Hekayələr
Ad günü
Bilal Zakirov keçib yerində əyləşdi.
Ətrafı gözdən
keçirdi. Hamı yerində idi. Məmməd, Xanım, Soltan, Bahərdin, Gülsənəm, bir də Elnur. Bilal Zakirov kefi kök:
- Yoldaşlar, bilirsiniz də, sabah mən Bilalın nəyidir?
Hamı
bir-birinə baxdı:
- Nəyi?
- Ad günü.
İşçilər başları ilə təsdiq etdilər.
Bilal Zakirov təntənə ilə:
- Sabah nə edirik?
İşçilər nə bilsinlər onlar nə edirlər?! Odur ki, Soltan soruşdu:
- Nə edirik?
Məmməd dilləndi:
- Yəqin yuyuruq.
Bilal Zakirov əlini-əlinə
vurdu:
- Afərin, Məmməd, arif adamsan, o dəqiqə tapdın, əlbəttə, yuyuruq. Deməli, belə. Bilin və agah
olun, sabah günorta yeməyinə bir şey gətirməyin,
nöşün ki, mən
hazırlıqlı gələcəyəm.
Yarpaq dolmasından, soyutma ətdən, pendir, göy-göyərti
və araqdan belə hər şey olacaq. Nə edəcəyik? Yaxşı-yaxşı yeyib,
üstündən də
yüz-yüz araq vurub, Bilal Zakirovun ad gününü bir yerdə qeyd edəcəyik.
Bilal Zakirov bunları deyib ayağa qalxdı:
- Hə, yoldaşlar, bu gün məni
üzrlü hesab edin. Sabaha hazırlıq
görməliyəm. Dükan-bazara
baş çəkmək
lazımdır. Di xudahafiz,
getdim.
Bilal Zakirov çıxdı.
O gedəndən sonra otaqdakılar məşvərət
etməyə başladılar.
Bahərdin dedi:
- Kişi qonaqlıq verir. Biz də gərək onunçun hədiyyə alaq.
Bu dəfə Xanım dilləndi:
- Burada nə var ki? Birinci dəfə deyil ki... Hərəyə
beş-altı manat qoysaq, hədiyyə məsələsi həll
olunacaq.
- Bəs nə alaq?
Bu sualı Məmməd verdi. Cavabında Soltan dedi:
- Bir köynək, bir qalstuk. Bu nağddır.
Məmməd əlavə etdi:
- Bu Bilal Zakirovla 20-25 manata xudmani bir maqnitofon
görmüşəm. Radiosu
da var. Bilalın xoşuna
gəlmişdi. Dedi:
"Əlimə pul düşsəydi, buncuğazı
alardım. Çox əmiri şeydir. Hara gedirsən, olur sənə yar-yoldaş"
İşçilər həmin hədiyyələri alıb
yaxşı-yaxşı bükdülər.
Ertəsi gün idarənin qarşısında
bir taksi dayandı. Bilal Zakirov cavan oğlanların ikisini çağırıb
kömək istədi.
Birisində yarpaq dolması, o birində qovurma ət, başqa birində soyutma toyuq olan
qazanlar, pendir, duzlu xiyar-pomidor, mineral su, araq... otağa
daşındı.
Araq bir dənə idi. Məmməd cibindən 6 manat verib bir araq
da aldı. Yaxşıca
yeyib-içdilər, Bilal Zakirovu
təbrik etdilər, ona uzun ömür
dilədilər. Sonra hədiyyəsini
verdilər.
Bir neçə gün ötdü. Bilal Zakirov iş yerində özündən razı halda yazı masasının arxasında
əyləşmişdi. Adəti
üzrə ətrafı
gözdən keçirdi.
Hamı yerində idi. Məmməd, Xanım, Soltan, Bahərdin, Gülsənəm,
bir də Elnur. Bilal Zakirov cibindən bir siyahı çıxarıb
dedi:
- Əziz yoldaşlar, sizli-bizli mənim ad günümü keçirdik. Mən də sağ olum, siz də.
Amma həllini gözləyən
bir məsələ qalıb.
Bilal Zakirov hamının diqqət kəsildiyini görüb sözünə
davam etdi:
- Deməli, belə. Ad günü üçün
iki kilo quzu əti, iki kilo dana əti, yarım kilo Bərdə pendiri, bir kilo duzlu xiyar-pomidor, bir kilo təzə xiyar, bir kilo da təzə pomidor...
Ad günündə süfrəyə
nə düzülmüşdüsə,
hamısının adı
çəkildi. Sonra Bilal Zakirov
sözünün canını
dedi:
- Bütün bu aldıqlarıma 54 manat 45
qəpik xərc çəkmişəm. Sizdən
xahişim budur ki, həmin pulu yığıb mənə
verəsiniz.
Otaqdakılar bir-birlərinə baxdılar.
Bilmədilər nə
cavab versinlər. Bilal
Zakirov onlardan səs çıxmadığını
görüb ayağa qalxdı, xudahafizləşib
otağı tərk etdi. O gedəndən sonra işçilər sanki yuxuda idilər
- ayıldılar. Çox
ölçüb-biçəndən sonra axır ki, bir qərara gəldilər...
Ertəsi
gün Bilal Zakirov üzünü iş yoldaşlarına tutub:
- Hə, yoldaşlar, vəziyyət necədir? Pulları yığdınız?
Məmməd əlini cibinə
atdı, bir əllilik və bir beşlik çıxarıb irəli
yeridi:
- Bilal Zakirov, biz hazır. Bu da pulunuz.
