Burdan min atlı keçdi
Eyniadlı kitabdan parça
Adlarını çəkdiyim və
çəkmədiyim antitürk,
millətçi-şovinist, ekstremist ruhlu yazıçılardan Azərbaycanda yalnız
Zori Balayanı "yaxşı"
tanıyırlar, o da "Ocaq"
kitabı 1984-cü ildə
Moskvada nəşr ediləndən sonra. Kitab yetmişinci illərin sonlarında yazılmışdı,
çox parçaları
Ermənistan Komsomolu Mərkəzi Komitəsinin
orqanı olan "Avanqard" qəzetində
dərc edilmişdi. Düşmən mövqeyindən
yazılmış bu toplu barədə o vaxtdan Bakıda əlim çatan hər yerə - Mədəniyyət Nazirliyinə,
Yazıçılar İttifaqına,
redaksiyalara, görkəmli
ədəbiyyat-incəsənət xadimlərinə müraciət
etdim. Heç bir ciddi reaksiya
hiss eləmədim. Bircə
sözləri vardı:
"Cəfəngiyyatdır, fikir verməyin. Yel qayadan nə
aparar?!.." Sonra bu materiallar 1981-ci ildə İrəvanda
kitab şəklində nəşr
edildi. Yenə müraciət etdim, yenə həmin münasibətlə qarşılaşdım.
Zori yazırdı: "Mən
günəşin doğuşunu
Arazın qırağında
qarşıladım. Biz erməni
çayı ilə erməni dilində danışdıq". Bir dəfə
üz-üzə gələndə
ona dedim: "Sən Arazla hansı dildə danışıbsan, bilmirəm,
amma Araz uşaqlıq çağlarımdan
indiyəcən mənlə
səhər də, günorta da, axşam da təmiz Azərbaycan dilində danışır.
Axı, onun sahilində doğulmuşam.
Onunla görüşməyə,
danışmağa səndən
daha çox imkanım olub".
Üç erməni yazıçısının
arasında dediyim bu sözlər ona sillə kimi dəydi, əlbəttə, o "sillə"ni
heç vaxt unutmayacaqdı, bunu əvvəlcədən də
bilirdim. Sonra mən 5
il İrəvanda yaşadım,
təsadüfən üz-üzə
gələndə əllə
salamlaşmazdıq, başımızı
tərpədib keçərdik.
"Ocaq"ın 1984-cü ildə
Moskvada nəşrindən
sonra Azərbaycanda tənqidi yazıların dərc olunması yalnız təbii etirazlarla və təşəbbüslərlə bağlı deyildi. Azərbaycan KP MK-nın müəyyən dərəcədə
icazəsi ilə bu yazıların çapına yol açılmışdı. Axı,
Sov.İKP MK Ermənistanda
ideoloji işi tənqid edən ciddi qərar (yerinə yetirilməsə
də!) qəbul etmişdi.
Həmin
Mərkəzi Komitə
1989-cu ildə Ə.Vəzirovun, V.Polyaniçkonun
rəhbərliyi ilə
Zorinin Qarabağdan
SSRİ xalq deputatı,
Dağlıq Qarabağ
Muxtar Vilayəti
"Milli Şurası"nın deputatı seçilməsi
üçün nəyə
desən, getdi, hətta bir qrup azərbaycanlı
"ziyalı"nı Balayanı
təbliğ etmək
üçün Xankəndinə,
Şuşaya, Xocavəndə,
Hadruta, Yuxarı Qarabağın digər iri yaşayış məskənlərinə göndərdilər.
O "ziyalılar" da onlara
göstərilən "etimadı"
şərəfsizcəsinə doğrultdular.
***
Erməni
mədəniyyət, ədəbiyyat
xadimləri, məmurları,
siyasi rəhbərlik içində saf adamlar, əlbəttə, ünsiyyətdə olduğum,
bir-birimizə hörmət
etdiyimiz şəxslər
də olub, hətta əməkdaşlıq
münasibətimiz də
formalaşıb. Amma bu
münasibətlərə mən
həmişə obyektiv
mövqedən yanaşmışam.
Aydın bilmişəm
- şəxsi münasibətlərdir,
əməkdaşlıqdır - bunların qlobal milli məsələlərlə, ərazi
iddiaları ilə heç bir əlaqəsi yoxdur.
Aşığın sözü qurtaranda "neynim... neynim... çağırar"
- deyirlər. Mənim
bədxahlarımsa, məni
nəzərdən salmaq
üçün bir fakt, arqument tapa bilmədiklərindən Sovet
Birliyi dönəmində
- erməni ədəbiyyatından
etdiyim tərcümələri
yada salırlar və onların normal ağıla,
məntiqə, ölçüyə
sığmayan yozumlarına
görə mən bu tərcümələrimlə
guya ermənilərə
xidmət göstərmişəm.
Nə qədər bəsit, səviyyəsiz,
kəmsavad yanaşma!
Əvvəla, məsələnin digər
tərəfinə baxmaq
lazımdır: axı,
mənim əsərlərimi
də erməni dilinə çeviriblər,
bu dildə kitabım çıxıb,
şeirlərim, nəsrim,
publisistikam erməni mətbuatında ardıcıl
dərc olunub. Yalnız məni yox, o illərdə Qərbi Azərbaycanda yaşayan qələm sahiblərimizin əsərləri
rəhbərlik etdiyim
Azərbaycan Ədəbiyyatı
Şurası xəttilə
erməni dilinə tərcümə olunar və erməni mətbuatında dərc edilərdi. Mən bu missiyamı xüsusi maraqla yerinə yetirirdim; bir yandan - soydaşlarımızın
əsərləri erməni
auditoriyasına təqdim
olunurdu, digər tərəfdən - ədəbi
ictimaiyyətə, oxuculara,
xüsusilə millətçi-şovinist
dairələrə demək
istəyirdim: nə qədər soyqırımılarına,
deportasiyalara, məcburi
köçürülmələrə məruz qalsaq da, bu gün nə
qədər ayrı-seçkilik
şəraitində yaşasaq
da, biz hələ varıq
bu doğma torpaqda, qədim tarixi-etnik yurdumuzda. Xalqın mədəniyyəti
varsa -özü də var!
