“Xaç
atası”
romanından parça
...İndi
bütün rayonda
Vito Karleoni barədə
"hörmətli adam"
kimi danışırdılar;
deyirdilər ki, guya
Vito Karleoni həm də Siciliya mafiyası ilə əlaqəlidir. Bir dəfə
qumar oyunları evinin sahibi öz
təşəbbüsü ilə onun yanına
gəlib dedi ki, hər həftə Vito Karleoniyə iyirmi dollar pul vermək istəyir, elə belə, "dostluq" xətrinə. Vito da həftədə
bir və ya iki dəfə
qumarxanaya gəlsin, qoy ordakılar görsün ki, bu obyekt Karleoninin himayəsi altındadır.
Dükan
sahibləri cavan dələduzlarla yola getməyəndə Vitodan
xahiş edirdilər
ki, işə qarışsın;
o da müvafiq mükafat
məbləği həcmində
bu işi "həll" edirdi. Tezliklə Vito Karleoninin gəlirləri o dövr üçün iri rəqəm sayılan məbləğlə ölçüldü:
həftədə yüz
dollar! Klemenza və Tessio onun dostları
və müttəfiqləri
idi, Vito öz gəlirlərini onlarla bölüşürdü. Nəhayət,
o zeytun yağının
idxalıyla məşğul
olan uşaqlıq dostu Cenko Abandando
ilə şərikli firma yaratdı; onlar İtaliyadan zeytun yağı gətizdirib Cenkonun atasının anbarlarında
saxlayacaqdılar. Bu sahədə
Cenkonun böyük təcrübəsi vardı.
Klemenza və Tessio satış agentləri olacaqdı. Onlar Manhetten, Bruklin və Bronksun bütün italyan dükanlarını
gəzəcək, sahibkarlarla
ticarət yapacaqlar; onları inandıracaqdılar
ki, yalnız "Cenko
Pura" zeytun yağını
alsınlar. (Vito özünə
xas təvazökarlıqla
yağa öz adını qoymadı). Əlbəttə, Vito Karleoni
firmanın sahibi olacaqdı, bütün işləri də o maliyyələşdirəcəkdi. Əgər dükan sahibləri Klemenza və Tessionun təklifləri ilə razılaşmasaydılar Vito işə
qarışacaq, öz
inandırıcılıq metodlarından
istifadə edəcəkdi.
Sonrakı illərdə Vito Karleoni
xırda bizneslə məşğul oldu, dinamik və daimi inkişaf edən firmanın sahibi kimi fəaliyyət
göstərdi. O sadiq
ata və ər idi, lakin
daimi məşğuliyyəti
ailəsinə kifayət
qədər diqqət
yetirməyə macal vermirdi. "Cenko Pura" adlı zeytun yağı Amerikada məşhurlaşdı. Yaxşı
iş adamı kimi Vito Karleoni rəqibləri ilə həmişə ümumi razılığa gəlməyi
bacarırdı, lakin satış bazarlarını
onların üzünə
bağlayırdı, dükan
sahiblərini inandırırdı
ki, özgə mallarını
almasınlar.
O monopoliyaya can atırdı,
öz rəqiblərini
məcbur edirdi ki, ya onun biznes
sahəsini rahat buraxsınlar, ya da onunla birləşsinlər. Vito hər şeyi sıfırdan başlamışdı, reklam
olunan mallara inanmırdı, camaatın
dediklərini əsas götürürdü; düzünə
qalsa, onun gətirdiyi zeytun yağı o biri rəqiblərin gətirdiyi
növlərdən kifayət
qədər yaxşı
deyildi. O şəxsiyyətinin
nüfuzuna və
"hörmətli adam"
kimi tanınmağına
arxayın ola bilirdi.
