Tərif və ya
Astar küçəsinin
sakinləri
Hekayə
Astar küçəsi qısalığına
görə döngə
də adlandırıla
bilərdi. Lakin bu işlə məşğul
olanlar statusa əməl edərək onu küçə adlandırdılar. Çünki
sonu qapanmırdı, başqa bir küçə ilə kəsişib yoxa çıxırdı. Dalanı
böyük küçə
- böyük ailənin
üzvü hesab edilər. Küçə
isə uzunluğundan,
gödəkliyindən asılı
olmayaraq müstəqilliyə
malikdir. Astar küçəsi arzusundan
da kəm deyildi.
Ölkələr, şəhərlər müxtəlif özəlliyi
özündə əks
etdirən tarixi hadisələri yaddaşına
köçürən prospektləri,
küçələri, hətta
döngələri qoynuna
alır. İrili-xırdalı
bu məkanlar özlərinin fəxr olunan, seçilən yetirmələri ilə daha çox yadda qalır. Yarışma olsaydı, balaca Astar küçəsi də üç namizədini müsabiqəyə
buraxa bilərdi.
Müəllim adı hər peşədən ucada dayandığı üçün
ilk olaraq Feyzi müəllim ortalığa
çıxarılmalıdır. Uzun illər bu peşədə saç ağartmış
Feyzi müəllim orta məktəbdə coğrafiya fənnindən
dərs deyir. Dünyanın iki yüzdən artıq dövlətinin adlarını
birbaşa əzbər
deyə bilər. Xəritədə çubuqla
göstərdiyi uca dağları, yaşıl
meşələri, dərin
okeanları, dənizləri
elə vəsf edir ki, eşidən əyani olaraq özünü həmin məkanlarda hiss edir. Hətta dərs dediyi şagirdlər zənn edirlər ki, Feyzi müəllim həmin yerləri qarış-qarış gəzib.
Halbuki yazığın
ayaqları yaşadığı
şəhərdən başqa
ayrı yerə dəyməyib.
Ona bələd olanlar Feyzi müəllimi əli təmiz, cibi təmiz bir ziyalı kimi tanıyırlar.
Bu səbəbdən, adamlar,
istər qonşuluqda,
istər iş yerində, ədalətin yanında olmaqla Feyzi müəllimin rəğbətini qazanmağa
çalışırdılar.
Feyzi müəllimin əməyi
təqdirə layiq idi. O, şöhrət xəstəsi olmasa da, təlim-tərbiyə sahəsində
çəkdiyi faydalı
fəaliyyətinin qiymətləndirilməsi
hissindən yan durmamışdı.
Müəllimin kimliyini, necəliyini
şagirdlər müəyyənləşdirir.
Hər bir şagirdin qəlbindəki
"yöntəm maşınının"
sükanı təmizliyinə,
dürüstlüyünə, ədalətinə görə
sevdikləri Feyzi müəllimin əlindəydi.
Başqa müəllimlərin
əksəriyyəti açıq-aşkar
şagirdlərin valideynlərindən
rüşvət alırdılar.
Sanki tərəzi qoyub
bilik qiymətini satırdılar. Feyzi müəllim isə belə çirkin şeylərdən yan duraraq özünü vicdanının çəki
daşı kimi aparırdı.
Bir dəfə təbrik olunma meyarında əyriliyin acığına
düz addım atıldı. Artıq orta və ali
məktəbi bitirmiş,
vəzifə sahibi olmuş bir qrup məzun keçmiş müəllimlərinin
yubiley - ad gününə
gözlənilməz bir
hədiyyə ilə gəldilər. Onlar könüllü surətdə
pul toplayaraq yaşa dolmuş müəllimlərinə hədiyyə
olaraq az işlənmiş bir
"Jiquli" maşını
aldılar. Zənn etdilər ki, daha müəllimlərinin piyada
gəzməyi bəsdir,
bir az da maşınla gəzib-dolansın.