Erməni
dilindən tərcümələrim
isə çoxdur,
"Vahaqn nəğməsi"ndən
(ilk yazılı erməni
şeiridir) başlamış,
Avetik İsahakyana, Paruyr
Sevaka, Gevork Eminə, Vartqes Petrosyana, Razmik Davoyanacan... Təvazökarlıqdan
uzaq düşməsin,
tərcümələrim, deyəsən,
alınmışdı, oxucularımızı
tutmuşdu və bunun sədası erməni ədəbi mühitinə də çatdığından hamı
istəyirdi onu dilimizə mən çevirim. Əlbəttə,
çox təklifdən
imtina edirdim. Özü də yalnız İrəvanda yox, Bakıda da. Qəzet redaktorlarımız, nəşriyyat
rəhbərlərimiz məndən
xahiş edirdilər -
filan yazıçını
bizim üçün
tərcümə edin.
Görkəmli rejissor Hraçya
Qaplanyan yetmişinci illərin sonunda Heydər Əlirzaoğlunun
dəvəti ilə Bakıya gəlib (Ulu öndər onu qəbul etmişdi, geniş söhbətləri
olmuşdu və Hraçyanın dediyinə
görə, o söhbətdə
mən də xatırlanmışdım) Akademik
Milli Dram Teatrının səhnəsində
Nakop Paronyanın
"Şərqli diş
həkimi" əsərini
hazırlamaq barədə
razılığa gəlinəndə
(Hraçya əslində
"Maqbet"i tamaşaya
qoymağa gəlmişdi,
truppa ilə tanışlığa dərindən
bildiyi bu əsərlə başlamaq
fikrindəydi) hər iki tərəf tərcüməçinin seçilməsi
barədə yekdil fikirdə olmuşdu:
"Bu əsəri ancaq
Hidayət çevirə
bilər". Mədəniyyət
naziri Zakir Bağırov
bu məsələ ilə bağlı mənə zəng çaldı, yüksək
mədəniyyətlə həm
əsər haqqında
fikrimi, həm də tərcüməyə
münasibətimi və
vaxtımı soruşdu,
xahiş etdi. Hraçya da İrəvana
qayıdan kimi mənlə görüşdü,
müfəssəl söhbət
etdik və qısa vaxtda asan olmasa da, o əsəri dilimizə çevirdim, tamaşaya qoyuldu, uzun müddət
oynanıldı.
Belə
epizodlar çoxdur, birini də xatırlamaya bilmirəm: görkəmli şair, iki dəfə SSRİ Dövlət mükafatı
laureatı, keçmiş
İttifaqın hər
yerində tanınan Gevork Emin Bakıdan
hansısa, tədbirdən
qayıtmışdı. Həmin
tədbirdə Azərbaycanın
rəhbəri Heydər
Əliyevlə görüşəndə
ulu öndər ona deyir: "Gevork, sənin Azərbaycan dilində sanballı kitabın yoxdur, mən tapşırıq verəcəyəm, tematik
plana salsınlar, tərcüməçini
özün müəyyənləşdir".
Gevork çox sevinir, dərindən təşəkkür edir,
heyrətlənir - birinci
katib onun Azərbaycan dilində sanballı kitabı olmadığını haradan
bilir? Bu, həqiqətən,
beləydi: Azərbaycanda
əllinci illərdə
yeganə çox kiçik bir kitabçası nəşr
edilmişdi.
Tərcüməçi məsələsinə
gəlincə, Gevorkun
fikri birmənalı olur: "Yalnız Hidayət".
Mənim
heç nədən xəbərim yox idi, bunları Gevork İrəvana qayıdan kimi yerli-yataqlı söylədi.
Nə deməliydim? Açığı, bu təklif ürəyimcə
deyildi. Eminin yaxşı şeirləri
olsa da, yaradıcılığında
monotonluq var. Bəzi şeirlərində isə
psevdopatriotluq qabarıq
nəzərə çarpır.
Millətçilikdən hali
olmayan şeirləri,
publisist yazıları
da var. "Yazıçı" nəşriyyatı isə
başqa cür düşünmüşdü: kitabın tərcüməsi
beş-altı, bəlkə
daha çox şairə tapşırılmalıydı,
o sırada mənə
də. Bu format məni
tamamilə qane edirdi. Ancaq nəşriyyatdan
bir əməkdaş özünü Gevork Eminə təqdim etmək üçün ona telefon açmışdı:
"Şeirləri özünüz
seçin, tərcüməçilər
filankəslər olacaq".
Gevork o tərcüməçilərin
hamısını şair
kimi tanısa da, özündən çıxmışdı:
"Tərcüməni yalnız
Hidayət etməlidir!"
Başılovlu halda mənə telefon açdı. Dedi: "Heydər Əlirzaoğluna
yazacağam". Çalışdım
- onu sakitləşdirim.
Amma yazdı da!
