Gözlərindən hiss olunur
- ölümdən qorxmur
bu adam...
Elə bil
Həyat
gah deyir addım at,
gah deyir dayan -
Elə bil
azyaşlı uşaq
işığı söndürür,
yandırır...
Bəzən
adam tapa
bimirəm mən
sevincimi
bölüşməyə -
Elə bil
Başıma bədbəxt bir
hadisə gəlib:
o yan durur,
bu yan durur...
Təkəm,
istəmirəm gecikəm.
Çatmalı olduğum yerə
gedirəm qaça-qaça,
Qaytarır içimdəki səs
qaçmağa başladığım
yolun başlanğıcına -
Elə bil
Allah məni
gözlərimlə qaşlarımın
arasında dayandırır...
Yenə
narahat oluram nəsə
günah
eylədiyim gün.
Özümdən ixtiyarsız
gözübağlı dua edirəm yatağımda -
Elə bil
yuxuda Əzrail şapalaq vurub
əllərimi oyandırır...
Qiyamətdən əlamət
Daş yağacaq başımıza:
Dünyanın yığdığı daşlar
ətəyindən düşəcək -
Gözündən düşməyənlər
ürəyindən düşəcək...
Od yağacaq başımıza:
Günahlar dönəcək külə,
yer yanacaq həmin gün -
Şeytan
qır qazanından
bir qab alov çəkəcək
acından ölənlər üçün...
Qan yağacaq başımıza:
Şəhidlərlə mələklər
gözləri yaşlı-yaşlı
yaxamızdan tutacaq -
Şəhidlər qərənfilləri
əməl dəftərimizin
başdaşına atacaq...
Bir günün tənhalığı
Bu evdə iki gün
qabaq
iki nəfər var idi -
İndi ancaq biri var,
yetim qalıb elə bil...
Masanın üzərində çərçivəsiz,
əzik
şəkil -
Şəkil siqaret qoxulu,
şəkil xatirə dolu...
Bir nəfərin əlində
bir qədəh şərab,
gəzir
otaqda ruh kimi:
Çıxıb gedən, gün
gələcək,
bu yanlara cüt gələcək,
bu özünə gələnəcən...
Artıq
zaman gec olacaq,
o itirdiyi zamanın
qədrini tez bilənəcən...
Yas saxlayır keçmişə,
üzün qırxmır bu
adam...
Belə
getsə
intiharla
bitəcək -
Gözlərindən hiss olunur -
ölümdən qorxmur bu adam...
Mərhələ
Öncə dünya yarandı,
Adəm,
Həvva yarandı.
Nə
var sonra yarandı,
həyat
təkamül etdi...
Seçildi cənnət ünvan,
xoş yaşayırdı insan.
Odlu-alovlu
şeytan
nöqtəni vergül etdi...
Buğda
İlahi məktub...
nöqsan
Həvvaya mənsub,
nəfsinə oldu məğlub,
dünya
tənəzzül etdi...
Güləyən qız
Gözlərinə yaraşmayır göz
yaşı
Səni
ağladan nədir, güləyən qız?!
Dözəmmirsən, ağır gəlir qəm daşı
İlahidən xoş anlar diləyən qız -
Səni
ağladan nədir, güləyən qız?!
Bir vaxt şərbətin içdin xoşbəxtliyin,
Sən qapısından keçdin
xoşbəxtliyin,
Könüllü dərdi seçdin
xoşbəxtliyin
Sən oldun dalıyca su çiləyən qız -
Səni
ağladan nədir, güləyən qız?!
Tək qalmaq çətindir - əsas dərd budur,
Ondan azad olmaq böyük
arzudur...
Bilmirsən xoşbəxtlik necə
duyğudur,
Doğulandan dərd, qəmə
baş əyən qız -
Səni
ağladan nədir, güləyən qız?!
Kədər dalğalarında itdi
həyat,
Ruhən
öldün, səninçün
bitdi həyat...
Hər məqamda səni incitdi həyat,
Barışmırsan onunla, küsəyən qız -
Səni
ağladan nədir, güləyən qız?!
Çiçək kimi tez açdın, tez də soldun,
Çox
ağladın, gözləri
yaşla doldun...
Əvvəl belə deyildin,
nəzər oldun,
Ətrafında çoxdur gözü
dəyən qız -
Səni
ağladan nədir, güləyən qız?!
Gələn görüşlərədək
Eh... Yenə də görüşə
Gözüyaşlı gəlmisən -
Dərdini yolda qoy, gəl
Gələn görüşlərə tək...
Mən səbirsiz biriyəm,
Sən unutqan birisən -
Birdən
yadından çıxar,
Saatın
əqrəblərin
Gələn görüşlərə çək...
Gözüyaşlı qız, sağ ol,
Qalaram yalqız, sağ ol -
Sağ ol, vəfasız, sağ ol,
Gələn görüşlərədək...
Keçmişin qırıntıları
Görüş təşkil edərdim,
həyəcanla gedərdim.
Cibimdə gizlədərdim
əlim tir-tir
əsəndə...
Çox həssas
idik onda,
məndən küsərdi o da.
Hər hansısa
kinoda,
qız oğlandan
küsəndə...
Keçən günün dünəni
son dəfə
sevdim səni.
Son dəfə
sevdin məni
saçlarını kəsəndə...
Elvin İntiqamoğlu
Ədəbiyyat
qəzeti.- 2023.- 19 avqust.- S.9.