Taleyimin adamı
İntiqam Qasımzadə haqqında
yazmaq istəyirəm,
alınmır. Bəzən
adam ürəyinin dərinliyindəki hissləri
sözə çevirməyə
qorxur. Qorxur ki, hissin məhrəmliyi pozular, saflığı gedər, səmimiyyətinə
kölgə düşər.
İçimdə nə
pıçıldadığımı eşidirəm, amma yazıya çevrilmir. Bilmirəm hardan başlayım. Axı, heç ağlıma da gəlməzdi ki, ömrümün
qırxıncı dolaylarında
"Azərbaycan" jurnalının
baş redaktoru, Əməkdar incəsənət
xadimi İntiqam Qasımzadəylə yol yoldaşı olacam. Aylardan, illərdən birlikdə keçib gedəcəyik. Yaddaşımın
bir küncündə
səhifə-səhifə xatirələri
yazılacaq. Mənə
sirr verəcək, fikir bölüşəcək.
Yol gedəndə mənə "sən mənim dostumsan" deyəcək. Xaqani küçəsi şahidimdir!
Adətən, işdən çıxıb
şairin küçəsiylə
birlikdə gedirik, bəzi məqamda, söhbətin şirin yerində İntiqam müəllim qoluma girir, onda hiss eləyirəm ki, özünə
çəkir məni,
məni özüylə
aparır. Yaddaş səfərinə çıxırıq.
Deyir: "İsmayıl
Şıxlı deyirdi
ki, İntiliş, sən
mənim dostumsan".
İndi tarixin, zamanın
qum saatı çevrilib, mən İntiqam müəllimin İsmayıl Şıxlıyla
yanaşı addımladığı
yaşdayam. Qolumdan tutur...
Qolumdan tutub "Azərbaycan"
jurnalına gətirib.
Üzümə enli, işıqlı bir yolun qapısını açıb. Mənə şans verib. Həm də onu daha yaxından
tanımaq şansı.
Bu günə qədər
xeyli insanla rastlaşsam da, çox adam gördüyümü
deyə bilmərəm,
nə olsun dünya doludu. Amma bir də İntiqam
müəllimin timsalında
əsil adamın necə olduğunu dəqiq bilirəm. Bəlkə kənardan sərt görünür,
amma yaxşı yumor hissi var. Zarafatının üslubu
da özünəməxsusdur. Kiminsə qəlbinə dəyməz, könül
almaqda ustadır. Elə buna görədir
ki, İntiqam müəllim
sevgi yoxsulu deyil. Heç vaxt hörmətə, diqqətə tamarzı qalmayıb. Qazanıb. Ümumiyyətlə, İntiqam
müəllim qazanmağı
bacarır. Ən böyük qazancı kişilikdi. Hələ bir dəfə də eşitməmişəm
ki, İntiqam müəllim
görüb gəldiyi
adamların qarasına
danışsın. Kiminsə
alnının ləkəsini
böyütsün, sözünə
cin donu geyindirsin. Gözdən salmağa, könüldən
çıxarmağa çalışsın.
Danışdığı mövzunu da kişi kimi seçir. Ona görə də İntiqam müəllimlə
danışmaq çox
asandı. İstənilən
mövzuda söhbətə
açıqdır. Qəribədir
ki, hər mövzuda
da xatirəsi var.
Yaddaş
fondu zəngindir. Xatirələrini
obrazlı danışır.
Danışanda adamı
zaman maşınında keçmişə
aparır, hadisənin
şahidinə çevirir.
Hələ ki söhbət
düşə babası
Kəbleyi Məmməddən.
Ona Kəblə Məmməd
deyir. Rəhmətlik kişi redaksiyamızın
daimi sakinidir. İntiqam müəllimin dodaqlarıyla danışır:
"Yatdun, batdun!"
Bəzən mənə elə
gəlir ki, İntiqam
müəllim böyümək
istəmir. Yarımçıq
qalmış atalı
günlərini, doymadığı
analı illərini yaşamaq istəyir. Deyirsən, bu yaşda bir adam, yəqin, uşaqlığını unudar;
ata yaşını çoxdan keçib, çatıb baba yaşına,
amma əksinə, İntiqam müəllimin bütün sözünün,
söhbətinin, çəkdiyi
misalların bir ucu atası Böyükağaya, o biri
ucu anası Sona xanıma bağlanır. Hələ də xəyali olaraq özünü onların
yanında uşaq kimi görür. Bir dəfə bərk soyuqlamışdı, belinə
anasının yun şalını bürüdü,
dedi: "mən şala bürünəndə
tez sağalıram, elə bilirəm, anam yanımdadı". O
köhnə şal İntiqam müəllim üçün bəlkə
də, dünyada ən dəyərli məlhəmdi, ən isti qucaqdı, ən qiymətli əşyadı. Ruhi dünyadakı anasına maddi dünyadakı bədənini bağlayan kəndirdi, körpüdü,
yoldu. Şalın mifik gücü onun canına qüvvət verirdi. Bunun ən yaxşı təsirini özü bilir. Mən, sadəcə, bu qocaman oğlanı kənardan izləyirəm
Hələ İntiqam müəllimin
yemək tərifi bir başqa dəstgahdır. Elə
ki, günün günortası
olur, aclıq siqnalları beynimizi dağıdır, İntiqam
müəllimin yadına
Sona xanımın bişirdiyi
xörəklər düşür.
