Oxşarım   

 

 

(Xorxe Fransisko İsidoro Luis Borxes Asevedo, digər ədəbi imzaları: B.Suares Linç H.Bustos Domekdir) (1899-1986) argentinalı nasir, şair, tərcüməçi, esseçi kitabxanaçıdır. İspandilli ədəbiyyatda avanqardizm cərəyanının banisi sayılır.

Bu hadisə 1969-cu ilin fevralında Bostonun şimalında, Kembricdə baş vermişdi. O ara bu əhvalatı isti-isti kağıza köçürməkdən çəkinmiş ağlımı itirməyim deyə, bunu hələ unutmağa da çalışmışdım. İndi isə artıq 1972-ci ildir düşünürəm ki, oturub, o yaşantımı yazsam, oxucular da onu bir uydurma sanacaq, aradan ötən illər sayəsində... özüm .

Olay bitənə qədər bu baş verənlərin qorxuncluğunun elə özüm fərqindəydim, çünki bunun ardınca yuxum ərşə çəkiləndə ovqatım daha betər pozulacaqdı. Amma bu da o mənaya gəlməz ki, nağıl olunduğu vaxtlarda onun başqalarına, illah qorxu hissi aşılaması qaçılmaz şərtdir.

Səhər saat on idi. Çarlz çayı sahilindəki bir skamyada özüm üçün yayxanıb oturmuşdum. Məndən sağda, təxminən beş yüz metr aralıda adını hələ bilmədiyim bir qüllə ucalırdı. Boz-bulanıq suların içiylə iri buz parçaları üzürdü. Axan çay istər-istəməz adamın yadına zaman məfhumunu salır. Həyatın zaman içində bir çapalama olduğuna dair Heraklit təlimini xatırladım. Gecə rahat yatmışdım, çünki dünən günortadan sonra oxuduğum mühazirəni tələbələr dərin maraqla dinləmişdilər.

Yan-yörəmdə bir ins-cins gözə dəymirdi.

Qəfildən içimi belə bir duyğu bürüdü ki, vaxtilə mən bu indiki anı yaşamışam (psixoloqlar bənzər halları ümumi yorğunluğun nişanəsi sayırlar).

Skamyanın digər ucunda bir nəfər gəlib əyləşdi. Düzü, mən təkbaşına oturmağı daha uyğun görərdim, amma məni adamayovuşmaz biri saymasın deyə, elə o dəqiqə ayağa durub, oranı tərk eləmədim. Sonra həmin adam fit çalmağa başladı. Elə səhərin ilk sarsıntısını da mən məhz o an yaşadım: sən deyən güclü musiqi duyumum olmasa da, fərqinə vardım ki, bu hərif Elias Requlesin ifa etdiyi "Köhnə daxma" adlanan Argentina nəğməsini fitlə ya çalır, ya da buna cəhdlər göstərir. Melodiya məni məndən alıb, keçmişə, Buenos-Ayresə, indi yerində yel vurub, yengələrin oynadığı həyətimizə çəkib, apardı: xatirimdə çox-çox əvvəllər vəfat edən kuzenim Alvaro Melian Lafinur canlandı. Ardınca isə mahnının sözləri dəydi qulağıma: bunlar ilk bəndin misraları idi əsrimizin onuncu illərində o mahnı bu şəkildə oxunurdu. Eşitdiyim səs Alvaronunku deyildi, amma oxuyan adam, nədənsə, onu yamsılamağa çalışırdı. Bunu dərk edincə, lap diksindim.

Ehmalca yanaşaraq qonşumdan soruşdum:

- Cənab, siz uruqvaylısınız, yoxsa argentinalı?

- Argentinalıyam, - dedi. - Amma 1914-cü ildən bəri Cenevrədə yaşayıram.

Araya uzun bir sükut çökdü. Bir sual da verdim:

- Rus Pravoslav kilsəsinin qarşısında, Malanyo küçəsi, 17 ünvanında yaşayırsınız?

Başıyla dediyimi təsdiqlədi.

Sözə davam elədim:

- Onda adınız da hər halda Xorxe Luis Borxes olar. Mənim adım Xorxe Luis Borxesdir. Hazırda 1969-cu ildir biz Kembric şəhərindəyik.