Feyzi müəllimin müqaviməti məzunların
niyyətini yenə bilmədi. İnandı
ki, niyyət təmiz,
umacaqsız olanda hədiyyə adamı günaha batırmır. Keçmiş şagirdlərinin
səmimiyyətinə təslim
oldu. Bundan sonra maşının təkərləri Feyzi müəllimin ayaqlarına
çevrildi.
Astar küçəsinin sayılıb-seçilən
ikinci yetirməsi polis
podpolkovniki Əhməd
Əhmədovdur. O, bu
vəzifəyə rəvan
yolla yüksəlməyib.
Çoxuşaqlı, kasıb
ailənin ən diribaşı idi. Bu çeviklik gələcək
həyatını müəyyənləşdirməkdə
həlledici rol oynayıb. Atası yarıtmaz bənnalıq peşəsi ilə məşğul idi. Onun-bunun uçuq-sökük
divarlarını birtəhər
sahmana salırdı. Təzə ev tikmək, yaxşı sement və ya gəc suvağı
çəkmək işini
ona etibar etmirdilər. Kişi birtəhər balalarına
çörək pulu
qazanırdı. Əhməd
fərasətinə görə
kasıb ailənin içindən tez sivrilib çıxdı. Orta məktəbi bitirəndən sonra imtahan verib polis məktəbinə düzəldi.
Tək bircə il Feyzi müəllim ona dərs demişdi.
Elə yol seçməkdə bu da ona bəs eləmişdi.
Əhməd Əhmədov xeyli
müddət kənar
yerlərdə "uçaskovu"
- sahə müvəkkili
rütbəsində çalışdı.
Çiynindəki paqonda
kiçik ulduzların
sayını son həddə
- dördə çatdırdı.
Bu da ona bəs eləmədi. O, keçmişin
ağrılı-acılı günlərindən çox
aralanmaq istəyirdi. Elə bu istək
onu Polis Akademiyasına
aparıb çıxardı.
Oranı da yüksək
qiymətlərlə bitirdi.
Əvvəlcə çiynindəki
dörd xırda ulduzu "yumurlayıb"
bir iri ulduza
çevirdi. Yəni
mayor oldu. Sonra çiynindəki
qoşa xətli paqona iri ulduz
endirdi. Bu dəfə
polis podpolkovniki sayıldı.
Bu rütbə ilə
bir neçə rayonda rəis müavini işlədi. Və günlərin birində kiçik bir rayona polis rəisi təyin olundu. Bu onun üçün qələbə
idi. Ancaq hələ son hədd deyildi. Qarşıda daha yüksək rütbə çətin
aşılan dağ kimi onu gözləyirdi.
İnadı və səbri hesabına inanırdı ki, günlərin
birində o dağı
da aşacaqdır.
Əhmədov öz istəyilə
doğma şəhərindən
uzaqlarda çalışırdı.
O, haradasa oxumuşdu
ki, heç kim öz yurdunda peyğəmbər ola bilmir.
Bununla belə, başqa bir məsələ də vardı. Hiss edirdi ki, imkanlı ailədən çıxmadığına görə
onu lazımınca saymır, qabağına qaçmır, əlini sıxmırdılar. Bu hal
ona toxunurdu. Sağlıq olsun...
Rəis
hərdən ata ocağına ziyarətə
gəlirdi. Həm də "əyani vəsait" kimi gəlirdi. Qoy qonşular görsünlər
ki, dünənki burnu
selikli uşaq fərasəti sayəsində
bu gün Günbatmaz rayonunun polis idarəsinin rəisidir.
İndi o, Astar küçəsindən
çıxan barmaqsayılı
vəzifəlilərdən biridir. Özü də onun səlahiyyətinə
xahiş etmək yox, əmr vermək
hüququ daxildir. Deməli, küçə
öz yetirməsi ilə sevinməli, onu hər yanda
təbliğ etməli,
tərifləməlidirlər. Ancaq Astarlılar onunla qədərincə öyünmürdülər. Belə
demək daha düzgün olar: nə ondan, nə də ona doğru qaçırdılar. Əhməd
Əhmədov özlüyündə
bunu belə yozurdu: "Görünür,
rütbənin dozasını
bir az da qaldırmaq lazımdır.