Bilal Zakirov pulları almaq istəyəndə Məmməd əlini geri çəkdi:
- Belə olmaz, Bilal müəllim, tələsməyin,
bir az hövsələli
olun. Qonaqlığınızın
müqabilində biz də
sizin üçün
maqnitofon, köynək
və qalstuk almışıq. Təxminən
çəkdiyiniz xərc
qədərdir. Onların
pulunu qaytarın, biz də sizin pulları
verək.
Bilal Zakirov key-key Məmmədin,
sonra o biri yoldaşların üzünə
baxdı. Yoldaşlar başlarını tərpədirdilər.
Yəni Məmməd deyəndir.
Töhmət
Kolxozçular kənd klubuna yığışmışdılar. Axır ki, kolxoz sədri Əjdəroğlu
gəlib çıxdı.
Qanı qara idi. Zəhmini göstərmək üçün
üzünü turşutmuşdu,
yoxsa, doğrudan da ciddi məsələ vardı - bilmədilər.
- Belə işləmək olmaz. Hərə öz kefindədir. Biz bir söz deyirik,
siz öz bildiyinizi edirsiniz. İnsanda vicdan olar, məsuliyyət olar.
Əjdəroğlu bir-iki adamı danlayandan sonra Hümmətəlini ayağa
qaldırdı:
- Briqadir, sən hara baxırsan? Pambıq tarlasının alağı
hələ də təmizlənməyib. Gözünü
döymə, cavab ver.
Hümmətəli günahkar adamlar
kimi başını aşağı saldı:
- Yoldaş sədr...
- Mızıldama. Ucadan danış.
Hümmətəli özünü toplayıb:
- Yoldaş sədr, xəbəriniz vardı. Mən xəstəxanadan dünən
çıxmışam... - dedi.
- Tarlanı kimə tapşırmışdın?
Hümmətəli başını geri
döndərib baxdı:
- Mərdana.
Sədr
bu dəfə Mərdanın üstünə
qışqırdı:
- Alağı niyə vurub qurtarmamısınız?
Mərdan
əlini sinəsində
çarpazladı:
- Çatdıra bilmədik,
yoldaş sədr. Səhvimizi düzəldərik.
Əjdəroğlu səsini bir az da qaldırdı:
- Araq vurmaqdan başın ayılanda?
Otur, töhmət verirəm sənə.
Töhmət sözünü eşidən
Mərdanı tər basdı. Yaşarın yanını basdı:
- Ə, bu töhmət nədir nalladı mənə?
Sədr
eşitməsin deyə
Yaşar astaca:
- Bənd olma, - dedi.
Mərdan
sakitləşmək bilmədən:
- Necə bənd olma, - dedi. - Görmədin, dədəmi
yandırdı, töhmət
verdi?! Nədir axı bu töhmət
Sədrin
ona acıqlanacağından
qorxan Yaşar pıçıltı
ilə:
- Boş şeydir, - dedi. - Bir kağıza yazıb tikəcəklər
şəxsi işinə.
Mərdanı dərd aldı:
- Vay... işimə tikəcəklər? Qızım
kollecdə, oğlum institutda oxuyur. Onları məktəbdən
qovmazlar?
- Yox, yox.
- Arvadım tibb məntəqəsində işləyir,
birdən onu işdən çıxararlar
ha...
Mərdan
əl çəkmək
bilmirdi. Yaşar bilmirdi onu necə
sakitləşdirsin. Danışmağa
da qorxurdu. Sədr onların iclasda danışdığını görüb ağzından
çıxanı deyəcək,
arvad-uşağın içində
rüsvayi-cahan edəcəkdi.
- İşdən çıxarmazlar.
- Oğlum əsgərlikdədir.
Mənim töhmətimə
görə onu
qauptvaxta salmazlar ki?
- Ay qonşu, oğlunla nə işləri? O orada, sən burada...
Mərdan sorğu-sualını
davam etdirməkdə idi:
- Yaşar, birdən
məni məhkəməyə
çağırıb, iş
kəsərlər e...
- Çağırmazlar. Töhmətə görə
adamı tutmurlar.
- Tutmurlar? Amma
cərimə kəsə
bilərlər. Sən
necə fikirləşirsən?
Oxumuş adamsan.
- Töhmət üstündə adamı
cərimə etmirlər.
Yazıb qoyacaqlar şəxsi işinə.
- Bu köpək
oğlu məni lap dəli elədi.
Elə belə məndən əl çəkməyəcəklər yəqin. Sən bilən, evimi əlimdən almazlar?
- Yox.
- Bəs torpaq
sahəmi?
- Yox.
- Bəs bu
töhmətdən sonra
durub evimə gedə bilərəm?
- Əlbəttə.
Mərdan bu
sözdən sonra özünə gəldi. Sakitləşdi.
Bu zaman
sədr sözünü
yekunlaşdırıb üzünü
kolxozçulara tutdu:
- Sualı olan
var?
Mərdan əlini
qaldırdı.
- Buyur.
Mərdan ayağa
qalxıb:
- Yoldaş sədr, sualım yoxdur, amma deyiləsi sözüm var. Böyüyümüzsən. Nə desən, haqlısan. Günahımız var. Düzəldərik. Mənə də yaxşı eləyib töhmət verdin. Vallah, düz sözümdü. Töhmətlə işlər düzəlirsə, töhmətin birini də ver.
Akif ABBASOV
Ədəbiyyat qəzeti.- 2023.- 19 avqust.- S.22.