Qonaq
Hekayə
Pişiklərə
Bir gün məsciddə oturub təsbeh çevirirdim, bekarçılıqdan
dodaqaltı zikr eləyirdim.
Seyid Qeybulla gəlib dedi ki, bu cavan səni
görmək istəyir.
Mən altdan-yuxarı
onun yanındakı arıq, ucaboy, nazik saqqalı cavanı süzüb döşəkçədə
yer göstərərək:
- Əyləş, - dedim cavana.
Cavan bardaş qura bilməsə də, suçlu-suçlu sağ ayağını irəli
uzadaraq birtəhər
oturdu, özünə
dayaq verməkdən ötrü kürəyini
də divara dirədi. Seyid Qeybulla çıxıb getdi.
- A bala, yerli adama
oxşamırsan, kimsən,
kimlərdənsən? - soruşdum.
- Elədi, şəhərdən
qonaq gəlmişəm
dayımgilə...
- Dayın kimdi?
- Əflatun müəllim. Tarixçi...
- Hə... Meylin çəkirsə, deyim, sənə bir çay gətirsinlər?
- Yox... - cavan etiraz elədi. - Sağ ol, molla
əmi... Dünən
dayımla söhbət
eləyirdik, söz-sözü
çəkdi, dayım
da sizi yaman təriflədi...
- Sağ olsun... - gülümsündüm. - Nə dedi?..
- Dedi ki, bizim kəndin mollası həddən ziyadə bilikli, ağıllı adamdı...
- Əflatun müəllimin ağılölçən tərəzisi
var, deyəsən... - cavanın
tutulduğunu görüb
qımışdım. - Zarafat
eləyirəm, adın
nədi sənin
- Vüsal...
- Vüsal, dayının dediklərini əşyayi-dəlil
kimi görmək üçün gəlmisən?
- yenə zarafata saldm. - Mən öz ağlımı sənə
nə təhər göstərim?
- Yox, molla əmi,
mən dayıma çox inanıram, görünən dağa nə bələdçi?
Dayım hər yetən haqqında elə şövqlə, ürəklə danışmaz...
- Bilmədim cavan
"dağ" deyəndə
kimi, nəyi nəzərdə tuturdu, mənim üzümə baxanda nə görmüşdü, ancaq
boynuma alıram ku, onun dedikləri
mənə ləzzət
elədi, tərif də ürəyin, ruhun qidasıdı axı... Bir şərtlə
ki, şit olmasın, əndazədən çıxmasın.
- Yaxşı, ay bala, mənim yanıma gəlməkdə məqsədin
nədi?..
- xəbər aldım.
- İstəyirəm ki, mənim
bir günahımı
sıfırlayasız...
- O nə deməkdi? - təəccübləndim.
- Yəni elədiyim bir günahı yerli-yataqlı sizə danışım, siz də o günahı bağışlayasız ki, mən
rahat nəfəs alım...
- Bizim dinimizdə elə şey yoxdu. Mən nəkarəyəm... Günahları
bağışlayan Allahdı...
Cavan qızarıb çarəsiz-çarəsiz
başını aşağı
saldı.
- Amma günahını danışsan,
mən yalnız məsləhət verə
bilərəm. Fəqət
elədiyin günahdan
peşman olmağın
özü onun
bağışlanmasına aparan ən qısa yoldu...
Yaxşı... - cavan əlacsız-əlacsız
köks ötürdü.
- Mən şəhərdə
yaşayıram... - deyəsən,
uzaqdan başlamaq istəyirdi. - Məlliməm
dayım kimi... Dayım tarixçidi, mən riyaziyyat müəllimi...
Bu yerdə şeytan məni azdırdı, bekar olsam da, cavanın sözünü
kəsdim:
- Əlqərəz... - səhv
elədiyimi anlayıb
sözümü dəbbələməyə
çalışdım. - Üzdən
uşaq görünürsən,
mən elə bildim, sən orta məktəbi təzəcə qurtarmısan...
- Yox, molla əmi,
iyirmi yeddi yaşım var mənim...