Astarlılar bəyə
yox, xana baş endirənlərin törəmələridir. O gün
də gələcək".
Bu ayama gizlin, pıçıltı
ilə deyilirdi. Balaca bir uşaq
- Dul Saranın oğlu Yetim Saday bunu aşkara
çıxardı. Rəis
də ustalıq elədi, təhqirin qabağından qaçmadı.
Necə olmuşdu bu əhvalat? Biz deyək, siz də eşidin.
Rəis
hər dəfə Dul Saranın evinin yanından keçəndə qapı
ehtiyatla aralanır. Oradan Yetim Sadayın
əvvəlcə burnu,
sonra təhqiramiz söz səsləndirən
ağzı görünürdü:
"İt Əhməd!.." Rəis uşağın səsləndirdiyi
bu təhqiri aydınca eşidirdi. Ancaq belə bir hadisə baş verməmiş kimi yerişini davam etdirirdi (O, doğma küçəsində
xidməti maşınından
istifadə etmirdi).
Rəisin
ata evinə növbəti ziyarət günü. Yenə pay-piyada küçənin başına doğru addımlayır, rastlaşdığı
qonşularla ayaq saxlayıb əhval-pürsanlıq
edirdi. Dul Saranın evinin bərabərinə çatanda
yenə qapı azacıq aralandı. Oradan Yetim Sadayın
atmacası eşidildi:
"İt Əhməd!.." Və sonra qapını kip örtüb dinşəməyə
başladı. Uşağı
"İt Əhməd" deyilişinin reaksiyası maraqlandırırdı. Zənn
edirdi ki, rəis bu dəfə də acı sözü sinirəcək.
Ancaq belə olmadı. Rəisin ciddi və zəhmli
səsi eşidildi:
- Saday, çölə çıx!
Saday qaçıb gizlənə
də bilərdi. Ancaq amiranə deyilmiş zəhmli səsin təsiri qarşısında planını
reallaşdıra bilmədi.
Yetim qapını açıb qorxudan əsə-əsə rəisin
qənşərinə çıxdı.
İstədi günahını
yumaq üçün
üzrxahlıq etsin. Bacarmadı. Dili ağzında
qurudu, nə qədər cəhd etsə də, söz tutmaq üçün hərlənmədi.
Gözləri köməyinə
çatdı. Ağlamağa
başladı. Rəisin
səsi yumşaldı:
- Niyə mənə
"İt Əhməd" deyirsən?
Yetim Saday çalışsa
da, sellənən göz
yaşlarını saxlaya
bilmirdi. Sakitləşib
suala cavab vermək istəyirdi. Axır ki, dili söz tutdu:
- Bilmirəm...
Rəis
nəzərdə tutduğu
fikrini davam etdirdi:
- Sənə Feyzi müəllim dərs keçməyib. Düzmü
deyirəm?
Yetimin atlanan sinəsi yavaş-yavaş səngiyirdi:
- Hə... Bizə coğrafiyanı Salman müəllim
öyrədib.
Rəis:
- Salafan Salmanı yaxşı tanıyıram.
Həmişə torbasını
məktəbə boş
gətirib dolu aparardı. Dünyanı tanıtsa da, adamları tanıdan deyildi. Heyf deyil Feyzi
müəllimdən... - "İt Əhməd" əlini cibinə salıb eşələdi, oradan bir bahalı şokalad çıxarıb
Yetim Sadaya uzatdı. - Məni təriflədiyin üçün
al ağzını şirin
elə.
Yetim Saday mükafata əl uzatmadı, tərəddüd etdi. Fikirləşdi ki, görəsən,
rəis bu sözləri ürəkdənmi
deyir? Axı hansı xoş yanaşmasına görə
Saday ağzını
şirin eləməliydi?