Kişi mənimkinə bənzəyən, amma sanki uzaqlardan süzülüb-gələn bir səslə:

- Xeyr, - dedi. Bir-iki dəqiqə susduqdan sonra sözünün ardını gətirdi:

- Xeyr, mən indi burada, Cenevrədəyəm. Rona çayının sahilindəki skamyada əyləşmişəm. Ən qəribə məqam isə bizim bir-birimizə hədsiz oxşamamızdır, sadəcə siz məndən xeyli yaşlısınız saçınız bəmbəyazdır.

Dedim:

- Yalan danışmadığımı sizə isbatlaya da bilərəm. Sizə elə təfərrüatlar sadalayaram ki, onlar sadəcə mənim ailəmə bəllidir. Evimizdə mate (Paraqvay çayı - A.Y.) içməyə yarayan gümüş bir fincan var, onun uzun ayaq qismində bir-birinə sarmaşan ilanlar təsvir olunub ulu babamız onu vaxtilə Perudan gətiribmiş. Bir atın yəhərinə bağlanan gümüş bir piyalə var evimizdə. Sənin otağındakı şkafda iki cərgə  kitab düzülmüşdü. Orada Leynin nəşr etdirdiyi, səhifələri metal qravüralarla bəzənən hər bölümün sonunda xeyli narın hərflərlə şərhlər verilən üçcildlik "Min bir gecə nağılları", Kişerin "Latın dili sözlüyü", Tatsitin "Germania" əsərinin latınca əsli eyni mətnin ingiliscəyə Qordon tərəfindən edilən tərcüməsi, "Qarnye" nəşriyyatının çap etdirdiyi "Don Kixot", müəllif Rivera İndartenin imzaladığı "Qanlı teatr" kitabı, Karleylin "Sartor Resartus"u, Amyelin bioqrafiyası, digər nəşrlərin ardında gizlədilməklə, Balkan xalqlarının cinsi adət-ənənələrindən bəhs edən cildi qopmuş daha bir kitab vardı. Dübur meydanındakı binanın ikinci mərtəbəsində hökm sürən alaqaranlığı da hələ unutmamışam.

Bu yerdə o, səhvimi tutdu:

- Dufur olar.

- Yaxşı, Dufur olsun. İndi necə, əminsiniz barı?

- Xeyr, deyiləm, - dedi. - Bunlar sübut-filan sayılmaz. Əgər indi yuxuma girmisinizsə, onda mənim röyada gördüklərimin sizə əyan olması təbii haldır. Özünüzü heç yormayın.

O, öz iradında haqlı idi. Dedim:

- Əgər bu səhər baş tutan görüşümüz bir yuxuda gerçəkləşibsə, onda birimiz bu yuxunu sırf özünün gördüyünü düşünə bilər. Bu yuxu bitincə, biz ayıla da bilərik, ayılmaya da. Dəqiq bildiyim bircə məqam var - biz bu yuxunu eynilə yaşadığımız, görüb-qavradığımız, nəfəs aldığımız bu dünya qədər gerçək saymalıyıq.

O, təlaşla soruşdu:

- Bəs yuxu bitmək bilməsə, necə olacaq?

Həm ona, həm özümə təskinlik verməkdən ötrü dərin bir əminlik hissiylə dedim:

- Bitmir, bitməsin ! Məsələn, mənim yuxum düz yetmiş il çəkib. Həm elə insan tapılmaz ki, oyandığı zaman röyada öz-özünə rast gəldiyini iddia eləməyə. Biz eyni şeyi elə indi yaşayırıq, sadəcə... iki fərqli insan qismində. Öz gələcəyin, mənim isə keçmişimlə bağlı, bəlkə sən daha nələrisə öyrənmək istəyərdin?

