Salam, Mışkin!
Yaralı
bir qəlbi insanın öz inancından və əzmindən başqa nə sağalda bilir ki?! O, bu yolun və yolçunun
özüdür. Şəfa
onun bədənindən
süzülür. Həm
ruhu, həm də bədəni tükənmişlik davasında
itib-batarkən özünü
daha çox dərində tapır. O, yoxa çıxdığını
varlığının dibinə
qədər hiss edir. Davamlı olaraq özünü, şəxsiyyətini,
var olma məqsədini,
həyatdakı yerini mühakimə edir. O, həmişə yaşamaq
üçün bir səbəb, bir sual axtarır. Bunlara cavab tapa bilmədikcə, beyni ilə ürəyi arasındakı bataqlıqda
çırpındıqca daha
çox batır. Həyatın çamuru üstünə sıçradıqca
nəfsini təmizləməyi
məqsəd bilir, amma bacarmır. Çünki hər dəfə cavab tapanda yoluna olan əminliyi artır, nəfsi tərbiyədən qaçır.
Onların çırpınmalarını heç kim eşidə bilməz, çünki bu çırpıntılar sadəcə
onlara məxsusdur. Yad biri beş duyğu
ilə dərk edə bilməz, insan bu fırtınalı
savaşı öz daxilində yaşayır.
Bunu ancaq bir tərəf dərk edə bilər, eyni müharibəni yaşamış
və qalib gəlmək üçün
çox mübarizə
aparmış fərqli
bir qəlb. Qırılan ürəklər
buna görə bir-birini
tanıyır.
Məhv
olmuş, uyuşmuş
bir ürək harada olsa, özünü
tanıyır. Ona toxunmağa,
danışmağa, axtarmağa
ehtiyac yoxdur, sadəcə hiss edir. Ürəkdən ürəyə
tikilmiş körpü
kimi onlar bir-birinə bağlıdır.
O an hiss edilən tək şey uyuşmaqdır. Bilir ki, nə etsə də, düşdüyü
uçurumdan qarşı
tərəfi xilas edə bilməz. Bilir ki, nə etsə, nə desə, heç bir mənası olmayacaq və uçurumun dibini görmədən nə edəcəyini seçə
bilməz. O hissin, uçurumun dibini görməkdən başqa
çarəsi yoxdur. Təsəlli nafilədir.
Qaça bilmir, çünki qaçdıqca
ayağına dolanır,
fərdiyyəçilik bataqlığının
dibinə çəkir.
Ürəyi sıxılır,
sinəsinə sığmır.
Özünü boğulmuş
hiss edir, sanki kimsə ürəyini əli ilə sıxır, nəfəs
ala bilmir, boğulmağa
başlayır. Heç
yerə sığmaz.
Düşünməməyə çalışır, yoxmuş
kimi davranmağa çalışır. Beynini,
düşüncələrini dayandıracaq bir şey axtarır. Həmişə yatmaq istəyir, yuxuda unutmaq istəyir. Hamletin yuxuları izah etdiyi kimi.
O, yatarkən unuda bilərdimi? İnsan yuxuda belə əziyyət çəkə
bilərmi? Daha doğrusu, ağrısını
unutmaq üçün
yatmaq istəyərkən
beş dəqiqə yuxuya getdikdə də, unutmaq üçün yalvararkən,
bir anlıq da olsa, yatarkən, sakitliyi deyil, ürəyində atəşi
hiss edə bilərmi?
Bunu gündüzlər
də, əslində,
ağlı ilə ürəyi arasında olan bütün savaş zamanı hiss edirdi. Yaşaya bilirdi. İnsan ağrıdan yuxuya gedəndə yuxuda unutduğunu zənn edir, amma gözünü
açan an yenə ürəyindəki ağrıları
xatırlayır. Bu hiss o qədər
absurd və təsvirolunmazdır
ki, onu yalnız yaşayanlar anlayar. Nə etsə də, ağrıdan xilas ola bilmədi insan. Yaşayacaqdı və yaşayaraq yavaş-yavaş bu dərdi görməzlikdən
gələcəkdi. İnsan
belə böyüyür,
yetkinləşirdi. Canı
od tutub yanır, canı parçalanır.