- deyib mətləbə
keçdi, görünür,
"əlqərəz"imi qulaqardına vurmamışdı,
day söhbəti birbaşa,
kəsə, bəzək-düzəksiz
danışırdı. - İlyarım
qabaq bazar günü evdə tək idim. Çöl qapısı astaca döyüldü. Gözlükdən
baxanda heç kəsi görməsəm
də, qapını açdım. Baxdım
ki, həyətimizin pişiyi
qan içindədi, taqətsiz-taqətsiz qanlı
başını qapıya
vurduğundan mənzilimizin
qapısının aşağısı
da qana boyanıb. Əvvəl elə bildim maşın vurub pişiyi. Amma qonşular dedi ki, gecə itlər hücum eləyib bu pişiyin balalarına, pişik də balalarını qurtarmaq üçün itlərin qabağından
qaçmayıb. İtlər
pişiyi al qana bələsə də,
ana öz balalarını
xilas eləyə bilib. Ürəyim qan ağladı, pişiyi ehmalca nazik adyala büküb
apardım heyvan həkiminə. Həkim tez ağrıkəsici iynə vurdu heyvana, pişik rahatlanıb yalvarıcı
miyoltusunu kəsdi, sakitcə gözlərini yumdu. "Ağrikəsici
öz yerində, doktor, - dedim dazbaş həkimə. -
Tez bir çarə tapın ki, bu yazığın yaraları
da sağalsın. İki
balası var e, bunun..."
Həkim təəssüflə
başını buladı.
"Heç nə eləmək olmaz, bunun qarnı cırılıb, içi
mikrobla doludu, ayaqları da üzülüb,
ən yaxşısı
buna bir iynə vurmaqdı ki, çox əzab-əziyyət, ağrı
çəkməsin, rahat
ölsün". Həkim
belə deyəndə
qəfil gözümün
yaşı sel kimi axdı. Həkimin yanındakı sarısaç sestra da məni bərk-bərk qucaqlayıb ağladı.
Sestra iri döşlərini sinəmə
sıxıb məni qucaqlayanda lapdan içimə
isti bir şirinlik doldu, bədənimdən
xoş bir gizilti keçdi, bağışla məni, onu öpməkdən özümü
güclə saxladım,
istədim ki, pişik
tamam sağalanacan beləcə qucaqlaşıb
qalaq... Həkimsə,
dediyindən dönmədi.
"Bir azdan ağrıkəsicinin
təsiri keçəcək,
yazıq heyvan yenə ağrı içində qıvrılacaq,
bir qərara gəlin".
Eyvana çıxıb siqareti siqaretə caladım, fikirli-fikirli siqaret tüstülədə-tüstülədə
anlayırdım ki, elə
mən özüm də qan içində
olan yaralı ana pişiyin rahat ölməyini istəyirəm.
Ayaqsız pişiyə
necə qulluq eləyəcəkdim? Beş-on
dəqiqə sonra sarısaç sestra yanıma gəldi. "Pişiyin ölüsünü
aparmaq istəyirsiz? - soruşdu. "Yox", - dedim.
Pişiyin balaları iki həftə bizim evdə qaldı. Sonra kimsə ya qəsdən,
ya da təsadüfən
çöl qapısını
açıq qoymuşdu,
pişiklər də qaçmışdı həyətə.
Beləcə, ölən
pişiyin balaları
da yoxa çıxdı,
ha axtardım o tifilləri,
tapa bilmədim. Ya tələf olmuşdu anası ölən pişiklər, ya da kimsə götürüb
aparmışdı saxlamağa...
O vaxtdan elə bil ürəyimdən daş sallanıb, işə
də candərdi gedib-gəlirəm. Ana pişiyin
ölümündə, onun
balalarının itməyində
özümü günahkar
bilirəm. Molla əmi, bunun axırı nə olacaq? Açıq de, günahım böyükdü
mənim?