O, kəlmə kəsmədən başını tərpətdi. Mən isə ağlıma ilk gələn hər şeyi onunla bölüşdüm:

- Anamız hələ sağdır, Buenos-Ayresdəki Çarkas Maypu küçələrinin kəsişməsində yerləşən evində ömür sürür, atamız isə otuz il əvvəl ürək xəstəliyindən vəfat edib. Əslində onun axırına çıxan daha öncə keçirdiyi iflic oldu. Bədəninin sol tərəfi tamamən qacıyıb-qurudu, adətən sağ əlinin üstə duran sol əli bizə hansısa divin pəncəsi üstünə qoyulan bir körpə əlini xatırladırdı. Ölməyə can atırdı deyə, heç "ah-uf" da eləmədi. Nənəmiz canını elə həmin evdə tapşırdı. Ölümündən bir neçə gün əvvəl hamımızı başına yığıb, dedi: "Mən ağbirçək  qadınam, ona görə tədricən ölürəm. Əcəlim yetişəndə, məbadə, vay-şüvən qoparasınız:  çünki bu, onsuz da qaçılmaz nəticə sayılacaq". Bacın Nora ərə gedib, iki oğul anasıdır. Yeri gəlmişkən, de görüm, evdəkilər necədir?

- Hamı yaxşıdır. Atam həmişəki kimi dinə sataşmağından qalmır. Dünən axşam deyirdi ki, özünü görüb-götürmüş biri kimi göstərməyə çalışan İsa da, eynilə bizim qauçolar (Latın Amerikasında yerli kovboylara verilən ad - A.Y.) kimi, öz fikirlərini, adətən üstüörtülü şəkildə dilə gətirirmiş.

Birdən duruxub, soruşdu:

- Bəs siz necə yaşayırsınız?

- Sənin neçə kitab yazacağını hələlik deyə bilmərəm, ancaq onların sayı hədsiz çox olacaq. Şeirlərin sənə başqalarının heç vaxt anlamayacağı bir zövq verəcək, fantastik hekayələr yazacaqsan. Sən atan bir çox qohumların kimi müəllim işləyəcəksən.

Yazacağı kitabların ona uğur gətirib-gətirməyəcəyi ilə maraqlanmadı düzü, bu xüsus ürəyimə yağ kimi yayıldı. Mülayim səs tonuyla sözümə davam elədim:

- O ki qaldı tarixin gedişatına... Az qala eyni düşmənlər arasında sonralar daha bir müharibə qopdu. Fransa tezliklə təslimiyyət yolunu seçdi, İngiltərə Amerika isə Hitler soyadlı alman diktatorla döyüşməyə məcbur qaldı - az qala Vaterloo savaşı təzədən təkrarlandı. Min doqquz yüz qırx altıncı ildə, Buenos-Ayresdə ailəmizin ilkbeşiyinə eynən bənzəyən növbəti Rosas dünyaya gəldi. 1955-ci ildə isə, keçən yüzildə Entre-Riosun etdiyi kimi, Kordoba vilayəti bizim dadımıza yetişdi. Hazırda dünyadakı vəziyyət heç ürəkaçan sayılmaz. Rusiya planetdə hökmranlığa iddialıdır, demokratiyanın düşməni kimi ad çıxarmaqdan çəkinən Amerika isə imperiyaya çevrilib-çevrilməmək  xüsusunda hələlik tərəddüdlərə qapılıbdır. Ölkəmiz günbəgün ucqar bir əyalətə çevrilməyə doğru gedir. Sadə xalq ağı-qaradan seçə bilmədiyindən biz özümüzü bir şey zənn edirik. Günlərin bir günü məktəblərdə Latın dili əvəzinə, Quarani dilinin tədrisinə keçilsə, şəxsən, mən buna zərrəcə heyrətlənmərəm.

Dediklərimi qulaqardına vurduğunun fərqindəydim. Onun canını sıxan da imkansız saydığı bir şeyin mümkünlüyünə indi açıq-aşkar şahid olmasıydı. Övlad sahibi olmasam da, doğma oğlumdan özümə daha məhrəm saydığım bu zavallı cavana içimdə nəvaziş dolu hisslər oyanmışdı. Əllərinin arasında bəmbərk tutduğu kitabın adıyla maraqlandım.

O, az qala qürurla dilləndi:

- Fyodor Dostoyevskinin "Cəzbə qapılanlar"ı, daha doğrusu, "Əcinnələr"idir.

- O kitab, nədənsə, heç xatirimə gəlmir. Könlünə yatırmı barı?

Dilimdən qopan bu sualın yersizliyi az sonra özümə əyan oldu. O, başbilən biri kimi:

- Müəllif rus klassikidir, - dedi. - Həm bir slavyanın ruhundakı labirintlərə daha yaxından bələddir.