Rəis qərarından
dönmədi:
- Al, al deyirəm sənə. Sən bundan sonra da mənə
"İt Əhməd" deyə bilərsən.
"Qoç Koroğlu"
ola bilər, "İt Əhməd"
ola bilməz? At... "İt..." İkisi də yaxşı heyvandır.
İt də at kimi insana xüsusilə, polis işçilərinə, savaşan
əsgərlərə yardım
edən heyvandır".
Yetim Sadaydan səs çıxmadı, nə
"hə", nə
də "yox". Bununla da onların söhbəti bitdi. Əhməd Əhmədov
istədiyini, bir az da açıq desək, umduğunu cəzasız buraxdığı
uşaqdan ala bilmədi.
Onda yaşlının
gözündə necə
böyüyə bilərdi?
Bunları kiçikdən
də, böyükdən
də ummaqda özünü haqlı sanırdı. Axı o, Astar küçəsindən
çıxmış iki-üç
irəlidə gedənlərdən
biriydi.
İstər yay olsun, istər
qış, günəşli
havalarda alçaq kətilini götürüb
evinin dalında oturar, necə deyərlər, gələnin
qabağına, gedənin
dalına baxar, başını asta-asta tərpədib mənalı-mənalı
gülümsəyər. Atmacalı
söz dilindən, şaqqıltılı təsbeh
əlindən, tüstülü
siqaret damağından
düşməzdi.
Paşa
kişi məclislərdə
yerini bilirdi. Dəvətsiz keçib ona məxsus olan yerdə oturardı. Bu yer məclisin fəxri yeri hesab olunurdu.
Yəni, yasda mollanın, toyda tamadanın sağ tərəfi ona məxsus idi. Literli "kreslonun" sahibi kimi imtiyazından
gərəyincə istifadə
edirdi. Açıq desək, kimliyi hesaba alınan, ictimai çəkisi ilə barışılan
bu adam nə
yasda aza pulu, nə də
toyda nəmər salardı. Xəcalət hissi keçirmədən
məccani yeyib-içib
qarnını bərkidərd.
Paşa
kişi məlumat dağarcığı hesab
edilirdi. Kimin yaxasının harda cırıldığını, kimin ayağının harda qırıldığını
soruşsan, düppədüz
deyərdi.
Sahə
müvəkkili "Məlumat
Bürosu" ilə tez-tez təmasa girirdi. Baş verən xoşagəlməz
hadisələrin açımında
ondan nəsə çəkməyə, mövqeyini
öyrənməyə çalışırdı.
Əksər halda dedikləri düz çıxırdı. Hətta
onu polisə işləyən agent kimi
də qəbul edirdilər. Məsələlər
çözülüb başa
çatanda bilirdilər
ki, Paşa kişi haqqın tərəfində
yer alıb.
***
Astar küçəsi bu gün bir nigaranlığa
hamilə idi. Bunu üzdən də duymaq olardı. Bu gün podpolkovnik Əhməd Əhmədov yenidən ata ocağına ziyarətə gəlmişdi.
O, xidməti maşınını
həyətdə qoyub
piyada küçənin
başına çıxmışdı.
Maraqla ətrafına boylanırdı. Qonşuların
bəziləri yaxın
gəlib onunla görüşür, dilucu
da olsa əhval-pürsanlıq
edir, bəziləri isə o boyda kişini görməzliyə
vurub yayınırdı.
Rəis
bütövlükdə qonşuların
bu münasibətini yetərli saymırdı. Axı o, bu balaca küçənin böyük yetirməsi idi. Nədən hamılıqla onunla öyünmürdülər? Görünür,
rütbəsi qədərincə
yüksək deyildi. Sağlıq olsun...
