edərək dedi:
"-Mən o zaman respublikanın
rəhbəri olanda..."
Çıxışının bu yerində o, pauza verib arxayın-arxayın
qımışdı: "-Mən elə indi də respublikanın
rəhbəriyəm..." (Yenə orada, s. 37) O, rəhbər idi və bunu heç
vəch xalq təxəyyülündə yaşayan
"Şərq ənənəsi"
ilə qarışdırmırdı;
bütün hüsn-təvəccöhünə
baxmayaraq. 1991-ci ilin martında yazıçıların
IX qurultayında belə
bir əhvalat baş verir. "...Fasilə zamanı Heydər Əliyev foyedə şair Xəlil Rza ilə görüşüb
ondan soruşdu: "-Bəs niyə Naxçıvana gəlmirsən?
Dəvət edirəm!
Buyur, gəl!" Xəlil Rza cavab verdi: "-Ustad Cəlaləddin Ruminin bir kəlamı
var: Şair şah qapısında gədadan gəda, Şahsa şair evində ucadan uca!" Heydər Əliyev gülümsədi: -Şükür
Allaha, nə mən şaham, nə də sən saray şairi. On dörd il
(1969-1982) "şahlıq" etdim, səni bircə yol da Mərkəzi Komitənin həndəvərində görmədim.
İndi mən məmləkətin
yox, onun bir bölgəsinin başçısıyam. Buyur,
gəl" (Yenə orada, s. 21) Qurultay zamanı zalda əyləşmiş Heydər
Əliyevi rəyasət
heyətinə dəvət
etdikdə deyir: "-Burada mənim yerim rahatdır. Mən həmişə yuxarılardan aşağılara
baxmışam, indi aşağılardan yuxarılara
baxmaq istəyirəm"
(Yenə orada, s. 21)
Heydər
Əliyevin obrazını
təcəssümləndirən, xalq arasında şifahi şəkildə
yayılmış onlarla
belə əhvalat, şəksiz ki, sovet rejimində yazıya alına bilməzdi.
İlk dəfə müstəqillik
dövründə yazıçı
Əjdər Ol təşəbbüs edərək,
həmin əhvalatların
bir qismini "Müdriklik anları"
(Müdriklik anları,
Bakı, "Şirvannəşr",
1996), bir il sonra təkmilləşdirərək bir daha "Müdriklik" (Müdriklik,
Bakı, "Azərbaycan"
nəşriyyatı, 1998) adı
ilə çap etdirir, "Canlı lətifələr, əhvalatlar,
deyimlər" kitabına
da daxil
edir. Yazıçı
niyyətini kitaba önsözdə belə açıqlamışdır: "Görkəmli siyasətçi
və dövlət xadimi, Azərbaycan dövlətçiliyi tarixində
əvəzsiz xidmətlər
göstərən, hakimiyyət
ustası, ayıq-sayıq,
çətin anlarında
özünü itirməyib
xoş günlərində
hissə qapılmayan,
şəraiti həmişə
doğru-düzgün qiymətləndirən,
əzəmətli, şax,
çevik, yorulmaz, dözümlü, hafizəli,
gərgin vəziyyətdən
çıxış yolu
tapmaqda bənzərsiz
iti fikri, qətiyyəti olan Heydər Əlirza oğlu Əliyev bütün yüksək keyfiyyətlərilə yanaşı,
həm də güclü yumor hissinə malik, hazırcavab,
sözün çəkisini
bilən, dediyini vaxtında və yerində deyən bir şəxsiyyət idi. Heydər Əliyevin yuxarıda sadaladığım dəyərli
mənəvi keyfiyyətlərilə
bağlı maraqlı
əhvalatlarla tanış
olun. Eşitdiyim və yaxud şahidi
olduğum bu əhvalatlarda dünyagörmüş
bir insan ömrünün müdriklik
məqamlarını yaşayır.
Heydər Əliyev çıxışlarının birində deyib: "Sinəm doludur. Onlar gərək yazıla və xalqa çatdırıla.
Mənim bildiklərimi,
demək olar ki, Azərbaycanda heç kim bilmir!" (Əjdər Ol, Canlı lətifələr,
əhvalatlar, deyimlər.
Bakı, Qanun nəşriyyatı, 2015, s. 13-14).
