Göy üzündədi
Sirr kimi
gəlmişəm yer
kürəsinə,
Şifrəmin ilk hərfi eşq sözündədi.
Küləktək məkansız, yurdsuz, yersizəm
Əbədi məkanım göy üzündədi.
Bir eşqə
təşnəyəm adı
Vətəndi,
Qəlbdə ocaq yanır, odu Vətəndi.
Havadı, torpaqdı,
sudu - Vətəndi -
O Vətən dünyanın o üzündədi.
Elnura Tanrıdan gəlib butalar,
Butanı
büt sayan ruhən lüt olar.
El gözü tərəzi deyib atalar,
Soruşun, kimliyim el gözündədi.
İçlərin çölü
Çoxdan qazmışam qəbrini
Solumda ölü sağların.
İçi ölübsə yaramaz,
Heç
nəyə çölü
sağların.
Yeri üstündə yaşadan,
Altının diri olmağı.
Göyü göyündə yaşadan,
Yerlərdə yeri olmağı.
Nə çoxdu yeriyən yerdə,
Adam görkəmli heykəllər.
Üzündə Günəş doğulan,
İçində nəmli heykəllər.
Söz dilin astar üzüdür,
Dil sözün üzünə
astar.
Bu astarın üzündəki
Astarı
görəndi usta!
İçində boğulan səsin,
Harayı
daha dərindi.
Könlündən keçmirsə o səs,
Qulaqla duymaq çətindi.
Ehey!!!
Ehey, arxamca daş atan,
Arxadan atdığın daş
Öndə necə addımlamağımı
Addım-addım salır yadıma.
Sən
Məndən arxadasan,
Adam özündən öndəkinə
daş atmaz
Saxla o daşı
Yoxsa bu dünyada
Sonda
Özünə daş çatmaz
Üstündə dikəlməyə.
Bu dünyada hər daş
Minada atılan daş qədər suçsuz deyil.
Əyil,
Əyil
Götür önündəki daşı
Atmağa
yox ha,
Arxadan gələnin ayağı
ilişməsin deyə.
Dünya
buzlaqlarından ekvatoruna
qədər
Bu dəqiqə
Möhtackən sevgiyə
Sev.
Daş atma ona-buna.
Heç
olmasa sonuncu daşı saxla öz sonuna.
Xəyalındır tutunacağım
Bu dünyada tək tutunacağım
Sənin
xəyalın,
Ey xəyalı vəfalım!
Nə
zaman ki üzü dönür
bəxtin
Sənə dönürəm.
Xəyalınla təsəlli tapır
ümidlər.
Xəyalınla Günəş tellərini
üzümə sərər,
Hər səhər-səhər.
Sən bilmədin, balaca!
Eşq suyun göbəyində susuzluq yaşamaqdı.
Sən bilmədin,
Əsl sevgi elə xəyal olmaqdı.
Xəyaldan doğduq ikinci dəfə
Bir-birimizin gözlərində.
Xəyalla tutunduq ruh müvazinətini itirəndə.
Bu dünyada hər kəsin bir yaşama səbəbi -
Xəyalı var!
Xəyallar
Sevginin gerçək rəsmidi.
Gerçək rəssam yox bu əsl sevgini
çəkə.
Gözlərimdə
Hər gün xəyalın üzür,
Uşaqkən kağız gəmilər
üzdürdüyümtək.
Gözlərimdə xəyalın üzəndə elə sevinirəm ki,
Sanki
Bütün qayğılardan uzaq
O tək eşqlə yaşayan uşaq
Boylanır gözlərimdən.
Onsuzluğun yağışı
Pəncərədən küçəyə
boylanan xatirələrim,
Tərlədir pəncərənin gözlərini.
Gözlərimdə bir göz yerini
Oyur, aprelin soyuğu.
Yağır onsuzluğun yağışı
Sonsuzluğun yağışı.
Xəyalını çətir əvəzi
açıram başım
üstə,
Xatirələr islanmasın deyə.
Pəncərədən küçəyə
boylanıram
Yaddaşımın küncündə
bir əlil arabası
Bu əlil arabasının oturacağında ümid iməkləyir.
Dirəyib divara ayaqlarını
saat
Çıkk-çıkk.
Yerimir onsuz
saniyə də.
Özüm özümə
labirint-döngə.
Çıxa bilmirəm özümdən.
Aprelin soyuq
gecəsində
Pəncərədən küçəyə boylanan
xatirələr
Üşüyər, üşüyər, üşüyər.
Üşümək darıxmaqdı,
Ən gözəl
darıxmaq xatirələrin
səfərbərliyidir.
İçimdə bir yağış var ki,
Taleyim qara
buludun yer üzündə səfirliyidir.
Mənə bir
qapı göstərin,
gedim!
Pəncərədən küçəyə boylanan
xatirələrim,
Məni onsuz
da aparır.
Elnur
Uğur Abdıyev
Ədəbiyyat
qəzeti.- 2023.- 19 avqust.- S.11.