Proqnoz Paşa da bu gün evin günərliyində
öz "vəzifə
kreslosunda" - kiçik
kətilində oturub ətrafı seyr edirdi. Görünüşündə
heç nə dəyişməmişdi: başında
bozarmış papaq, əlində şaqqıltılı
dənəvər təsbeh,
damağında tüstülənən
siqaret. Vəzifədə
irəli gedənlərə
yerində sayan qonşuların görüşməsi,
onunla fəxr etmələri qanacaqdan sayılardı. Ancaq nə "Məlumat Bürosu" rəisin ayağına, nə də rəis Paşa kişinin "hüzuruna" buyurdu. Sadəcə, başlarını
tərpətməklə salamlaşdılar.
Rəisin görkəmindəki
qüruru asan sezmək olsa da, Proqnoz Paşanın dodağında oynayan müəmmalı təbəssümdən
bir məna hasil etmək çətin idi. Görəsən, belə
ünsiyyət tərzindən
kim qazanacaqdı? Umacaq təmin olunmayanda münasibət belə olur.
Bu gün Feyzi müəllim bazarlıqla
bağlı ev tapşırıqlarını yerinə
yetirmək üçün
keçmiş şagirdlərinin
ona bağışladığı
işlənmiş "Jiquli"
maşınına minib
səfərə çıxmalıydı.
Atının nalına
- maşınının təkərinə
nəzər yetirmədən
sükan arxasında oturub motoru işə
saldı. Əyləci
azad elədi. Sürət dəyişəni
nizamladı. Hərəkətə
keçmək üçün
maşına qaz verdi. Artırılan qazla hərəkətin balansı pozuldu. Feyzi müəllim buna əhəmiyyət vermədi.
Maşın ağır-ağır
hərəkətə keçdi.
Lap yaralı əsgər
kimi asta-asta sürünürdü. Bu qayda
ilə maşın küçənin başına
- polis geyimində olan
Əhməd Əhmədova
yaxınlaşdı. Hərəkətin
anormal olduğunu dördyolun
kəsişməsində dayanan
rəis də, evinin dalında özünü günə
verən "Proqnoz Paşa" da gördü.
Hər ikisi xəbərdarlığa hazır
idi. Rəis daha tez dilləndi:
- Feyzi müəllim, nə etdiyinizdir? Arxa təkərin - şinin çökdüyünü
görmürsünüz? Maşını
sağa çəkib
saxlayın. Yoxsa bu gedişlə qəza törədərsiniz.
Feyzi müəllim maşında
baş verən namünasibliyi indi duydu. Maşını sağa çəkib saxladı. Sükanın arxasından sivrilib yerə düşəndə
gördü ki, həqiqətən
arxadakı sol təkər
tamam boşalıb. Necə olmuşdu ki, o, bu nasazlığı hiss etməmişdi? Deməli,
peşəkar sürücü
deyil. Daha bunun başqa yozumu yoxdur. Rəis isə sürücüyə qüsur
tutmadı, əksinə,
toxtaqlıq verdi:
- Eybi yoxdur. Olan işdir. Yaxşı ki, qüsur ana yola çıxmamış aşkarlandı.
Özünü itirən
Feyzi müəllim donub qalmışdı. O,
nə edəcəyini
kəsdirə bilmirdi.
Rəis qəti hərəkətə keçməklə
müəllimi özünə
qapanmadan xilas etdi:
- Fikir eləməyin. Bu saat hər şeyi
qaydasına qoyarıq.
Maşın əvvəlkindən
də saz hala gələr. Yəqin maşının
yüklüyündə ehtiyat
təkəriniz və
qaldırıcınız var?
Təzə-təzə özünə
gələn Feyzi müəllim rəisin sualını cavablandırdı:
- Var... Necə ki?.. Nə etmək fikrindəsiniz?
Rəis?
- Yüklüyü açın.
İndi biləcəksiniz.
Rəis
adəti üzrə səliqəli polis geyimində
olsa da fikrində qəti idi. O, pencəyini, papağını
çıxarıb maşının
arxa oturacağına qoydu. Sonra geri dönüb domkratı və ehtiyat təkəri çıxartdı.