Bununla belə, gülmək yaxşı şeydi, elə deyilmi? Uşaq vaxtı yıxılanda dizləri ağrısa belə, bir az ağlayar, sonra yenidən gülümsəyərdi. Amma indi?
İndi o yıxılanda dizləri
yox, ürəyi, kimliyi və xarakteri ağlayır. Ruhunun təzəcə birləşmiş parçaları
təzədən göz
yaşı gölməçəsinə
çırpılıb çilik-çilik
olur. Və beləcə hamı gülümsəməyi yadırğayır.
Ömür yaşamağa
davam etdikcə uşaqlığımızın saf halından getdikcə uzaqlaşır,
mücərrədləşirdi. Hər şey asan görünür, amma heç nə asan deyildi.
Asanmış kimi davranmaq, onu aşmış kimi davranmaq, bunu elə beləcə göstərmək istəyi.
O, qan ağlayarkən
üzü gülür.
Ruhu yanarkən çöldə işıq
saçır, amma o işıq qəlbindəki
odun parıltısıdır.
Bunu anlayanlar da eyni ağrını yaşayanlardır. Canı
yandıqdan sonra heç kimin müalicə üsuluna cavab vermir, sağalmaq
istəmir, ömrün
istifadə müddəti
bitməkdədir yəqin.
Həmin yara ancaq istədiyi zaman sağalır. Zaman dərman
deyil. Zaman sadəcə
vərdişə çevrilir.
O vərdiş isə
zəhər kimi ruha yayılır və insanı öldürdüyünü anlamadan
nəfsinə yapışır.
Aldığı nəfəs
olur zaman. Yaşayır,
yaşayır. Amma bu dünyanın sonu puçdur, Güləndam
Qəlblərin bir-birini ağrı
və iztirablardan tanıdığı, qəmin
zərafətə və
sənətə çevrildiyi
dünyanın sakini olmaq necə qəddar hökmdür. Nəfsində və nəfəsində əbədi
məhbus olmağın
yersiz peşmanlığı
ilə üzümüzə
və təfəkkürümüzə
çəkdiyimiz niqab bizə
qeybdən gəlib qeybə gedəcəyimiz həqiqətini pıçıldayan
haqqın əbasından
bir parçadır yəqin.
Məcnun
Leylini axtarmırdı,
onun yolu Allahı - özünü
tapana qədər davam etdi. Sənan
hər şeyə Ona
görə dözdü
- O, Sənanın özü
idi. Nəsimi Nəimiyə yox, Allahdan bir zərrənin,
yəni özünün
ölümünə ağlayırdı.
Nizami şeyx deyildi, onun mütəsəvvüflüyü
İsgəndərin heç
kim olduğuna inana qədər idi. Dinlər mif olana, psixologiya
rənglər anlaşılana,
fəlsəfə siyasətin
şahmat taxtası açılana qədər
davam etdi. Dünyada hər şey özünə qayıdışda ətrafındakı
nəsnələrdən arındı,
imtina etdi və mütləq olana qarışdı.
Mütləq olanın axtarışı
isə özümüzlə
ruhi davaya çıxanda başladı.
Necə ki, nə qədər ki, biz nəfəs
alıb-veririk və ömrün istifadə müddəti bitməyib həmin lüzumsuz müharibə davam edəcək.
Nəfəs... Əhəmiyyətli olan tək şey
öz nəfsimizlə
ürəyimizin odundan
xilas olmaq istəməkdir.
Rəvan
CAVİD
Ədəbiyyat qəzeti.- 2023.- 19 avqust.- S.31.