Bu cür təmtəraqlı sözlərdən yararlanmasını onun daxilən rahatlamasına yozdum.

Bu usta yazarın başqa hansı kitablarını oxuduğunu xəbər aldım.

İki-üç kitabın adını çəkdi, aralarında "Oxşar" da var idi. Soruşdum ki, Dostoyevskini oxuyanda da, eynilə Cozef Konradın qiraətində olduğu kimi, qəhrəmanlar gözləri önündə açıq-aşkar canlanırmı o, bu yazarın bütün cildlərini oxumağa niyyətlidirmi?

Heç gözləmədiyim halda:

- Yox, bunu düşünmürəm, - dedi.

Soruşdum ki, bəs özü yazır? O da dedi ki, "Qırmızı ilahilər" adlı şeirlər kitabını indi çapa hazırlayır. Kitabı "Qırmızı ritmlər" adlandıra bilərmiş.

Dedim:

- Niyə olmasın?! Hətta sən öz sələflərindən nümunələr gətirə bilərsən. Ruben Darionun da mavi şeirləri, Verlenin isə bozumtul şərqisi var axı.

Bu dediklərimi qulaqardına vuraraq, o, kitabında bütün insanları qardaşlığa səsləyəcəyini dilə gətirdi. Çünki zəmanənin şairi yaşadığı dövrün müşküllərinə əsla arxa çevirə bilməzmiş. Bir az da düşündükdən sonra onun özünü hər kəsin necə dostu, qardaşı saymasının mümkünlüyü ilə maraqlandım. Məsələn, bir adam həm qəbirqazanların, həm poçtalyonların, həm kiralıq dalğıcların, sırf tək nömrəli binaların önündəki səkilərdə gecələyən dilənçilərin, səsvermə hüququ olmayanların sair ilaxırın axı necə dostu ola bilər?! Bildirdi ki, öz kitabını əzilən hüquqları tapdalanan geniş bir kütləyə ithaf edəcək.

Dedim:

- O əzilən hüquqları tapdalanan kütlə, sadəcə, mücərrəd bir qavramdır. Əgər söhbət, illah, kimlərinsə varlığından gedirsə, onda elə kütlə ayrı-ayrı fərdlərdən ibarətdir. Hansısa yunanlı deyibmiş: "Bugünkü sən artıq dünənki sən sayılmazsan". Yəqin ki, bu skamyada oturduğumuz üçün - fərq etməz, Cenevrədəyik, yoxsa, Kembricdə - biz ikimiz elə həmin fikrin bir sübutuyuq.

Tarixin qanlı səhifələrini bir kənara qoysaq, önəmli hadisələrlə bağlı vaxtilə dilə gətiri-lən o unudulmaz deyimləri təkrarlamağa bir gərək qalmaz. Bəzən ölüm ayağındakı insan da hələ uşaq ikən, üstəlik , ötəri gördüyü bir qravüranı xatırlamağa çalışır, az sonra qanlı döyüşə atılacaq əsgərlər nədən oldu danışır, ya da öz serjantlarıyla məzələnirlər. Bizim görüşümüz isə bu örnəklərin heçcə birisinə bənzəmirdi açığını desəm, hər ikimiz bu təsadüfi qarşılaşmaya hazırlıqsız idik. İşə bax ki, indi dil ədəbiyyatdan söz edirik - inşallah, bu mövzu ilə bağlı da, adətən jurnalistlərə söylədiyimdən fərqli nələrsə gətirməmişdim dilimə. Alter eqom, yəni "ikinci mən"im, tamamilə yeni metaforaların tapılmasına ya yaradılmasına can atırdı, mən isə, nədənsə, özümə ya hər kəsə bəlli olan, əksəriyyətin xəyal gücünə doğma gələn təşbehlərə üstünlük verirdim - yəni yaşlanma qürub, röyalar həyat, zamanın axışı çağlayan su kimi təşbehlərə. İllər sonra bir kitabıma salacağım bu fikirləri indi həmsöhbətimlə bölüşürdüm. Amma zalım sanki məni heç dinləmirdi .

Qəfildən soruşdu:

- Əgər bir vaxtlar siz mən imişsinizsə, onda 1918-ci ildə özünün Borxes olduğunu sizə söyləyən o ahıl sinyorla tanışlığı unutmanızı, görəsən, biz indi ilə izah eləyək?