Gənc
Vito Karleoni "ağıllı
adam" hesab olunurdu; heç vaxt heç kimi təhdid etmirdi, o inandırma gücüylə hərəkət
edirdi və onun inandırıcı dəlillərinə qalib gəlmək mümkün
deyildi. Vito Karleoni ilə iş birliyində olanlar heç vaxt uduzmurdular. Vito tezliklə bu qənaətə gəldi ki, rəqabət yalnız izafi vaxt və vəsait
itkisinə gətirib çıxarır, yalnız
monopoliyaya arxalanmaq olar. Bruklində topdansatış
ticarətlə məşğul
olan bir neçə çılğın
adam vardı; onlar da zeytun yağı ticarətiylə
məşğul olurdular,
bu sahədə monopoliyanı inadla inkar edirdilər. Hətta Vito situasiyanı onlara təmkin və təfərrüatı
ilə izah edəndən sonra da təəssüflə əlini
yellətdi, Tessionu problemi "həll etmək" üçün
Bruklinə göndərməli
oldu. Bir neçə anbar yandı, yaşıl zeytun yağları sahilyanı bütün göllərə
və küçələrə
dağıldı. Topdansatış
mərkəzlərindən birinin sahibi, Milandan olan birisi
polisə şikayət
etməyə, öz həmvətənlərini minillik
İtalyan ənənələrini
və mafiya qaydalarını pozmaqda suçlandırdı. Lakin işə
start verilməmiş topdansatış
mərkəzinin sahibi
yoxa çıxdı,
arvadı və üç uşağı
yetim qaldı; şükür Allaha, yaxşı ki, uşaqları
həddi-büluğa çatmışdı,
atalarının işini
davam etdirərək
"Cenko Pura" şirkətiylə
dil tapdılar.
Böyük Adam doğulmur, Böyük
Adam olurlar. Vito Karleoni
də amansız həyat meydanında böyüyə-böyüyə Böyük Adam oldu; spirtli içkilərin qadağan olunduğu qanun işə düşəndə Vito adi
biznesmendən böyük
Dona çevrildi. Spirtli
içkilərin qadağan
olunmasının sona çatması və böyük böhranın
başlanması zamanı
Vito Karleoni Xaç Atası oldu, Don oldu, Don Karleoni oldu.
"Cenko Pura" firmasının
altı yük maşını vardı;
Kanadadan spirt və viski gətirən bir qrup italyan
qaçaqmalçısı Klemenzanın vasitəsiylə
Vito Karleoniyə müraciət
elədi. NyuYorkda malların paylanması üçün onlara yük maşınları
və fəhlə qüvvəsi lazım idi; onların həm də etibarlı və nüfuzlu adama da ehtiyacları vardı. Təklif olunan xidmət haqqı o qədər böyük məbləğ idi ki,
Vito Karleoni demək olar ki, zeytun yağı ticarətindən
tamamilə imtina elədi, yük maşınlarını qaçaqmalçıların
ixtiyarına verdi.
Vito Karleoninin biznesi çiçəkləndi, bu
illər ərzində
topladığı təcrübə
və əlaqələri
ona yardımçı
oldu. O adamlara yaxşılıq etdi, bu isə onun
üçün eynilə
bankirə verilən zəmanət kimi bir şey idi.
Sonrakı illərdə
aydın oldu ki, Vito Karleoni sadəcə bacarıqlı adam deyil, o dahidir.
O italyan ailələrini müdafiə edirdi, öz evlərində xırda meyxanalar təşkil edir, burada sadə fəhlələr on beş
sentə özlərinə
bir stəkan viski ala bilirdilər. Senyora Kolombonun kiçik oğlunun həddi-büluğa çatdığı
gün Vito Karleoni onun xaç atası oldu, oğlana iyirmi dollarlıq qızıl monet hədiyyə etdi.