Mərkəzi Komitənin ideologiya
üzrə katibi Həsən Həsənov
Heydər Əlirzaoğlunun
göstərişi ilə
Gevork Eminə zəng çaldı. Bu vaxt evdə yalnız Gevork Eminin rusca bilməyən
qoca atası, ya qayınatası olur. Həsən müəllim naəlac qalıb Azərbaycan dilində ona nə isə başa salmaq istəyir. Qoca üçcə sözü
yadında saxlayır:
"Bakı. Çentralnıy
Komitet. Qasan Qasanov". Əlbəttə,
Gevork evə gələn kimi Həsən Həsənova
zəng çalır,
ona bildirilir: Heydər Əlirzaoğlunun
tapşırığı oldu, xahişi yerinə yetirildi.
Məsələdən halı olur, Heydər Əlirzaoğluna təşəkkürünü
bildirir.
O günlərdə "Yazıçı"
nəşriyyatının direktoru
Əjdər Xanbabayev də mənə telefon açdı:
- Gevork Eminin kitabı
neçə çap
vərəqi olacaq? - Soruşdu.
- Beş çap vərəqi bəsidir, - dedim.
- Axı, layihədə yeddidir, özü də bilir.
- Mən eyni müəllifdən
şeiri beşdən
çox tərcümə
edə bilmərəm.
- Deyəsən, yaman da iddialıdır.
- Həm də demaqoqdur. Mən onu başa salaram.
Çevorkun kitabının nəşri
Heydər Əlirzaoğlunun
tapşırığı ilə hazırlandığından
Əjdər müəllim
çox ehtiyatlı və hədsiz diqqətli idi.
O, mənə telefon açanda yanında olan baş redaktor
Sabir Rüstəmxanlı sonralar
dedi: elə bilirdik - sən on çap vərəqi istəyəcəksən.
Gevorka
da açıq dedim. Qəbul etdi.
Kitab çap olundu, - Gevorkun Ön sözü, Azərbaycan haqqında, tərcüməçi
barədə xoş fikirləri ilə.
Bəli,
erməni ədəbiyyatından
dilimizə çox çevirmələrim var, amma
bircə misranı və ya sətri
də hansısa, təmənna üçün
eləməmişəm. Mən
o illərdə də
yazmışam, indi də deyirəm: o əsərləri dilimizə
çevirmişəm və
çevirmək istəyirəm
- onları özüm
yazmaq istərdim, lakin... məni qabaqlayıblar və gözəl yaradıblar, təkcə erməni ədəbiyyatından deyil,
Uilyam Şekspirdən,
Harriyet Biçer-Stoudan,
XIX əsr ingilis və island poeziyalarından,
türk ədəbiyyatından
Cəlaləddin Rumidən
başlamış, Nazim Hikmətə,
Orxan Vəliyə, sonrakı nəsillərin
yaradıcılığından nümunələrə, digər
xalqların ədəbiyyatlarından
etdiyim tərcümələrədək!
Tərcümə elə sənətdir
- xoşladığın əsərin
öz xalqına çatdırılması, tərcümə
etdiyin ədəbiyyatı
təbliği ilə yanaşı, eyni zamanda (fikrimcə, ən vacibi!) öz ədəbiyyatına
bəxş etdiyin töhfədir, öz mədəniyyət xəzinəsinin
zənginləşməsidir.
Mən xaricilərlə görüşlərdə
iftixarla deyəndə
- İkinci Dünya savaşında Hitlerin ordusu Azərbaycana yaxınlaşanda, cəbhədə
gündə minlərlə
gənc soydaşımız
həlak olanda Milli Akademik Dram teatrımızda
Fridrix Şillerin
"Qaçaqlar" pyesi
tamaşaya qoyulub, uzun müddət anşlaqla göstərilib,
yaxud Hötenin "Faust"undan həmin illərdə parçalar
tərcümə edilərək,
mətbuatda dərc olunub, - heyrətlərini,
xalqımızın dərin
müdrikliyinə, böyük
humanizminə heyranlıqlarını
gizlədə bilmirlər.
Xalqımız o ağır,
hətta ümidsiz vaxtlarda da Hitleri Şillərdən, Hötedən
ayıra bilirdi.
Şair
otuz-qırx il qabaq erməni ədəbiyyatından
tərcümələr edib.
Günaha batıb?!
Mən Azərbaycan ədəbiyyatının
yaxşı nümunələrinin
erməni dilinə tərcüməsinin təşəbbüskarı
və nəşrinin təşkilatı işləri ilə məğşul olmuşam.
O illərdə İrəvanda
erməni dilində çap olunan hər Azərbaycan kitabı mənim iştirakımla dünya işığına çıxıb.
Hansı kitablar? Yadımda qalanlar: Nəsiminin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin (iki şeir toplusu), İsa Hüseynovun, Nəbi Xəzrinin, Elçinin,
İsa İsmayılzadənin, digərlərinin. Hətta
1917-1925-ci illərdə "daşnaksütyun" millətçi-terrorçu
qruplarının soydaşlarımıza
qarşı törətdiyi
qırğınları, təcavüzləri
əks etdirən Nəzər Heydərovun
"Zəngəzur dağlarında"
tarixi-memuar kitabını.
Bu əsərin İrəvanda
nəşri Bakıdakı
dostları, naşirləri,
digər ziyalıları
da təəccübləndirdi. Əjdər Xanbabayev mənə dedi: "Zəngəzur dağlarında"nı
Bakıda çox çətinliklə nəşr
etdik, "Qlavlit" buraxmırdı, Mərkəzi
Komitə, sonda isə Heydər Əlirzaoğlu işə
qarışandan sonra,
onun xüsusi göstərişi ilə
icazə verildi.