Heydər
Əliyev ömrünün
müxtəlif anlarını
bu və ya digər rakursdan
qabardan canlı lətifə, əhvalat və deyimlər əsl müdriklik təzahürü olub, xalq gülüşü ədəbiyyatına da bir töhfədir.
Mövlud
Süleymanlı "Qırx
ilin yeddi görüşü" memuar-əsərində
Heydər Əliyev sözünün xalq arasında şifahi yayılmasına dair maraqlı misallar gətirir. Bunlardan biri Azərbaycan dili barəsindədir:
"Yadımdadır, 70-ci illərin
ortalarıydı, Novruz
bayramı ərəfəsində
böyükdən kiçiyə
hamı Şıx çimərliyi səmtində
ağac əkməyə
çıxmışdı. Yazıçılar İttifaqının
ayrıca sahəsi vardı, orda ağac əkirdik. Heydər Əliyev sahələri dolaşıb,
adamlarla görüşüb
axırda yazıçıların
yanına gəldi. Həmişə olduğu
kimi səmimiydi, ərki çatanlarla zarafat edir, gənclərlə
maraqlanırdı. Şair
Qabil yenə özünəməxsus orijinallığı
ilə seçildi:
"-Yoldaş Əliyev,
Siz azərbaycanca nə gözəl danışırsınız!" Heydər Əliyev astadan gülüb dedi: "-Qabil, sən niyə mənim rusca gözəl danışmağıma
təəccüb etmirsən,
azərbaycanca danışmağıma
təəccüb edirsən?
Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm!
Eləcə də hamımız" Bu söz,
bu fikir elə oradaca alqışlarla qarşılandı...
Amma onunla bitmədi, çoxlarımızın xəbəri
olmadan bu söz, bu fikir
kiçik məcrasından
çıxdı. Uzun
müddət milli tərbiyəmizdə
iş gördü...
Bu da faktdır ki, bir az əvvəl yuxarı səviyyələrdə
Azərbaycan dilində
ümumiyyətlə danışıq
getmirdi, rus dilini pis bilənləri
işə götürmürdülər,
ona pis baxırdılar
və s. Adi bir iməcilik günündə
deyilmiş bu söz, bu fikir
və ümumiyyətlə
Heydər Əliyev fəaliyyəti doğma dilimizə olan soyuq münasibəti dəyişdirdi. Yeri gəldi-gəlmədi rus dilində danışan və danışmağa
can atan kütləviliyin
qarşısı alındı..."
(Mövlud Süleymanlı,
Qırx ilin yeddi görüşü//Tənqid.net jurnalı, ¹ 10 (2013), s. 24-35; s. 31)
Belə
ki, milli xalq mərasimlərinin
qorunub-saxlanması, getdikcə
daha geniş əhatə alması faktı da Heydər Əliyevin respublikaya başçılığı dövrünə təsadüf
edir. "Rəhmətlik
Rəsul Rza danışırdı ki, (Anarın
dediklərindən) Azərbaycan
KP MK-nın I katibi Heydər Əliyevin qəbulunda oldum... Novruz bayramı ilə bağlı fikirlərimi bildirdim. Mənə dedi: "-Rəsul müəllim, gəlin gedək bizim evə, görək Novruz bayramını siz yaxşı keçirirsiniz,
yoxsa biz. Əgər bizim ziyalılarımız
Novruz bayramını mənim tapşırığımla
keçirəcəklərsə, bu heç də
yaxşı deyil... Qoy ürəkləri istədikləri şəkildə
keçirsinlər". O zaman 70-ci illərin əvvəlləri
idi, bu söz
də dildən-dilə
düşdü. Yaz bayramımız öz səmənisiylə evlərdən
bayıra çıxdı,
yaxınlı-uzaqlı yurdumuzu
dolaşdı..." (Mövlud
Süleymanlı, Qırx
ilin yeddi
görüşü//Tənqid.net jurnalı,
¹ 10 (2013), s. 24-35; s. 32)
Bura dini mərasimləri də əlavə etmək olar; 1970-ci illərin əvvəllərində
bizim Bakı-ətrafı
kənd və qəsəbələrdə "məhərrəmlik" mərasimi
canlı qorunub-saxlanırdı.