Bununla belə, qaçaqmalçı
yük maşınlarından
bir neçəsi
polis tərəfindən yaxalandı,
Cenko Abandando polis və məhkəmədə
əlaqələri olan
vəkil tutdu; çox keçmədi
ki, Karleoninin təşkilatında
məmurların "siyahısı"
tutuldu, onlara aylıq haqq veriləcəkdi. Vəkil
böyük xərclərə
görə siyahını
qısaltmağa çalışırdı,
lakin Vito Karleoni onu sakitləşdirib dedi:
- Yox, yox, lazım
deyil. Siyahıya hamını sal, hətta indiki vaxtda bizə lazımlı olmayacaq adamları da daxil elə. Mən dostluğa inanıram, öz dostluğumu da birinci sübut etməyə hazıram.
Vaxt ötdükcə Karleoninin
imperiyası böyüyürdü,
o daha çox yük maşınlarına
sahib olurdu, təbii
ki, məmur siyahısı
da çoxalırdı. Klemenza
və Tessionun adamlarının sayı
da artırdı. Təşkilat
getdikcə idarəolunmaz
vəziyyətə düşürdü;
əlbəttə, təşkilat
və biznes idarə olunmalıydı.
Vito Karleoni idarəetmənin
yeni sistemini hazırladı;
o Tessio və Klemenzaya rütbə - Kaporejime, yəni dəstə başçısı
rütbəsi verdi, onlar üçün işləyən adamlara isə "əsgər"
rütbəsi verdi. Cenko Abandando onun şəxsi Konselorisi, yəni müşaviri təyin olundu. Özü ilə onun əmrini
həyata keçirən
adamlar arasında bir neçə qat təcrid divarı yaratdı; bütün əmrlərini Cenkoya, ya da dəstə başçılarından birinə
verirdi; əmrlər çox nadir hallarda şahidlərin yanında
verilirdi. Sonra Karleoni Tessionun qrupunu ayırıb onu Bruklin üzrə məsul şəxs elədi. O həmçinin
Tessio ilə Klemenzanı ayırdı,
çox aydın başa saldı ki, onların bir yerdə olmasını yalnız nadir hallarda görmək istəyir; o bu addımı daha dərrakəli Tessioya ehtiyat tədbiri üçün
atdığını başa
saldı. Tessio da dərhal anladı ki, dəstə başçısının
Dona sui-qəsd etmək
imkanları məhdud olsun. Kompensasiya üçün Tessio Bruklində tamam fəaliyyət azadlığı
aldı. Klemenzanın
Bronksda fəaliyyət
göstərən qrupu
Donun özünün
daimi nəzarətində
qaldı. Klemenza cəsarətli adam idi, lakin kifayət
qədər ehtiyatlı
deyildi və son dərəcə amansız
idi (özünü şən göstərsə
də). Onu daim nəzarətdə saxlamaq lazım idi.
Böyük Depressiya Vito Karleoninin
nüfuzunu möhkəmlətdi,
onu artıq Don Karleoni çağırmağa
başlamışdılar. Dürüst və vicdanlı adamlar şəhərin hər tərəfində özlərinə
iş axtarırdılar;
qürurlu adamlar özlərini alçaldaraq
məmurların ayaqlarına
düşüb yalvar-yaxar
edir, ailələrini dolandırmaq üçün
işə ehtiyaclarını
bildirirdilər. Lakin şəhərdə
Don Karleoninin adamları
başları dimdik gəzirdilər, cibləri
pulla oynayırdı. Onlar işlərini itirməkdən qorxmurdular,
hətta, Don Karleoni təvazökar olsa da, özü qürur hissi yaşayırdı. O
öz adamlarının
qayğısına qalırdı,
gecə-gündüz onun
üçün alın
təriylə işləyən
və ona görə azadlıqlarını
və həyatlarını
təhlükə altında
qoyan adamların ümidlərini doğrulda
bilirdi; onun adamlarından biri təsadüfən həbsə
düşəndə, ya
bir xəsarət alanda onların ailəsinə baxırdı;
əlbəttə, hansısa
qəpik-quruşdan söhbət
belə gedə bilməzdi, həmin ailələr onların başçılarının haqq
etdiyi məbləği
alırdılar.