Bəli,
bütün ciddi maneələr dəf edilərək, həmin əsər İrəvanda
erməni dilində nəşr edildi!
Ötən əsrin otuz-əllinci
illərində erməni
teatrlarında tamaşaya
qoyulan Cəfər Cabbarlının, Səməd
Vurğunun əsərlərindən
sonra erməni səhnəsinin pərdəsi
Azərbaycan dramaturgiyasının
üzünə tamam
"bağlanmışdı". Teatrda fəaliyyətim dövründə Mədəniyyət
Nazirliyi, teatrların direktorları, baş rejissorları ilə apardığım danışıqların
nəticəsi olaraq bu "pərdə" açıldı, Erməni
Akademik Milli Dram teatrında
İmran Qasımovun "Nağıl
başlayanda..." dramı,
Musiqili Komediya teatrında Rauf Hacıyevin
"Qafqazlı qardaş
qızı" operettası,
Şıxəli Qurbanovun
"Sənsiz" pyesi
və digər əsərlərimiz respublikanın bir sıra əyalət teatrlarında səhnəyə
qoyuldu.
Bunlardamı günah sayılmalıdır?
Bir "maraqlı" məqamı
da qeyd etməyə bilmirəm. Yetmiş-səksəninci
illərdə həm Bakıda, həm İrəvanda nəşr
edilən kitablarımın,
mətbuatda dərc edilən orijinal yazılarım və tərcümələrimin müsbət
əks-sədası bəzilərini
çox narahat edirdi və o "bəziləri" bu günəcən gəlib
çıxdılar, indi
"valı çevirib"
mövzunun əks üzündən danışırlar.
Lətif Hüseynov adlı "Sovet Ermənistanı" qəzetinin
tərcüməçisinin 1976-cı ilin yanvar ayında
"Ədəbiyyat və
incəsənət" qəzetinə
göndərdiyi "Bədii
tərcümədə xalturaya
qarşı" adlı
cızma-qarası bu baxımdan "xarakterikdir".
Lətif haqqında bu kitabın ilk çapında da qısa məlumat var, indiki nəşrində də həmin sətirləri çıxarmamışam. Bugünkü
lətiflər olmasaydı,
şübhəsiz, o Lətifi
bu kitabda yeni sətirlərlə xatırlamağa
dəyməzdi.
Lakin...
Lətifin məqaləsində ilk abzas (yazdığı kimi təqdim olunur):
"L.İ.Brejnev yoldaş onuncu beşilliyi keyfiyyət beşilliyi adlandırmışdır.
Bu yalnız maddi istehsal sahəsinə deyil, eyni zamanda
həyatımızın bütün
sahələrinə, o cümlədən
bədii yaradıcılığa
aiddir. Lakin təəssüflə
qeyd etmək lazım gəlir ki, mətbuatımızda bəzən
bədii cəhətdən
dəyərsiz yazılara,
hətta xalturaya rast gəlirik". Başqa abzas:
"Hidayət Orucov "Sovet Ermənistanı"
qəzetinin 1975-ci il 27 sentyabr
tarixli nömrəsində
Avetik İsahakyandan "Lirik
şeirlər" tərcümə
etmişdir. Üzdəniraq
bu tərcümələr
oxucuda təəssüf
və ikrah əmələ gətirir.
Axı, Avetik İsahakyan
nəinki şair-filosof,
böyük lirikdir. Onun özünəməxsus
bədii manerası, təkrarolunmaz poetik məziyyətləri vardır.
A.İsahakyanın şeirləri mahnı kimi xüsusi ahəngə, ölçü-biçiyə,
daxili dinamikaya, fəlsəfi yığcamlığa,
poetik vüsətə
malikdir, doğrudan-doğruya
melodiyadır. Hidayətin
tərcüməsində isə
bunların heç biri yoxdur. Bədii
tərcümədə belə
xamlıq ancaq gənclik həvəsindən
və məsuliyyətsizlikdən
irəli gələ bilər".
Son iki abzas:
"Yox, bunlar böyük
lirik Avetik İsahakyanın
şeirləri deyil, onun böyük adına böhtandır, onu hörmətdən salmaqdır. Şeir ustadı olan, buna görə də "Varpet" şöhrəti
qazanan Avetik İsahakyanın
ədəbi irsinə
və xatirəsinə
belə münasibət
hörmətsizlik onun
anadan olmasının
100 illik yubiley təntənələrində xüsusilə
dözülməzdir.
Bəli,
bu bədii tərcümə pərdəsi
altında xalturaçılıqdır.
Belə xalturaya qəzet səhifələrində
yol vermək, xalqın pulunu sərf etmək ikiqat cinayətdir. Onuncu beşillikdə maddi istehsal sahəsində olduğu kimi, ədəbiyyat sahəsində də keyfiyyət uğrunda mübarizə aparmalıyıq.
Lətif
Hüseynov.
13.01.1976-cı
il"
Söz düşmüşkən, həmin
tərcümələr Bakıda,
"Azərnəşr"də çap olunan Avetik İsahakyanın seçilmiş
əsərlərinə daxil
edildi və çox yüksək dəyərləndirildi. Məqsədim
ədəbiyyatla, bədii
sənətlə heç
bir əlaqəsi olmayan o primitiv, ibtidai düşüncələrə
cavab vermək deyil, o illərdə də mənə qarşı paxıllıq,
qısqanclıq hisslərini
cilovlaya bilməyən
üzdəniraqların mövcud
olduqlarını diqqətə
çatdırmaqdır. "L.İ.Brejnev yoldaş", "Onuncu beşillik" A.İsahakyanın
şeirlərinin tərcüməsi
ilə nə dərəcədə əlaqəlidir?