- Heyvanlara qarşı rəhmli olmaq imandandı... - uzaqdan başladım ki, sərrast
cavab verməkdən ötrü vaxt qazanım. - Pişik seçilmiş heyvandı,
seçilmiş olduğuna
görə arxası yerə dəymir, onun rəvan xorultusu adamın əsəblərini sakitləşdirir,
ruhunu dincəldir. Belə rəvayət eləyirlər ki, Həzrəti
Peyğəmbərimiz bir
dəfə əbasının
üstündə yatan
pişik balasını
oyatmamaq üçün
geyiminin pişik yatan hissəsini kəsərək ehmalca ayağa qalxıb. Qədim Misirdə pişik başlı insan şəkillərinə
rast gəlinirdi ki, bu da onların yer üzünün qədim sakinlərindən
biri olduğunu sübut eləyirdi. Sənin danışdıqlarına
gəlincə, bu, qədərdi, - dedim. - O heyvanların yazısı,
qədəri...
Bizm qana bilmədiyimiz çox mətləblər var. Yerin-göyün
Sahibi məsləhət
bilsəydi, o pişikləri
xilas eləyərdi.
Riyaziyyat
müəllimi diqqətlə
mənim üzümə
baxdı:
- Molla əmi, mənə təsəlli vermək üçün
belə deyirsən?
Mən baxışlarımı yayındırıb:
- Yox, - dedim, - için rahat olsun... Bəd fikirləşib qəlbində
şeytana yer vermə... Əstəğfrüllah,
bütün hallarda,
Allah şeytandan güclüdü,
çünki yaradılan
yaradandan üstün
ola bilməz...
- İşə bax e... - Əflatun müəllimin bacısı oğlu dodaqaltı mızıldandı.
- Mən həmişə
yiyəsiz heyvanlara, xüsusən, pişiklərə
can yandırmışam, ancaq
biri qəflətən maşınımın
altında qalıb tələf oldu, bir pişik balası neçə il qabaq mənim başısoyuqluğumdan öldü,
bunlar da ki, yoxa çıxdı, bilinmədi
ölüblər, ya salamatdılar...
- Adətən elə olur... - dedim. - Hər gün ehmal-ehmal silib, ürəyin
əsə-əsə yerinə
qoyduğun qiymətli
güldan bir dəfə hökmən əlindən
düşüb çilik-çilik
olmalıdı. Elə bu səbəbdən, adətən
evin, ailənin əziz-xələf böyüyən
tək övladları
başıbəlalı olur...
Əflatun müəllimin bacısı
oğlu əllərini
yerə dayaq verib ayağa qalxdı, sakitcə, bir az da soyuq-soyuq
xudahafizləşib getdi.
Bilmədim dediklərimdən
ağlı bir şey kəsdi, ya yox...
Bundan bir həftə keçmişdi ki, məscidə
gedəndə Əflatun
müəllimlə rastlaşdım,
xoş-beşdən, hal-əhvaldan
sonra sözarası xəbər aldım:
Vüsal
nətəhərdi, ay Əflatun?
Əflatun müəllim tutulub:
- Vüsal kimdi? - soruşdu.
Onun qırımından çaşdım,
dilim dolaşdı:
- Vüsal da... Sənin bacın oğlu...
Heyrətdən Əflatun müəllimin
gözləri kəlləsinə
çıxdı:
- Bacıoğlu nədi, ay molla, sən bizim nəsil-kökümüzü
yaxşı tanıyırsan
axı, mənim bacım var ki, bacımoğlu
da ola?
Burası
ağlıma gəlməmişdi,
əlacsızlıqdan zarafata
saldım:
- Gərək bağışlayasan,
qocalıq məni huşsuz eləyib... Fikrim qalıb ehsanın, nəzir-niyazın
yanında...
- Olur elə şeylər...
- Əflatun müəllim
gülüb dərinə
getmədi. - Özünə
böhtan atma, sən dünya malına tamah salan deyilsən. Fikir-xəyalla da çox yükləmə baş-beynini,
ay molla...
...Üstünü vurmasam
da, pərt olmuşdum.
Öz-özümdən xoflana-xoflana
adının Vüsal
olduğunu deyən cavanı gözümün
qabağına gətirməyə
çalışsam da, bir
şey çıxmadı,
sanki anidən göz, şəkil yaddaşım korşalmışdı.
Day məscidə gələndən
sonra da Seyid Qeybulladan heç nə soruşmadım...
Mübariz Cəfərli
Ədəbiyyat
qəzeti.- 2023.- 19 avqust.- S.4.