Elə tərif eləyir, xörəyin tamını damağında
hiss eləyirsən, ətri
gəlir burnuna. Yəni nədən söhbət açırsa,
boğazdan yuxarı yox, ürəkdən danışır İntiqam
müəllim. Buna görə
onu dinləmək rahatdı.
Ən sevdiyi mövzulardan biri də kinodur,
deyərdim. Həmişə
deyir ki, kino xəstəlikdi,
bir dəfə yoluxdusa, adam sağalmır. Məncə,
kinostudiyada işlədiyi
dövr ömrünün
ən parlaq çağlarıdı. Bir çox
filmlərin redaktoru, ssenari müəllifi olduğu illər onun üçün unudulmazdı. Bir ensiklopediyalıq
kino xatirələri var. Ölkənin
ən tanınmış
rejissorlarıyla, aktyorlarıyla,
incəsənət xadimləriylə
işləyib, rastlaşıb,
dostlaşıb... Danışa,
oturub yazasan.
Yazasan İntiqam müəllimin xarakterini, obrazını.
Bir sanballı əsərin
qəhrəmanıdır. Ömrünü
də elə əsər kimi yaşayır. Mənə
elə gəlir həyatda rastlaşdığı
adamların heç biri təsadüfi deyil, hamısının ona bir təsiri,
bir bağlılığı
var. Elə bil günün hadisələrini
yaşamır, içindən
keçir. Gileyləndiyi
olub, amma keçdiyi çətin günlərdən şikayət
elədiyini eşitməmişəm.
Yəqin bu onun xarakterindəki ağayanalıqdan gəlir.
Ya da həyatı dərk üslubundan. Tanıdığım bu neçə ildə bir dəfə olsun, onun aciz
şəklini görmədim.
Həyatımın qəribə bir
naxışı da İntiqam
müəllimlə Şuşa
səfərimdi. İllər
sonra ilk dəfə Şuşaya getdim. Gör, hardan-hara gətirib bağlandı yollarımız. Ağlıma
gələrdimi bir gün gələcək, Cıdır düzündə
İntiqam müəllimlə
eyni xoşbəxtliyi yaşayacam?! Qolunu boynuma salıb məni sinəsinə sıxacaq. Birlikdə şəkilə, xatirəyə
çevriləcək anımız.
Bəlkə də ölkəmizin hansısa işğal görməmiş
rayonuna getsəydik, mənim üçün bu qədər təsirli olmazdı. Amma elə bil Ağdamdan
buna görə köçkün
olmuşdum ki, nə vaxtsa, varlığından
xəbərim olmayan ölkənin ən hörmətli ziyalılarından
biri İntiqam Qasımzadəylə qarşılaşım,
yollarımız birləşsin,
birlikdə Şuşa
torpağına ayaq basaq. Mənim üçün Ağdama,
Şuşaya ilk dəfə
kiminlə getməyim çox önəmlidir. İnanıram ki bunun bir mistikası var.
Çox
şeyi yaza bilməsəm də, indi oturub öz-özümə
İntiqam müəllim
haqqında düşünürəm.
Onun həyatımdakı
yerini, taleyimdəki təsirini, yolumdakı yoldaşlığını, ürəyimdə
yerini görmək, yaddaşımda xatirələrini
sərgiləmək mənə
fəxarət hissi yaşadır. Məncə,
hər insanın həyatında İntiqam Qasımzadə kimi bir şəxsiyyət olmalıdır. Mən tapmışam. Belə bir şəxsiyyət adama həyatı, insanları sevməyə stimul verir. Həqiqətən,
şadam ki, bu gün səksən yaşlı İntiqam Qasımzadəylə çiyin-çiyinəyəm.
İş yoldaşıyam.
O, heç vaxt özünü hökmlü,
təkəbbürlü Baş
redaktor obrazına salmayıb. İşdən
ayrılıb evə yollanmışam, yolumun yarısında zəng eləyib halımı soruşub, evə çatıb-çatmadığımla maraqlanıb. Bu onun nə qədər diqqətli, qayğıkeş
bir adam olduğunun sübutudur. Belə bir adamın
varlığına necə
şükür eləməyəsən?
Yaxşı ki, İntiqam müəllim
həyatla mübarizədə
8:0 irəlidədi. Bu onun
mükafatıdır deyərdim;
insan olmağı bacardığı üçün
taleyin mükafatı.
Arzu eləyirəm, sağlam canla həyat mübarizəsində
10:0 irəlidə olsun.
Ona bu 100 yaş ömrün mükafatı,
taleyin ordeni kimi yaraşacaq.
Təəssüflər olsun ki, ürəyimdən keçənlərin hamısını üzünə deyə bilmirəm, geniş, təntənəli təbrik məktubu yazmaq da mənə çətindir. Amma mənim üçün İntiqam Qasımzadə kimdir, özüm yaxşı bilirəm.
Vüsal Nuru
Ədəbiyyat qəzeti.- 2023.- 19 avqust.- S.21.