Lətif Gəncədə
qəzet redaktorunun müavini işləyəndə
maliyyə mənimsəmələri
üstündə həbs
olunmuşdu, Kommunist Partiyası sıralarından
qovulmuşdu, türmədə
yatmışdı. Həbsdən
çıxandan sonra daha Gəncədə qala bilməyib, İrəvana gəlmişdi.
Kommunist Partiyasına
da, "L.İ.Brejnev yoldaşa"da, "Onuncu
beşilliyə" də
nifrət edirdi. Ancaq onda, Hidayətin
gördüyü xeyirxah
işlərə ləkə
salmaq üçün
Baş katibə, onuncu beşilliyə söykənmək istəyirdi.
Digər
tərəfdən, Hidayəti
gözdən salmaq üçün bildiyi dahilik göstəricisi ifadələrini - bütün
təşbehləri ("nəhəng
şair-filosof", "böyük
lirik", "özünəməxsus
bədii manerası",
"təkrarolunmaz poetik
xüsusiyyətləri"), "mahnı kimi xüsusi ahəng",
"fəlsəfi yığcamlığa,
poetik vüsətə
malik, doğrudan-doğruya melodiya",
"şeir ustadı",
"Varpet" ("varpet"
də elə "ustad" deməkdir. - H.) şöhrəti qazanan...")
erməni şairinə
yağdırırdı.
Gənc
Sabir Rüstəmxanlının - "Ədəbiyyat və incəsənət" qəzetinin
şöbə müdirinin
L.Hüseynova məntiqi və təmkinli cavab məktubu yetmiş yaşını haqlayan kişinin yaddaşında
"vicdan dərsi"
kimi qalmalıydı:
"Hörmətli Lətif Hüseynov!
Avetik İsahakyandan Hidayət Orucovun - gənc müəllifin orijinaldan çevirdiyi bu şeirlərdə İsahakyan
poeziyasının ruhu
və sənətkarlıq
xüsusiyyətləri yaxşı
saxlanmışdır. Buna görə
də tərcüməçinin
bu xeyirxah niyyətinə sizin münasibətinizlə redaksiya
şərik ola bilmədi.
Şöbə müdiri: Sabir Rüstəmxanlı
15.03.1976"
("Məqalə" də, məktub da mənim arxivimdə saxlanılır).
O illərin başqa bir acı həqiqəti:
1978-ci ildə, 34 yaşımda
ikən mənə
"Ermənistan SSR Əməkdar
mədəniyyət xadimi"
fəxri adı veriləndə "Sovet Ermənistanı" qəzetinin
redaktor müavini, əvvəllər Krasnoselo
rayonunun birinci katibi, sonralar uzun illər Mərkəzi Komitədə
təlimatçı işləmiş
Cümşüd Sultanov
hirsini heç nə ilə soyuda bilməyib, MK-nın mədəniyyət
şöbəsinin müdiri
Qurgen Arakelyanın yanına gedib üsyankarcasına: "Siz
nə edibsiniz? Hidayət Orucov millətçidir, qatı
türkçüdür. Ona o boyda ad vermək
olar? O ad elə böyükdür - son 10-15 ildə
heç kimə verilmirdi. Birdən-birə
nə oldu?"
Qurgen
Arakelyan ixtisasca jurnalist
idi, "Pravda"nın
Ermənistan üzrə
xüsusi müxbiri olmuşdu, məni o vaxtlardan tanıyırdı.
Yüksək fəxri
ad alan kimi əhvali-ruhiyyəmi pozmamaq
üçün, əvvəlcə,
özü mənə
heç nə demədi. Amma Cümşüd
kişinin sözü
ona elə yer eləmişdi - İsrafil Məmmədovu dəvət edib ona söyləmişdi:
"Bu nə dəhşətli
adamdır, elə insana belə sözlər..."
İllər ötəndən sonra
isə mənə də dedi, ancaq
acı təəccübünü
hələ də gizlədə bilmirdi. Cümşüd kişi mənə fəxri ad veriləcəyini əvvəlcədən bilsəydi,
gör nə oyunlardan çıxardı.
O, irəvanlı deyildi, deyəsən - uşaqlıqdan
mühiti onu belə ermənipərəst
edib, əslində elə irəvanlıya rast gəlməmişdim. Şərurdan gəlmişdi
(şərurlulardan da, bütün
naxçıvanlılardan da beləsinə rast gəlməmişəm), müharibədən
sonra İrəvanda erməni ilə evlənmişdi, qızlarını
ermənilərə vermişdi
(Qərbi Azərbaycanda
bu, çox nadir hadisələrdəndi), oğluna
erməni almışdı.
Bir fakt isə heç gözlərimin qabağından getmir: oğlu "Leçkomissiya"nın
poliklinikasında həkim
idi. Qapısına yazdırmışdı: "Sultanyan".
Amma hamı ona "Sultanov" deyirdi.
Və...
yeganə azərbaycanlı
idi - öləndə
erməni qəbristanlığında
basdırdılar.
Belə
adamlarla elə mühitdə işləməli
olmuşdum.
Belə-belə işlər...