Əlbəttə, bu, xalis xristianlıq mərhəməti
deyildi; onun səxavəti arxasında
hansısa xudbin maraq gizlənmişdi. Həbs edilən adam yaxşı bilirdi ki, polisdə ağzını yummalı,
artıq-əskik söz
danışmamalıdır; bu halda onun
arvadı, uşaqları
ac qalmayacaqlar. Həmin
adam bilirdi ki, türmədən çıxandan
sonra onun şərəfinə ziyafət
olacaq, evdə onu gözəl yeməklər gözləyəcək:
şərab, ev xörəkləri, piroqlar,
qoğallar... Bütün
dost-tanışlar yığışacaqlar,
onunla birlikdə həbsdən azad olunmasını qeyd edəcəklər. Bəzən
müşavir Cenko Abandando və yaxud Don Karleoni hörmət əlaməti
olaraq özü həmin cəsur adamın evinə gəlir, onun sağlığına şərab
içirdi, ona pul mükafatı gətirirb verirdilər; türmədən çıxmış
adama hər şeydən öncə imkan verirdilər ki, bir neçə həftə ailəsinin yanında qalsın, istirahət eləsin, sonra gündəlik iş rejiminə qayıtsın. Bu mənada
Don Karleoninin misli yox idi, belə
hallarda onun səxavət və qayğısı sonsuz olurdu.
Don Karleoni getdikcə hiss edirdi ki, öz dünyasını ona maneçilik törədən
düşmənlərinin imperiyasından
daha yaxşı idarə edir. Rayonda yaşayan kasıb təbəqə də bu fikirdəydi;
onlar hər hansı bir xahişdən və ya problemdən ötrü Donun yanına gəlir, ondan kömək umurdular: iş üçün, daimi məvacib almaq üçün, hansısa
cavan oğlanı türmədən qurtarmaq
üçün və
ya onu işə
düzəltmək üçün,
borc pul üçün, işsiz
adamdan kirayə haqqı tələb edən ev sahibiylə
yaranmış mübahisəni
yoluna qoymaq üçün Dona müraciət
edirdilər.
Don Vito Karleoni hamıya kömək edirdi, özü də bunu ürəklə edirdi; müraciət edən şəxs onun yanından heç vaxt məyus halda çıxmırdı, sanki
Dondan sədəqə
aldığını hiss edirdi.
Sadə italyanlar senata seçkilər ərəfəsində, ya
da şəhər bələdiyyəsinə,
yaxud məhkəmə
orqanlarına seçkilər
başlayanda dost və
ya özlərinə hami hesab etdikləri
Don Karleoniyə - Xaç
Atasına məsləhət
üçün müraciət
edirdilər; beləcə,
Don siyasi gücə çevrildi, müxtəlif
partiyaların rəhbərləri
onunla hesablaşmağa
başladılar. O öz
mövqeyini möhkəmlətdi,
siyasi uzaqgörənliyi
nüfuzunu artırdı;
o kasıb aillərdən
çıxmış istedadlı
italyan uşaqlarına
təhsillərini başa
vurmaq üçün
kömək elədi.
Bu oğlanlar gələcəkdə
vəkil, prokuror köməkçisi, hətta
məhkəmə sədrləri
oldular. Don öz imperiyasının gələcəyini
nüfuzlu və uzaqgörən dövlət
xadimi kimi planlaşdırırdı.
Spirtli içkilərin qadağasının
ləğv olunması
Donun imperiyasına ağır zərbə vurdu; lakin o əvvəlcədən ehtiyat
tədbirləri görmüşdü.
