Olsun

 

Səsləsən, səsinə hay verərəm mən,

Diləyini bir-bir say, verərəm mən,

İstəsən dünyanı, pay verərəm mən,

Təki ürəyinin xətri xoş olsun.

 

Yüyrək yolumuzu illərmi kəsdi?

Küləklər atlandı, yellərmi kəsdi?

O sərxoş yağışlar, sellərmi kəsdi?

Bu yağan yağışlar xeyrə tuş olsun.

 

Vasvası qeybətlər üzür canımı,

Əkirəm yollara hər gümanımı,

Tarımar eyləmə din-imanımı,

Həsrət şərabdı, ki, nuş olsun.

 

Səsləsən, səsinə hay verərəm mən,

Diləyin , di sən say, verərəm mən,

İstəsən dünyanı, pay verərəm mən,

Təki, ümidlərin xətri xoş olsun.

 

Təsəlli

 

Ay da, il günü günə xərcləyir,

Dilə gələn təsəllidir, təsəlli.

Gecə-gündüz bir-birindən doğanda

Düzdə qalan təsəllidir, təsəlli.

 

Gecə yatar qucaqlayıb sükutu,

Yer süpürər ayın qaşı-qabağı.

Sərçələrin civiltisi oyaqdı,

Ruh paylayar gül-çiçəyin duvağı.

 

Qaranlığın işığında yellənən

O ulduzsa öz rəqsindən keflidi.

Köynəyimin yaxasını düzəldən

Mehə dönən bir gözəlin əlidi.

 

Ağıl dişi çıxartmayıb həsrətim,

Öz dəmində, səbrim göyə dırmaşır.

Günbatana atın sürür gündüzüm,

Ağrım-acım ürəyimə sarmaşır.

 

Ay da, il günü günə xərcləyir,

Dilə gələn təsəllidir, təsəlli.

Gecə-gündüz bir-birini doğanda

Düzdə qalan təsəllidir, təsəlli.

 

Düzdə qalan düz mən

 

Dərd adamı dindirər , dinər ,

Öz oxundan döndərər , dönər ,

Sevən kəslər alışar da, sönər ,

Bağban mənəm, bağsız mənəm, düzdə mən.

 

Aram yoxdu qovğada, savaşda,

Günahsızdı başa dəyən o daş da,

Solan gülün nişanıyam bu yaşda,

Ocaq mənəm, tüstü mənəm, köz mən.

 

Uzaq mənə bulud-bulud görünür,

Səbrim qaçıb duman-çənə bürünür,

Sağ-solumda qovrulmuşlar sürünür,

Bir mənəm, əlli mən, yüz mən.

 

Həmənkidir astarım da, üzüm ,

Bəxt uyuyur, vaxt oynayır gözümdə,

Bir nisgilim qurcalanır sözümdə,

Susan da mən, dodaq da mən, söz mən.

 

Məni sevir ayrılıqlar necə !

Göz-gözəyik gündüzlər , gecə ,

Yuxularım tüstüləyən gecədə

Öz-özünü aşılayan duz da mən.

 

Dəvələrin əyri boynu düzəlmir,

Açıb tökdüm sandığımı birbəbir,

Ahım dinir, yenə gəlir tək səbir,

Eşqi bulaq, düzdə qalan düz mən.

 

Zor xəbər

 

Ömür quş kimi - istiqanlıdı,

Xəbərin varmıdır bu zor xəbərdən?

Həsrətdən boylanar yaz yağışları,

Payız yağışları xatirələrdən...

 

İstərsən, tük yandır, bu, sənin işin,

Ya da telefonun düyməsini sıx.

Vüsalı mən sənə yetirrəm, təki

"Yox!"ların içindən sən bayıra çıx!

 

Bir əlçim buluddu səndən yuxarı,

Bir ovuc torpaqdı səndən aşağı.

Ayrılıq dilini öyrənəmmirəm,

Mən kənd doğumluyam - bir kənd uşağı.

 

Hər işin ustası, cəfakeşi var,

Sevginin dili sevənə bəlli.

Könül ovçusudu - işıq yandıran

Çiçəklərin dili, güllərin dili.

 

Özümü dilimə qurban edərəm,

Sözümün işığı yana, söyünə.

Yaxınlar, uzaqlar dəvətli olsun,

Şahid olmaq üçün toya, düyünə.

 

Ömür quş kimi - istiqanlıdı,

Xəbərin varmıdır bu zor xəbərdən?

Həsrətdən yol gələr yaz yağışları,

Payız yağışları xatirələrdən.

 

Hər kəsin haqqı

 

Sevinmək, sevilmək hər kəsin haqqı,

Sən Adəm övladı, mən insanam.

Vüsalı gətirib gəlirəm sənə,

Bəxtinin qapısı açıqmı, sonam?!

 

Ömür qaçaraqda, qismət yol üstdə,

Dəyərlər o qədər adiləşib ki.

Hər şeyi satmaq da, almaq da olar,

Ətraf özü boyda bazardı sanki.

 

Arzu da saralmış yarpaq kimidi,

Külək qanadları uçurtmur onu.

Əlləri yanında, farağat səbrin

Əzəli görünmür, yox imiş sonu.

 

Dili topuq çalır həsrətin yenə,

Ortaya çıxmağa üzü yoxdu.

Sonsuza uzanan naz baxışların

Alovu, tüstüsü, közü yoxdu..

 

qədər ləliyib, çıxıb papuşdan

O məsum hicranın ağzında dili.

Baxışlar göylərə dəyib qayıdır,

Göylərin yerdən üzülüb əli.

 

Gözlərdə doğulan sevincə bir bax!

Dindirə bilməyir kilid dodağı.

Nağılla, dastanla dinən sevginin

Səslənir dilində bir köhnə ağı.

 

Sevinmək, sevilmək hər kəsin haqqı,

Sən Adəm övladı, mən insanam.

Vüsalı gətirib gəlirəm sənə,

Bəxtinin qapısı açıqmı, sonam?!

 

Ramiz Orsər

Ədəbiyyat qəzeti.- 2023.- 19 avqust.- S. 29.