...Mənə "xüsusi"
münasibətdə mövzu
tükənəndə, fakt,
arqument qəhətə
çıxanda, bir sözlə, "neynim-neynim"
başlayanda "Sovet
Ermənistanı" qəzetində
"SSRİ-60" rubrikasında dərc olunmuş "Çaylar kimi coşqun, qayalar kimi dözümlü"
məqaləm "kara
gəlir", yazılandan,
dərc ediləndən
otuz beş il sonra... Bu məqaləmi, şübhəsiz, yetmişinci
illərin sonu-səksəninci
illərin əvvəllərində
"Sovet Ermənistanı"nda
işləyən, jurnalistikada
yer tuta bilməyən, bircə yazısı ilə yadda qalmayan, kəmsavad, "burnundan uzağı görməyən" birisi
çıxarıb, hələ
1990-cı ilin oyuncaq parlament seçkiləri zamanı mənim əleyhimə, alternativ Nərimanov Rayon Sovetinin sədrini dəstəkləmək üçün
yaymışdı (elə
bilmişdilər, o seçkidə
səs verib-verməməyin
nəticəyə təsiri
varmış), sonralar
hərdən məkrli
niyyətlərə lazım
olanda yenə "üzə çıxır",
bu son vaxtlarda da hansı qəzetdəsə,
"xatırlandı". Məqalə
azərbaycanlı-erməni dostluğuna, daha doğrusu, bu dostluğa nostalgiyadan, bəhs edir, mənim uşaqlıq çağlarım, o dövrdə
hələ yetmişinci-səksəninci
illərdəki qədər
bulanmamış, korlanmamış
münasibətlərimizdən bəhs edir. O yazıda, bəlkə də, emosionallıq prioritet tutumdadır, ancaq ideya və
mahiyyət təmiz münasibətlərin bərpa
olunmasıdır. Mən
bunu çox istəyirdim! O illərdəki
fəaliyyətimi də
bu istiqamətdə qurmuşdum: bir yandan erməni millətçi-şovinistlərini ifşa etmək, belə meyilləri zəiflətmək, digər
adamları, ziyalıları
ilə əməkdaşlıq
edərək münasibətləri
tənzimləmək, gərginləşməyin
qarşısını almaq.
Bu gün həmin dövrlərdəki fəaliyyətimi
yenidən nəzərdən
keçirib təhlil edəndə, bir daha inanıram: o illərdə, həqiqətən,
fəaliyyətim hər
iki istiqamətdə ardıcıl, prinsipial və dönməz idi. Və bu
iki istiqamətin heç birinin, həqiqətən, alternativi
yox idi, sonrakı hadisələr,
müharibə də məhz bu deyimləri
təsdiq etdi.
Biz açıq mübarizəyə
(müharibəni demirəm
hələ!) hazır
deyildik. Ötən əsrdə otuz ildən çon müddətdə irticalarla,
repressiyalarla, fiziki və mənəvi terrorla üzləşən,
əllinci illərin ikinci yarısından fəallaşmağa başlayan,
xüsusilə yetmişinci
illərdə dinamik inkişaf edən milli şüurumuzla hələ
iki əsrə yaxın müddətdə
antiturkçülük şüurunun
nökərinə çevrilmiş
mürtəce ideologiya
ilə açıq mücadilə üçün
vaxt -təcrübə
qazanmalıydıq. Yeni problem də yaranmışdı:
Heydər Əlirzaoğlu
Moskvaya işə dəyişildikdən sonra
Azərbaycana rəhbərlik
edən Kamran Bağırov
və onun ətrafı milli-mənəvi
dəyərlərin bərpası,
azərbaycançılıq ideyasının həyatda
yer alması üçün əməlli
iş görməklə
yanası, bir çox qərarları, xüsusilə ideoloji sahədə kadr təyinatları (iş o yerə gəlib çatmışdı ki, Azərbaycan
KP MK Təbliğat və
Təşviqat şöbə
müdirinin mətbuat
sahəsinə kuratorluq
edən müavini erməni qadın təyin olunmuşdu) ilə bu prosesi
inkişafdan saxlayır,
hətta geri çəkirdi.
Buna görə də istəyirdim erməni irticası dərinləşməsin.
SSRİ gec dağılsın.
Düşünürdüm: SSRİ dağılan
ərəfədə ermənilər
baş qaldıracaqlar,
biz o günə hazır
olmalıyıq.
Mənim
təhlilimə, hesablamalarıma
görə SSRİ 2005-2010-cu ildən dağılmağa
başlamalıydı, özü
də mərhələ-mərhələ,
respublikalar bir-bir çıxmalıydı imperiyanın
tərkibindən, ilk öncə
- Baltikyanı ölkələr,
sonra Gürcüstan, Ermənistan...
Hələ Mixail Qorbaçovun
"yenidənqurması" başlamamışdı. "Sürətləndirmə"
şüarından xəbərsizdik,
açığı, belə
proseslər, belə şüarlar mənim ağlıma gəlməzdi.
Mənim
haqqımda hədyan yazanların ağlına gələrdisə, söyləsinlər.
***
Mkrtıç Sarksyan vardı
- Ermənistan Yazıçılar
İttifaqının katibi,
şair, nasir. Yastı-yastı xatirələr
söyləməyi sevərdi,
xüsusilə, Partiyanın
Mərkəzi Komitəsində
(MK) işlədiyi vaxtlardan.
MK-da məsul vəzifəsi olmamışdı, haçansa,
təlimatçı işləmişdi,
ancaq nostaljisi canında qalmışdı.
Bir görüşümüzdə yenə yastı-yastı danışmağa, xatirələr
söyləməyə başladı:
"MK-ya xəbər
yayıldı ki, Avetik İsahakyan
gəlir... MK-ya gəlir. Zarobyan (MK-nın birinci katibi - H.) dərhal göstəriş verdi:
"Qarşılayın. Mühafizəyə
tapşırın, sorğu-suala
tutmasınlar".
Gəldi:
Zarobyanla dörd saat söhbətlər etdi. Sevanın (Göyçənin - H.) taleyini
o görüşdə çox
kəskin qoydu".