Evlərdə təkyələr
qurular, qırx gün Kərbəla müsibətinin təziyəsi
tutulardı. Xüsusən
Aşura günləri
dini hisslər coşar, izdiham Ələmi (Əl formasında olan dini bayraq- T.Ə.) götürüb küçələrə
çıxar, imam Hüseyn
və Həsən eşqinə yürüşlər
edərdi. Sözsüz
ki, bu, sovet rejimi ilə qəti uyuşmurdu. Uşaqlıq yaddaşımda
qalıb; məhəlləmizdəki
belə məclislərdən
birində qadağalarla
bağlı fikirlər
səslənəndə, Heydər
Əliyevin adı keçdi. Deyirdilər ki,
respublika başçısı
bu mərasimləri qadağan etməyib, amma Naxçıvanda da gur keçən mərasimdə xalqa küçələrə çıxmamağı,
mərasimi evlərdə
sakit tərzdə keçirməyi tövsiyə
edib.
Elmira Axundovanın "Heydər
Əliyev: şəxsiyyət
və zaman" kitabında
"kommunist" qəhrəmanının
dinə münasibətinə
dair əhəmiyyətli
məqamlar var. "Dostlarının
və yaxınlarının
söylədiklərinə görə, Heydər Əliyev anasına qarşı çox mehriban və qayğıkeş idi, bir sözünü iki eləməzdi, onun dünyagörüşü
və həyat tərzindəki xüsusiyyətlərə
hörmətlə yanaşırdı.
Məlumdur ki, İzzət
xala olduqca dindar qadın idi, məscidə gedirdi, oruc tutub
namaz qılırdı...
Naxçıvanda İzzət
xanım Ələviyyə
adlı qonşusu ilə çox yaxın idi. Ələviyyə seyid qızı idi, ruhani təhsil almışdı. İzzət
xanım onu tez-tez evlərinə söhbətə dəvət
edirdi. Nəsə ləzzətli bir şey hazırlayar, samovara od salıb rəfiqəsini çağırardı.
O da gələndə özü
ilə Quran gətirərdi,
çay süfrəsindən
sonra avazla müqəddəs surələri
oxuyardı. İzzət
xanım iri ala gözlərini saralmış
vərəqələr üzərindəki
ərəb yazılarının
müəmmalı naxışlarına
dikib diqqətlə qulaq asardı. Ramazan günlərində İzzətlə
Ələviyyə hərdən
səhərə kimi
Quran oxuyar, ibadət edərdilər. Bakıda oğlunun yanında yaşayanda da İzzət
xanım adətini pozmurdu: əvvəlki kimi oruc tuturdu,
namaz qılırdı.
O vaxt Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin
məsul əməkdaşı
idi. Komitənin fəaliyyət istiqamətlərindən
birini dini mövhumata qarşı mübarizə təşkil
etsə də, o, anasının dindarlığına
hörmət və ehtiramla yanaşırdı..."
(Elmira Axundova, "Heydər Əliyev. Şəxsiyyət
və zaman". Bakı,
"Ozan", I cild 2007, s. 140-141)
Eynən
bütövlükdə də
xalqın dini inamına, adət-ənənələrinə
hörmət bəsləyən,
daha sonralar müstəqillik illərində
buna birbaşa, dövləti
səviyyədə rəvac
verən, neçə-neçə
məscidləri, o cümlədən
Bibiheybət məscidini
bərpa etdirən,
yeni məscidlər tikdirən,
özünə və
ailəsinə müqəddəs
Həcc ziyarəti qismət olan Heydər Əliyevin millətsevər obrazı
xalqının qəlbində
və yaddaşında
silinməz yer tutmuşdur. Bugün Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən
şərəfinə bütün
Qafqazda ən uca olan Heydər
məscidinin inşa olunması həmin sevginin ifadəsi və nişanəsidir.
Heydər
Əliyevə geniş
xalq kütlələrinin
məhəbbəti, Ulu Öndərin
uzun ayrılıqdan sonra, qürbətdən Vətənə dönüşündə
daha parlaq əksini tapır. Bioqrafları yazır:
"Bu meydan hələ
heç vaxt belə gur izdiham
görməmişdi. Sakinlər
ətrafdakı evlərin
eyvanlarına çıxmışdılar,
dama qalxanlar da vardı. Heydər Əliyevə, çətinliklə
də olsa, yaxınlaşan Naxçıvan
qəzetinin müxbiri
öz bloknotunda belə qeyd edir: "Bu böyük şəxsiyyətin qarşısına
çıxan insanların
fərəh hissini təsvir etmək mümkün deyil. Heydər Əliyevin çox yığcam qısa çıxışı
isə vətən eşqiylə dolu bir ürəyin səsiydi" (Viktor Andriyanov,
Hüseynbala Mirələmov,
"Heydər Əliyev".