1933-cü ildə Vito Karleoni
öz adamlarını
liman rayonlarının
və Manhettenin bütün qumar evlərinin, ippodromların,
Harlemin bütün qumarxanalarına və lotoreya oyunlarına nəzarət edən sahibkarın yanına göndərdi. Bu adam Nyu Yorkda cinayət
aləminin başçılarından
biri Salvator Maranzano idi. Karleoninin emisarları Maranzanoya əməkdaşlıq
təklifi ilə gəlmişdilər, ona Bruklin və Bronksda bərabər şəkildə biznes yapmaq imkanları verirdilər. Bu zaman hər
iki tərəf fayda götürəcəkdi.
Vito Karleoni ona himayədarlıq edəcəkdi,
polis və siyasi əlaqələrindən istifadə
edib onun biznesini qoruyacaqdı. Lakin
Maranzano uzaqgörən
adam olmadı, Karleoninin təklifini həqarətlə rədd
elədi. Maranzano şəxsən Al Kaponenin
özüylə dostluq
edirdi, onun öz imperiyası, öz adamları, üstəgəl iri məbləğdə sərvəti
vardı, onun Karleonini görməyə
belə gözü yox idi: necə
yəni, yoxsul bir adam olasan,
birdən-birə varlanasan
və özün də mafiya başçısından daha
çox siyasi diskussiyalar üzrə böyük usta olasan? Maranzanonun rədd cavabı
1933-cü ildə Nyu
York şəhərində cinayətkar imperiyalar arasında müharibəyə
səbəb oldu və bu, bütün
cinayət aləmində
aşağıların yuxarılara
tabe olmaq qaydasını dəyişdi.
İlk baxışdan bu savaş bərabər güclərə malik olmayan
tərəflərin döyüşünü
xatırladırdı. Salvator
Maranzanonun nəhəng
imperiyası vardı,
ətrafına güclü
qanqsterlər yığmışdı.
Bundan başqa o, Al Kaponenin rəğbətini
qazanmışdı, ona
hər zaman kömək
üçün müraciət
edə bilərdi. Onun şəhərdə fahişəxanalara və az da olsa narkotika
ticarətinə nəzarət
edən Tatalya Ailəsi ilə də yaxşı münasibətləri vardı.
Maranzano şəhərin
iri kapitalistləri ilə də yaxşı əlaqələr
qura bilmişdi; həmin kapitalistlər şəhərdə toxuculuq
sənayesi həmkarlar
təşkilatının yəhudi
rəhbərləri və
tikinti sindikatlarının
italyan başçıları
ilə haqq-hesab çəkmək üçün
dəfələrlə Maranzanodan
qanqsterlər istəmişdilər.
Bütün bunlara qarşı
Don Karleoninin iki xırda, lakin təşkilati cəhətdən
güclü olan dəstəsi dururdu: birinə Klemenza, digərinə isə Tessio rəhbərlik edirdi. Donun polislə
və siyasi xadimlərlə əlaqələri
Maranzanonun iri biznes rəhbərləri tərəfindən dəstəklənməsini
neytrallaşdırdı; düzdür,
düşmən Donun
təşkilatının vəziyyəti
barədə heç
nə bilmirdi; Maranzano bilmirdi ki, Donun neçə qanqsteri var, hansı gücə malikdir; çoxları elə bilirdi ki, Tessionun Bruklində başçılıq
etdiyi qanqsterlər dəstəsi ayrıca müstəqil təşkilatdır.
Hər halda, bərabər döyüş
deyildi, lakin Vito Karleoninin çox ustalıqla vurduğu bircə zərbə tərəflər arasında
güc imkanlarını
bərabərləşdirdi.
Maranzano
Al Kaponedən xahiş
elədi ki, layiq olmadığı mövqeyi
qazanan bu cındırı aradan götürmək üçün
ona iki ən
yaxşı qanqster göndərsin. Karleoni Ailəsinin dostları və xəbərçiləri
Çikaqodan məlumat
verdilər ki, həmin
iki qanqster qatarla gəlir. Vito Karleoni Luka Braziyə tapşırdı ki, o iki
nəfərin işini
bitirsin; özü də Lukaya icazə verilmişdi ki, öz yırtıcı instinktləri ilə hərəkət etsin.