Söz Göyçə gölünün
suyunun azalmasının
qarşısını almaqdan
ötrü Arpa çayının ora axıdılması üçün
o illərdə milyonlarla
vəsait tələb
edən yeraltı kanalın çəkilməsindən
gedirdi. Və bu kitabda artıq
qeyd olunduğu kimi, Nikita Xruşşovun hadisələrə, proseslərə,
hökumət qarşısında
qaldırılan məsələlərə
səthi münasibəti
"sayəsində" o tikinti
layihəsi həyata keçirildi. Ancaq Mkrtıç danışdıqca
başqa məqam məni narahat edirdi. Hiss edirdim ki, Mkrtıç o görüş
haqqında bildiklərinin
hamısını, daha
dəqiqi - ən vacib məqamları demir. Ahəstə-ahəstə
danışır, nəyisə
gizlətdiyi, açmaq
istəmədiyi açıqca
bilinirdi.
- Başqa heç nə demədi? - Yarızarafat, yarıciddi soruşdum, üzümdə
təbəssüm vardı,
əmin idim - ironiya təbəssümü
idi, bunu Mkrtıçın baxışlarından
hiss etdim, üzə vurmadı, dodaqları qaçdı, açmadığı
məsələdən ləzzət
aldığı dərhal
hiss olundu. Ürəyimə
damdı: Avetik kimi o görüşdə mütləq
Qarabağ, Naxçıvan
və Şərqi Türkiyə torpaqlarının
"məsələsi"ni qaldırıb. Bu barədə
mənə başqa bir görkəmli erməni şairi də dedi.
Sonra bir erməni professoru Avetikin vəsiyyətinin əsas müddəalarını mənə
söylədi. Onların
hər ikisinin ailələrinin - oğul-uşaqları,
nəvə-nəticələrinin təqib olunmaması üçün adlarını
çəkmirəm.
Avetik İsahakyan Azərbaycanda dostluq carçısı kimi tanınmışdı.
Səməd Vurğunla
görüşlərindən, xoş münasibətlərindən
çox yazılmışdı.
Mən onu həyatda görməsəm
də, həvəslə
tərcümə etmişdim.
Hətta şeir də yazmışdım:
"Avetik İsahakyanı tərcümə
edərkən:
Dinir misraların gur çeşmələrtək
Böyük Füzulinin şir
dilində.
Səni
Savalana çatdıram
gərək -
Dinib-danışasan Təbriz elində.
Duyasan bir köhnə dərdi, möhnəti,
Sənət dünyasında yol-iz
azasan.
Yenə
yada salıb ilk məhəbbəti,
Dönüb qəmli-qəmli şeir
yazasan:
"Araz qırağında bostanım olsun..."
Uzun şeirdir.
Bu misralar da həmin şeirdəndir:
Əgər indən belə
bu nəğməkar xalq
Heç nə yaratmasa,
yazmasa yenə,
Bircə
bayatısı mütləq
çatacaq
Gələn əsrlərin sahillərinə...
Son bənd Avetik İsahakyanın
sözləri deyil, mənim fikrimdir, onun adından vermişəm.
Ancaq o vaxtlar da deyirdim, onu tərcümə edəndə də, ona şeir həsr
eləyəndə də
bu fikirdəydim: -
Avetik İsahakyan öz
xalqının böyük
şairidir, öz xalqının! Onu dostluq carçısı kimi qəbul etmək isə... Tamamilə sadəlövhlükdür.
Sonralar
- doxsanıncı illərin
axırlarında isə
başqa tükürpədici
faktlar araya çıxdı: 1948-ci ildə
Ermənistanın Gorus,
Sisyan rayonlarına və Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə səfər etmiş Avetik
dostluqdan - qardaşlıqdan
dəm vura-vura, mətbuata bu barədə danışa-danışa
cib dəftərində
tamam başqa fikirlər yazırmış.
İrəvanda çıxan
"Azq" ("Millət")
qəzeti o dəftərdəki
qeydləri 20 dekabr
1997-ci ildə dərc
elədi. O qeydlərdən
bəzi sətirləri
şərh vermədən
bu kitaba köçürürəm:
Qarabağ haqqında
Qarabağ tamamilə Ermənistandan
kəsilmişdir, nə
qəzet, nə də kitab var. Ermənicə
dərs kitabları yoxdur. Bakıda ermənicə dərsliklər
çap olunmur.
Bu, qayğısızlığın nəticəsi deyil, sistemdir, siyasətdir.
Yazıq
qarabağlılar elə
bilirlər ki, özləri
tarixi türk torpaqlarında yaşayırlar,
əksinə, yox. Qaranlıq ölkə, müti, etnikləşmiş.
Dağlıq Qarabağ avtonomiyası
mütləq yalan şeydir, o, Bakıya tabe olan bir
şeydir.
Hər şeyi Azərbaycan idarə edir.
Stepanakertdə ermənicə heç
bir erməni kitabı nəşr olunmur. Stepanakert - müti təbəə, formal avtonomiya,
fiksiya, hər şeydə, ən kiçik şeydə Bakıya tabe olan, pozğunlaşan.
...Yerli gənclər yatırlar, istəyirlər
fikir söyləsinlər,
heç bir imkanları yoxdur.
Bir gənc dedi: "Kürsümüz yoxdur".
Vay, bir qadından, qarabağlı
erməni qadınından
soruşasan ki, necəsən,
başlayır ağlamağa
və öz itkiləri haqda danışmağa.
Qarabağda ev yoxdur ki, müharibə vaxtı qurban verməmiş olsun, heç olmasa, bir nəfər.