Bakı, "Nurlan",
2008, s. 279). Bu, sadəcə bütün zahiri şiddətilə özünü
göstərən "kütlə
sevgisi" yox, əsl xalq məhəbbəti
idi: "Naxçıvana
bir-birinin ardınca məktublar gəldi. Ünvanı dəqiq bilməyənlər sadəcə:
"Naxçıvan şəhəri,
Heydər Əliyevə"
yazırdılar. Bəziləri
qayıdışı münasibətilə
onu təbrik edir, bəziləri isə belə bir liderin Azərbaycana
gərəkliyini vurğulayır,
digərləri Bakıda,
onun vaxtında Əhmədli kimi nəhəng bir yaşayış massivi və on mikrorayon salınan şəhərdə
mənzilinin olmamasını
eşidib, ona "bizim mənzilimizdə qalın, gen-bol, işıqlı, şəhərin
mərkəzindədir, biz qohumlarımızgildə
qalarıq" kimi təkliflər verirdilər.
İnsanlar yaxşılığı
unutmur, yaxşılığa
cavab verirdilər... Bakı sakinlərindən
biri öz mənzilinin açarlarını
təklif edir: "Buyurun, mənim evim - sizin eviniz".
Nehrəm kəndindən
bir el ağsaqqalı
yenicə tikdirdiyi rahat mülkünü töhfə kimi qəbul etməyi ondan xahiş edir" (Yenə orada, s. 289)
"Naxçıvan görüşləri"nin
hərarəti canlı
xatirələrdə yer
aldığı kimi,
xalq yumorunda da bədii ifadəsini tapmışdır. "Canlı
lətifələr, əhvalatlar,
deyimlər" kitabından
bir sıra misallar sadə insanların böyük sevgisini nişan verir. Əhvalatlardan birində deyilir:
"1990-cı ildə Heydər
Əliyev Moskvadan Naxçıvana qayıtdıqdan
sonra Azərbaycanın
hər yerindən adamlar onun ziyarətinə
gəlirmişlər. Bir qohumumuz
danışırdı ki, vaxtilə
Heydər Əliyevlə
Naxçıvanda qonşuluqda
yaşamış Xurşid
arvad da ara soyuyanda, hamıdan gec onun görüşünə
gedir. Qarı sovqat kimi Heydər
Əliyev üçün
az ələ düşən beş-on
Ordubad limonu da aparır.
Xurşid arvad Heydər Əliyevlə görüşəndə onun
görüşünə gec
gəldiyi üçün
üzr istəyib dil-ağız eləyəndə
Heydər Əliyev özünəməxsus yumorla
limonlara işarə edib deyir: -Gecikməyinin
eybi yoxdur, Xurşid, gec gəlmisən, güc gəlmisən" (Əjdər
Ol, Canlı lətifələr, əhvalatlar,
deyimlər. Bakı, Qanun nəşriyyatı,
2015, s. 19). Başqa bir
lətifədə "Şəmkirdən
onu görməyə getmiş boyu yarım metrə yaxın, çəkisi 19
kiloqram olan orta yaşlı Alı Əliyev adlı bir kişi"
"vaxtilə ölkə
rəhbəri Heydər
Əliyevin Şəmkirdə
ona mükafat verdiyini yada salıb" şəkil çəkdirmək
istəyir: "-Yoxsa Şəmkirə qayıdanda
sizinlə görüşdüyümü
sübut edə bilmərəm". Şəkil
çəkdirənlərdən birinin uca, birinin gödək
olmasından fotoqraf çaşır. Onu vəziyyətdən Heydər
Əliyevin yumoru çıxarır: "-Şəkli
elə çək, mən də düşüm!" (Yenə
orada, s. 22)
Üçüncü bir əhvalat da olmuş hadisəyə söykənir:
"Naxçıvan Muxtar
Respublikasının baş
naziri olmuş Şəmsəddin Xanbabayev
danışırdı ki, Naxçıvan
Muxtar respublikası
Ali Məclisinin sədri
Heydər Əlievlə
qonşu İran İslam Respublikasına
səfərdən qayıdanda
İran ərazisindən Xudafərin
körpüsünə baş
çəkdik. İşğal
edilmiş Azərbaycan
ərazisindən atəş
açılacağından ehtiyat etdiyimdən bədənimlə onu qorumaq cəhdimi hiss edən Heydər Əliyev zarafatla mənə dedi: - Şəmsəddin, özünə
əziyyət vermə,
mənim boyum səninkindən yarım metr hündürdür. Sən məni erməni gülləsindən
qoruya bilməzsən,
havayı qurban gedərsən..." (Yenə
orada, s. 22) İncə
yumorla yanaşı, burda Ulu Öndərin qorxmazlığı, millət
yolunda fədakarlığı,
bu yolda özünə-inamı da əks
olunub.