Feyzi müəllim indi tam ayıldı. Deyəsən, şəxsən
cənab Əhməd Əhmədov təkbaşına
maşını nasazlıqdan
xilas eləmək fikrindədir. Bu formada, bu vəzifədə fəhləliyə baş
qoymaq, təkər dəyişmək ona yaraşardımı? Yox! Qətiyyən yox! Feyzi müəllim irəli yeriyib alətləri onun əlindən almaq istədi.
- Siz nə edirsiniz?
Bir düşünün, təkər
dəyişmək sizə
yaraşarmı? Yaxında
təkər təmirçiləri
var.
Müəlliminin xətri onun üçün əziz idi. Ancaq bu
dəfə əzizlik
işə keçmədi.
İşini davam etdirdi. Əli ilə işlədi, dili ilə müəlliminə
cavab verdi:
- Fəhləlik nədir, hətta sizin nökəriniz də olmaq mənə yaraşar.
Bu qətiyyətli sözlərdən
sonra Feyzi müəllim müqaviməti
dayandırdı. Yarım
saat keçməmiş
mismar batıb zay etmiş təkərin yerinə salamatı yerləşdirildi.
Üstəlik zədəli
olan şin də içlik ilə (kamerlə) bərabər təmir olunub ehtiyat yerə yerləşdirildi.
Feyzi müəllim təşəkkür dolu
baxışlarla astadan
dilləndi:
- Daha mən gedə
bilərəmmi?
Görünməmiş xidmətdir! Bu hörmətə, qayğıya
əvəz tapmaq çətindir. İndi rəis
yüngülcə nəfəsini
dərdi:
- Bəli. Yaxşı olar ki, tələsməyəsiniz.
Gözümdən qaçmadı.
Mismar batmış təkəriniz lap keçəlləyib.
Sizi yenə darda qoya bilər.
İcazənizlə yaxındakı
marketdən təzə
bir təkər alıb maşına tullayacam.
Feyzi müəllim az qala üsyana qalxdı:
- Nə danışdığınızdır?
Əziyyət çəkməyinizin
müqabilində xəcalət
hissi məni tərk eləmir. Rəis qaşlarını
dartıb özündən
razı halda gülümsündü:
- Əksinə, borclu qalan mənəm. Bu xidmət sizin bir dərsdə çəkdiyiniz əziyyətə
əvəz ola bilməz.
Feyzi müəllim onu yeni təklifindən daşındırmaq
üçün sözünü
təkrarladı:
- Xahiş edirəm!.. Xahiş edirəm
əziyyətinizə son verəsiniz.
Rəis yumşalmış
kimi göründü:
- Yaxşı, baxarıq...
Birdən-birə araya sükut çökdü. Əslində
ikisi də sözlü idi. Müəllim necə təşəkkür edəcəyi
barədə, orijinal gediş barədə düşünürdü. Rəis
isə bu zəhmətin müqabilində
gözlədiyini, umduğunu
almamışdı.
Feyzi müəllim
rəislə bundan əvvəl qarşılaşdığını
yadına saldı. Onda cənab rəis ona xatırlatmışdı:
"Bu küçənin
iki nəfər gözəgəlim yetirməsi
var - biri sizsiniz, biri mən. Mən qonşularımdan özümə
qarşı sayğı
görmürəm. Halbuki
onlar məni görəndə qarşıma
yüyürməlidirlər. Qulluğumda durmağa can atmalıdırlar. Azyaşlılara da görk nümunəsi göstərməlidirlər.
Proqnoz Paşa
da öz müşahidəsində idi.
O, bu sükut duelinin necə nəticələnəcəyini gözləyirdi. Görəsən,
qalib tərəf kim, məğlub tərəf kim olacaqdı?