Analar var ki, iki-üç
oğul itiriblər, qardaş itiriblər.
Gorus haqqındaTatev, Xıdzoresk
mənim təsəvvürümdə
olandan həqiqətin
içində zəif
görsəndi, lakin Şuşa mənim təsəvvürümü aşıb
keçdi.
Xıdzoresk kasıb, hədsiz
çılpaq, cındırın
içində idi, arıq, qaralmış, qurumuş qadınlar, uşaqlar, deyəsən...
(qəzet yazıb ki, burdakı sözlər oxunmur).
Vay, mən sizin sahibinizin, sizin böyüklərinizin atasını
lənətlədim, erməni
xalqını niyə
bu kökə salıbsınız, kim türk, kim ingilis, kim alman, kim fransız və kim rus...
Türklər - azərbaycanlılar
haqqında
Qanundur
- nə vaxt ki, türk erməniyə rast gəldi, gərək öldürə.
Qanundur - türk gərək erməni öldürsün.
Bir sözlə, türklük
bizə qalib gəldi - sosializm sayəsində.
Mənim
suyumun başqa mənbəyi var, onunkunun
- başqa. Birləşsək
də, qarışası
deyilik. Erməni, gürcü, türk müxtəlifdir, sosializm onları birləşdirə
bilməz. O, onları
məhv etməklə
birləşdirə bilər.
Mir Cəfər Bağırov
haqqında
Bağırov çox yaxşı
adamdır, əgər
o olmasaydı, azərbaycanlılar
bizi yeyərdilər.
Rus haqqında
...Bizim taleyimiz dəyişilib. Döyüşən
gərək rus ola, o
da bu məsələdə
etinasızdır, o yalnız
düşünür ki, ermənini
istismar etsin, öz məqsədinə xidmət etdirsin.
Rus dili haqqında
...Qarabağda rus dili müqəddəsləşib.
Hökumət yığıncaqlarda,
mitinqlərdə, tədbirlərdə
rusca danışır.
Keçmiş raykom katibi Manukyan hamı ilə rusca danışırdı (bilənlə
də, bilməyənlə
də), kim ki, ermənicə danışırdı,
əlləri ilə qulaqlarını qapayırdı.
Nəticə, ümumiləşdirmə
- düşkünlük, ruslaşma.
Kirovabad haqqında
...Kirovabad
itmiş ermənilik, gözdən uzaq erməni şəhər məhəlləsi.
Erməni
xisləti haqqında
...Təbliğat, xalqı inandırmaq tamamilə başqa nəticə verdi - aclıq, zorakılıq, ölüm.
Ümidini itirmiş xalq, heç istəmir ki, evinə tərəf yol çəksin, sürünərək evinə
girir.
Dəhşətli... üzülmüş, Allahın gözündən
düşmüş insanlar
- ermənilər...
Erməni
xalqı pozuldu, qeyri-insani şərait üzündən namərdləşdi,
heyvanlaşdı, hörməti,
nəcibliyi, ailə,
milli ənənələrini itirdi, kasıblıq insanları eqoist, qəddar etdi. Oğullar analarını saxlamırlar, evdən çıxarırlar (Movsisyan
Avo, Xoyetyan Mkrtıçın oğlanları
öz analarını
evdən çıxarıblar).
Vicdanlı söz yoxdur, satqın, xəyanətkar, fitnəkar,
əclaf, hiyləgər
olublar - bunların hamısı yaşayış
üçündür.
Mənəviyyatı itirdik, fiziki varlığımızı saxlamaq
üçün.
...Yuxarıda dedim: Avetik İsahakyanı
həyatda görməmişəm.
Ancaq müxtəlif sahələrdə məşhur
olan, Ermənistandan kənarlarda çox yerdə tanınan akademiklər - Viktor Hambarsumyan, Sergey Mergelyan, rejissorlar - Vartan Əcəmyan, Hraçya Qaplanyan, rəssam Martiros Saryan, bəstəkarlar - Aram Xaraturyan, Arno Babacanyan, digər incəsənət
xadimləri, şahmatçı
Tiqran Petrosyan, yetmiş-səksəninci illərin
ən görkəmli yazıçıları, idmançıları
(xüsusilə futbolçuları),
partiya-dövlət xadimləri
ilə ünsiyyətdə
olmuşam və o vaxt da əmin
idim: onların hər birinin üzdə necə görünməsindən
asılı olmayaraq içində Avetik İsahakyanın dedikləri
gizlənmişdi. Bu gizləntilər, sadəcə,
"yenidənqurma" illərində
üzə çıxdı.
Təzə heç nə yox idi.
Gənc nəsil,
əvvəllər çox
demişəm, indi üzümü sizə tuturam: bunları öyrənmədən, bilmədən,
düşmənin təcrübəsini
mənimsəmədən ona
qalib gələ bilməyəcəyik.
Aleksandr Puşkindən misralar düşür yada:
Tesnitsə sredğ tolpı
evrey srebrolöbivıy,
Pod burkoö kazak, Kavkaza vlastelin,
Boltlivıy qrek i turok molçalivıy,
İ vajnıy pers, i xitrıy armənin.
Sətri tərcüməsi:
Kütlənin arasına sığınır
gümüş sevər
yəhudi.
Yapıncı altında kazak - Qafqazın hökmdarı,
Naqqal yunan
və dinməz-danışmaz
türk,
Və lovğa
fars və hiyləgər erməni.
Şərhə yenə də ehtiyac yoxdur.
HİDAYƏT
Ədəbiyyat qəzeti.- 2023.- 19 avqust.- S.16-17;18