Belə gözlənilməz pusquya düşəcəyim heç ağlıma gəlməzdi. Özümə elə güvənmədən dilləndim:

- Mənə heyrətamiz göründüyündən yəqin həmin hadisəni yerli-dibli unutmağı daha uyğun görübmüşəm .

Bir az ürkək tərzdə soruşdu:

- Yaddaşınız necə, zəifləmir hələ?

Bəlkə haqlıydı: hələ heç iyirmi yaşına dolmayan bir cavanla müqayisədə yaşı yetmişi ötən bir kişi yarımcəsədi xatırladır axı.

Belə dedim ona:

- , nələrisə unutduğum olur, amma yaddaşım ona yüklənən bilgiləri hifz eləməyi hələ ki bacarır. Hazırda mən ingilis-Sakson dilini öyrənməkdəyəm qrupumdakılardan heç nədə geri qalmıram.

Söhbətimiz artıq qədər uzanmışdısa, onun yuxuda baş verdiyini düşünmək müşkülə dönmüşdü.

Qəfil ağlıma bir fikir gəlincə, dedim:

- İndi məni röyada yox, məhz gerçəkdə gördüyünü sənə isbatlaya bilərəm. İndiyədək heç oxumadığın, amma mənim dəqiq xatırladığım misraya qulaq ver.

Bunun ardınca mən məşhur bir misranı təmkinlə səsləndirdim:

- L'hydre-univers tordant son corps caill d'astres. (fransızca: "Kainat" adlanan ilan özünün ulduzla, pulla örtülü bədənini gərib-durmaqdadır - A.Y.)

Canına üşütmə düşdüyünü, hətta onun qorxduğunu sezdim. O da, hər sözü zövqlə tələffüz etməklə, eyni misranı pəsdən təkrarladı.

Sonra mızıldandı:

- Haqlısınız. Mən ömrüm boyu belə bir misra yaza bilməyəcəyəm.

O an Viktor Hüqo idi bizi birləşdirən.

Az əvvəl isə o, Uolt Uitmendən bir şeir parçasını çılğın tərzdə mənə oxumuşdu: həmin misralarda şair dəniz sahilində sevgilisiylə baş-başa keçirdiyi özünü həqiqi mənada bəxtəvər saydığı bir gecədən söz açırdı.

Mən buna fikir bildirdim:

- Əgər Uitmen o gecəni bu cür ilhamla vəsf eləyibsə, deməli, həsrətini çəkməsinə rəğmən, elə füsunkar gecəni heç yaşamayıb. Bir şeiri təsirli qılan - yaşanmış duyğuların sevinci yox, onların yaşanacağına bəslənən çılğın ümidlərdir axı.

Heyrətlə məni süzdükdən sonra o, üstümə çımxırdı:

- Siz onu tanımırsınız - Uitmen öz oxucusuna əsla yalan-palan sırımaz.

Yarıməsrlik vaxt əsla izsiz-soraqsız ötüb-keçə bilməz. Fərqli mütaliə səviyyəsinin fərqli zövqlərin aramızdakı mümkün anlaşmanı yerlə-yeksan etdiyinin fərqindəydim artıq belə söhbətlər həmişə elə bu cür bitir. Bir-birimizə bənzədiyimiz qədər , bir-birimizdən fərqlənirdik biz. Aramızda dialoqun qurulmaması bir-birimizi uğursuz şəkildə tamamlamamız bu söhbətin uzanıb-getməsinə aşkar maneə idi. Belə durumda hansısa məsləhət vermək , dilləşmək adama mənasız görünür, çünki əvvəl-axır o, mənə çevrilməliydi: axı mən onun... alın yazısıydım.

Qəfildən Kolricin fantaziyalarından biri canlandı ağlımda: bir nəfər yuxuda görür ki, cənnət bağında dolaşır bunun sübutu kimi ona bir çiçək uzadırlar. Oyandığı vaxt da çiçək o adamın əlində olur.

Mən bunaoxşar bir oyun qurmaq istədiyim üçün soruşdum:

- Qulaq as, cibində heç pul var?