Brazi və onun dörd
nəfər adamı Çikaqodan gələn iki qanqsteri vağzalda
qarşıladı. Brazinin
adamlarından biri taksi əldə etmişdi, sürücü
kimi geyinmişdi; yükdaşıyan adamı
da Kaponenin yolladığı
killerləri düz apardı həmin taksiyə. Onlar taksiyə oturan kimi arxa oturacaqlardan
Brazi və adamlarından biri qalxdı, silahlarını
Çikaqodan gələn
qonaqların başlarına
dayadılar. Əmr elədilər ki, uzansınlar.
Taksi limana sarı şütüdü
və Brazinin əvvəlcədən hazırladığı
anbara girdi.
Kaponenin
qanqsterlərinin qollarını
və ayaqlarını
bağladılar, dəsmalları
bürmələyib ağızlarına
soxdular. Sonra Brazi baltanı götürüb
onlardan birinin əl-ayağını kəsməyə
başladı; əvvəlcə
topuğunu, sonra dizini, sonra da bədəni ilə budunun birləşdiyi hissəni baltaladı. Brazi güclü adam idi, lakin
bu işdə xeyli əziyyət çəkməli oldu. Onun qurbanı artıq ölmüşdü,
anbarın döşəməsinə
isə insan ətinin parçaları
və sümükləri
səpələnmişdi. Yerdə
qan gölməçəsi
yaranmışdı. Brazi
ikinci qanqsterə yaxınlaşanda gördü
ki, o artıq qorxudan dəsmalı udaraq boğulub, Luka daha özünü əziyyətə
salmadı. Polis meyiti yaranda dəsmal həmin adamın qarnından çıxmışdı.
Bir neçə gündən
sonra Al Kaponenin adamları Vito Karleonidən
mesaj aldılar: "Artıq sən bilirsən ki, mən öz düşmənlərimlə
necə rəftar edirəm. Axı nə üçün bir Neopolitanlı iki Siciliyalının mübahisəsinə qarışır?
Sənin kimi adam bilməlidir ki, səndən nəsə xahiş etməyənlə
dostluq münasibəti
yaratmaq daha sərfəlidir, çünki
o, özü özünün
qayğısına qalır,
lazım olan vaxt sənə həmişə kömək
etməyə hazırdır.
Sən bu dostluğu rədd edə bilərsən.
Lakin mən qeyd etməliyəm ki, bu şəhərdəki iqlim
rütubətlidir, bu
da Neopolitanlıya zərərlidir;
sənə məsləhət
görürəm ki, bu
şəhərə heç
vaxt gəlməyəsən...".
Məktubun həyasız tonu
bilərəkdən yaradılmışdı.
Don Kaponenin adamlarını
sevmirdi, hesab edirdi ki, onlar sarsaq qatillərdi. Donun məxfi xəbərçiləri ona
çatdırmışdılar ki, Al Kapone həyasızlığı
və hədsiz lovğalığı ucbatından
siyasi təsir nüfuzundan tamamilə məhrum olub. Don Karleoni əmin idi ki, siyasi və ictimai nüfuz təsirindən məhrum olan Al Kapone və onun kimilərinin
heç bir dəyəri yoxdur, onları çox asanlıqla məhv etmək olar. Don bilirdi ki, Kapone öz məhvinə doğru gedir, onu saxlamaq çətin
olacaq; Don bunu da anlayırdı ki, Kaponenin
təsiri və nüfuzu hansı qüdrətə malik olur-olsun,
Çikaqodan o tərəfə
çıxmayacaq.
