Dəllək Məhəmmədin şəkli, yaxud yayda muzey ovqatı
Kiçik
şəhərlərin və qəsəbələrin, kəndlərin
tarixini yerli muzeylər (tarix-diyarşünaslıq muzeyləri,
ev-muzeylər, xatirə muzeyləri və s.) yaşadır.
Çoxdandır, rayonda muzeylərə
baş çəkməmişdim.
Əyalət muzeylərini
ziyarətin özü
qəribə hissdir.
Muzeyləri ziyarətdən sonra
ağlıma müəyyən
səmərəli fikirlər
də gəlir:
Düşünürəm ki, smartfonların,
kompüterlərin virtual dünyasında
azmış uşaqlarımıza
rayon - muzeylərindəki "dişləri tökülmüş
iki taxta vəli" (O.Sarıvəlli)
göstərib, onları
əcdadlarımızla "baş-başa buraxmaq"
vaxtıdır.
Həvəskarlar xalq mərasimlərindən
(məsələn, yağış
yağdırma, Novruz bayramı və s.) səhnəcikləri və
yerli rəqsləri bərpa edib qonaqlara təqdim edər.
Ağdaşda, Maqsud Şeyxzadənin
ev-muzeyində "Maqsud
Şeyxzadə oxuları"
keçirmək olar. İmkan daxilində özbək qardaşlarımızı
da dəvət edərik.
Tovuzun Bozalqanlı kəndində,
ustad aşığın
dastan gecələri evində
niyə keçirilməsin?
Bu muzeylərin keçmişlə
bu günü birləşdirən yaddaş
körpüsünə çevrilməsi
üçün fəal
yaradıcılıq məkanlarına
çevrilməlidir. Əks
halda, bütün günü bekarçılıqdan
əsnəyən və
darıxan muzey əməkdaşlarının özlərinin
də eksponatlara çevrilmək qorxusu
var.
Əyalət ev-muzeyləri ziyarətçi-tamaşaçı
təxəyyülündə assosiativ mənalardan, simvolik obrazlardan ibarət olan bir "mətnə" çevrilməlidir. Və
onda muzeydən çıxan hər kəsin təhtəlşüurunda
öz Mirzə Fətəlisi, Xan qızı
Natəvanı, Sabiri,
Mirzə Cəlili, Səməd Vurğunu, Maqsud Şeyxzadəsi,
İlyas Əfəndiyevi, Bəxtiyar
Vahabzadəsi, Hüseyn
Arifi, Aşıq Hüseyn Bozarqanlısı,
Nəriman Həsənzadəsi...
olacaq.
Bu öz yerində.
İnanın, Luvr, Ermitaj muzeylərindən bu sadə və görkəmsiz muzeylər
mənə daha maraqlı və canlı gəlir. Bu muzeylərin otaqlarında keçmişin rüzgarı
dolaşır. Əyalət
muzeyləri bölgə
insanının mədəni
yaddaşını simvollaşdıran
məkanlardır.
Kim Rusiyanın cənubunda, Taqanroq şəhərində
olubsa, yaxşı bilir: burda qonaqlara
əvvəlcə Anton Pavloviçin
doğulduğu fligeli
(böyük binanın
həyətində tikilmiş
evə, yaxud əlavə tikiliyə deyilir) göstərirlər,
sonra boya-başa çatdığı evə
dəvət edirlər
Taqanroqlular dahilərinin qədrini
bilirlər.
Nədi-nədi, Çexov ilk dəfə
burda teatra gedib - yerli teatr
indi Çexovun adını daşıyır.
Şəhər kitabxanasının divarına
minnətdarlıq lövhəsi
vurulub - Çexov ömrüboyu bura kitablar göndərdiyinə
görə!
Bütün bunlar bir yana, ay kişilər, taqanroqlular balaca Antonun balıq tutmaq üçün endiyi yarğan cığırını da onun
adı ilə şərəfləndiriblər - qonaqlara, turistlərə o
sahil pillələrini
mütləq göstərirlər...
Deyilənlərə görə, Kür axırıncı dəfə daşıb, Salahlını basandan sonra kənd camaatı ordan köçməli olur. S.Vurğunun doğulduğu ev də tədricən dağılıb xarabaya çevrilir. Şair Taleh Mansur danışır
ki, həmin evin künc daşı bu gün də
Orta Salahlıda, yol qırağında durur.
Elə buradaca bir poetik
təklif irəli sürürəm: bu daşı Səməd Vurğun Poeziya evinin həyətinə gətirmək, şairin uşaqlığı ilə
bağlı söhbətləri
başlamaq ola.
