Ədəbiyyat və Həyat
Esse
İngilis yazıçısı və dramaturqu, Nobel mükafatçısı Con Qolsuorsi
(1867-1933) məşhur "Forsaytlar haqqında Saqa" trilogiyasının
müəllifidir; o imkanlı
ailədə böyümüş,
vəkillik ixtisasına
yiyələnmişdi. Lakin Con ən məhsuldar yazıçı oldu; onun 20 romanı, 27 pyesi, 5 şeirlər toplusu, 173 hekayəsi, 5 essesi, 700-dən çox məktub və publisistik məqaləsi çap olunub, müxtəlif mövzularda
yüzlərlə mühazirəsi
və analitik yazısı işıq üzü görüb. Hələ 1889-cu ildə
23 yaşında Con deyirdi:
"Sabah görə biləcəyin
işi bu gün görmə".
Lakin illər ötdükcə
müəllif tamam fərqli-fərqli mülahizələrlə
yaşayıb-yaradır, realist yazıçı kimi dünya ədəbiyyatı
tarixinə düşür.
O hesab edirdi ki, sənətin məqsədi
həyatdan qidalanmaqdır;
romanda əsas odur ki, yazıçı təsvir etdiyi qəhrəmanın həyatı,
onun xarakteri və fikirləri arasındakı qarşılıqlı
əlaqəni tuta bilsin. Aşağıda Azərbaycan dilində ilk dəfə onun "Ədəbiyyat və Həyat" adlı essesini Kamran Nəzirlinin orijinaldan tərcüməsində
təqdim edirik.
Ədəbiyyat və Həyat
Əvvəli ötən saylarımızda
İcazə verin, bir neçə dəqiqəmi
də gözəllik haqqında fikirlərə
həsr edim. Yəqin ki, gözəlliyi
hərə bir cür görür, gözəlliyin nə demək olduğunu hər kəs özü bildiyi kimi anlayır. Bütün hallarda, hər birimiz ona gözəl görünən şeyi görür, eşidir və ya oxuyur;
hər kəs özünə uyğun səviyyədə hiss edir,
duyur, qiymətli və yüksək duyğularını özünəməxsus
şəkildə hiss edirik.
Xorda eşitdiyimiz zərif bir səs, yelkənli qayıq, çiçəklərin
açılması, şəhərin
gecələri, qaratoyuğun
nəğməsi, yaxşı
şeir, yarpaqların
kölgəsi, qəşəng
uşaq, ulduzlu səma, məbəd, yaz vaxtı alma ağacının çiçəkləri,
cins at, təpələr
arasında qoyun sürüsünün zınqırov
səsləri, çayların
şırıltısı, kəpənək, təzə
çıxan Ay, minlərlə
predmet və əşyalar, səslər,
sözlər bizdə
gözəllik haqqında
düşüncələr və duyğular oyadır, bütün bunlar narın yağış kimi qəlbimizə çilənir,
onu quru olmağa qoymur. Bəlkə də bizə dinclik və təptəzə ruh gətirən axına diqqət vermirik, amma o daim bizimlədir axı. Müharibə özüylə bərabər,
incəsənətdə, ədəbiyyatda
və təsviri sənətdə gözəlliyə
qarşı qiyam gətirdi; indi yavaş-yavaş bu qiyam yatır və inanıram ki, tamam yatacaq. Biz anlasaydıq ki, gözəlliyi
dərk etməyə-etməyə
onun üstündə
necə də əsirik, heyrətə gələrdik; anlasaydıq
ki, gözəlliksiz həyatımızın
sevinci necə də azalardı, heyrətə gələrdik.
Gözəllik yer üzünün təbəssümüdür,
hamı üçün
təbəssümdür, onu
görməyə göz,
hiss etməyə əhval-ruhiyyə
lazımdır.
Mən Həyat haqqında danışmağa başlayanda
dediyim fikirləri təkrarlamaq istəyirəm:
biz yalnız bir dəfə Naməlum stansiyaya bilet alırıq, başqa sözlə, həddən
ziyadə, maşın
texnikası əsrində
maşınsız ötüşmək
üçün yollarını
yağışlar yuyan
və günəş
şüaları öpən
Həyatı yalnız
bircə dəfə dolaşıb-gəzirik.
Təsəvvür edin ki, hamımız
avarayıq; heç kim bilmir ki, gün ona nələr
bəxş edəcək
və gecə düşəndə başını
hara qoyub yatacaq. Lakin
biz öz yaxınlarımıza,
qonşularımıza kömək
etməyi öyrənsək,
cəsarətimizi qorusaq,
özümüz barədə
düşünmədən bütün qəlbimizlə
sevdiyimiz işi yaxşı görsək,
Həyata heç olmasa, bir azca
gözəllik qatmağı
öyrənsək, yaratdığımız
gözəllikdən rahatlıq
tapsaq, sülhə can
atmağı, onu təmin etməyi bacarsaq, qorxusuz-hürküsüz
Sirrin üzünə
baxmağı öyrənə
bilsək, eyni zamanda Ruhun əbədi
hərəkətini hiss etsək,
o zaman Həyatımız hədər
getməyəcək; bəli,
o zaman, həqiqətən, ömrümüzü əbəs
yerə yaşamarıq.
Con Qolsuorsi
İngiliscədən tərcümə:
Kamran NƏZİRLİ
Ədəbiyyat
qəzeti.- 2023.- 2 dekabr, №45.- S.28.