Taktiki addım uğurlu alındı. Ona görə
yox ki, amansız və yırtıcıydı,
ona görə ki, Don çevik tərpənmişdi,
dərhal da reaksiya vermişdi. Əgər Donn
məxfi kəşfiyyat
şəbəkəsi varsa,
deməli, düşmənin
atacağı hər bir yeni addım real təhlükə altında
qalacaq. Ən ağıllı yol təklif olunan dostluğu qəbul etməkdir. Al Kaponenin adamları xəbər göndərdilər ki, onlar
bu işə bir daha qarışmayacaqlar.
Tərəflər arasındakı güc
imkanları artıq bərabərləşmişdi. Birləşmiş Ştatların
bütün cinayət
aləmi Vito Karleoninin
Al Kaponeyə qarşı
alçaldıcı rəftarını
ləyaqətlə qarşıladı,
Dona rəğbət artdı.
Altı ay keçmişdi
ki, Don Karleoni Maranzano ilə də haqq-hesabı çürütdü.
O Harlemdə Maranzanonun
himayə etdiyi qumar oyunları evlərinə girişdi; Klemenzanı və dəstəsini göndərdi
ki, Maranzanonun quldurlarının
soyğunçuluq hərəkətlərinə
qarşı mübarizə
aparan həmkarlar təşkilatının, habelə
toxuculuq firmalarının
tərəfində dursun.
Ağıl və mükəmməl təşklatçılıq
ona bütün cəbhələrdə qalib
gəlməkdə kömək
etdi. Karleoni Klemenzanın şən əhval-ruhiyyəli amansızlığından
ağılla istifadə
elədi, bu da uğur qazanmasının səbəblərindən biri
oldu. Və bundan sonra Don Karleoni indiyə kimi mübarizə meydanlarından kənarda qalan Tessionun ehtiyat dəstəsinə Maranzanoyla məşğul
olmağı əmr etdi.
Artıq
Maranzano da barışıq
üçün adamlarını
göndərmişdi. Vito Karleoni
müxtəlif bəhanələrlə
onları qəbul etməkdən boyun qaçırdı. Maranzanonun
qanqsterləri gələcəyi
olmayan işə görə ölmək istəmirdilər, dağılışmağa
başladılar.
Qumarxana sahibləri
onları müdafiə
etdiyinə görə
Karleoninin təşkilatına
pul ödədilər.
Savaş demək olar ki, bitmişdi. Lakin
1933-cü il Milad bayramı ərəfəsində Tessio
və onun adamları Maranzanonun müdafiə qalasının
içinə girdilər;
Maranzanonun cangüdənləri
sövdələşmədə maraqlı idilər, öz şeflərinin qurban getməsinə razılıq verdilər. Onlar Maranzanoya dedilər ki, Bruklin restoranlarının birində
onun Karleoni ilə görüşü
olacaq və onu restorana müşaiyət
edəcəklər. Maranzano
restorana daxil olanda cangüdənləri
qaçıb aradan çıxdı və o restoranda tək qaldı. Hökmün icrası cəld və dəqiq oldu. Marazano ağzında çörək
güllə yağışına
tuş gəldi, ələk kimi deşik-deşik oldu. Savaş bitdi.
Maranzanonun imperiyası Karleoni
imperiyası ilə birləşdi. Don Karleoni xərac sistemini yenidən qurdu, bu sistemə görə qumarxanalar həmişəki kimi yerlərində qalacaq, öz işləriylə məşğul olacaqdılar.
Əlavə olaraq Don Karleoni toxuculuq sənayesi fəhlələrinin
həmkarlar təşkilatının
rəğbətini qazandı,
orda nüfuz sahibinə çevrildi, bu da gələcəkdə
çox vacib amil olacaqdı. Və bir gün bütün
işgüzar məsələlər
yoluna qoyulandan sonra evdə problemlər ortalığa
çıxdı...
Mario Pyuzo
İngiliscədən tərcümə:
Kamran NƏZİRLİ
Ədəbiyyat qəzeti.- 2023.- 19 avqust.- S.10;11.