İllər öncəsi qəzetdə
rus nasiri M.Kuçerskayanın Martınovo kəndindəki
etnoqrafik muzey haqqında köşə
qeydlərini oxumuşdum.
Muzeyi 2000-ci ildə kənd məktəbinin müəllimləri təşkil
ediblər. Muzey rus sobasından, uşaq beşiyindən və ikonadan ibarət bir komadır. Qonaqlara komanın divarlarına vurulmuş fotoşəkilləri,
həyətdəki iri
anbarı, ağıl
içindəki qoyunları
göstərib, XIX əsr
rus kəndlisinin məişəti və təsərrüfatı haqqında
əyani təsəvvürlər
yaradırlar.
Muzey fondunda yalnız əsgər məktubları,
şagird gündəlikləri,
kəndlilərin şəxsi
əşyaları deyil,
həm də avtobus biletləri, keçən əsrin
90-cı illərinin qaz-işıq
qəbzləri saxlanılır.
Bir sözlə, Martınovo kəndinin sakinləri daim "zaman çayı"nın
içindədirlər.
Ən maraqlısı isə muzey həyətində kəndin teatr həvəskarlarının xalq
tamaşalarından səhnələr
göstərmələri, xalq
gülüş folkloru
personajlarını canlandırmalarıdır.
Vallah, yalançısı olaram,
M.Kuçerskaya yazırdı ki, 2008-ci ildə
bu kənddə 25 min turist olub...
Bizdə
bu mümkündürmü?
Ağstafadan Muğanlıya gedirdim.
Poyludan keçəndə
yol yoldaşım avtobusun pəncərəsindən
bir evi göstərib:
"Nəriman Həsənzadənin
evidir", - dedi. Bilirdim. Bu neçə il bundan öncə, şairin yubileyində tikilmişdi. Kür üstündə, üzü
Poylu vağzalına tərəf.
Onun açılışında olmuşdum.
O da yadıma gəlir ki, əvvəllər Xalq şairi ilə görüşlər, yubiley
tədbirləri Poyluda
deyil, həmişə
Qazaxda, Ağstafada keçirilirdi.
Çünki şairin doğulub,
boya-başa çatdığı,
Nabat xalanın çörəyinin ətri
qalan ev yerində yox idi. Evi uçurmuşdular.
Bu hadisənin şairin
yaddaşında dərin
şırımı da qalıb:
Burda bizim bir eyvana
göz dikibdilər,
Evimizi uçurdublar, mülk tikibdilər,
Yolumuzu bağlayıblar, bənd çəkibdilər
Bir nişanə axı nəydi, a poylularım?
Poylu məndən nişanədi,
a poylularımı!
Əlbəttə, gün gələcək,
böyük şairin
evi mütləq muzeyə çevriləcək
(çevrilməlidir!). Və
indidən öz təsəvvürlərimdə, "Poylum-beşiyim mənim"
poemasındakı və
"Nabat xalanın çörəyi" avtobioqrafik
povestindəki etnoqrafik
detalların köməyi
ilə bu muzeyin eksponatlarını
"düzüb qoşuram".
Axı, bu cür detallar daha təsirli və yaddaqalan olur, assosiativ-simvolik mənalar sırası yaradır.
V.Nabokov
traveloq (səyahətnamə)
müəlliflərinə üzünü
tutub deyirdi ki, Hindistan haqqında danışanda orda fillərin yaşadığını
mənə xatırlamaq
lazım deyil, onu mən də
görə bilirəm.
Mənə hindli evlərində, qapı ağzında ayaqqabıları
səhərə qədər
necə tos basmasından yazmağınız
daha vacibdir.
V.Nabokovun
sözünün qüvvəti.
Qoy Nəriman müəllimin öz şəkilləri ilə yanaşı, bu muzeyin bir
küncündə onun
dönə-dönə xatırladığı
sadə kənd adamlarının - Dəllək
Məhəmmədin, Dəmirçi
Mirzənin, Cıppı
Rüstəmin şəkilləri
də yer alsın.
Yuxuda ona "şairlik butası" vermiş Çoban Əfqanın da
bu muzeydə yeri olmalıdır.
Axı,
onlar bu evin gerçək personajlarıdır. Onların
mövcudluğu bu evin yaddaşını daha canlı və diri saxlayır.
Amma bu ev-muzeyin həyətində
mütləq çinar
ağacı əkilməlidir:
Mən dünyaya gələn günü çinar əkiblər,
Mən unutsam,
qoca çinar mənə nə deyir?
Bu da öz yerində.
Rüstəm KAMAL
Ədəbiyyat
qəzeti.- 2023.- 19 avqust.- S.29.