Xalq ağzından çıxmış,
yazıçı qələmi
llə qeydə alınmış lətifələrdə
həqiqətin payı
olduqca böyükdür.
Millətin pənah yeri, ümid mənbəyi olan Heydər Əliyevi düşmən zərbələrindən
İlahi hökmü və ümumxalq sevgisi qoruyurdu. Ulu Öndərin az bir zamanda Naxçıvanda
həyata keçirdiyi
misilsiz tədbirlər,
Naxçıvanı blokada
şəraitindən qurtarması,
milli müstəqilliyə doğru
atılan addımlar əsl epopeya səciyyəlidir. Elmira Axundova
yazır: "İndi "Heydər
Əliyev Naxçıvanı
xilas etdi, Naxçıvan da Heydər
Əliyevi" ifadəsi
zərbi-məsələ dönüb.
Bu doğrudan da belə
idi, həmin anda Naxçıvanda hakimiyyət sükanı arxasında Heydər Əliyev olmasaydı, muxtar respublikanın taleyinin necə olacağını heç
kəs deyə bilməzdi" (Elmira Axundova,
"Şüşə saray".
Siyasi detektiv. Bakı, Yurd NPB, 2007, s. 57)
Heydər
Əliyevin Bakıya qayıdışı, ölkəni
vətəndaş müharibəsindən
qurtarması, xalqın
arzusu ilə hakimiyyətə gəlməsi
faktı da xalq təfəkküründə xilaskar
obrazı ilə təcəssüm tapmışdır.
"Heydər Əliyev
və Azərbaycan folkloru" tədqiqatının
müəllifi Məhərrəm
Qasımlı yazır:
"Bütün mübariz
həyatı boyu apardığı qlobal, uzaqgörən və taleyüklü siyasətlə
vətən, millət
öndərinə, qurtuluş
gətirən xilaskara
çevrilən Heydər
Əliyevə Azərbaycan
xalqının dərin,
sarsılmaz sevgisi və sonsuz ehtiramı yığıncaq
və toplantılarda tez-tez diqqəti çəkən "Xalq
- Heydər" şüarında
çox dəqiq ifadə edilmişdir. Xalq öz ümummilli
liderini ruhunun, varlığının yenilməz
ifadəçisi və
əvəzolunmaz tərcümanı
kimi görür"
(Məhərrəm Qasımlı,
"Heydər Əliyev
və Azərbaycan folkloru" // "Heydər
Əliyev və Azərbaycan ədəbiyyatı".
Bakı, Şərq-Qərb,
2009, s. 72-90; s. 89) Tədqiqatçının
misal gətirdiyi aşıq yaradıcılığından
nümunələr Ulu Öndərə
ümumxalq sevgisinin əbədiliyini əks etdirir:
Dilləndir sazını,
Aşıq Əhliman,
Sözlərin aləmə qoy olsun bəyan.
Otuz beş il xalq yolunda can qoyan
Ulu Heydər kimi rəhbərimiz var.
Aşıq Əhliman
Elin ər oğludu, yurd dayağıdı,
Dünyaya səs salır
sözü Heydərin.
Sabaha nur saçan el mayağıdı,
Qartal baxışlıdı gözü
Heydərin.
Aşıq Murad
Yurduna bağlıdı eşqi,
həyatı,
Azad Azərbaycan onun muradı.
Elin sərkərdəsi, xalqın
nicatı
Yenilməz qüdrətdi Heydər
babamız.
Aşıq Mahmud
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat
qəzeti.- 2023.- 19 avqust.- S.6-7.