Astar küçəsinin
iki diqqət çəkən nümayəndəsi
üz-üzə dayanmışdı
- biri xidmət edən, o biri xidmət olunan. Nə baş verməli, nə deyilməliydi ki, ikisi də razı
qalsın. Rəis qarşı tərəfə
sözünü işi
ilə demişdi. Müəllimin isə gücü ancaq sözə çatardı.
Bəlkə, başqa
variantı da vardı? Feyzi müəllim bu variantları da fikrindən keçirirdi. Təşəkkürünü qarşı tərəfə
necə bildirməli? Çəkdiyi zəhmətə
görə rəisə
pul təklif etmək olarmı? Yox!.. Yox!.. Əsla!..
Bu təhqirə bərabər qaba gediş olardı. Qonaqlığa dəvət
eləmək necə?
Bu üsul da özünü doğrultmaz. Əslində,
rəis qocaman müəllimə qonaqlıq
vermək, ona süfrə açmaq xidməti göstərmək,
sağlığına badə
qaldırmaq fürsətini
buraxmazdı. Hələ
ki, bu xoşbəxtlik
cənab rəisə nəsib olmayıb. Bəlkə, bundan sonra. Birdən Feyzi müəllimin nəzərləri cənab
rəisin maşındakı
pencəyinin çiynindəki
iki iri göz
kimi parıldayan iki iri ulduzuna
sataşdı. Deməli,
podpolkovnik!.. Sevincdən
az qaldı qəşş eləsin. Tapmışdı. Savadsızlıq
savadlı müəllimi
dardan qurtaracaqdı.
O, əlini uzadıb təşəkkür əlaməti
olaraq podpolkovnikin əlini sıxdı:
- Çıxılmaz vəziyyətimə yardımçı
olduğunuz üçün
sizə ürəkdən
təşəkkür edirəm,
cənab polkovnik!
Necə? "Polkovnik?". Fərəhdən
rəisin bu sözü eşidən qulaqları alışıb
yanmağa başladı.
O, arzuladığını Feyzi müəllimin dilindən eşitmişdi.
O, Feyzi müəllimin
çaşdığına inanmaq istəmirdi. Nə şəkildə deyildiyindən asılı
olmayaraq bu müraciət Əhməd
Əhmədovu qanadlandırdı.
Deməli, bu deyiliş bu müqəddəs adamın
dilinə haqdan enmişdi. Deməli, təzəlikcə nəsə
müjdəli bir xəbər çıxacaqdı.
O, polkovnik rütbəsində
orta tutumlu bir rayona və
ya şəhərə
polis idarəsinin rəisi əmri ilə mükafatlanacaqdı.
Əhmədov müəllimin
"müqəddəs səhvinə"
düzəliş vermədən
cavab təşəkküründə
bulundu:
- Sizin xidmətinizdə
durmaq mənə ancaq şərəf gətirər!
Baş verənləri
Proqnoz Paşa da maraqla seyr
edirdi. Dodaqlarında istehzalı bir təbəssüm oynayırdı.
***
Feyzi müəllim
ana yoldan ayrılıb Astar küçəsinə buruldu.
Günəş qüruba
doğru üz tutmuşdu. Günəşin
zəifləmiş şəfəqləri
onun bozarmış papağı ilə oynayırdı. Sürəti
alınmış maşın
Proqnoz Paşanın qarşısında dayandı.
Feyzi müəllim Paşanın gözləri
önündə baş
verənləri ayaqda buraxıb sürətlə
ötüb keçmək
istəmirdi. Ola bilməzdi ki, qonşusunun ona deyiləcək sözü
olmasın. Əlbəttə,
sözü vardı. Proqnozunu incələməyi
müəllimin mühakiməsinə
buraxdı. Müəmmalı
gülüşlə fikrini
qonşusunun nəzərinə
çatdırdı:
- Müəllim, təkəriniz bir də buraxsa, Əhməd Əhmədov
general olacaq...
Feyzi müəllim də gülümsəməyə məcbur oldu.
Qərib MEHDİ
Ədəbiyyat qəzeti.-
2023.- 19 avqust.- S.24;25.