- , - dedi. - Haradasa, iyirmi frankım var. Bu məbləğə arxayınam deyə, Simon Jiklinskini hələ "Timsah"da axşam yeməyinə dəvət eləmişəm.

- Elə isə Simona deyərsən ki, vaxtsa, Karujada tibb elminə yiyələnməklə, o, bir xeyli insana yardım göstərəcək... İndi isə cibindəki pullardan birini bəri ver.

O, cibindən üç gümüş sikkə bir az da xırda pul çıxardı. Beş franklığın birini dalğın halda mənə uzatdı. Mən bunun əvəzində ona dəyərləri dəyişsə , görünüşü adətən dəyişməz qalan o yöndəmsiz Amerika əsginaslarından birini verdim. Pulu dərin maraqla süzdükdən sonra o, səsini başına ataraq dedi:

- Bu, mümkün deyil! Axı bunun üzərində 1964-cü il yazılıb.

(Bundan bir neçə ay sonra kimsə mənə deyəcəkdi ki, kağız pullarda ümumiyyətlə tarix göstərilmir).

O, çətinliklə sözünün ardını gətirdi:

- Bu, əsl möcüzədir, mən isə möcüzələrdən həmişə qorxmuşam. Lazarın təkrar dirilməsinin şahidləri indi bunu görsəydi, dəhşətdən sarsılardılar.

Öz-özlüyümdə qət elədim ki, biz hələ yerimizdə sayırıq. Çünki bütün biliklərimiz kitablardangəlmə idi.

Əsginası tikə-tikə elədikdən sonra o, əlimdəki sikkəni alıb, cibinə qoydu.

Halbuki o sikkəni çaya atmaq niyyətindəydim. Dəmir pulun çayın gümüşü ləpələrində açacağı qövsün bu hekayətə əlavə çalar qatacağını düşünmüşdüm, amma taleyin hökmü... bir başqa imiş.

Ona dedim ki, möcüzəli şeylər iki kərə ard-arda təkrarlanınca, öz hürküdücü gücünü itirir. Bunun ardınca ona sabah yenə burada, iki fərqli zamanda məkanda var olmağı bacaran bu skamyada görüşməyi təklif elədim.

Buna tərəddüdsüz razılıq verdi heç saatına göz atmadan da gecikdiyini bildirdi. Hər ikimiz goplayırdıq qarşılıqlı yalanlar söylədiyimizin elə ikimiz fərqindəydik. Dedim ki, bir azdan mənim ardımca gələsidirlər.

O, heyrətləndi:

- Sizi gəlib aparacaqlar?

- . Mənim yaşıma çatanda elə sən öz  görmə qabiliyyətini az qala tamamən itirəcəksən. Buna rəğmən, sadəcə sarı rəngi, kölgələri günəşi ayırd edəcəksən. Ancaq heç qorxub-eləmə. İnsana yavaş-yavaş hakim kəsilən korlaşma duyğusu elə faciəli sayılmaz. Çünki o, yay mövsümündə üstümüzə ağır-ağır çökən alatoranı xatırladar.

Bir-birimizlə hər hansı təmasa gərək duymadan ayrıldıq. Səhəri gün mən oraya getmədim. Yəqin oxşarım da növbəti görüşə gəlmədi.

İndiyədək haqqında heç kəsə söz açmadığım o rastlaşma üzərində sonralar uzun-uzadı baş yordum. Zənnimcə, artıq o həqiqətin sirrinə vaqifəm. Qarşılaşma gerçəkdə baş vermişdi, ancaq mənimlə danışarkən oxşarım yuxu görürmüş sırf bu səbəbdən məni unutmaq ehtimalı mümkün imiş. Mən isə onunla ayıq başla danışırmışam, ona görə həmin yaşantım indinin özündə mənə rahatlıq vermir.

Oxşarım məni öz yuxusunda gördüyündən görüntüm sən deyən dəqiq şəffaf deyilmiş. İndi tam mənada anlayıram ki, onun röyada dəqiq gördüyü tək şey - əsginasın üzərində yazılmayan o tarix imiş.

(1975, "Qum kitabı"ndan)

 

 

Tərcümə: Azad Yaşar

Xorxe Luis BORXES

Ədəbiyyat qəzeti.- 2023.- 19 avqust.- S.30;31.